27 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi" ölkənin ən böyük PR Forum 2024-ün rəsmi tərəfdaşı kimi çıxış edib.
Xeberler.az bildirir ki, bu əməkdaşlıq, ölkədə innovativ düşüncə tərzinin və texnoloji nailiyyətlərin genişlənməsi məqsədini güdüb. Forum sektordakı şəxsləri bir araya gətirərək, yeni əlaqələrin qurulmasına və peşəkar şəbəkələşmənin formalaşmasına vəsilə olub.
Süni İntellekt, Böhran kommunikasiyası və Strateji kommunikasiya panelləri üzrə baş tutan forumda sektorun tanınmış simaları çıxış edib. Onlar öz uğur hekayələrini, nailiyyətlərini və çətinlikləri necə aşdıqlarını paylaşıblar.
PR Forum 2024 çərçivəsində keçirilən "Müasir dövrdə PR: SMM, Süni Zəka və KSM" adlı panel müzakirəsində “İnnovasiyalar Mərkəzi”nin Dizayn və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elvira Rüstəmova, PR sahəsində süni zəkanın əhəmiyyəti, innovativ və texnoloji dəyişikliklərin kommunikasiya strategiyalarına təsiri haqqında məlumat verdi. Bununla yanaşı, Mərkəzin PR fəaliyyətində tətbiq edilən yeniliklər, o cümlədən süni zəka vasitəsilə analitika və mesajların fərdiləşdirilməsi, rəqəmsal kampaniyaların effektiv həyata keçirilməsi və məlumat əsaslı kommunikasiya strategiyalarının qurulması diqqətə çatdırıldı.
İnnovasiyalar Mərkəzi, gənclərin innovasiya sahəsində inkişafına xüsusi önəm verir. Mərkəz, innovativ düşüncə və biliklərin formalaşdırılması üçün şərait yaradır, ideyaların yaranması və həyata keçirilməsi üçün baza rolunu oynayır. Həmçinin, gənclərin innovasiya potensialını artırmaqla, onların uğurlu gələcək yolunda əhəmiyyətli rol oynayır. Mərkəz, sosial innovasiya yönümlü tədbirlər və layihələr
vasitəsilə işgüzar şəxslərin bilik və bacarıqlarını inkişaf etdirməyə töhfə verir. İnnovasiya məhsullarının hazırlanması, yüksək texnologiyaların tətbiqi və startapların təşviqi istiqamətində də fəal dəstək göstərir.