Ötən il Iteca Caspian və Сaspian Event Organisers Azərbaycanda 22 sərgi keçirib

24-01-2019 / 17:12

2018-ci ildə “Iteca Caspian” və “Сaspian Event Organisers” (CEO) sərgi şirkətləri Azərbaycanda 22 sərgi, 1 konfrans və 1 forum təşkil edib və bu tədbirlər uğurla keçib.

Xeberler.az  bildirir ki, həmin ildə 3 tədbir - Azərbaycan Beynəlxalq “Françayzinq” (“Caspian Franchise Forum 2018”) forumu, Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo məhsulları (“Gift&Promo Fair”) sərgisi və Azərbaycan Beynəlxalq “Reklam və Çap işləri” (“AdPrint”) sərgisi ilk dəfə keçirilib.

2018-ci ildə regionda silah və hərbi texnika sahəsində ən böyük ekspozisiyalardan biri - müasir silah və texnikanın, Azərbaycan müdafiə sənayesi kompleksinin güc və qüdrətinin möhtəşəm nümayişi olan genişmiqyaslı “ADEX” müdafiə sərgisi üçüncü dəfə keçirilib. Ənənəvi sərgilərdən əlavə olaraq “CEO” şirkəti IAPH BAKU 2018 Dünya Limanları Konfransı Çərçivəsində Sərgi, 1-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı, Avropa Şəhərciyi 2018, Naxçıvanda Avropa Günləri və digər tədbirlərinin təşkilində iştirak edib.

Ölkə başçısı İlham Əliyev bir sıra sərgiləri, onların arasında “AITF”, “WorldFood Azerbaijan”, “Caspian Agro”, “Caspian Oil and Gas”, “ADEX”, “Bakutel” sərgilərini ziyarət edib və bir sıra sərgilərin iştirakçılarına məktub ünvanlanyıb. Həmçinin sərgiləri xarici ölkələrdən 70-dən çox yüksək rütbəli xarici qonaqlar, Azərbaycan Respublikasının nazirləri və başqa rəsmiləri ziyarət ediblər.

2018-ci ildə keçirilən sərgilərdə dünyanın 48 ölkəsini təmsil edən 1922 iştirakçı şirkət, habelə 64 ölkədən 69 812 ziyarətçi iştirak etmişdir. Sərgilərdə təmsil olunan şirkətlərin sayına görə Rusiya Federasiyası, Türkiyə və Belarus Respublikası müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutur. Sevindirici haldır ki, yerli şirkətlərin stendləri ümumi ekspozisiya sahəsinin təxminən 40%-ni əhatə etmişdir. Sərgilərdə 29 ölkələrdən 50 milli və regional stendlər təqdim olunmuşdur. Hər il sərgi iştirakçılarının tərkibinə xarici ölkələri təmsil edən yeni iştirakçılar qatılırlar. Sərgiləri daha çox Türkiyə, Rusiya, İran, Gürcüstan, Almaniya, Ukrayna, BƏƏ, Belarus, İtaliya, Çin və Qazaxıstanı təmsil edən qonaqlar ziyarət etmişlər.

Bütün tədbirlərə dövlət strukturları tərəfindən yaxından dəstək göstərilir. Onların arasında: Energetika Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Təhsil Nazirliyi, Dövlət Neft Şirkəti (SOCAR), Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Təbliğat bürosu, Qida Təhlükəsizliyi Agentliyi, Bakı Nəqliyyat Agentliyi, Mənzil İnşaatı Dövlət Agentliyi, Azərbaycan Memarlar İttifaqı, TRACECA, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Stomatoloji Assosiasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), IDEA, Beynəlxalq qurumları tərəfindən BMT-nin Dünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), Asiya-Sakit okean Turizm Assosiasiyası, Rabitə sahəsində Regional Əməkdaşlıq Təşkilatı.

2018-ci il sərgilərini dəstəkləyən strukturların sırasına Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi də (KOB) qoşulub. Beynəlxalq “Bakutel” sərgisində KOB Agentliyi ilə sərgi təşkilatçıları - “Iteca Caspian” və “CEO” şirkətləri arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb. KOB-un İdarə heyətinin sədri Orxan Məmmədov və “Iteca Caspian” şirkətinin İcraçı direktoru Fərid Məmmədov tərəfindən imzalanmış bu memorandumda qeyd edilir ki, hər iki tərəf kiçik və orta biznesi təmsil edən şirkətlərin beynəlxalq sərgilərdə iştirakına kömək edəcək. İlk əməkdaşlıq təcrübəsi artıq “Bakutel 2018” sərgisində həyata keçirilib və tədbir çərçivəsində KOB tərəfindən təşkil edilmiş stenddə 10 şirkət iştirak edib. Sərginin yekunlarına əsasən, stend iştirakçılarından bir sıra müsbət rəy alınıb və onlar gələcəkdə də sərgilərdə iştirak sayəsində inkişaf etməyi və yeni əlaqələr qurmağı planlaşdırırlar.

2018-ci ildə sərgi layihələrinin uğurla həyata keçirilməsində tərəfdaş və sponsorların mühüm rolunu da qeyd etmək lazımdır. Belə ki, 2018-ci ildə sponsorlar qismində SOCAR, BP, Maschio Gaspardo, NB Group, Türkiyə Respublikasının Müdafiə Sənayesi Başqanlığı, Equinor, Turkiye Petrolleri, Azeri Mi Drilling, Azfen, Baku Steel Company, Bos Shelf, Caspian Drilling, Caspian Marine Services, Global Energy Azerbaijan, Socar Polymer, Tekfen, REC, INPEX, Mcdermott, Dentons, DOW, EGS, EY, Kaspersky Lab, Lamor, Nobel Upstream, SAP CIS, Petronas, SOCAR AQS, STP, TAP, Tenaris, Total, Azercell, Kapital Bank, AA Services, ölkə-tərəfdaş Bolqarıstan, Pasha Bank, Lilac, Bakı Konqres Mərkəzi, media tərəfdaşlar - Caspian Energy International Media Group, “Dom i İnteryer”, IHS Jane's Defence Weekly, Army Recognition çıxış etmişdirlər. 2018-ci ildə “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətinin rəsmi tərəfdaşları qismində “Premier Tour” (rəsmi turoperator) şirkətləri, “Hyatt Regency” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər), eləcə də Bagcam.az-uşaq guşəsi çıxış ediblər.

Müstəqil Azərbaycanda keçirilmiş ilk beynəlxalq sərgi və konfrans olan “Xəzər Neft və Qaz” (“Caspian Oil & Gas”) sərgi və konfransının 25 illik yubileyi təntənəli şəkildə qeyd edilib və tədbirdə dünyanın 38 ölkəsini təmsil edən 312 şirkət bir araya gəlib. Bu sərgini bir sıra yüksək səviyyəli xarici qonaqlar ziyarət edib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Xəzər Neft və Qaz” sərgisi ilə tanış olublar. Sərginin birinci iş gününün əlamətdar hadisəsi isə “Xəzər Neft və Qaz” sərgi və konfransının 25 illik yubileyi münasibəti ilə təşkilatçıların mükafatlandırılması olub, belə ki, Azərbaycanın inkişafına və xarici ölkələr ilə əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfəyə görə Endryu Vud və Edvard Stron “Dostluq” ordeni ilə təltif olunublar. Azərbaycanda sərgilərin təşkili sahəsində göstərdiyi xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti “Xəzər Neft və Qaz” sərgisində “Iteca Caspian” şirkətinin icraçı direktoru Fərid Məmmədova “Tərəqqi” medalını təqdim edib.

Bu il “Xəzər Neft və Qaz” sərgisinin yubileyi sərginin keçirildiyi ilk gündən bu tədbiri dəstəkləmiş və onun təşəbbüskarı olmuş Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə təsadüf edib. Birinci sərgi 1994-cü ildə, elə həmin ilin sentyabr ayında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsinin əsas istiqamətlərini müəyyən edən və ölkəmizin neft tarixində yeni səhifə açan “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində keçirilib. Bununla əlaqədar olaraq “Xəzər Neft və Qaz” iştirakçı və təşkilatçılar tərəfindən Mərkəzi Botanika bağında ağac və çiçəklər əkilmiş və həmçinin abadlaşma işləri görünmüşdür.

Təşkilatçılar tərəfindən “Xəzər Neft və Qaz” sərgisində neftçi ixtisasını seçmiş ən yaxşı tələbələrə mükafatların təqdim edilməsi artıq uzun illərdir ki, ənənə halını alıb. Tədbirdə eyni anda iki tələbə - Bakı Ali Neft Məktəbinin Sənaye hasilatının avtomatlaşdırılması fakültəsinə qəbul zamanı 700 bal toplamış Abdulla Əsgərzadə və Mahirə Əsədzadə “Xəzər Neft və Qaz” sərgisinin xüsusi mükafatına layiq görülüblər.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.