Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz Mərkəzi Bankın sədri Taleh Kazımovla ekspertlərin görüşündən qənaətlərini bölüşüb.
Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz Mərkəzi Bankın (MB) sədri Taleh Kazımovla ekspertlərin növbəti görüşündə stablecoin və “Virtual aktivlər haqqında” qanun layihəsi ilə bağlı məsələləri qaldırdığını bildirib. Onun sosial şəbəkədəki paylaşımına görə, uzun müddətdir hazırlanan qanun layihəsinin bu ilin dekabrında Milli Məclisin müzakirəsinə çıxarılması gözlənilir.
O.Gündüzün sözlərinə görə, MB sədri stablecoin və rəqəmsal manat üzrə araşdırmaların və beynəlxalq təcrübənin öyrənilməsinin davam etdiyini deyib. Ekspert müzakirədən belə nəticə çıxarıb ki, konkret model hələ tam formalaşmayıb.
Görüşdə aktivlərin tokenləşdirilməsi yanaşmasına da toxunulub. O.Gündüz bundan MB-nin yalnız “1 manat = 1 stablecoin” modelini nəzərdə tutmadığı qənaətinə gəlib. Onun məlumatına görə, prosesin birbaşa MB-nin nəzarəti altında, sandbox (xüsusi tənzimləmə rejimi) çərçivəsində aparılması, özəl iştirakçıların təkliflərinə də baxılması nəzərdə tutulur. Stablecoin mövzusunda yaxın vaxtlarda ayrıca müzakirənin keçirilməsi gözlənilir.
“Ümid edirəm ki, bu dəfə proses uzanmayacaq və sektor üçün aydın hüquqi çərçivə yaranacaq”, – O.Gündüz qeyd edib.
Ekspertin sözlərinə görə, T.Kazımov bank sektorunda rəqəmsallaşma baxımından bankların dövlət məlumatlarına çıxışı məsələsinin daha prioritet olduğunu vurğulayıb. O.Gündüz belə anlayıb ki, mövcud çıxış şərtləri, xüsusilə məlumat sorğularına görə bankların çəkdiyi xərclər MB-ni qane etmir.
O.Gündüz bu mövzuda əvvəllər myGov rəsmiləri ilə də danışdığını bildirib. Onun anlayışına görə, müvafiq xərclər hələlik dövlət maliyyələşməsi ilə qarşılanmır, buna görə də məlumat sorğularına görə banklardan ödəniş alınır. Ekspert nümunə kimi göstərib ki, vətəndaş bank hesabını pulsuz açsa da, bank onun məlumatlarını dövlət sistemindən sorğulayarkən ödəniş edir. Çoxsaylı sorğular banklar üçün ciddi xərc yaradır, bu xərclər isə sonradan müxtəlif xidmət haqları vasitəsilə müştərilərdən tutulur.
“Əslində isə dövlət məlumatlarına çıxış rəqəmsal xidmətləri asanlaşdırmalı olduğu halda, əlavə xərc mənbəyinə çevrilməməlidir”, – deyə o əlavə edib.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları