“Neftin ucuzlaşması İKT-yə sərmayə yatırmaq baxımından fürsət idi”

14-02-2016 / 18:59

 "Növbəti illərdə bütün planlarımızı uğurla həyata keçirə bilsək, qəti əminəm ki, Azərbaycan neftdən asılılığı tamamilə aradan götürəcək".

Xeberler.az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev fevralın 13-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlim və enerji təhlükəsizliyi. İstiləşmə hələ də davam edirmi?” mövzusunda keçirilən panel-müzakirədə çıxışı zamanı bildirib.

"Biz bu məsələnin üzərində işləyirik. Lakin bir məsələni unutmamalıyıq, Azərbaycan müstəqilliyini bərpa edəndə iqtisadiyyat tamamilə məhv edilmişdi, yoxsulluq və durğunluq geniş vüsət almışdı. Odur ki, dünya xəritəsində yerimizi müəyyənləşdirməyin yeganə yolu ölkəmizin inkişafı üçün enerji ehtiyatlarımızdan istifadə etmək idi. Buna görə də müstəqilliyimizi bərpa etdikdən sonra üç ildən daha da az müddətdə - 1994-cü ildə biz dünyanın əsas enerji şirkətlərini Azərbaycana gəlməyə və sərmayə yatırmağa dəvət etdik. O zaman Xəzər dənizi ilk dəfə Amerika və Avropa neft şirkətlərinin birbaşa cəlb edildiyi ərazi olmuşdu. O zaman bizim üçün enerji təhlükəsizliyi və enerji siyasəti müasirləşmək, şaxələnmək və infrastruktura sərmayə yatırmaq yolu idi. Çünki neft satışından əldə etdiyimiz vəsait suveren rifah fondunda saxlanılırdı və eyni zamanda, neftdən asılılığı azaltmaq üçün infrastruktura sərmayə kimi yatırılırdı", - deyə prezident bildirib.

Onun sözlərinə görə, "bu şaxələndirmə siyasətinin nəticəsində indi ümumi daxili məhsulun 70 faizindən çoxu artıq qeyri-neft sektorunun payına düşür. Əlbəttə ki, biz ixrac əməliyyatlarında neft qiymətlərindən asılıyıq. İxracımızın 90 faizini neft və qaz təşkil edir".

"İndi isə biz özəlləşdirmə, iqtisadiyyatımızın şaxələndirilməsi və biznes mühitinin yaxşılaşdırılması da daxil olmaqla, neft və qazdan asılılığı azaltmaq üçün irimiqyaslı islahatlar həyata keçiririk. Yeri gəlmişkən, neftin qiymətinin kəskin şəkildə - dörd dəfə ucuzlaşması bizim üçün daha çox texnologiyaya, qeyri-neft iqtisadiyyatına, kənd təsərrüfatına, informasiya-kommunikasiya texnologiyalarına sərmayə yatırmaq baxımından fürsət idi. Növbəti illərdə bütün planlarımızı uğurla həyata keçirə bilsək, qəti əminəm ki, Azərbaycan neftdən asılılığı tamamilə aradan götürəcək.

Qeyd etdiyim kimi, bu yaxınlarda neftin qiymətinin aşağı düşməsi səbəbindən Azərbaycan üçün neftdən sonrakı dövr artıq başlamışdır və biz dünya bazarında təkcə neft və qaz ixrac edən ölkə kimi yox, digər məhsulları ixrac edən ölkə kimi yerimizi tapmalıyıq", - deyə dövlət başçısı vurğulayıb.

 Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə