“Biz ictimai informasiya mərkəzlərinin (İİM) təşkililə bağlı təkliflər paketi hazırlamışıq və onları mətbuata açıqlamaqla həm də dövlətə təqdim etmək fikrindəyik”. Bunu “Multimedia” ictimai birliyinin sədri Osman Gündüz dünən “İctimai informasiya mərkəzlərinin təşkili: problem və perspektivlər” mövzusunda keçirilən dəyirmi masada söyləyib.
Osman Gündüz 50 dövlət qurumunda rəsmi qurumların saytlarının fəaliyyəti sahəsində apardıqları monitorinqi başa çatdırdıqlarını deyərək, bu sahədə vergilər, Daxili İşlər nazirliklərinin saytlarının daha məzmunlu olduğunu bildirib. O bu sahədə ən pis durumun fövqəladə hallar, əmək və əhalinin sosial məşğulluğu, müdafiə və milli təhlükəsizlik nazirliklərində olduğunu, bu nazirliklərin ümumiyyətlə saytlarının olmadığını vurğulayıb. O.Gündüz İqtisadi İnkişaf Nazirliyinin saytını da ciddi tənqid edərək, bu saytda “heç nə olmadığını” söyləyib. “Məzmun baxımından Vergilər Nazirliyinin saytı daha ciddidir”, - deyən Gündüz bütünlükdə bu saytlardakı duruma qiymət verərək, vəziyyətin ürəkaçan olmadığına diqqət çəkib. Onun sözlərinə görə, “elektron hökumət” üzrə Proqram qəbul olunsa da, bunun infrastrukturu qurulmayıb, eyni zamanda, saytların xidmət sahəsinə dair baza siyahısı məlum deyil.
Hüquqşünas Ələsgər Məmmədlinin sözlərinə görə, problemin həllinə imkan verən “İnformasiya əldə etmək haqqında” qanun olsa da, qanunun tələblərinin yerinə yetirilmədiyini söyləyib. Onun fikrincə, İİM-in təşkili xalqın dövlət informasiyalarına çıxışını təmin edə bilər. Ə.Məmmədlinin sözlərinə görə, qəzetlərin yayım tirajının azlığı bu vasitə ilə informasiya əldə etməyə imkan vermir və elektron vasitələrdən istifadəni zərurətə döndərir. O, İİM-in təşkilində vacib vasitə olan kompüterləşmə və internet sürətinin aşağı olduğunu göstərib. Ölkədə cəmi 400 min kompüter olduğunu deyən Ə.Məmmədli bunun əhalinin cəmi 5%-ni əhatə etdiyini, ölkədə internet xidmətinin həddən artıq baha olduğunu, ilk növbədə bu sahələrdə ciddi müsbət irəliləyişə nail olmağın vacibliyini önə çəkib. Hüquqşünas həm də maarifləndirməyə xüsusi diqqət yetirməyin zəruriliyini vurğulayıb.
İnternet istifadəçilərinin azlığını qeyd edən Ə.Məmmədli hesab edir ki, istifadəçilərin sayı 50%-ə çatmadıqca, “elektron hökumət”in təşkili faydasız olacaq.
İqtisadçı Azər Mehdiyev iqtidarın əhalinin informasiya ilə təmin olunmasında maraqlı olmadığını bildirib. Onun fikrincə, elə hakimiyyətin bu hərəkəti əslində ölkədə vətəndaşın ictimai informasiyaya marağının azalmasına səbəb olub. Onun sözlərinə görə, ilk növbədə ictimai informasiyaya tələbatın özünü aktuallaşdırmaq lazımdır (“Turan”).
“İnam” Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi iqtidarın hər şeyi yalnız görüntü üçün yaratdığını deyərək, bu sahədə elə bir ciddi nəticələr gözləmədiyini açıqlayıb.
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevə görə, bu sahədəki problemlər konkret siyasətin nəticəsidir. Onun fikrincə, hakimiyyət internetin, informasiyaya çıxışın yüksəlməsində maraqlı deyil və bunun inkişafından qorxur.
Qeyd edək ki,bütün bu fikirlər “İctimai informasiya Mərkəzləri infrastrukturunun yaradılması: problemlər və perspektivlər” mövzusunda keçirilən Dəyirmi Masada səslənib.
express.com.
xeberler.az/Ellada
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri