"Bir il bundan öncə Türkiyənin “Boğaziçi Ventures” fondunun NRYTN tabeliyində İnnovasiyalar Agentliyində nümayəndəlik açdığı haqqında məlumat verilmişdi. Ardınca da bu fondun Azərbaycan startaplarına ilkin olaraq 5 milyon dollar investisiya fondu ayırdıığı bildirildi".
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
Ekspertin sözlərinə görə, Azərbaycan startaplarının maliyyələşməsi, inkişafı və xarici bazarlara çıxışı baxımından olduqca əhəmiyyətli bir addım idi:
"İnnovasiya Agentliyi müraciətləri qəbul edərək təsnifatlandırma aparmalı və məhdud sayda startaplar investisiya üçün bu fonda təqdim edilməliyi. Startaplara investisiya qərarı “Boğaziçi Ventures”in daxili qiymətləndirmə siyasətinə əsasən verilməliydi.
Ötən ilin sonunda 51 startapın maliyyə üçün müraciət etdiyi, onlardan 13-nün seçildiyi və 4-nün də investisiya üçün sənədlərinin “Boğaziçi Ventures” fonduna təqdim edildiyi haqqında məlumat verilib.
Bundan sonra “Boğaziçi Ventures” fondunun nümayəndələri Azərbaycanda olmuş, Agentlik rəsmiləri ilə və seçilən startaplarla görüş keçirmişdi".
Osman Gündüz bildirib ki, bundan sonar hər şey tilsimə düşüb. Ötən müddət ərzində heç bir açıqlamalar verilməyib. Seçilən startaplara da vəsait ayrılmayıb.
"Əldə etdiyimiz məlumatlar onu deməyə əsas verir ki, bu dəfə də İnnovasiyalar Agentliyi layihəni başa çatdıra bilməyib və qeyri-müəyyən səbəblərdən layihə reallaşmayıb. Səbəbləri haqqında qurum açıqlama verməyib.
Əvvəllər də İnnovasiyalar Agentliyi müəyyən hüquqi proseduraların aydınlaşmaması səbəbindən fəaliyyətini qura bilməmişdi.
Prezidentin 6 noyabr 2018-ci il tarixli Fərmanı əsasında yaradılan İnnovasiya Agentliyi, çox təəssüfləndirici haldır ki, 3 il müddətində hələ də öz fəaliyyətini tam formada qura bilməyib.
Yeri gəlmişkən, hələlik yerli startaplara real dövlət dəstəyi KOBİA tərəfindən veirlən Startap Şəhadətnaməsi ilə startapların 3 il müddətinə vergilərdən azad olunmasından ibarətdir".