MilliNet 2017 necə keçdi, hansı yeniliklər gözlənilir?

25-12-2017 / 13:57

Məlumat verdiyimiz kimi, bu il ölkədə 9-cu dəfə Mill İnternet Mükafatı (MilliNet 2017) keçirildi.

Ötən günlərdə baş tutan təqdimat mərasimində müsabiqənin qalibləri mükafatlandırıldı.

Bu il keçirilən müsabiqə ötən ildəkilərdən bir çox yenilikləri ilə fərqlənib. Belə ki, MilliNet 2017 müsabiqəsinə yeni nominasiyaların əlavə edilməsi ictimaiyyətdə maraqla qarşılanıb.

Müxtəlif sahələr üzrə mobil tətbiq və sosial mediada resurslarının Nominasiyalarının təşkili diqqət çəkib.

Onu da bildirək ki, müsabiqə Facebook-dan canlı yayımlanıb.

Bununla yanaşı, hər il müsabiqəyə münasibət birmənalı olmur. Müşahidələrimiz göstərir ki, bəzi iştirakçılar nəticələr və müsabiqənin keçirilmə qaydaları ilə bağlı narazılıq da edirlər.

Əldə etdiyimiz məlumata görə, növbəti illərdə müsabiqənin keçirilməsi ilə bağlı dəyişikliklər gözlənilir.

Xeberler.az olaraq bu barədə MilliNet-in Təşkilat Komitəsi, iştirakçılar, qaliblər, mükafat ala bilməyənlər  və tərəfdaşlarla ətraflı söhbət etdik.

Görəsən, kimlər bu il müsabiqədən razı və ya narazı qaldı? Onlar növbəti müsabiqələr üçün hansı təklifləri verir? Ümumiyyətlə, sosial mediada MilliNet-lə bağlı nə deyirlər?

Hazırda Cənubi Koreyada Samsung Electronics şirkətinin baş ofisində veb platformalar qrupunda mühəndis (proqram təminatı üzrə) olaraq çalışan, həmçinin MilliNet-in münsiflər heyətində olan həmyerlimiz Adil Əliyev deyir ki, münsif olaraq mobil tətbiqlərin bir çoxuna aşağı bal yazıb:

“Sonra bildim ki, onların arasında dostların da tətbiqləri varmış (gülür). Bir tərəfdən bu yaxşı haldır ki, MilliNet-in şəffaflığı görünür. Digər tərəfdən yaxşı hal deyil ki, tətbiqlərin keyfiyyəti çox aşağıdır. Bu cür tətbiqlərlə xarici bazara heç cür çıxa bilmərik”.

O təklif edir ki, arada proqram təminatının keyfiyyəti, UX, CHI barədə maarifləndirmə seminarlar keçirilsin.

MilliNet-ə dəstək verən tanınmış Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov bildirir ki, bu müsabiqə ölkəmizdə internet, ümumiyyətlə, informasiya texnologiyaları sahəsində mövcud olan ən mühüm mükafatdır:

“Sevindirici haldır ki, ildən ilə bu müsabiqə ölkəmizdə daha da populyarlaşır. Təqdim olunan internet resurslarının keyfiyyəti bunu deməyə əsas verir. Mən deyərdim, MilliNet Azərbaycan üçün bu sahənin "Oscar"ına çevrilib. Əminəm ki, MilliNet-də qalib gəlmiş internet resurslarını ərsəyə gətirənlər daha da həvəslənərək, dünya səviyyəsində anoloji yarışmalara qatılacaq və ölkəmizdə tətbiq olunan yüksək texnologiyalar beynəlxalq səviyyədə təmsil olunacaq”.

O hesab edir ki, bu müsabiqənin miqyasını daha da genişləndirmək lazımdır:

“Növbəti illərdə veb portallar və mobil tətbiqlərlə yanaşı, həm də proqram təminatı həllərini bu yarışmaya cəlb etmək lazımdır”.

Xidmət (Servis) Nominasiyası üzrə Tedbirli.com layihəsi ilə qalib olan Fərid Məhhərəmlinin sözlərinə görə, nominantlardan heç bir maddiyat tələb etmədən  Azərbaycanda media sahəsində 10 ilə yaxındır fəaliyyət göstərən mükafat çox az tapılır:

“Digər tərəfdən mükafat çox zaman mübahisələrə səbəb olur. Buradakı əsas məqamlardan biri də müraciətçilərin çox zaman hansı kateqoriya uyğun olduqlarını bilmirlər və səhv kateqoriya seçirlər.  Nəticədə də seçimlər zamanı problem yaranır. Ona görə də resurs sahibləri bacardıqca müraciət zamanı bu məqama diqqət yetirməlidir”.

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli qeyd edir ki, MilliNet-də azad rəqabət mühiti yaradılır:

“Hər kəs isəıyir ki, yeni texnologiyaların tətbiqi sahəsində öndə dursun. Bu azad rəqabət mühiti də internet texnologiyaları ilə bağlı yeniklərin olmasını stimullaşdırır”.

“Ən yaxşı YouTube kanalı” Nominasiyası üzrə qalib TexnoGid layihəsinin rəhbəri Valid Əliyev deyir ki, bu mükafata YouTube kanalı Nominasiyanın əlavə edilməsi onu sevindirib:

“Müsabiqədə iştirak etmədən öncə də belə Nominasiyanın olmasına çox sevindim. Təsadüfən qoşuldum, qalib seçilməyim isə ümumiyyətlə sürpriz oldu”.

MilliNet-in təşkilatçılarından Rəşad Əliyev MilliNet-in hər il olduqca yenilənən dinamik bir müsabiqə olduğunu vurğulayır.

Onun sözlərinə görə, builki MilliNet əvvəlkilərdən fərqli olaraq yeniliklər gətirib:

“Sosial Media, Youtube və s. geniş kateqoriyalar üzrə yenilikləri gətirən müsabiqədə mobil tətbiqlərin də dəyərləndirilməsi artıq milli internet saytları yerinə Milli İnternet Resursları adını almasına istiqamət verir. Müsabiqədə iştirak edənlərin və qalib olanların ümumi dəyərləndirilməsi olduqca təqdirə layiqdir. İştirakçı sayı və aktivtivli çox ciddi hiss olunurdu”

“Bloqlar” Nominasiya üzrə nominatlardan Tərlan Yusif qalib ola bilməyənlərdəndir. O, müsabiqədə Terlanyusif.com resursu ilə iştirak edirdi.

Tərlan Yusif deyir ki, müsabiqəni Naxçıvandan canlı izləyib.

Onun sözlərinə görə, nominant adı qazanmış 7 bloq içərisində olması onun üçün qürurverici olub:

“Qalib olmasam da, nominant oldum. Bu da o deməkdir ki, ilk dəfə cəhd edib yarışa qatılaraq nominant olmuşamsa, deməli ortada nə isə bir potensiallıq var və bu potensiallığı daha da artırmaq lazımdır. Bir təklifim olacaq ki, gələcəkdə “Ən Yaxşı Twitter səhifəsi “ adlı bir Nominasiya da yarışmaya əlavə olunsun”.

Məlum olduğu kimi, bu il müsabiqənin sosial media resurslarını idarə etmək üçün ayrıca “Media Support Team” da yaradıldı. Belə ki, bu komandaya daxil olan könüllülər müsabiqə ilə bağlı bütün suallara, rəylərə operativ cavab verirdi.

Media Support Team-in üzvü Yetər Kərimli deyir ki, bütün müsabiqələrdə olduğu kimi burada da narazı və razı tərəflər var. Onlar iddiaçı və nominantların suallarına aydın cavab verməyə çalışıblar:

“MilliNet müsabiqəsinin keçirilməsi ölkəmizin  İnternet məkanında ədalətli rəqabət mühitini təmin edir. Biz də müsabiqəyə dəstək göstərdik. Qeydiyyat mərhələsində yaranan texniki problemlər kömək etməyə çalışırdıq. Müsabiqənin yekun mərasimi və ümumi gedişatda iştirak etmək mənim üçün çox xoş idi. Əsas istəyim odur ki, dövlət qurumlarının mobil tətbiqləri və rəsmi resursları da MilliNet müsabiqəsinə qatılsın. Çünki belə yüksək səviyyəli və obyektiv monitorinqdən keçmək cəsarəti də təqdir olunandır”.

Müsabiqənin təşkilatçısı, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Xeberler.az-a MilliNet-də nəzərdə tutulan yeniliklərdən danışıb.

Onun sözlərinə görə, növbəti müsabiqələrdə MilliNet-in qaydalarında müəyyən dəyişiklər ola bilər.

Hazırda bununla bağlı müzakirələr aparılır:

"Növbəti illərdə MilliNet-in xüsusən Nominasiyalar hissəsində dəyişikliklər olacaq. Müşahdilərimiz göstərir ki, bununla bağlı tez-tez problemlər olur. Məsələn, bir resurs bir neçə Nominasiyaya uyğun olur. Bu zaman Nominasiyanın seçimində problem yaranır”.

Onun sözlərinə görə, “Mobil tətbiqlər” və “Sosial media resurslar” Nominasiyasının genişləndirilməsinə də baxıla bilər:

Həmçinin, bu nominasiyalar üzrə qiymətləndirilmə də onlayn formada həyata keçiriləcək.

Osman Gündüz onu da bildirib ki, MilliNet-in rəsmi saytının da dizaynı yenilənib, təkmilləşdiriləcək.

Forum prezdenti qeyd edib ki, müsabiqənin seçim meyarlarında da yenidən işlənəcək:

“Münsiflər hər il rotasiya qaydasında dəyişir. Biz münsiflərə qarşı iki şərt irəli sürürük: peşəkarlıq və özünə aid oaln resursun heç bir halda müsabiqəyə qatılmaması. Münsiflərdən 2-ci mərhələ səsvermədə verdikləri balları əsaslandırmağı da tələb edirik. Gələn il MilliNet-in yubileyidir. 10-cu il keçiriləcək MilliNet-də yeniliklər olacağını düşünürük”.

Milli İnternet Mükafatına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verir.

MilliNet-in Baş sponsoru AzerTelecom şirkətidir.

Müsabiqəyə LENOVOBestCompNOVANEURONİnnovasiya Mərkəzi  və Yello şirkətləri də dəstək verirlər.

 

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə