Facebook-da necə işləmək olar?-Araşdırma

08-09-2017 / 11:00

Qlobal, məşhur texnologiya şirkətlərində işə qəbul ilə bağlı araşdırmalarımız davam edir.

İndiyə qədər IBMApple, T-Mobile, Samsung Electronics, Uber kimi şirkətlər barədə yazı yayımlamışıq.

Bu dəfə isə əksər gənclərin işləmək arzusunda olduğu, məşhur platforma Facebook barədə ətraflı məlumat verməyə çalışacağıq.

Dünyanın İT mərkəzi hesab edilənn Silikon Vadisi deyəndə ağıla ilk gələn şirkətlə bağlı hazırda Facebook-da çalışan həmyerlimiz İbrahim Əliyev ilə ətraflı söhbət etdik.

Qeyd edək ki, İbrahim Əliyev şirkətdə Community Operation (Müstəri xidmətləri) bölümündə çalışır.

Həmyerlimiz deyir ki, Facebook-da qəbul şərtləri işin məzmun və tərkibindən asılı olaraq dəyişir:

Keşmişiniz qaranlıqdısa…

“Məsələn, şirkət Amerika bazarında işçi axtarırsa, həmin namizəddən mütləq sosial sığorta nömrəsi və iş icazəsi tələb edilir. Facebook-da əksər işlər üçün 5-10 il yüksək təcrübə olmalıdır. Bundan əlavə, hər bir namizədin keçmişi araşdırılır (backround check). Həmçinin, onun hər hansı kriminal hadisəsində adı keçməməlidir. Əgər namizəd keçmişdə cinayət işləyib və fırıldaqçılıqla məşğul olubsa, böyük ehtimal ona iş verilmir. Yaxşı, təcrübəli insanlar olsalar da, keçmişləri qaranlıq olduğu üçün işə qəbul edilmə şansları yoxdur”.

Öyrənirik ki, Facebook-da insanların fərdi keyfiyyətlərinə də çox diqqət edilir:

“İş adətən stresli olduğu üçün namizədlərin bu vəziyyətlə necə bacarığı, eyni zamanda bir neçə işi görmə (multi-tasks) qabiliyyəti də şərtlərə daxildir. Bundan əlavə, verilən tapşırıqların hansının daha tez və gec edilməsi, işçi və menecerlər arasında münasibətin idarə edilməsi, komanda da işləyə bilmək kimi xüsusiyyətlərə də çox önəm verilir”.

10 müsahibədən keçməli olursunuz

İbrahim Əliyev deyir ki, Facebook-da müsahibələr də fərqli olur. Belə ki, bəzən 8-10 müsahibə mərhələsindən keçməli olursunuz.

“Məsələn, müqavilə əsasında işə götürülən insanlar 2 mərhələli müsahibədən keçir. Amma full time (tam ştat) işçiləri 6-8 müsahibə mərhələsindən keçməli olur. Belə ki, hər mərhələdə işə götürən departamentin bütün menecerleri və komanda nümayəndələri hər biri 15-30 dəqiqə olmaq şərti ilə namizədlə müsahibə edir. Bəzən bu proses bir günü əhatə edir. Bunların nəticəsində artıq Sizi işə qəbul edə bilərlər”.

Həmyerlimiz məşhur şirkətə işə qəbul ilə bağlı müraciət məsələsinə də toxunaraq ətraflı məlumat verib:

Facebook, WhatsApp və Instagram-da vakansiyalar barədə məlumat  var

“Facebook-un əsas səhifəsinin altında “Karyera” deyilən bir başlıq var. O başlığa daxil olanda orada Facebook-da olan iş elanlarının işlərin siyahısı, müraciət və qəbul şərtləri barədə ətraflı məlumat verilir. Həmçinin, Facebook-un bir neçə böyük  işə düzəltmə şirkəti ilə müqaviləsi var. Şirkət onların da vasitəsi ilə iş elanları verir. Glassdoor.com, indeed.com da həmin saytlardandır. Əlavə olaraq, Facebook-un bir neçə müqavilə ilə işlədiyi şirkətlər var ki, bu şirkətlərin öz səhifəsində Facebook-da müqavilə əsasında tələb edilən vakansiyaları paylaşılır. Bunlardan ən böyüyü isə prounlimited.com-dur. Onların səhifəsində həmişə Facebook-a aid müqaviləli işlərin siyahısı var. Eyni zamanda, WhatsApp və Instagram-da “Karyera” bölməsində vakansiyalar və şərtlər barədə məlumat verilir”.

Şirkət ölkələrə fərq qoyur, amma…

Onun sözlərinə görə, Facebook işə qəbul məsələsində ölkələrə fərq qoysa da, bunun irqçilik ilə əlaqəsi yoxdur:

“Bu proses də işin tərkibi və tələb edilən şərtlərdən asılıdır. Belə ki, şirkət hansı bazarda reklam edib, gəlir gətirməyi hədəfləyirsə, çalışır həmin bazardan işçi qəbul etsin. Məsələn, Türkiyə bazarında hansısa məhsulu reklam edib, satmaq istəyirsə, oradan işçi götürür. Buna “native turkish” deyirlər. Yəni, əsli türk olub, amma Amerikada işləmə icazəsi olan insanlar nəzərdə tutulur. Ümumiyyətlə, burada işə qəbul zamanı ölkələrə irqçi mövqeyində yanaşılmır. Hansı ölkədən olmağınızın fərqi yoxdur, əgər işi bacarırsınızsa və Amerikada işləmək icazəniz varsa, şirkətdə çalışma imkanı qazana bilirsiniz. Ölkələrə fərq sırf marketinq siyasəti ilə bağlı olanda qoyulur”.

Facebook-da fərdi inkişaf məsələsinə gəlincə isə öyrənirik ki, şirkətdə bunun üçün kifayət qədər şansınız və imkanınız var:

Öncə şirkət işi Sizə öyrədir

“Fərdi inkişaf işin məzmunu və verilən müqavilənin müddəti və tərkibinə görə dəyişir. Müqavilə əsasında və yaxud da tam ştat işləyirsinizsə, ilk 2-3 həftə təlimlərdə iştirak edirsiniz. Şirkət işi Sizə öyrədir. Sonda əmin olanda ki, artıq bunu bacara bilirsiniz, o zaman müsbət feedback (rəy) verir və işə başlayırsınız. Bundan əlavə, Facebook-un bütün işçiləri üçün bütün pulsuz təhsil portalı (lynda.com) var. Burada marketinq, proqramlaşdırma və digər sahələrələ bağlı pulsuz dərsliklər almaq olur. Həmçinin, Facebook-un əsas kampüsündə işçilər üçün mütəmadi pulsuz kodlaşdırma, kompüter sahəsi üzrə ödənişsiz kurslar təşkil edilir. Sadəcə qeydiyyatdan keçib, kurslarda  iştirak etmək lazımdır. Yetər ki, insan istəsin, Facebook da onun üçün imkanlar yaradır”.

Amerikada işə qəbul olmaq çətindir

Həmyerlimiz deyir ki, ümumiyyətlə, Amerikada yaxşı şirkətlərdə, yaxşı maaşla işə qəbul olmaq çətindir:

“Burada rəqabət olduqca güclüdür. Hər kəs böyük şirkətlərdə işləyib, yaxşı maaş almaq istəyir. Ona görə də gərək üzərinizdə çox çalışasınız. Müsahibəyə bir həftə qalmış da ciddi hazırlaşmaq vacibdir. Əsas da özgüvən olmalıdır. Bu olmayanda işə qəbu olmaq şansı yüksək olmur. Nə qədər hazırlıqlı olsaz, müsahibədən keçmə şansınız o qədər də yüksəkdir. Bundan əlavə, hər bir insan inanmalıdır ki, bu işə müraciət etsə, qəbul olunacaq. Əvvəlcədən pozitiv olmaq şərtdir. Namizəd məqsəd qoymalıdır ki, bir gün Facebook-da işləməlidir. Bunun üçün isə öncə araşdırma edib, Facebook-da olan vakansiyalara baxmalısınız. Əgər bilik və təcrübəniz şərtlərə uyğundursa, şirkətdə işləmə imkanınız yüksəkdir”.

İbrahim Əliyev Facebook-da maaş məsələsinə də aydınlıq gətirib.

Maaşlar saat başına 24 dollardan başlayır

“Ümumi götürəndə maaş çox yüksəkdir. Ödəniş  işdən asılı olaraq saat başına dəyişir. Məsələn, müqavilə əsasında, Community Operations və proqramlaşdırma sahəsində işləyənlərin maaşlarında fərq var. Community Operations kimi bölümlərdə ödəniş minimum saat başına 24 dollardan başlayır. İT,  proqramlaşdırma ilə bağlı işləyənlərin maaşı isə bunun 2-3 qatı olur. Müqavilə ilə işə götürüləndə maaş artmır, stabil qalır. Sadəcə işdə vəzifə yüksəlirsə, ona uyğun da maaş dəyişir”.

Onun sözlərinə görə, Apple, Facebook kimi şirkətlər bir-birinə uyğun, oxşar iş və maaşlar təklif edir:

Özünüzü bahalı sata bilsəz…

“Lakin bəzilərinin təklif etdikləri kağızların dəyəri artanda işçi daha çox qazanır. Əks halda isə demək olar ki, maaşlar oxşardır. Yəni, saat başına 25 dollardan başlayır. Bu işdə insanın özünü bazarlaması da əhəmiyyət kəsb edir. Adam var deyir ki, bu işi 60 dollardan aşağı etmirəm. Buna “Depend on experience, DİO) deyilir. Yəni, özünü nə qədər baha sata bilirsə, maaş da o qədər fərqli olur”.

Həmyerlimiz Facebook-da çalışmaq istəyənlərə tövsiyələr də verib:

“Facebook-da işləməyə marağı olanlara demək istəyirəm ki, yaxşı, ətraflı araşdırma etsin. Yuxarda qeyd etdiyimiz saytlardan, elə Facebook üzərindən də vakansiyaları tapa bilərsiniz. Qeyd edilən şərtləri qarşılaya bilərsinizsə, mütləq müraciət edin. Ən pis halda cavab verəcəklər ki, yaxşı namizədlə davam edəsi olduq. Davamlı, inadlı  olaraq öz üzərində işləsəz, əminəm ki, alınacaq. Burada çalışan heç kim Sizdən üstün deyil”.

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə