İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, professor Vüsal Qasımlı Bakıda keçirilən “Bankçılıq və maliyyə ekosistemində yeni trendlər: Rəqəmsal inteqrasiya, Fintex tərəfdaşlıqları və kibertəhlükəsizlik” mövzusunda “FINTEX SAMMIT 2025” tədbirində çıxış edib:
“Son illərdə bank və maliyyə sektorunda müşahidə olunan əsas dəyişikliklərdən biri istehlakçıya yönəlik və texnologiya əsaslı yanaşmaların dominant hala gəlməsidir. Bu gün banklar artıq yalnız maliyyə institutları kimi deyil, həm də rəqəmsal xidmət təminatçıları rolunu oynayırlar. Süni intellekt, blokçeyn texnologiyası, açıq bankçılıq və “Big data” analitikası kimi innovasiyalar həm xidmət keyfiyyətini artırır, həm də rəqabətə yeni nəfəs verir. Bu innovativ yanaşmalar bank sektorunda rəqabət mühitini daha da dərinləşdirir, fintex şirkətlərinin bazara girişini asanlaşdırır və ən əsası müştəri mərkəzli xidmət modelini sürətləndirir. Bu gün bankçılıq yalnız “filial mərkəzli” deyil, “platforma əsaslı” və “əlaqələndirilmiş ekosistem yönümlü” bir modelə çevrilməkdədir. Bu isə həm ölkəmizdə, həm də beynəlxalq müstəvidə maliyyə sabitliyini, innovasiya səviyyəsini və dayanıqlılığı artırır.
İlk növbədə qeyd etmək istərdim ki, Milli Ödəniş Sisteminin (MÖS) təhlükəsiz, fasiləsiz və beynəlxalq standartlara uyğun fəaliyyətinin təmin edilməsi əsas prioritetlərdən biridir. 2024-cü ildə MÖS üzrə əməliyyatların həcmi 760,2 milyard manat, ödənişlərin sayı isə 168.6 mln. ədəd təşkil etmişdir və bu, 2021-ci illə müqayisədə 3.1 dəfə artım deməkdir. Bu artımın 90%-dən çoxu AZİPS sisteminin payına düşür. Digər tərəfdən, mühüm istiqamət kibertəhlükəsizlik sahəsidir. Milli Kibertəhlükəsizlik İndeksinə görə, Azərbaycanda görülmüş işlərin fonunda 177 ölkəni əhatə edən beynəlxalq reytinqdə ölkəmizin mövqeyi 82-ci yerdən 20-ci yerə qədər yüksəlmiş, ümumi bal isə 93.76-ya çatmışdır. Bundan başqa, nağdsız ödənişlərin genişlənməsi istiqamətində qeyd edə bilərəm ki, 2024-cü ildə ölkədaxili nağdsız kart əməliyyatları 78.9 milyard manata çatmış və bu, 2021-ci illə müqayisədə 6.9 dəfə artım deməkdir.
Ödənişlərin 64.2%-i nağdsız formada həyata keçirilmişdir. Xüsusilə vurğulamaq istərdim ki, elektron ticarət sahəsində də böyük irəliləyişlər əldə olunmuşdur. 2024-cü ildə elektron ticarət əməliyyatlarının həcmi 66.5 milyard manat olmuş və bu, əvvəlki illə müqayisədə 69.6% artım deməkdir. Eyni zamanda, əməliyyat sayı əvvəlki illə müqayisədə 83.4% artaraq 1 milyarddan çox olmuşdur.
Bu çərçivədə maliyyə sektorunda baş verən köklü dəyişikliklərin əsas aparıcı qüvvələrindən biri şübhəsiz ki, fintex şirkətləridir. Fintexlər sadəcə texnologiya tətbiq edən yeni startaplar deyil, həmçinin, ənənəvi maliyyə modellərini sarsıdan və yenidən formalaşdıran dəyişiklik mexanizmləridir. Xarici ekspertlərin araşdırmalarına əsasən, qlobal fintex bazarının həcmi 2030-cu ildə 698.48 milyard ABŞ dollarına çatacaq. Bu, təsadüfi rəqəm deyil – bu, yeni dövrün reallığıdır. Bu proqnoz bizə onu göstərir ki, fintex sektoru artıq sadəcə maliyyə xidmətlərinin rəqəmsallaşması deyil, iqtisadi artımın aparıcı mühərrikinə çevrilməkdədir. O cümlədən, “McKinsey”nin son araşdırmalarına əsasən, İT liderlərinin 77 faizi süni intellektə investisiya qoyuluşu etməyi planlaşdırırlar.
BCG-nin araşdırmalarına görə, bankçılıq və sığorta sektorunda hələ də 13 trilyon dollardan çox gəlir mövcuddur ki, bu da fintex üçün geniş potensial deməkdir. Bu isə, bizə açıq şəkildə göstərir ki, süni intellekti fəaliyyətinin mərkəzində tutan fintexlər yaxın gələcəkdə aydın rəqabət üstünlüyü qazanacaqlar. Bu baxımdan hesab edirəm ki, banklar bu innovasiyaları rəqib deyil, strateji tərəfdaşlıq imkanı kimi qiymətləndirməlidir.
Əminliklə söyləmək olar ki, “Bank-Fintex” əməkdaşlığı vasitəsilə həm xərclər azalır, həm də daha çevik və fərdiləşdirilmiş məhsullar təklif olunur. Bankların etimad, kapital və tənzimləyici təcrübə gücü ilə Fintex şirkətlərin çeviklik və innovasiya gücü birləşdikdə, ortaya hibrid və daha güclü maliyyə modelləri çıxır. Nəticə etibarilə, bir çox banklar özlərinin fintex qollarını yaradır və ya startaplarla əməkdaşlıq edir. Digər tərəfdən, fintex sektoru yalnız maliyyə texnologiyalarını deyil, bütün iqtisadi sistemin fəaliyyət prinsiplərini dəyişir. Bu transformasiyanı düzgün yönləndirmək üçün innovasiyaya açıq olmaqla yanaşı, tənzimləmə, etika və əməkdaşlıq balansını qorumaq vacibdir.
Zənnimcə, bu sammit, yalnız bilik mübadiləsi üçün deyil, həm də real əməkdaşlıq və innovativ ideyaların birgə formalaşdırılması üçün mühüm platformadır və inanıram ki, summit iştirakçıları bu tədbirdən sonra da birgə çalışaraq maliyyə sektorunu daha rəqəmsal, daha inklüziv və daha təhlükəsiz etmək üçün birgə səylərini əsirgəməyəcəklər”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları