Rabitə və yüksək texnologiyalar sahəsinin “ən peşəkarları” məlum olacaq

17-11-2015 / 17:45

Dekabrın 6-da rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü ilə əlaqədar rabitə işçiləri arasında ən peşəkarların müəyyənləşdirilməsi ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən müsabiqə-yarış keçirilib.

Xeberler.az bildirir ki, müsabiqədə ən yaxşı mis, optik kabel calayıcısı, xətt qurğuları montyoru adını qazanmaq üçün iştirakçılar öz bilik və bacarıqlarını sınayıblar.

Rabitə və yüksək texnologiyalar naziri vəzifəsini icra edən İltimas Məmmədov yarışın gedişatını izləyib, iştirakçılara uğurlar arzulayıb.

Açılış mərasimində çıxış edən RYTN-in İnfrastrukturun inkişafı şöbəsi,  Poçt sektorunun müdiri Novruz Məmmədov bildirib ki, işçilər arasında peşəkarların müəyyənləşdirilməsi, rəqabətin gücləndirilməsi ümumi işə müsbət təsir edir. Bu müsabiqənin ənənəvi olaraq təşkil edildiyini vurğulayan N.Məmmədov qeyd edib ki, qaydalara görə, əvvəllər yarışlarda iştirak edənlər və “rabitə ustası” fəxri adını alanlar sınağa qatıla bilməzlər. Onun sözlərinə görə, müsabiqədə RYTN-in bütün ölkə üzrə tabeli qurumlarının əməkdaşları iştirak edir.

Tədbirdə qeyd edilib ki, yarışlar 2 mərhələdə keçirilir. Birinci mərhələdə iştirakçılar test sualları əsasında öz biliklərini nümayiş etdirirlər. Belə ki, hər bir iştirakçı ona verilən 30 sualı yarım saat ərzində cavablandırmalıdır.

İkinci mərhələdə isə praktiki suallar əsasında görülən işin nəticəsi, onun keyfiyyəti, düzgünlüyü üzrə qiymətləndirmələr aparılacaq.

Ümumi yekun bal çıxarmaqla ümumrespublika üzrə ən yaxşı peşəkar rabitəçilər arasında I, II, III yerlər müəyyənləşdirilir. Bir qayda olaraq I yerə layiq görülən insanlara “rabitə ustası” fəxri adı və pul mükafatı verilir.

II və III yerin sahiblərinə isə pul mükafatı və diplomlar təqdim edilir.

Məlumat üçün bildirək ki, sözügedən yarışların keçirilməsi ilə əlaqədar peşəkar kadrlardan ibarət münsiflər heyəti yaradılıb. Münsiflər heyətinin üzvləri də istər test suallarının hazırlanmasında, istərsə də praktik tapşırıqların seçimində  iştirak ediblər.

Yekunda da münsiflər heyətinin ümumi rəyi ilə qiymətləndirmələr aparılaraq nəticələr müəyyənləşdiriləcək.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə