Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzində (MHM) “Elektron Hökumət” bülleteni üzrə növbəti brifinq keçirilib.
Xeberler.az-ın məlumatına görə, brifinqdə MHM-in direktoru Nail Mərdanov, Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov, MSK-nın media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli, Mədəniyyət və Turizm Nazirliyinin "Texniki təchizat və proqram təminatı" şöbəsinin müdiri Qabil Abbasov, Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz iştirak edərək jurnalistlərin suallarını cavablandırıb.
Tədbiri açan Nail Mərdanov jurnalistlərə ay ərzində görülən işlər, həyata keçirilən tədbirlər, sahə üzrə yeniliklər barədə məlumatlar verib.
Nail Mərdanov qeyd edib ki, yarandığı gündən bu günə qədər “Elektron Hökumət” portalına daxil olanların sayı 2 milyon 500 nəfərdən çoxdur.
Noyabrın 1-də keçiriləcək seçkilərlə əlaqədar olaraq MSK tərəfindən təqdim olunan elektron xidmətlərə nəzər salan Nail Mərdanov vurğulayıb ki, artıq MSK-nın 7 elektron xidməti “Elektron hökumət” portalına inteqrasiya edilib.
Nail Mərdanov bildirib ki, son dövrdə xidmətlərin təkmilləşdirilməsi işləri aparılır və yeni-yeni xidmətlər təqdim olunur. O, həmçinin bildirib ki, bu ay ərzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 9-dan artıq elektron xidmət “Elektron hökumət” portalına inteqrasiya edilib.
Tədbirdə çıxış edən (MSK) İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, artıq 2010-cu ildən Nazirliyin elektron xidmətləri yaradılıb:
“Prezident seçkiləri ərəfəsində MSK-da informasiya kommunikasiya texnologiyaları tətbiqi bu sahədə sıçrayış oldu. Bu gün onun nəticəsidir ki, İKT daha geniş formada tətbiq olunmağa başlanıb. MSK-nın hazırda iki veb-saytı fəaliyyət göstərir və həmin saytlar tamamilə yenidən qurularaq funksional imkanları yaradılıb, elektron xidmətlər həmin saytlarda yerləşdirilib. Və paralel olaraq “Elektron hökumət” portalına 10 elektron xidmət inteqrasiya olunub. Bu elektron xidmətlərdən yalnız 7-i fəaliyyət göstərir, 3-ü isə yalnız seçki günü aktivləşdirilib ictimaiyyətin istifadəsinə təqdim olunacaq”, deyə o əlavə edib.
Rüfət Gülməmmədov qeyd edib ki, son iki ayda MSK-nın elektron xidmətlərindən istifadə sayı iki dəfə artıb. O, qeyd edib ki, MSK-nın veb səhifələrinə bu il ərzində 95 min İP ünvandan 1 milyon 69 mindən çox baxış olub. MSK rəsmisinin sözlərinə görə, hazırda hər iki veb səhifə bütün istifadəçilərin ixtiyarına verilib: “Seçki prosesində ən mühüm sənədlərdən biri seçici siyahılarıdır və təsadüfi hal deyil ki, ikiayda seçici siyahılarına 14 min İP-dən 74 min 442 baxış olub”.
Tədbirdə MSK-nın media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli seçki məntəqələrində veb-kameradan istifadə olunması təcrübəsindən danışıb.
O, qeyd edib ki, apardığımız araşdırmalara görə, müxtəlif ölkələrdə seçki prosesində veb-kameralardan istifadə təcrübəsi olasa belə, ilk dəfə heç bir qeydiyyat tələb olunmadan birbaşa internet üzərindən, istənilən internet istifadəçisinə yaradılmış bu imkan, səsvermə günü seçki prosesi başlamazdan əvvəl səsvermə prosesi, səslərin hesablanması, seçki protokollarının doldurulması, nəticələrin müəyyənləşməsi, seçki məntəqəsində bütün işlərin başa çatmasına dək fasiləsiz onlayn rejimdə bütün məntəqələri izləmə imkanı yaradılıb: “Əslində seçki məntəqələrinin 20 faizində yaradılmış bu imkan Azərbaycan seçki praktikasında özünü uğurlu göstərdiyi üçün 2008-ci ildən etibarən keçirilən bütün seçkilərdə bu praktika həyata keçirilir. Bu il ölkəmizdə keçiriləcək Milli Məclis 2015 seçkiləri ilə bağlı bu istiqamətdə hazırlıq işləri davam etdirilir və bu ənənənin həyata keçirilməsi üzərində iş aparılır”, deyə o vurğulayıb.
MSK informasiya kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı RYTN ilə sırf əməkdaşlıq edir, hər iki qurum işin qüsursuz və layiqincə həyata keçirilməsinə çalışır, deyə Şahin Əsədli qeyd edib.
Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin "Texniki təchizat və proqram təminatı" şöbəsinin müdiri Qabil Abbasov qeyd edib ki, dövlət qurumları arasında ilk olaraq Mədəniyyət və turizm Nazirliyinin kollegiyasının qərarına əsasən lisenziyalarla bağlı müraciətlər 2012-ci ildən onlayn qəbul edilir və lisenziyalar haqqında məlumatlar elektron formada təqdim olunur. Bu gün Nazirliyin göstərdiyi bütün elektron xidmətlər -12 xidmət portal inteqrasiya edilib.
O, qeyd edib ki, elektron xidmətlərin siyahısı “Elektron hökumət” bülleteninə yerləşdirilib və onlardan ən önəmlisi Respublikada turizmin inkişafı və lisenziyaların verilməsi ilə bağlıdır: “ Lisenziyaları elektron formada verən ilk qurum olaraq 2012-ci ildən bütün mehmanxana, turzim fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə lisenziyaları elektron formada veririk. Yəni, bütün sənədlər Nazirliyin müvafiq kollegiyasının qərarına əsasən elektron formada tərtib olunur”, deyə o əlavə edib.
Birifinqdə jurnalistlərin sualları cavablandırılıb və ictimai əhəmiyyət kəsb edən məsələlər öz həllini tapıb.
"Elektron Hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən ayda bir dəfə "Elektron Hökumət" quruculuğu, elektron xidmətlər, elektron imza, eləcə də İKT sahəsinə aid yerli və beynəlxalq xəbərləri ictimaiyyətə çatdırmaq məqsədilə "Elektron Hökumət" bülleteni dərc olunur. Bülletendə "Elektron Hökumət" portalı, tətbiq olunan yeni elektron xidmətlər, e-sənəd mübadiləsi, e-imza infrastrukturu və xarici ölkələrin "Elektron Hökumət" və İKT sahəsindəki təcrübələri barədə xəbərlər öz əksini tapır. Görülən işlərin mətbuata birbaşa elan olunması məqsədi ilə hər ayın ilk 10 günündə “Elektron hökumət” bülletini üzrə brifinq keçirilir.
Mirvari Nəcəf
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri