UNEC, INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi və “Next Step” İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “EduHack” hakatonu yekunlaşıb. Ölkədə ilk dəfə təhsil istiqamətində keçirilən hakatonun əsas məqsədi distant təhsildə qarşıya çıxan məsələlərin innovativ yolla həllini tapmaq olub.
Xeberler.az bildirir ki, hakatonda Azərbaycanın 24 universiteti ilə yanaşı, 11 xarici ölkədən 21 universitetin tələbələrindən ibarət komandalar iştirak edib. Yarışın münsiflər heyətində UNEC rektoru, professor Ədalət Muradov, Milli Məclisin komitə sədri Tahir Mirkişili, UNEC İmtahan mərkəzinin direktoru Söhrab İsayev, İmtahanların təşkili şöbəsinin müdiri Tahir Bədəlov, Təhsildə innovativ texnologiyalar, əlavə təhsil mərkəzinin icraçı direktoru, “Yeni fikir” müsabiqəsinin təsisçisi İsa Qasımov, “Next Step” İnnovasiya Mərkəzinin icraçı direktoru Rəşad Eyvazov və Paşa Bankın Korporativ əlaqələr şöbəsinin böyük mütəxəssisi Fidan Tofiqli təmsil olunublar.
Rektor Ədalət Muradov distant təhsil sahəsində dünyada zəngin təcrübənin olmadığını bildirərək, Azərbaycanın bu prosesə qoşulduğunu diqqətə çatdırıb. UNEC-in distant təhsil sahəsində yetərincə potensialı olduğunu deyən rektor, bu istiqamətdə daha böyük işlərin görülməli olduğunu vurğulayıb. Gənclərin öz ideyaları ilə bu sahəyə mühüm töhfələr verə biləcəyini diqqətə çatdırıb. Rektor UNEC-in təşəbbüsü ilə təşkil olunan hakatonda komandalar tərəfindən distant təhsilin təşkili, keyfiyyəti, interaktivliyi, eləcə də qiymətləndirilməsi ilə bağlı maraqlı ideyaların ortaya qoyulacağına əminliyini ifadə edib.
Millət vəkili Tahir Mirkişili mövzunun aktuallığından danışıb. Mövcud durumda dünyada baş verən proseslər fonunda distant təhsillə bağlı problemlərin gənclər tərəfindən müəyyən olunmasının və innovativ həll yollarının araşdırılmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirərək, komandalara uğurlar arzulayıb.
Sonra 18 komanda distant təhsil sahəsində ortaya qoyulan problemlərin həlli istiqamətində təqdimatlarla çıxış ediblər. Böyük maraqla izlənilən təqdimatlarda tələbələr müxtəlif prizmalardan təkliflər irəli sürüblər.
Təqdimatlardan sonra münsiflər heyətinin qərarı ilə ilk üç yerin qalibi müəyyənləşib. “Eduardo” komandasının “Fast Learners” layihəsi birinci yerə layiq görülüb. Adaptiv təhsil modeli üzərində qurulan ideyanın əsas məqsədi distant təhsildə data əsaslı tədris prosesi, differensial öyrənmə mühiti və biliyin qiymətləndirilməsində optimallaşdırmanı əhatə edirdi. İkinci yerə layiq görülən “Academy.az” layihəsi müxtəlif imtahan üsulları ilə tələbələrin tədrisdən yayınmasının və motivasiya itkisinin qarşısının alınmasını, eləcə də səs identifikasiya sisteminin tətbiqi ilə bağlı olub.
Üçüncü yerin sahibi olan “Z-solutions” ideyasında isə distant tədrisdə qiymətləndirmə meyarları, qrup işinin təşkili, tələbə fəallığının dəyərləndirilməsi, eləcə də tələbələrin öz aralarında qiymətləndirmə mexanizminin qurulması yer alıb.
Hakatonun mükafat fonduna uyğun olaraq qaliblər müvafiq olaraq 3000 AZN (I yer), 2000 AZN (II yer) və 1000 AZN (III yer) qazanıblar. Sonda iştirakçıları təbrik edən rektor Ədalət Muradov bildirib ki, yarışın əsas məqsədlərindən biri də gənclərin diqqətini distant təhsilə cəlb etməklə, bu sahədə yaranan problemlərə onların innovativ, kreativ düşüncələrini yönəltməkdən ibarət olub.
Rektor bildirib ki, hakatonda iştirak edən komandaların UNEC Ekstern Mərkəzi, Elektron universitet modeli ilə tanış olması məqsədilə UNEC-ə virtual tur təşkil olunacaq. Distant təhsilin təkmilləşdirilməsi ilə bağlı reallıq nəzərə alınmaqla, yeni təkliflər hazırlanacaq.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri