İlk Avropa Oyunlarına sayılı günlər qalır. Artıq Oyunlara hazırlıqla bağlı işlərin başa çatdırıldığı bildirilir. Ölkəmizdə bu Oyunları yüksək səviyyədə keçirmək üçün qısa müddətə böyük işlər görülüb. Cəmi iki il müddətində müasir yeni idman obyektləri inşa olunub, mövcudları əsaslı şəkildə yenidən qurulub.
Qeyd edək ki, İlk Avropa Oyunları Bakıda 21 məkanda və Mingəçevirdə keçiriləcək.
Bü cür geniş əhatəli bir infrastrukturun telekommunikasiya təminatı, texnoloji və informasiya təminatı sisteminin yaradılması da müstəsna əhəmiyyət kəsb edən məsələdir.
Yaxınlarda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) son kollegiya iclasında bu sahədə işlərin uğurla başa çatdırıldığı da qeyd edilib.
Xəbərlər İlk Avropa Oyunlarına hazırlıqlar, xüsusilə də Oyunların texnoloji təminatı sahəsində görülən işlərlə bağlı mütəmadi oxucularını tanış edir.
Bu dəfə Xeberler.az İlk Avropa oyunlarının telekommunikasiya və informasiya təminatı sahəsində görülən işlərlə bağlı Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədovdan müsahibə alıb.
Müsahibəni təqdim edirik:
-İltimas müəllim, artıq məlumat verildiyi kimi İlk Avropa Oyunlarına hazırlıq mərhələsi başa çatıb. Təcrübə göstərir ki, bu tip beynəlxaq əhəmiyyətli tədbirlərdə telekommunikasiya təminatı da mühüm əhəmiyyət kəsb edən məsələdir. Xatırlayırıq ki, 2014-cü ildə Soçi Olimpiadasında telekommunikasiya infrastrukturunun qurulmasına 5-6 il vaxt sərf olunmuşdu. Öncə elə onu soruşmaq istərdik ki, nə vaxtdan hazırlıq işlərinə başlamısınız? Bütün bu işləri nəzərdə tutulan müddətdə başa çatdıra bilmisinizmi ?
-Oyunların telekommunikasiya təminatı üzrə görüləcək işlərin müəyyən edilməsi və işlərə nəzarət edilməsi məqsədilə Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BAOƏK) texnologiya komandası ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) arasında 2013-ci ilin iyun ayından etibarən əməkdaşlığa başlanılıb. Qarşıda duran vəzifələrin vaxtında və lazmi səviyyədə yerinə yetirilməsi üçün RYTN-də nazir Əli Abbasovun rəhbərliyi ilə Qərargah və BAOƏK-in məsul işçilərinin iştirakı ilə Rəhbər Komitə yaradılıb.
Oyunlarının telekommunikasiya xidmətləri ilə təchizatına dair Gənclər və İdman Nazirliyi və RYTN arasında 2014-cü il sentyabrın 1-də Əməkdaşlıq haqqında Protokol imzalandı və bu protokolda RYTN tərəfindən təşkilati və oyun məkanlarına birbaşa və alternativ istiqamətlərdən fiber-optik kabellərin çəkilməsi, optik kabellərdən ödənişsiz istifadəyə şəraitin yaradılması, oyunların keçirilməsi üçün tələb olunan radiotezliklərin tam və ödənişsiz ayrılması, radiomonitorinq avadanlıqları ilə təchiz edilməsi və s. üzrə öhdəliklər götürülüb. Bu öhdəliklər oyunların başlanmasına 1 ay qalmış tam icra edilib.
BAOƏK tərəfindən ötən ilin yanvar ayının 15-dən bu ilin sentyabrın 15-nə qədər qədər müddəti əhatə edən və 69 qlobal məsələdən ibarət yol xəritəsi Rəhbər Komitəyə təqdim edildi və yol xəritəsində qarşıya qoyulmuş məsələlər nəzərdə tutulan müddətlərdə icra edilib.
-Görülən işlərə bir qədər aydınlıq gətirmək istərdik. Müşahidələrimiz göstərir ki, Oyunlarla bağlı müxtəlif telekommunikasiya layihələri müxtəlif qurumlar tərəfindən görülüb və səlahiyyət, məsuliyyət də müxtəlif qurumlardadır. Bütün bunlar çevik və effektiv idarəetmə baxımından faydalıdır , yoxsa burda həm də risklər var ?
-RYTN-nə aid olan öhdəliklə yanaşı BAOƏK bir sıra telekommunikasiya operatorları və yayım şirkəti ilə müqavilə bağlayıb. Oyunların keçirilməsinə bu sahə üzrə tələbatlar qarşılıqlı razılaşdırılmalara uyğun yerinə yetirilib və idarəetmənin lazımi səviyyədə təşkili üçün lazımi tədbirlər nəzərdə tutulub. Bununla yanaşı hazırda BAOƏK-də RYTN-nin birlik və müəssisələrinin, həmçinin digər aidiyyəti strukturlarının nümayəndələrinin gündəlik növbətçiliyi ilə yaradılmış Texniki Əməliyyat Mərkəzi fəaliyyət göstərir və effektiv idarəetmə təmin edilir.
-Bildirilir ki, Oyunların keçiriləcəyi ərazilər üzrə geniş bir fiber-optik infrastruktur qurulub. Maraqlıdır, bu infrastruktur qurularkən yalnız dövlət qurumlarının resurslarından istifadə edilib, yoxsa digər özəl sektora məxsus şəbəkədən də istifadə edilibmi ? Ümumilikdə neçə km. yeni optik xətt çəkilib ?
-Bakı şəhərində I Avropa Oyunlarının keçiriləcəyi oyun məkanlarının və təşkilati binaların BAOƏK-in tələbatına müvafiq olaraq, ümumilikdə 300 km-dən çox optik kabel və 5 km-ə yaxın mis kabel çəkilib. Bu infrastruktur Bakı Telefon İstehsalat Birliyi tərəfindən yaradılıb və müəyyən hallarda mövcud infrastrukturdan da istifadə edilib.
Mingəçevir şəhərindən Bakı şəhərinə 2 alternativ istiqamətdən telekommunikasiya xidmətləri və yayım üçün 4Gb tutumuna malik kanallar təşkil edilib. Rabitənin təşkili “Aztelekom” İB-nin, MHM-in texniki imkanlıqları hesabına və magistralın müəyyən hissələrində digər dövlət qurumlarının optik kabellərindən istifadə etməklə təmin olunub.
-Bu tip beynəlxalq tədbirlərdə telekommunikasiya infrastrukturu qurularkən alternativlər də mühüm əhəmiyyət kəsb edir. Alternativ şəbəkələr, alternativ xətlər, alternativ sistemlər qurularkən mövcud olanlardan istifadə edilib, yoxsa yenidən yaradılıb?
-Ümumilikdə qeyd etdiyiniz kimi alternativlik prinsipi hər bir oyun və təşkilatı məkanda yeni yaradılmış magistrallar və şəbəkələr hesabına təmin edilib.
-Oyunlar ərəfəsində İnternetə əlçatımlıq da əhəmiyyət kəsb edən məsələdir. Nəzərə alsaq ki, 60 min adam eyni anda İnternetdən istifadə edəcək, burda artıq böyük sürətli İnternetə tələbat olacaq. Maraqlıdır ki, Oyunlar keçirilən ərazilərdə İnternetə sərbəst giriş imkanı olacaqmı, bunu hansı qurum təqdim edəcək?
-Oyun və təşkilati məkanlarda İnternet xidməti Bakı Telefon İstehsalat Birliyinin optik kabel infrastrukturundan istifadə etməklə BAOƏK tərəfindən (“Delta Telekom LTD” MMM, Evrodizayn şirkətləri ilə müqavilə əsasında) təmin edilir və İnternetin keyfiyyəti və sürəti Olimpiya Stadionunda keçirilən sınaq tədbirlərində yoxlanılıb, normal qiymətləndirilir.
Oyun və təşkilati məkanlarda İnternetə sərbəst giriş imkanı olmaqla müvafiq qaydada istifadəyə şərait yaradılıb.
-Yeri gəlmişkən bəs həmin ərəfədə ölkədə, xüsusilə də Bakıda, ictimai yerlərdə, bulvar ərazisində İnternetə əlçatımlıq üçün əlavə tədbirlər müəyyən olunubmu ? Wi-Fi şəbəkəsini hansı provayderlər qurub ?
-Bu gün ölkədə, xüsusilə də Bakı şəhərində ictimai yerlərdə - hava limanında, biznes mərkəzlərdə, kitabxanalarda, restoranlarda, mağazalarda və ictimai iaşə obyektlərində “Wi-Fi” İnternet xidməti mövcuddur. Parklarda, bulvar ərazisində fəaliyyət göstərən demək olar ki, bütün ictimai iaşə obyektləri tərəfindən insanlara keyfiyyətli və yüksəksürətli “Wi-Fi” İnternetə pulsuz çıxış imkanı yaradılmaqdadır.
-Bəs mehmanxanalarda keyfiyyətli İnternet məsələsinin təmin edilməsi nə yerdədir ? Bu sahədə hansısa problemlər ola bilərmi ?
-“Bakı 2015” I Avropa Oyunları ərəfəsində mövcud şəbəkələrdə, keyfiyyətli İnternet xidmətinin təşkilində yarana biləcək texniki və texnoloji problemlərin əvvəlcədən müəyyənləşdirilməsi və müvafiq tədbirlərin görülməsi məqsədilə intensiv olaraq monitorinqlər həyata keçirilir. RYTN və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən son birgə monitorinq Bakı şəhərində fəaliyyət göstərən 70-ə yaxın mehmanxana və mehmanxana tipli obyektlərdə aparılıb. Monitorinqin nəticələri göstərir ki, bütün mehmanxana və mehmanxana tipli obyektlərdə İnternetə pulsuz və yüksəksürətli çıxış imkanı mövcuddur. Bununla yanaşı, İnternet xidmətinin təşkilində yarana biləcək problemlərin operativ şəkildə aradan qaldırılması ilə bağlı ölkədə fəaliyyət göstərən bütün İnternet xidmət provayderləri və operatorlarına müvafiq tapşırıqlar verilib.
-Daha çox tələbat olan xidmətlərdən biri də mobil xidmətlər, xüsusilə də Mobil İnternetdir. Bildiyimiz kimi bir sıra hallarda şəhərin müxtəlif yerlərində mobil İnternetlə bağlı problemlər olur. Nəzərə alsaq ki, tədbirlərin bir hissəsi Mingəçevirdə keçiriləcək, deməli, həm yol boyu ərazilərdə və regionda da mobil İnternetə tələbat daha çox olacaq. Bu problemlərin həlli üçün hansı tədbirlər nəzərdə tutulub ? Hansı ərazilərdə 4G xidmətlərin istifadə mümkün olacaq. Əsas 4G infrastrukturu hansı Operatora məxsusdur?
-I Avropa Oyunları ilə əlaqədar daxili şəbəkələr də daxil olmaqla Bakı və Mingəçevir şəhərlərində, həmçinin avtomobil magistrallarında mobil telekommunikasiya xidmətləri (səs və paket tipli məlumat mübadiləsi daxil olmaqla) planlı şəkildə monitorinq edilib və nəticə qənaətbəxş olub. 4G xidmətləri isə hər 3 mobil operator tərəfindən təşkil edilir.
-Adətən bu tip yarışlarda Təşkilat Komitəsi və ya müvafiq icra qurumları Mobil operatorların qarşısında 3G və ya 4G üzrə Mobil İnternetin sürəti ilə bağlı bəlli bir minimal tələb qoyur. Bizdə belə bir tələb varmı ?
-BAOƏK tərəfindən 3G və 4G mobil xidmətlərin sürətlərinə dair minimal tələbat qoyulmasa da oyun və təşkilati məkanlarda mobil rabitə xidmətləri mövcud standartlara uyğun qurulub. Bununla yanaşı Oyunlar zamanı mobil telekommunikasiya xidmətlərinin, o cümlədən mobil İnternetin mövcud standartlara uyğun olaraq keyfiyyətli və dayanıqlı təşkil edilməsi məqsədilə mobil operatorlar tərəfindən müvafiq tədbirlər görülmüş və hazırda da davam etdirilir.
-Qurulan mobil infrastruktur eyni anda neçə abonentin normal işləməsinə imkan verəcək ?
-Telekommunikasiya şəbəkəsinin planlanması və qurulması zamanı bir qayda olaraq mövcud tələbat nəzərə alınır. Konkret halda, yarışların keçiriləcəyi məkanlardakı yerlər və ona yaxın olan sahələr, həmçinin toplaşacaq tamaşaçıların sayı və onların mobil rabitə xidmətlərindən mümkün istifadə imkanlıqları nəzərə alınıb. Belə ki, Olimpiya Stadionu və Milli Gimnastika Arenasında “Azercell Telekom” MMC, Üzgüçülük Mərkəzi və Heydər Əliyev adına İdman Arenasında isə “Bakcell LTD” MMC tərəfindən daxili mobil rabitə sistemi qurulub, digər operatorlar işə bu sistemlərə qoşularaq fəaliyyət göstərirlər. Oyunların keçiriləcəyi müddətdə telekommunikasiya şəbəkəsinin işi mütəxəssislər tərəfindən daimi nəzarətdə saxlanılacaq.
-Adətən belə beynəlxalq yarışlarda, kütləvi tədbirlərdə rəsmi İnternet resurslara, partnyorların saytlarına, həmin ölkələrin əhəmiyyətli dövlət qurumlarının saytlarına hücumlar olur. Bu hücumlara qarşı hazırlıqlar varmı ? Kimlər buna cavabdehlik daşıyır ? Oyunların rəsmi saytının təhlükəsizlik məsələsinə hansı qurumlar cavabdehdir? Ümumiyyətlə, bu ərəfədə kibertəhlükəsizliklə bağlı xarici mütəxəssislər də cəlb edilibmi ?
-Oyunlardan öncə və Oyunlar zamanı kibertəhlükəsizlik və informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə İnformasiya Təhlükəsizliyi İdarəetmə Qrupu yaradılıb və Qrupun iclaslarında RYTN-in və Elektron Təhlükəsizlik Mərkəzinin nümayəndələri də iştirak etdiblər. Məlumatların qorunması, informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin təmin edilməsi, Oyunların keçirildiyi dövrdə dövlət əhəmiyyətli saytların müdafiəsinin gücləndirilməsi diqqət mərkəzindədir. BAOƏK “Baku2015” üzrə İnternetin təşkilində bulud sistemindən istifadə edir. Müvafiq saytların nəzarətdə saxlanılır, kibertəhlükəsizlik riskləri və hər hansı hazırkı yaxud gələcək təhlükələr üzrə qabaqlayıcı tədbirlərin görülməsi də nəzərdə tutulur.
Eyni zamanda, baku2015.com saytının, həmçinin dövlət və strateji saytların mühafizəsi üçün RYTN-in ETM-i, BAOƏK və Delta Telecom birgə fəaliyyət göstərir.
Kiber hücumlarından mühafizə üçün “Delta Telekom LTD” MMM tərəfindən müvafiq tədbirlər görülüb. Belə ki, ehtimal olunan kiber hücumların qarşısının operativ alınması məqsədilə Delta Telekom bir neçə xarici ölkə ərazisində müvafiq sistemlər yaratmış və belə təhlükələr respublika şəbəkəsinə daxil olana qədər qarşısı alınacaqdır. Həmçinin BAOƏK tərəfindən dəvət olunmuş xarici NCC şirkəti informasiya təhlükəsizliyi məsələlərinin lazımi səviyyədə həllinə kömək göstərir.
-Oyunların keçirildiyi ərəfədə doğru və zamanında olan informasiyaların çatdırılması baxımından yerli sosial media və İnternet medianın fəaliyyəti də kifayət qədər önəmlidir . Güman ki, populyar xəbər resurslarımıza da hücumlar qaçılmaz olacaq. Bununla bağlı hansısa tədbirlər nəzərdə tutulurmu ?
-Qeyd edildiyi kimi respublikada fəaliyyət göstərən bütün İnternet resurslarının müdafiəsi üçün Elektron Təhlükəsizlik Mərkəzi aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görür. Həmçinin, kiber hücumların qarşısı ilkin olaraq bir neçə xarici ölkədə qurulmuş sistemlər vasitəsilə alınacaq. Eyni zamanda bu sahədə bütün İnternet provayderlərə müvafiq tövsiyələr verilib.
-Mingəçevir - Bakı magistral kabelinin, həmçinin də Azərbaycanı qlobal dünya ilə bağlayan magistral xətlərin ötürmə qabiliyyəti hansı həcmdə nəzərdə tutulub ?
-Bakı-Mingəçevir magistral kabelindən istifadə etməklə qurulmuş sistem 10Gb informasiya ötürmə imkanına malikdir. Digər yerli və beynəlxalq istiqamətlərdə isə şəbəkə mövcud və artma ehtimalı olan trafiki ötürmə qabiliyyətinə malikdir. Belə ki, hazırda respublikanın beynəlxalq rabitəsi Türkiyə, Rusiya, İran, Gürcüstan üzərindən xarici ölkələrdə yerləşən qlobal telekommunikasiya mərkəzlərinə qoşulmaqla təşkil edilmiş və alternativlik tam təmin edilməklə etibarlı rabitə yaradılıb. Həmçinin “Azerspace” peyki üzərindən alternativlik təmin edilir.
-Xeyli sayda telekanallar tədbiri işıqlandırmaq üçün gələcəklər. Yayım üçün ötürücü kanalları hansı qurum təqdim edir ? Hansı formatda yayımların aparılmasına imkanlar olacaq ?
Oyunların bütün dünyada izlənməsi üçün yayımın yüksək səviyyədə təşkili olduqca vacibdir. Bu sahədə hansı işlər həyata keçirilib?
-Oyunlar zamanı məkanlara və eləcə də məkanlardan TV yayımının etibarlı şəkildə təşkili üçün optik kabellərlə təminat RYTN-nin üzərinə düşən vacib məsələlərdəndir. Bu məqsədlə oyun və təşkilati məkanlardan birbaşa TV yayımının təşkili üçün şəbəkənin qurulması işləri başa çatdırılıb. Oyun məkanlarındakı yarışların yayımının Beynəlxalq Yayım Mərkəzinə optik kabellər vasitəsilə ötürülməsi və oyunların dünyaya yayımının INTELSAT, ASİASAT, EUTELSAT və AZERSPACE peyklərindən istifadə etməklə BAOƏK-nin müqaviləçisi olan Beynəlxalq İdman Yayım şirkəti tərəfindən təmin ediləcək. AZERSPACE peykindən istifadə etməklə yayımının təşkili də təmin ediləcək. Mingəçevirdə keçiriləcək avarçəkmə oyununun yayımı üçün AZERSPACE-dən ehtiyat kimi istifadə üçün tədbir görülüb. Eyni zamanda, “Azərkosmos” ASC oyunların rəsmi dəstəkçisi seçilib.
Oyunların respublikada yayımına hüquq sahibi olan AzTV şirkətinə isə müvafiq sayda optik liflər ayrılıb.
-Aydındır ki bu cür yarışlar, beynəlxalq tədbirlər həm də müəyyən qurumlar, şirkətlər üçün bir sınaqdır. Bununla da onlar böyük layihələrdə necə iştiraklarını sübut edə bilirlər. Bəs yarışlardan sonra mövcud infrastrukturdan effektiv istifadə barədə düşünülübmü? Dövlət və özəl sektor gələcəkdə bu infrastrukturdan neçə istifadə etməyi düşünür ?
-Doğrudur, belə beynəlxalq tədbirlər telekommunikasiya operatorları üçün böyük və məsuliyyətli sınaqdır və hər qurum və şirkətin bu sınaqdan şərəflə çıxacağına ümid edirik. Yaradılmış infrastrukturun oyunlardan sonra əsasən genişzolaqlı xidmətlərin genişləndilrilməsi üçün istifadə edilməsi nəzərdə tutulur.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri