DSX Xüsusi Məktəbində süni intellekt və kibertəhlükəsizlik mövzusunda seminar keçirilib

18-04-2026 / 11:48

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun bir qrup əməkdaşı Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbində olub.

Xeberler.az xəbər verir ki, qonaqlar əvvəlcə məktəbin dərs otaqları, tədris korpusu və maddi-texniki bazası ilə yaxından tanış olublar.

Daha sonra müəllim və kursantların iştirakı ilə “Sərhəd təhlükəsizliyinin təmin olunmasında müasir informasiya texnologiyalarının və süni intellektin rolu” mövzusunda elmi-praktiki seminar keçirilib. Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Seminarda çıxış edən DSX Xüsusi Məktəbinin rəis müavini, tədris şöbəsinin rəisi mayor Cabir İsgəndərov görüşün əhəmiyyətini vurğulayaraq, müasir dövrdə ənənəvi təhlükəsizlik yanaşmalarının kifayət etmədiyini bildirib. O qeyd edib ki, sərhəd təhlükəsizliyində süni intellekt və informasiya-kommunikasiya texnologiyalarının tətbiqi xüsusi önəm daşıyır və gələcək zabitlərin analitik düşüncəyə, texnoloji savada malik olması vacibdir.

Daha sonra çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri və həyata keçirilən layihələr barədə məlumat verib. O, institutda süni intellekt, data analitika, proqram mühəndisliyi, təbii dilin emalı, kibertəhlükəsizlik və digər prioritet sahələr üzrə tədqiqatların aparıldığını diqqətə çatdırıb.

Akademik bildirib ki, ölkədə qəbul edilən strateji sənədlər – informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası, rəqəmsal inkişaf konsepsiyası və süni intellekt strategiyası bu sahələrin inkişafına mühüm təkan verir. Onun sözlərinə görə, müasir dövrdə dövlətlərin təhlükəsizliyi yalnız hərbi güclə deyil, həm də texnoloji inkişaf və kibertəhlükəsizlik səviyyəsi ilə müəyyən olunur.

Rasim Əliquliyev kursantlara müraciət edərək onların gələcəkdə dövlətin təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaqlarını qeyd edib, yüksək bilik və texnoloji bacarıqlara yiyələnməyin vacibliyini vurğulayıb. O, həmçinin iki qurum arasında əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və Anlaşma Memorandumunun imzalanmasının məqsədəuyğun olduğunu bildirib.

Tədbirdə çıxış edən Xüsusi Məktəbin rəisi, polkovnik Ruslan Həsənov isə informasiya təhlükəsizliyinin müasir dövrün əsas prioritetlərindən biri olduğunu deyərək, belə seminarların kursantların inkişafında mühüm rol oynadığını qeyd edib.

Seminar daha sonra müəllim və kursantlarla dialoq formatında davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, qlobal texnoloji trendlər və rəqəmsal transformasiya ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda İnformasiya Texnologiyaları İnstitutu tərəfindən məktəbin kitabxanasına informatika sahəsinə aid kitablar hədiyyə olunub və xatirə fotosu çəkdirilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə