Qlobal rəqəmsallaşma prosesinin təhsil sisteminə təsiri

06-10-2021 / 11:17

Dünyada gedən qlobal rəqəmsallaşma prosesləri təhsil sisteminə necə təsir göstərir?

Qeyd etdiyiniz kimi, dünya sürətlə rəqəmsallaşır və müxtəlif dövlətlər rəqəmsallaşma prosesinin sosial və iqtisadi həyata daha sürətli inteqrasiyası üçün strategiyalar və proqramlar hazırlayaraq tətbiq edirlər. Bu rəqəmsal transformasiya prosesləri cəmiyyətin bütün sahələrinə ciddi nüfuz edərək, inkişaf üçün geniş imkanlar yaradır. Məlumdur ki, hazırda ölkəmizdə rəqəmsallaşma, İKT sahəsində yeni infrastruktur quruculuğu, müasir texnologiyaların tətbiqi və modernizasiyası sahəsində mühüm işlər görülməkdədir. Qeyd etməliyik ki, ölkədə gedən rəqəmsallaşma tədbirlərin tərkib hissəsi kimi, son illər təhsilin rəqəmsal transformasiyası üzrə sistemli və ardıcıl islahatlar həyata keçirilir. Təhsil müəssisələri İKT avadanlıqları və internet bağlantısı ilə təmin olunur, həmin təhsil müəssisələrinin kadrları bilik və bacarıqların artırılması istiqamətində müxtəlif təlimlərdə iştirak edirlər.

2020-ci ilin ilk aylarından etibarən dünyada baş vermiş “COVİD-19” pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimində təhsilə fasilənin verilməməsi təhsil sahəsində həyata keçirilən rəqəmsal fəaliyyətlərin nə dərəcədə əhəmiyyətli olduğunu bir daha sübut etdi. Bununla da tədrisin distant formada təşkili məqsədi ilə pandemiya dövründə “Virtual Məktəb” platforması istifadəyə verildi. 2020-2021-ci tədris ilinin sonlarına doğru platformada qeydiyyatdan keçmiş şagirdlərin sayı 1 426 721, müəllimlərin sayı 128 186, aktiv istifadəçi sayı 1 123 126 təşkil edib.

Hər bir proses özündə müəyyən imkanlar yaradır. Rəqəmsallaşma prosesləri təhsil üçün hansı imkanlar yaradıb?

Son illərdə təhsil sahəsində aparılan islahatlar, yeniliklər müasir səriştə və bacarıqlara malik təhsilalanların, dövrün mövcud çağırışlarına cavab verən təhsil işçilərinin, həmçinin, innovativ təhsil mühitinin formalaşdırılmasına əhəmiyyətli təsir göstərib. Aparılan işləri təhsil pillələri üzrə qruplaşdırsaq, aşağıdakıları qeyd edə bilərik.

Ümumi təhsil pilləsinin rəqəmsallaşdırılması istiqamətində sistemli olaraq elektron  xidmətlər, informasiya sistemləri formalaşdırılır, innovativ məzmunlar yaradılır və təhsil müəssisələrinin İKT infrastrukturu təminatı həyata keçirilir.

Yaradılmış elektron xidmətlər vasitəsi ilə məktəbəqəbul, müəllim və direktorların işə qəbulu, müxtəlif arayışların elektron qaydada təqdim edilməsi, şagird yerdəyişməsi, müsabiqə və olimpiadaların təşkili elektron formada həyata keçirilir. Həmçinin, hazırda təhsil haqqında attestatların elektronlaşdırılması istiqamətində işlər aparılır.

Ölkə ərazisində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində bu müəssisələrdə çalışan heyət və təhsil alan şagirdlər haqqında məlumatların mərkəzləşdirilmiş qaydada uçotunun təşkili, elektron qaydada idarəedilməsi, həmçinin statistik təhlili rəqəmsal formada ümumi təhsil informasiya sistemi vasitəsi ilə həyata keçirilir. Eyni zamanda, cari ildən etibarən təhsil qərarlarının verilməsində səmərəliliyin və çevikliyin artırılması, jurnalların doldurulmasında avtomatlaşdırılmış nəzarət mexanizminin tətbiqi və məktəb-valideyn arasında səmərəli kommunikasiyasının təşkili məqsədi ilə yeni elektron jurnal və elektron gündəliyin geniş miqyaslı tətbiqinə başlanılıb.

Azərbaycan dilli innovativ məzmunun yaradılması istiqamətində Təhsil Nazirliyi tərəfindən www.e-derslik.edu.az və www.video.edu.az portalları fəaliyyət göstərir ki, bu portallarda da davamlı olaraq yeni elektron dərsliklər, metodik vəsaitlər, interaktiv tapşırıqlar, ümumi və peşə təhsili üzrə teledərslər, peşəkar müəllimlərin video dərs izahları, 3D animasiyalı videolar, STEAM üzrə video dərslər, “Khan Academy” dərsləri və qiymətləndirmə sistemli video dərslər əlavə olunur. Qeyd edək ki, video dərslər portalında hazırda 13 336 video dərs var və ilin sonuna qədər bu rəqəmin 14 538-ə çatdırılması nəzərdə tutulub.

"İnformatika" fənninin yeni formatda tədrisi üzrə “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiqi uğurla davam etdirilir. Layihənin yeni tədris ilində Bakı, Sumqayıt, Gəncə, Şəki, Şirvan, Şamaxı,Lənkəran, Biləsuvar, Mingəçevir, Xaçmaz, Yevlax, Sabirabad, Salyan, Şəmkir, Göyçay, Şabran şəhər və rayonları üzrə 250 məktəbdə tədris alan 190 min şagirdi əhatə etməsi nəzərdə tutulur.

Təhsil müəssisələrinin İKT infrastrukturu ilə təminatına gəlincə, 2021-ci ildə ümumilikdə 14 regionu və Bakıda yerləşən 423,864 şagirdin təhsil aldığı 288 məktəbin kompüter avadanlıqları ilə təminatı nəzərdə tutulub. Cari ildə avadanlıq təchizatı nəticəsində aktiv kompüterlərin sayı 30,522-yə, kompüter şagird nisbəti isə 14:1-ə çatdırılacaqdır. Bununla yanaşı, ölkədə mövcud olan ümumi təhsil müəssisələrinin 92%-i Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub, vahid və təhlükəsiz şəbəkə infrastrukturu ilə təmin edilib. Hazırda Azərbaycan Təhsil Şəbəkəsi çərçivəsində təhsil müəssisələrinin sürətli fiber-optik bağlantıya keçidi istiqamətində işlər aparılır. 2021-ci ilin sonunadək ölkə üzrə 50 şəhər və regiondan 435 mindən çox şagirdi və 34 mindən çox müəllim heyətini əhatə edən 478 yeni təhsil müəssisənin şəbəkəyə sürətli fiber-optik bağlantı ilə qoşulması nəzərdə tutulur. Onu da qeyd edək ki, 2020-ci ilədək ölkə üzrə 277 373 şagirdi və 18 919 müəllim heyətini əhatə edən 203 təhsil müəssisəsi sürətli fiber-optik bağlantı ilə şəbəkəyə qoşulmuşdur.

Ali təhsil və orta-ixtisas təhsili pillələri üzrə rəqəmsallaşma hansı səviyyədədir?

Cari ildən etibarən ali və orta-ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı, təhsil almaq barədə arayışların verilməsi Təhsil Nazirliyinin vahid elektron xidmətlər portalı (portal.edu.az) vasitəsi ilə elektron həyata keçirilir. Bununla yanaşı, ali təhsil pilləsi üzrə tələbələrin yerdəyişməsi, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması, təhsil sənədlərinin həqiqiliyinin onlayn yoxlanılması elektron formada aparılır.

Təhsil müəssisələrində tələbə və heyət haqqında məlumatların vahid bazada saxlanılması və təhlili, elektron qaydada idarəedilməsi, toplanmış məlumatlar əsasında statik və proqnoz hesabatların hazırlanması Ali və orta-ixtisas təhsili informasiya sistemi vasitəsi ilə aparılır.

Ali təhsil verən bir sıra müəssisələr Azərbaycan Təhsil Şəbəkəsinə qoşularaq şəbəkənin resursları üzərindən GEANT beynəlxalq akademik şəbəkəsinə çıxış əldə etmiş və bu şəbəkənin elmi araşdırma potensialından yararlanırlar. Dünyanın ən nəhəng elmi araşdırma və tədqiqat şəbəkəsi olan GEANT şəbəkəsi bütün iştirakçılarına elmi fəaliyyət üçün bir araya gəlmək və birgə elmi tədqiqatlar aparmaq, eləcə də müştərək təhsil proqramlarını tərtib etmək üçün şərait yaradır.

Son illər ölkədə peşə təhsilinin müasirləşdirilməsi istiqamətində işlər aparılır. Bu təhsil pilləsi üzrə vəziyyət nə yerdədir?

Peşə təhsili müəssisələrinə işə qəbul, tələbə qəbulu, təhsilin bərpası, peşə təhsili pilləsində təhsil almaq barədə arayışların verilməsi elektron xidmətlər portalı (portal.edu.az) vasitəsi ilə elektron həyata keçirilir. Qeyd edək ki, cari tədris ili üzrə proqnoz göstəricilərinə əsasən, Təhsil Nazirliyinə tabe olan 72 peşə təhsil müəssisəsində 24 623 tələbə tədrisə başlayıb.

Təhsil müəssisələrində tələbə və heyət haqqında məlumatların vahid bazada saxlanılması və təhlili, toplanmış məlumatlar əsasında statik və proqnoz hesabatların hazırlanması peşə təhsili informasiya sistemi vasitəsi ilə həyata keçirilir.

Peşə təhsili üzrə yaradılan innovativ məzmuna gəlincə, qeyd edə bilərik ki, hazırda video.edu.az portalında 338 video dərs mövcuddur, il sonuna kimi isə bu rəqəmin 368-ə çatdırılması nəzərdə tutulur. Həmçinin, e-derslik.edu.az portalında peşə təhsili üzrə 288 elektron dərslik vardır.

Peşə təhsil müəssisələri Azərbaycan Təhsil Şəbəkəsi çərçivəsində sürətli və təhlükəsiz internet ilə təmin edilir, onların şəbəkə daxilində bir-biriləri və Təhsil Nazirliyinin digər qurumları ilə kommunikasiyası üçün şərait yaradılır.

Təhsil sahəsində vətəndaş müraciətlərinin operativ və çevik həlli istiqamətində hansı innovativ yanaşmalar tətbiq edilir?

Təhsil sahəsində göstərilən elektron xidmətləri vahid pəncərədə birləşdirən (portal.edu.az) portalında vətəndaşlar tərəfindən Təhsil Nazirliyinə və tabeliyindəki qurumlara “Vətəndaş müraciətləri” xidməti vasitəsi ilə göndərilən müraciətlər tətbiq olunmuş “Müraciətlərin İdarəedilməsi Sistemi” (MİS) hesabına daha qısa zaman çərçivəsində cavablandırılır. Yazılı müraciətlərin icrası ilə müqayisədə elektron şəkildə daxil olan müraciətlər icra müddətini 2 dəfədən çox qısaltmış olur.

İnnovativ təhsilin gələcəyi barədə. Qarşıda duran hədəflər barədə nə deyərdiniz?

Yuxarıda qeyd olunanlara əsasən son illər ölkədə təhsilalanlar üçün bərabər, fərdiləşdirilmiş və sənaye-əsaslı təhsil imkanlarının yaradılması istiqamətində geniş işlər həyata keçirilməkdədir. Ölkədə COVID-19 pandemiyası dövründə qərarların qəbul edilməsində datadan istifadə əhəmiyyətli dərəcədə artmış, yeni sistemlər yaradılaraq istifadəyə verilmiş, nəticədə data və süni intellektin effektiv tətbiqi inkişaf üçün geniş perspektivlər yaratmışdır. Belə ki, data-əsaslı təhsil modelində təhsilalan nəticələrinin təhlili üçün innovativ alətlər təqdim olunur ki, aparılan çevik və əhatəli təhlillər nəticəsində boşluqları müəyyən edib, məzmunu vaxtında, lazım olan yerlərdə zənginləşdirmək mümkün olur. 

“Virtual Məktəb” platformasında qeydiyyat və istifadəlilik göstəricilərinin yüksək olması, pandemiya dövründə bütün ölkə üzrə tədris prosesini cəlb etdiyi üçün paltformada şagirdlərin tədris prosesi və fəaliyyətləri üzrə kifayət qədər məlumat toplanmışdır. Eyni zamanda, 2020-2021-ci tədris ilində 2 dəfə milli qiymətləndirmənin platforma üzərindən tətbiqi şagirdlərin imtahan nəticələri üzrə də məlumat bazasının formalaşmasına imkan vermişdir. Belə bir məlumat bazasının olması virelənlər arasında asılılığı araşdıraraq süni intellekt və avtomatlaşdırılmış proqnoz modellərindən istifadə etməklə əhəmiyyətli məlumatların əldə edilməsinə şərait yaratmışdır. Belə ki, şagirdlərin distant təhsil müddətində Virtual Məktəb platformasında keçirdiyi vaxt və həmin şagirdlərin imtahan nəticələri analiz edilərək asılılıq alqoritminin hazırlanması mümkün olmuşdur. Bu alqoritm şagirdlərin tədris fəaliyyətlərinin rəqəmsal izlənməsi və analiz edilməsini, potensial gələcək təhsilin, əmək bazarında tələb-təklif dəyişiminin proqnozlaşdırılmasına imkan verir. Bu kimi alətlər təhsilin idarəolunması sahəsində qərarların daha çevik və uzun müddətli verilməsinə xidmət edir.

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov ilə müsahibədən


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə