Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz “Aztelekom”un internet xidmətləri üzrə minimum sürətin və buna uyğun tarifin artırılması ilə bağlı müraciətinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən qəbul edilmədiyini bildirib.
Osman Gündüzün sözlərinə görə, son aylarda internetin minimum qiymətinin yenidən artırılmasına hazırlıq əlamətləri müşahidə olunub. O hesab edir ki, daha yüksək internet sürətlərinə ehtiyac barədə yayımlanan ekspert rəyləri növbəti qiymət artımı üçün ictimai zəmin yaratmağa xidmət edib.
Ekspert Antiinhisar qurumunun qərarını ədalətli və məntiqli hesab edir. Onun sözlərinə görə, rəsmi statistika internet istifadəçilərinin 90%-dən çoxunun 100 Mbit/s və daha aşağı sürətli paketlərdən istifadə etdiyini göstərir. Daha yüksək sürətli paketlərə tələbatın məhdud olduğunu vurğulayan Gündüz hesab edir ki, bütün istifadəçilər üçün minimum tarifin artırılması məqsədəuyğun deyil.
Osman Gündüz xatırladıb ki, 15 avqust 2024-cü ildə ölkədə internet tariflərində ciddi dəyişiklik baş verib. Həmin vaxt “Aztelekom”un təşəbbüsü ilə provayderlər minimum internet paketinin sürətini 40 Mbit/s-dən 100 Mbit/s-ə, aylıq ödənişi isə 18 manatdan 25 manata yüksəldiblər. Beləliklə, minimum aylıq ödəniş təxminən 40% artıb.
Ekspertin sözlərinə görə, həmin dövrdə istifadəçilərin təxminən 90%-i 40 Mbit/s sürətli paketlərdən yararlanırdı. Daha ucuz tarifdə qalmaq istəyən abonentlərə seçim imkanı verilməməsi, xüsusilə bölgələrdə bəzi istifadəçilərin internetdən birgə istifadə etməsinə və ya xidmətdən imtina etməsinə səbəb olub.
Gündüz bildirib ki, 2024-cü ildəki tarif dəyişikliyi ilə əlaqədar Antiinhisar qurumu tərəfindən araşdırma başlanıb və hadisə inhisarçılıq tarixində ilk dəfə “kartel sövdələşməsi” kimi qiymətləndirilib. Lakin onun fikrincə, sonradan qurumun statusunun dəyişdirilməsi ilə əlaqədar proses başa çatdırılmayıb.
Ekspert həmçinin qeyd edib ki, internet tariflərinin artırılmasından sonra “Aztelekom”un aylıq dövriyyəsi təxminən 100 milyon manata yaxınlaşıb. O, bu göstərici ilə bağlı fikirlərini şəxsi paylaşımında səsləndirib.
Osman Gündüz ölkə üzrə keyfiyyətli və yüksəksürətli internetin əlçatanlığının təmin edilməsini vacib hesab etsə də, bunun bütün abonentlər üçün minimum qiymətin artırılması hesabına həyata keçirilməsinin əleyhinə olduğunu bildirib.
Onun fikrincə, istifadəçilərə ehtiyaclarına və maliyyə imkanlarına uyğun paket seçmək imkanı verilməli, internet xidmətinin keyfiyyəti ilə yanaşı, onun hər bir ailə üçün əlçatanlığı da nəzərə alınmalıdır.
Ekspert Antiinhisar qurumunun “Aztelekom”un son qiymət artımı təşəbbüsünə razılıq verməməsini müsbət addım kimi qiymətləndirib və bu yanaşmanın gələcəkdə də davam etdiriləcəyinə ümid etdiyini bildirib.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları