Kiberhücumun ünvanı – texniki sübut, yoxsa siyasi şübhə? - Ekspertdən açıqlama

03-05-2025 / 13:25
"Deputat Ramid Namazovun “Azərbaycana qarşı kiber hücum Rusiyadan olub” açıqlaması çox düşündürücü və əslində, aydın səmada goy gurultusudur. Uzun illər bu sektorda olmağıma baxmayaraq ilk dəfədir bu mövzuda və səviyyədə, açıq ünvanlı bəyanat müşahidə edirəm".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz dünən Milli Məclisdə keçirilən “Azərbaycanın media resurslarına 20 fevral hücumları: kibermüdaxilədən dezinformasiyaya” adlı müzakirəni şərh edərkən deyib:
 
"Xatırladıram ki, Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov “Azərbaycanın media resurslarına kiberhücumlar” mövzusunda keçirilən toplantıda bu fikirləri səsləndirib.
 
Ramid Namazov bir müddət öncə "Global Media Group"a daxil olan media resurslarına olan hücumların səbəbi və mənbəyi ilə danışarkən bu fikirləri açıqlayıb.
 
Onun sözlərinə görə, Azərbaycana qarşı kiberəməliyyatları həyata keçirən peşəkar və mütəşəkkil dəstə olub. Milli Məclisin komissiyası Rusiyadan həyata keçirildiyi bildirilən kiberhücumun səbəbinin haradan qaynaqlandığını da göstəırib. Kiberhücum Bakıda “Rus evi”nin və “Sputnik Azərbaycan” agentliyinin bağlanmasına cavab olaraq həyata keçirilib".
 
Ekspert qeyd edib ki, Rusiyanın Azərbaycana olan münasibəti nöqteyi-nəzərindən açıqlama tam ağlabatandır.
 
Belə bir açıqlama üçün əsas ola biləcək hesabatı və rəyi görəsən hansı qurum hazırlayıb?
 
Osman Gündüz suala cavab olaraq bildirib ki, Azərbaycanda kibertəhlükəsizlik sahəsində cavabdeh olan peşəkar dövlət qurumları, XRİTDX-nin və DTX-nın müvafiq mərkəzləri (CERT, Milli Kibertəhlükəsizlik Mərkəzi) var:
 
"Maraqlıdır ki, həmin tədbirdə iştirak edən peşəkar qurumların nümayəndələri “hücum Rusiyadan qaynaqlanıb” açıqlamasına münasibət bildirməyiblər. Kiberhücumlar ciddi dövlət və milli təhlükəsizlik məsələsidir.
 
Rusiya və Ermənistan tərəfindən, həmçinin regionda və dünyada bizə qarşı "maraqlı" olan elə ölkələr var ki, onlar tərəfindən dövlət səviyyəsində ölkəmizə peşəkar formada kiber hücumlar həmişə labüddür.
 
Bu baxımdan düşünürəm ki, bu sahədə yalnız peşəkar və cavabdeh qurumlar tərəfindən texniki- texnoloji sübutlar əsasında, beynəlxalq kiber platformalarla və dövlətlərlə əməkdaşlıq şəraitində danışmaq daha güvənli ola bilərdi.
 
İstənilən halda, düşünürəm ki, ölkənin informasiya təhlükəsizliyi və kiber mühitin inkişafı baxımından, bu sahəyə diqqətin yönəldilməsi baxımından Milli Məclisin müvafiq Komissiyasının səyləri təqdirə layiqdir".

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə