(4-cü Məqalə)
Proqram çərçivəsində alınmış kompyuterlər az sayda digər markalı kompyuterlər (HP, LG, Samsunq markalı kompyuterlərə monitorinq zamanı çox az rast gəlinib və onlar əsasən Təhsil Nazirliyi tərəfindən alınmayan, təhsil müəssisələrinə digər qurumlar tərəfindən verilən kompyuterlərdir) istisna olmaqla, əsasən KÜR markalı və “Nazik müştəri” tipli kompyuterlərdir.
Rəsmi sənədlərdən çox maraqlı bir nəticə çıxarmaq olur. KÜR Elektron Avadanlıqları İstehsalı MMC Azərbaycan təhsili sahəsində dönüş yaradılması üçün önəmli olan bir proqram layihəsinin qəbulu barədə sərəncamın imzalanmasından nə az, nə çox - 19 gün sonra Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmiş bir diletant müəssisədir. Əvvəldə qeyd etdiyimiz kimi, təsisçilərindən ən böyüyü Rabitə Nazirliyinin tabeliyindəki idarə - ümumi məbləği 2000 AZN (10 000 000 AZN), nizamnamə kapitalı isə 1020 AZN (5100000 AZN) olan - “Teleradio” İB, daha sonra 660 AZN (3 300 000 AZN) payla “SİNAM” MMC və 320 AZN (1 600 000 AZN) payla vətəndaş Alik Salman oğlu Hüseynovdur.
Oxucuların fikrini qarışdırmamaq üçün bundan sonra yalnız AZN-dən istifadə edəcəyik. Bu isə o deməkdir ki, 2000 AZN nizamnamə kapitalına malik yeni yaradılmış bir qurum (???) 30 milyon AZN dəyərində bir layihə üçün tərəfdaş kimi qəbul edilib. Qeyd edək ki, MMC-lərlə bağlı qanunvericiliyə görə, onların təsisçilərinin hər hansı bir məsuliyyəti yoxdur. Digər tərəfdən, MMC-nin nizamnamə kapitalı ilə əmlakı arasında ciddi fərq ola bilməz. Demək, hətta nizamnamə kapitalı nəzərə alınmazsa belə, 30 milyon manatlıq proqram layihəsinin tərəfdaşı əmlakı bu məbləğdən 15000 dəfə az olan bir müəssisə olub.
Bəlkə də iqtisadi-hüquqi baxımdan bu proporsiyada ciddi problem yoxdur, ancaq ümumiyyətlə, tenderin qanun pozuntusu ilə keçirildiyini nəzərə alsaq, bu, çox ciddi maxinasiyadan xəbər verən faktdır. Bunlar əslində tenderin fiksiya olmasını deməyə əsas verir. Vergilər Nazirliyinin təsisçiləri, nizamnamə kapitalı və qeydiyyat tarixi cəmiyyətə açıq olan bir qurumun kommersiya sirləri, sahibkarlıq fəaliyyətilə bağlı qanunvericiliyə zidd olmayan məlumatları nə üçün uzun müddət gizlətməyə cəhd göstərməsi də buradan bəlli olur.
İkinci dəfə isə Vergilər Nazirliyi sorğularımıza cavab olaraq “SİNAM” MMC-nin kimə mənsub olduğunu açıqlamaq istəmədi. Əvvəlcə sorğumuza cavab olaraq belə bir müəssisənin, ümumiyyətlə, vergi orqanlarında qeydiyyatdan keçmədiyini bildirdi. Növbəti sorğumuza Yevlax vergi dairəsindən aldığımız cavabı əlavə etdikdə isə nazirlik mənsubları bir az əziyyət çəkib “SİNAM” MMC barədə qanunla qadağan olunmamış məlumatları açıqlamalı oldular. Bu dəfə aydınlaşdıra bildik ki, KÜR-ün ikinci hüquqi şəxs olan təsisçisi ilk “SİNAM” MMC ilk dəfə 1994-cü ilin fevralında Maliyyə Nazirliyində “SİNAM invest” Birgə Müəssisəsi kimi qeydiyyatdan keçib. 2001-ci ildə təkrar Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməklə “SİNAM invest” MMC-yə çevrilən qurum 2004-cü ilin 06 iyulunda (proqramın təsdiq olunmasından ayyarım əvvəl) “SİNAM” MMC olub. Təsisçisi Əliyev Elçin Rəşid oğlu olan “SİNAM” MMC-nin nizamnamə kapitalı denominasiyadan sonra 444 87.92 manat təşkil edir.
Tenderdə qanunsuzluq necə baş verib?
Əslində bu qanunsuzluqları hökumət qurumlarının təmsilçiləri olan tender komissiyasının üzvləri tam biliblər və prosedura müəyyən mənafelər baxımından göz yumublar. Bu prosesə göz yumanların diqqətinə bir daha “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanununu çatdırmaq istərdik. KÜR-ün tender qatılması birbaşa adı çəkilən qanunun 13-cü maddəsinin (Dövlət satınalmalarında maraqların ziddiyyəti) pozulması ilə baş verib. Hələ digər təsisçilərin kimliyi ilə bağlı araşdırmalar davam edir və onların da şəxsiyyəti aydınlaşdırıldıqdan sonra bu mövzuya yenidən qayıtmağa çalışacağıq.
KÜR-ün təsisçilərindən Rabitə Nazirliyinin ən böyük paya sahib olduğunu nəzərə alsaq, mənimsəmələrdə Əli Abbasovun rəhbərlik etdiyi qurumun böyük “rolu” olduğunu söyləmək mümkündür. İndi hansı səbəbdən proqram vəsaitlərinin təxminən 70 faizinin avadanlıq alınmasına yönəldilməsinin əsl məqsədi bəlli olur. Qısası, proqram vəsaitləri Kür-ə axıdılıb, oradan da o tərəfə. Təsəvvür edin ki, KÜR kompyuterlərinə xərclənmiş 17 milyon dollardan artıq vəsaitlə ölkə əhalisinin hansı ehtiyaclarını ödəmək mümkün idi. Bu vəsaitə 21000 KÜR alınıb, ancaq 35000-nə yaxın normal parametrləri olan və daha keyfiyyətli HP kompyuterləri almaq olardı. Belə olan halda vəsaitləri doğrudan da ən ucqar kənddə yaşayan azərbaycanlı balasının gələcəyinə qoyulmuş divident hesab etmək olardı. Ancaq bu gün təəssüf ki, balaca vüqarların, kamillərin kompyuter haqqında təsəvvürləri belə yoxdur.
Əcəba, nazirlərdən hər hansı biri KÜR markalı kompyuterlərdən istifadə edirmi?
İlkin araşdırmalarımıza görə, nazirliklər KÜR markalı kompyuterlərdən ya istifadə etmir, ya da bəziləri bu kompyuterləri təzəcə alıb. Nazirlərə gəlincə, onların heç biri bu markalı kompyuterlərdən istifadə etmir. Hələ nazirlərin övladlarının hansı kompyuterlərdən istifadə etdiyini araşdırsaq, qorxuruq ki, aldığımız cavablar vəziyyəti daha da qəlizləşdirə.
Təhsil müəssisələri üçün hansı kompyuterlər əlverişlidir
Bu barədə bilgi əldə etməsək də, normal məntiqlə proqramın icrası zamanı Təhsil Nazirliyi öncə məktəblərə veriləcək kompyuterlərin kriteriyalarını müəyyənləşdirməli idi. O.Gündüzün sözlərinə görə, dünyada bu istiqamətdə oturuşmuş qayda var: “Əvvəlcədən gərək Təhsil Nazirliyi tərəfindən aidiyyəti qurumların iştirakı ilə məktəblərə veriləcək texnikanın standartları müəyyən olunaydı. Düşünürəm ki, kompyuterlər ən azı multimedia, şəbəkə, İnternetdə işləmək tələblərinə savab verməlidir. Yəni bu, bütün dünyada qəbul olunan standartlardır. Təhsil Nazirliyi də bunları hazırlamalıdır\\\\\\\". Fikrimizcə, bu kimi detallara diqqət yetirməsi üçün öncə Təhsil Nazirliyi yetkililərinin özləri İKT sahəsində dərin biliklərə malik olmalıdır. Qeyd edək ki, proqramın sonunda yalnız kompyuter-şagird nisbəti dəyişsə də, təhsilin inkişafı sahəsində əlahiddə dəyişikliklər baş verməyib. Regionlarda sorğuya cəlb edilmiş şagirdlərin yenə kompyuterlə bağlı ən elementar biliklərə malik olmadığı aşkarlanar. Sadaladıqlarımızın hamısı və bəlkə də diqqətimizdən qaçmış bir çox detallar İKT proqramının birinci mərhələsinin uğursuz başa çatdığını bir daha söyləməyə əsas verir. Ekspert O.Gündüz də layihəni tam uğurlu hesab etmir: “Bu müddət ərzində dəyişən yalnız bir parametr oldu. O da məktəblərdə şagirdlərə adambaşı düşən kompyuterlərin sayı dəyişdi. Əgər əvvələr bu göstərici 1000-1500 nəfərə bir kompyuter idisə, indi bu rəqəm təxminən 30-35-dir. Layihə təhsilin keyfiyyətinə heç bir təsir etmədi. Proqram çərçivəsində həyata keçirilən texnologiyalar tədris prosesinə inteqrasiya etmədi\\\\\\\".
Azərbaycanda həyata keçirilən İKT proqramını Türkiyənin hələ 2003-cü ilin ortalarından başladığı analoji proqram-kompaniyasının uğursuz parodiyası hesab etmək mümkündür. Bu proqram artıq başa çatdırmaq üzrə olan Türkiyə Cümhuriyyəti bu gün bütün məktəblərində ADSL İnternet bağlantısı qurub, 2008-ci ilin sonuna qədər isə bu bağlantını qurmaq mümkün olmayan yerlərə peyk İnternet bağlantılarının qurulmasını təmin etməyi planlaşdırır. Türkiyədə 12 milyon şagirdi əhatə etməklə 400 000 kompyuterin yüksək sürətli İnternet bağlantısı var. Azərbaycanda isə prezident xanımı, hörmətli Mehriban Əliyevanın millət vəkili seçildiyi Bakının Əzizbəyov rayonunda uşaqlar İnternetin nə olduğunu internetklublarda öyrənir. Türkiyə 2003-cü ildə təşəbbüsdə bulunmaqla ümumtəhsil məktəblərinin kompyuterləşməsi və İnternet şəbəkəsinə qoşulması istiqamətində işləri demək olar ki, tamamlayıb. Bu ölkədə ayrıca müəllimlərin dizüstü kompyuterlərlə təmin olunması istiqamətində xüsusi tədbirlər həyata keçirildi və proses davam etdirilməkdədir. Əcəba, Azərbaycanda çalışan 174 min müəllimdən neçəsinin kompyuteri olduğunu Təhsil Nazirliyi söyləyə bilərmi?
Hesablama Palatası hesablamaq istəmir
Büdcə şəffaflığı məsələlərində ciddi fəallıq göstərən Milli Büdcə Qrupu ekspertlərinin investisiya layihələrinə ayrılmış vəsaitlərin ekspert analizinin və auditinin keçirilməməsinin mənfi hal kimi qiymətləndirməsinin dəfələrlə şahidi olmuşuq.
Təəssüf ki, Hesablama Palatası ictimaiyyətin bu haqlı təzyiqindən hələ də nəticə çıxarmır. Artıq bunun bir daha rəsmən şahidi olduq.
Milli Məclisin informasiya şöbəsinə göndərdiyimiz elektorn sorğuda İKT proqramının ekspert analizinin və auditinin keçirilib-keçirilməməsini xəbər aldıq. Qurumdan göndərilmiş yazılı cavabda bildirilir ki, Hesablama Palatası tərəfindən İKT proqramının ekspert analizi və auditi aparılmayıb. Bunu səbəb göstərən Hesablama Palatası proqramın həyata keçirilməsindəki maliyyə prosedurlarının vəziyyəti ilə bağlı hər hansı başqa bilgi vermək imkanlarına malik olmadığını bildirib.
Proqramlar çərçivəsində xərclənən vəsaitlərə dövlət tərəfindən ciddi nəzarət olmadığından KÜR kompyuterləri ilə bağlı hallar davam etməkdədir. Hər hansı nazirliyin onlarla proqramları “yerinə yetirib”, Misir Mərdanov kimi yanlış hesabatlar verməsinə nəzarət edəcək bir mexanizmin kağız üzərində yox, gerçəkdə olması zəruridir. Məsələn, bir qurumun həyata keçirdiyi 10 proqram layihəsindən ən azı bir neçəsinin ekspert analizinin aparılması büdcə vəsaitlərinin nə dərəcədə səmərəli xərclənməsi barədə fikir söyləməyə əsas verərdi. İqtisadçı Azər Mehtiyev də hesab edir ki, bu, daha doğru olardı: “Bütün hökumət proqramları daha konkret işlənməli, proqramlarda həlli gözlənilən problemlərin diaqnozları verilməli, onların həlli üsulları və mərhələləri, buna cəlb olunacaq resurslar və gözlənilən nəticələr əksini tapmalıdır. Bundan başqa, fəaliyyətlərin icrasına məsul qurumların məsuliyyət dərəcəsi görsənməli, dövri olaraq hesabatlılıq təmin olunmalıdır. İndiki halda hökumət proqramlarında bunların heç biri yoxdur. Ona görə də sərf olunan vəsaitlərin niyə və necə yönəldilməsi bilinmir.
Kompyuterlərin alınıb qurulması hələ hər şey demək deyil.
Bəzən rəqəmlər şişirdilir və vəsaitlər səmərəsiz istifadə olunur. Hökumət isə müasir səslənən belə proqramlara çoxlu vəsait almaqla modernləşmə görüntüsü yaradır, həm də iri həcmlərdə vəsaitlərin mənimsənilməsi üçün meydan qazanır\\\\\\\" .
Nazirlik proqram layihələrinin araşdırılmasını iş planına salacaqmı?
Necə deyərlər, ümid sonda ölür və bəlkə Təhsil Nazirliyinin davam etdirdiyi proqramların bir gün ekspert analizi aparılacaq. Bəlkə də mütəxəssislərin bunun üçün əziyyət çəkməsinə dəyməz, kor-kor, gör-gör, hər şeyi rəqəmlər deyir. Hələ bir neçə ay əvvəl KİV-ə müsahibəsində Hesablama Palatasının sədri Heydər Əsədov söyləmişdi ki, Regionların İnkşaf Proqramı başa çatdığından, yerlərdə təhsil və səhiyyə sahəsində görülmüş işlər araşdırılacaq. Ümid edək ki, xalqın büdcəsi əmanət edilmiş mənsublar özlərinə əziyyət verib yuxarıda satınalmalarla bağlı qeyd olunmuş detallara diqqət yetirəcəklər. Əslində bunu etməyə, sadəcə, borcludurlar.
Bir faktı da qeyd edim ki, 2006-cı ildə iştirakçısı olduğum Ağdam və Yevlaxdakı qaçqın şəhərciklərinin monitorinqi zamanı 8 yeni qəsəbədə tikilmiş məktəblərdən 6-da kompyuter, ümumiyyətlə, yox idi və hətta onların qoyulması üçün sinif otaqları da mövcud deyildi.
İctimaiyyət bütün bunlara nə üçün diqqət yetirməlidir?
Ümumtəhsil məktəblərinin İnformasiya-kommunikasiya texnologiyaları ilə təminatı proqramı (2005-2007-ci illəri əhatə edib) çərçivəsində müəyyən edilmiş öhdəliklərin heç yarısı yerinə yetirilməyib. Buna baxmayaraq, dövlət başçısı İlham Əliyev bu il iyunun 10-da proqramın 2008-2012-ci illərdə də davam etdiriləcəyi barədə yeni sərəncam imzaladı. Əcəba, dövlət başçısı proqramın uğursuz icrasına niyə göz yümdu?
Əslində bütün cəmiyyət büdcədən ayrılan digər vəsaitlərin necə xərclənməsinə dair təfərrüatı bilmədiyi kimi, sözügedən proqram çərçivəsində də bilmir. Ancaq gördüyünüz kimi, milyonlar xalqa xidmət adı altında, fərdlərin maraqlarına xidmət edir. Bu gün Təhsil Nazirliyi 20-yə yaxın proqram layihəsi həyata keçirməklə hər il büdcədən milyonlarla dollar vəsait alır. Ancaq bircə İKT proqramının icrasındakı maxinasiyaların timsalında digər vəsaitlərin necə xərcləndiyi barədə təsəvvür yaratmaq çətin deyil.
Yeni məktəb tikintisi, kitab təminatı ilə bağlı proqramlar həyata keçirilir. İKT proqramı da birinci mərhələdə başa çatdı. Ancaq təhsilin göstəriciləri ya yerində sayır, ya da aşağı düşməkdədir. Monitorinqə cəlb edilmiş Gədəbəy və Lənkəranın kompyuterlə təmin olunmuş 7 məktəbinin məzunlarının ali məktəblərə qəbulu ilə bağlı göstəriciləri də biabırçı həddədir. Belə ki, Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin saytındakı məlumatlara görə, İKT proqramının tətbiq edildiyi son üç ildə 7 məktəbdən birindən, ümumiyyətlə, ali məktəblərə qəbul olmayıb, ikisi əvvəlki illərin göstəricilərini nümayiş etdirib, 4 məktəb isə qəbula görə nəticələrdə böyük geriləmələr nümayiş etdirib.
Vurğulamaq yerinə düşərdi ki, Gədəbəy və Lənkəranda təhsil sahəsindəki təmir və tikintiyə ayrılan xərclərə görə adekvat olaraq rayonlarda məktəblərin sinif otaqları 64 min və 60 min dollara başa gəlib. Təhsil naziri Misir Mərdanov rəqəmləri sadalayanda bunlara da diqqət yetirsə yaxşı olar. 60 min dollarlıq sinif otağında 655 manatlıq kompyuter və sonucda sıfır təhsil göstəricisi! Maraqlıdır, İKT təminatı ilə bağlı yeni təsdiqlənmiş proqramın sonunda Misir Mərdanov hansı rəqəmləri açıqlayacaq?
Qeyd: KÜR müəssisəsinin reallıqda kimə məxsus olmasını öyrənmək istiqamətində araşdırmalarımız davam edir.
Şəhla ƏBUSƏTTAR, Araşdırmaçı Jurnalistlərin Azərbaycan Şəbəkəsi
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri