Media kəndində və arenalarda texnoloji təminat necədir ?

19-06-2015 / 13:42

Xəbər verdiyimiz kimi I Avropa Oyunlarının  telekommunikasiya İnternet təminatına ümumi nəzarət “Bakı 2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BAOƏK) texnologiya komandası  tərəfindən həyata keçirilir.

Həmçinin məlumat vermişdik ki, Oyunlarla bağlı Eurodesign şirkəti və digər qurumlar tərəfindən də geniş  telekommunikasiya infrastrukturu qurulub.

Xeberler.az Oyunların gedişatı zamanı Atletlər və Media kəndində, Oyunlar keçirilən arenalarda telekommunikasiya və İnternet təminatının vəziyyəti ilə maraqlanıb. 

BAOƏK-dən verilən məlumata görə, Media kəndində və Oyunlar keçirilən arenalarda Wi-Fi-dan istifadə etməklə İnternet imkanı yaradılıb. İnternetin sürəti və keyfiyyəti yetərincədir. Həmçinin Atletlər Kəndinin yaşayış məkanlarında (Bakı və Mingəçevirdə) ödənişsiz Wi-Fi -dan istifadə imkanları yaradılıb.

BAOƏK -dən onu da bildiriblər ki, arenalarda fəaliyyət göstərmək üçün  yerli və xarici jurnalistlərə texniki avadanlıqlar (tabletlər, kompüterlər və s )   verilməyib.  Jurnalistlər  öz şəxsi avadanlıqlardan istifadə edərək İnternetə qoşulurlar. Media kəndi isə bütün zəruri  texniki avadanlıqlarla təmin edilib.

Komitədən Xeberler.az -a bildirilib ki, öz kompüter avadanlığı olmayan və müəyyən səbəblərdən gətirə bilməyən  idmançılar üçün də burada işləmək imkanları yaradılıb.

Komitənin məlumatına görə, texnoloji təchizatlarla bağlı  Nar Mobile, Rəsmi  Mobil Telekommunikasiya Xidmət Təminatı və Könüllülər Proqramının Rəsmi Tərəfdaş şirkətləri, həmçinin,  Tissot şirkəti ilə əməkdaşlıq edilir. Rəsmi dəstəkçi Motorola Solutions şirkətinin qurduğu rəqəmli radio xidməti “Bakı 2015” Avropa Oyunlarını rahat, effektiv kommunikasiya və bağlantı ilə təmin edir. 

Məlumatda qeyd edilir ki, Oyunlar keçirilən arenalar 2800 naqilsiz bağlantı məntəqəsi ilə təmin edilib, bu ərazilərdə 300 Wi-Fi avadanlığı və 7000 radio qurğu  fəaliyyət göstərir. 

Qeyd edilib ki, “Bakı 2015” arenalarında mobil xidmət infrastrukturunu yaxşılaşdırmaq üçün hər üç mobil operatorla əməkdaşlıq edilir. Yarış və qeyri - yarış məkanlarında tamaşaçılar bütün obyektlərdə mobil telefon şəbəkəsinə qoşula bilərlər.

BAOƏK-də Xeberler.az -a bildirilib ki, hazırda bu qurumda 160  nəfərlik komanda bu işlərə nəzarət edir. Qeyd edilib ki, texniki heyətin  65 faizi azərbaycanlıdır. Könüllü texniki heyətin və təminatçıların əksəriyyəti də yerli vətəndaşdır.

BAOƏK Oyunlar ərzində İnternet təhlükəsizliyinə də təminat verildiyini diqqətə çatdırıb. Belə ki,  “Bakı 2015” telekommunikasiya və İnternet infrastrukturu qurularkən təhlükəsizlik məsələsi də nəzərə alınıb. Bu sahədə ən yaxşı  beynəlxalq təcrübədən istifadə edilib və kibertəhlükəsizliklə bağlı beynəlxalq qurumlarla da əməkdaşlıq edilir.

Qeyd edək ki, ölkəyə daxil olan İnternet trafikinin təhlükəsizliyinə beynəlxalq operatorlarla birgə Delta Telecom şirkəti tərəfindən nəzarət olunur.

 Məltəm Talıbzadə 

 

 

ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.