Xeberler.az olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) İKT sahəsindəki fəaliyyəti ilə bağlı hazırladığımız reportajın ikinci hissəsini təqdim edirik.
Test kitabçalarında yenilik: abituriyentlərin kitabçada özləri haqqında məlumat yazmasına ehtiyac yoxdur
Yoxlama- ölçmə materialları bazasının yaradılması və ekspertizası şöbəsinin müdiri Çingiz Rüstəmov Xeberler.az-a TQDK-nın imtahan suallarını necə müəyyən etməsindən danışır:
“Hər bir imtahan üçün xüsusi olaraq aparılmış statistik araşdırmaların nəticələrinə əsaslanaraq hazırlanmış texniki tapşırığa uyğun olaraq proqram test suallarını bankdan seçir və mətbəəyə təhvil vermək üçün test kitabçası şəklində formalaşdırır. Qeyd edək ki, texniki tapşırıqda təsadüfi ədədlər, sualların çətinlik dərəcələri, istifadə olunacaq mövzular və digər tələblər öz əksini tapır. Seçilmiş test tapşırıqları ekspertlər tərəfindən bir daha yoxlanıldıqdan sonra kitabçalar çoxaldılmaq üçün mətbəəyə təhvil verilir”.
O, həmçinin bu il test kitabçalarında TQDK tərəfindən daha bir yenilik olacağını diqqətə çatdırır: “Əvvəllər imtahan verənlər onlara paylanan test kitabçalarının üzərinə ad, soyad və digər fərdi məlumatlarını özləri yazırdı. Amma indi bu məlumatlar test kitabçalarının üz qabığına əvvəlcədən mətbəədə çap edilir və abituriyentə imtahan zamanı bu şəkildə təqdim edilir”.
İnsan müdaxiləsi olmadan kitabçaları çap edən maşınlar
Bu barədə Texnoloji nəzarət və informasiya təhlükəsizliyi sektorunun müdiri Tural Mustafayev Xeberler.az-a daha ətraflı məlumat verir. O Xeberler.az-a bildirir ki, yeni çap xətti kitabçaların fərdiləşdirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün yaradılıb. Çap xətti tamamilə avtomatlaşdırılıb. Sistem elə qurulub ki, kitabçalar kompüter proqramları vasitəsilə insan müdaxiləsi olmadan çap edilir, çapdan sonra kitabçada bütün səhifələrin olub- olmamasını yoxlamaq üçün hər bir kitabçanın səhifələrinə çap edilmiş barkodlar skan edilir, hər bir imtahan zalına göndəriləcək kitabçalar plastik zərfə yerləşdirilir və zərf bağlanır. Zərflər imtahan binasına göndərilmək üçün binaya aid plastik qutuya yerləşdirildikdən sonra qutu möhürlənir.
Tural Mustafayev deyir ki, bu çap xəttinin istifadəyə verilməsi gələcəkdə kitabçaların variantlarının sayının istənilən qədər artırılmasına və nəticədə, köçürmə hallarının sayının sıfıra endirilməsinə imkan verəcək.
Onu da öyrənirik ki, bu xətt Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sifarişi əsasında Hollandiya, Fransa, İngiltərə və ABŞ şirkətləri tərəfindən layihələndirilərək istehsal edilib.
Xeberler.az-ın növbəti müsahibi Statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar şöbəsinin müdiri Oleq Şelaginovdur. Oleq Şelaginovun rəhbərlik etdiyi şöbənin əsas funksiyası imtahan nəticələrinin statistik araşdırılması, test tapşırıqlarına imtahan iştirakçıları tərəfindən verilmiş cavabların strukturunun analizi və nəticədə müvafiq təkliflərin verilməsindən ibarətdir.
Adı çəkilən şöbə vətəndaşlar, təhsil müəssisələri və təhsili idarə edən qurumlar üçün mühüm əhəmiyyət kəsb edən İnternet saytını yaradıb müşayiət edir. “Mənim məktəbim” layihəsi çərçivəsində yaradılan informasiya sitemində ölkəmizin ümumtəhsil məktəbləri məzunlarının 1995- ci ildən başlayaraq indiyə kimi hər il qəbul kampaniyasına aid olan nəticələri (fənn göstəriciləri, qəbulolma göstəriciləri, qabaqcıl məzunların siyahısı), həm də bütövlükdə ötən dövr ərzində qəbul kampaniyalarındakı nəticələrinin dinamikası təhlil edilir.
TQDK- ya daxil olan sorğu məktublarını cavablandıran şöbə
Məlumat bazalarının aparılması və elektron arxivlə iş sektorunun müdiri Sahib Mərdanov Xeberler.az-a rəhbəri olduğu qurumun fəaliyyəti barədə ətraflı məlumat verir.
O qeyd edir ki, sektor əsasən araşdırma və yoxlama xarakterli işlər istiqaməti üzrə fəaliyyət göstərir. TQDK- ya daxil olan sorğu məktublarını rəsmi cavablandırır, həmçinin dövlət qurumları üçün zəruri olan bəzi hesabatlar hazırlayır.
“Təhsil haqqında” Qanuna və Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2010- cu il tarixli Fərmanına əsasən, TQDK- da yaradılmış “Tələbə- məzun” dövlət elektron məlumat sistemi" (TMDEMS) 2012- ci ildə istifadəyə verilib. Ali və orta ixtisas təhsil müəssisələrinin bu sistemə qoşulması məcburidir. Eyni zamanda, 14 dövlət orqanı və nazirlik də sistemə qoşulub. Məlumat bazalarının aktuallaşdırılması TQDK, ali və orta ixtisas təhsili müəssisələri tərəfindən həyata keçirilir.
Sahib Mərdanov Xeberler.az-a məlumat verir ki, vətəndaşlarımıza effektiv xidmət etmək məqsədilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyanın sistemləri TMDEMS- ə inteqrasiya edilib. Misal üçün, magistratura səviyyəsinə qəbul olmaq istəyən bakalavrların məlumatları sistemdə əksini tapdığı halda onlar elektron ərizələrini özləri təsdiq edir. Digər tərəfdən, vətəndaşlara verilmiş təhsil sənədlərinin dövlət nümunəli olub- olmaması sistem vasitəsilə yoxlanılır. Sistemdə 2012- ci ilin buraxılış kontingentindən başlayaraq bu günə qədər məzun adını qazanmış bütün şəxslərin diplomlarına dair və digər zəruri məlumatları toplanıb. Hətta bəzi təhsil müəssisələri 2012- ci ildən əvvəlki buraxılış kontingentinin məlumatlarını da tam şəkildə sistemə daxil ediblər. Ümumiyyətlə, sistemdə 1992- ci ildən bu günə kimi TQDK- nın əmri ilə qəbul olub, ölkə təhsil müəssisələrinə xarici ölkə təhsil müəssisələrindən köçürülüb, əlavə təhsil almaq üçün təhsil müəssisələri tərəfindən qəbul edilmiş bir milyona yaxın şəxsin məlumatı toplanıb.
Xeberler.az-a məlumat verilir ki, artıq Azərbaycan Respublikası Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası da öz informasiya sistemlərini “Tələbə- məzun” dövlət elektron məlumat sisteminə inteqrasiya edib. Bu quruma müraciət edən vətəndaşların təhsil haqqında məlumatları “Tələbə- məzun” dövlət elektron məlumat sistemindən əldə edilir.
Sahib Mərdanov deyir ki, TQDK bir sıra dövlət orqanlarına işə qəbulla bağlı imtahanları da həyata keçirir. Bu zaman imtahanda iştirak etmək üçün sənəd vermiş namizədlərin bütün məlumatları Sistem vasitəsi ilə yoxlanılır. Təhsil haqqında sənədləri etibarsız və ya problemli olan şəxslər haqqında xüsusi araşdırılma aparılması üçün müvafiq dövlət qurumlarına müraciətlər edilir.
Sahib Mədanovun sözlərinə görə, TQDK bu yaxınlarda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin operatoru olan Məlumat Hesablama Mərkəzi ilə birlikdə Elektron Hökumət portalı üzərindən vətəndaşlarımız üçün yeni bir xidmət növü də yaradıb. Belə ki, vətəndaşlar portala daxil olaraq aldıqları təhsillə bağlı məlumatların qısa çıxarışını “Tələbə- məzun” sistemindən əldə edə bilərlər. 2015- ci ilin aprel ayında istifadəyə verilən bu xidmət növü tələbələrin qəbul və sonrakı dinamik dəyişən digər məlumatlarını (xaric olma, ixtisas dəyişmə, diplom məlumatları və s.) özündə əks etdirir.
O bildirir ki, yaxın vaxtlarda elektron Hökumət Portalından özü haqda məlumat almaq istəyən şəxs “Əks əlaqə” düyməsi ilə birbaşa təhsil aldığı müəssisəyə müraciət ünvanlaya biləcək. Bu zaman onların müraciətlərini və verilən cavabları TQDK da sistem vasitəsilə izləyə biləcək.
““Tələbə- məzun” dövlət elektron məlumat sistemi"nin əsasnaməsinə görə, təhsil müəssisələri tərəfindən Sistemə daxil edilməsi tələb olunan məlumatlar müvafiq əmrin verildiyi tarixdən etibarən 10 gün ərzində Sistemə daxil edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 348- 4- cü maddəsinə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin “Tələbə- məzun” dövlət elektron məlumat sisteminə qoşulmamasına və ya məlumatların həmin sistemə vaxtında, tam və ya düzgün daxil edilməməsinə görə- vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək miqdarda cərimə edilirlər” .
Sistemin təhlükəsizliyinə gəlincə isə TQDK rəsmisindən öyrənirik ki, sistemə dörd səviyyəli giriş müəyyənləşib. Hər bir istifadəçi ona verilmiş səlahiyyət çərçivəsində Sistemdən istifadə edir.
Sistemdə axtarış isə identifikasiya kodu və pin koda, şəxsi məlumatlara və s. görə aparıla bilər. Qeyd edilir ki, qurum elə yerindəcə özləri haqda məlumatı alaraq sistemi test edib.
Elə biz də bu qeyd olunanları yerindəcə nəzarətdə saxladıq və özümüz haqqında lazımi məlumatı sistemə daxil etdik. Haqqımızda bütün məlumatlar sistemdə göründü.
TQDK məktəb direktorlarına onlayn cavab verəcək
Sahib Mərdanov Xeberler.az-a onu da bildirir ki, TQDK- da hazırda yeni bir elektron sistemin yaradılması ilə bağlı işlər görülür.
Vəziyyət belədir: şəhər və rayon təhsil şöbələri bu vaxtadək TQDK- ya öz sorğu məktublarını yazılı şəkildə ünvanlayırlar. Bu da həm vaxt, həm də maliyyə itkisinə səbəb olur. Yaradılması nəzərdə tutulan sistem şəhər və rayon təhsil şöbələrinin TQDK- ya öz müraciətlərini elektron şəkildə ünvanlamasına imkan verəcək. Daxil olan məktublar və sorğular araşdırıldıqdan sonra onlara TQDK tərəfindən elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında cavab veriləcək. Yeni sistemin 2015- ci ildə istifadəyə verilməsi nəzərdə tutulub.
Şagirdlərin yekun qiymətlərini hesablayan şöbə
TQDK- da “Şagird- Məzun” sistemi də fəaliyyət göstərir. 2014- cü ildən “Şagird- Məzun” sisteminin yeni təkmilləşdirilmiş versiyası istifadəyə verilib. Sistemin hazırda 5000- dək istifadəçisi var. Hər bir şagird də İnternet üzərindən sistemdəki məlumatlarına baxa bilər və məlumatlarında hər- hansı düzəlişə ehtiyac duyularsa, TQDK- ya elektron məktub göndərə bilər.
Bu barədə Xeberler.az-a Ümumtəhsil müəssisələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin təşkili sektorunun müdiri Vüqar Əkbərov məlumat verir. O bildirir ki, sektorun əsas fəaliyyət istiqamətlərindən biri ümumtəhsil müəssisələrinin buraxılış sinif şagirdlərinin buraxılış imtahanları ilə əlaqədar proseslərin idarə edilməsi və bu proseslərə nəzarətdən ibarətdir. Bu proseslərdə qarşıya çıxan mürəkkəb məsələlərin operativ həll edilməsi yalnız müasir informasiya texnologiyalarının tətbiqi sayəsində mümkündür. “Şagird- Məzun” informasiya sisteminin yaradılması məhz bu zərurətdən irəli gəlib.
Vüqar müəllim qeyd edir ki, “Şagird- Məzun” sistemi 2012– ci ildən fəaliyyət göstərir. Sistemin məlumat bazasında şəhər (rayon) təhsil şöbələrinin müdirləri, ümumtəhsil müəssisələrinin rəhbərləri və əlaqələndiriciləri, ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatlar əksini tapıb. Öyrənirik ki, şagirdlərin əvvəlki və cari ildəki illik qiymətləri, buraxılış imtahanı nəticələri sistemə daxil edilir. Bu qiymətlər əsasında buraxılış sinif şagirdlərinin yekun qiymətləri hesablanır. Hesablama belə aparılır: şagirdin hər hansı fənn üzrə əvvəlki və cari ildəki illik qiymətləri və imtahan qiyməti toplanıb qiymətlərin sayına bölünür. Hesablanmış yekun qiymətlər əsasında dövlət nümunəli təhsil sənədinə yekun qiymətlər yazılır.
Vüqar Əkbərov bildirir ki, şagird məlumatları “Şagird- Məzun” sisteminə yalnız şəxsiyyət vəsiqəsi və əcnəbilər üçün Dövlət Miqrasiya Xidmətinin qeydiyyat vərəqəsi əsasında daxil edilir. Cari tədris ilində sistemə 8- 11- ci sinif şagirdləri haqqında məlumatlar daxil edilib. Növbəti illərdə isə 5- 7- ci sinif şagirdləri haqqında məlumatların da sistemə daxil edilməsi nəzərdə tutulur.
Qurum rəsmisi vurğulayır ki, şagirdlərin dövlət nümunəli təhsil sənədlərinin nömrəsi və verilmə tarixi də sistemə daxil edilir və bu da saxta sənədlərdən istifadənin qarşısını alır.
Vüqar müəllim onu da qeyd edir ki, gələcəkdə “Şagird- Məzun” və “Tələbə- Məzun” sistemlərinin məlumat bazalarının inteqrasiya edilməsi nəzərə tutulur. Bu layihə nəticəsində vətəndaşlar İnternet üzərindən vahid interfeysdə özlərinin orta və ali təhsil haqqında məlumatlarını əldə edəcəklər.
Elnur Nağızadə: “İctimaiyyətlə əlaqələrin qurulmasında Facebook böyük rol oynayır”
TQDK- nın Facebook səhifəsi də çox aktivdir. TQDK- nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Xeberler.az-a ictimaiyyətlə əlaqələrin qurulmasında Facebook-un səmərəli vasitə olduğunu bildirir:
“Bunun üçün qurumun 2012- ci ildən Facebook səhifəsi yaradılıb. Bununla TQDK vətandaşlarla daha operativ əlaqə saxlayır. Hazırda Facebook səhifəmizin 110 minə qədər istifadəçisi var. Səhifənin idarə olunması ilə üç nəfər məşğul olur. Bu işdə mən özüm də yaxından köməklik göstərirəm”.
Qurum rəsmisi həmçinin TQDK- nın rəsmi saytının idarəçiliyinə də nəzarət etdiyini deyir.
Elnur Nağızadə deyir ki, səhifəyə gələn müraciətlər (mesaj, şərh və s.) səhər 9:00- dan gecə 12:00- a qədər cavablandırılır. Qurumla bağlı bütün yeni məlumatlar operativ şəkildə Komissiyanın rəsmi saytı və Facebook vasitəsi ilə ictimaiyyətə çatdırılır. Qəbul kampaniyası vaxtı səhifədən gündəlik 400- ə qədər mesaj cavablandırılır.
Nəzarətçi müəllimləri hazırlayan və təlimatlandıran şöbə
TQDK tərəfindən keçirilən test imtahanlarına respublikanın ümumi təhsil müəssisələrindən cəlb olunan müəllimlərdən ibarət zal nəzarətçilərinin bazasının formalaşdırılması işində “Nəzarətçilərin elektron qeydiyyatı” sistemindən istifadə edilir. Bu sistem 2014- cü il noyabr ayında istismara verilib. Bu barədə isə Xeberler.az-a Təşkilati- metodik təminat və təlimlər sektorunun müdiri Adıgözəl Həbibov məlumat verir. O qeyd edir ki, sektor birbaşa zal nəzarətçiləri və imtahan rəhbərlərinin hazırlanmasını və təlimatlandırılması işini həyata keçirir. Son iki ildə nəzarətçilərin qeydiyyatı elektron üsulla aparılır. İndi hər bir məktəb nəzarətçilər barədə məlumatları yazılı şəkildə yox, bu məlumatları sistemə yerləşdirməklə təqdim edir.
Adıgözəl Həbibov bildirir ki, imtahan rəhbərləri Elmlər Akademiyası, təhsil müəssisələri və digər təşkilatların əməkdaşlarının sırasından cəlb olunur. İmtahanlara qədər onlarla təlimlər keçilir. Nəzarətçilərlə əmək müqaviləsi və əməyin ödənilməsi üçün tələb olunan məlumatlar da sistem vasitəsilə toplanılır.
Onu da öyrənirik ki, TQDK imtahan prosesinin idarə olunmasına imtahan rəhbəri və zal nəzarətçisi kimi cəlb olunan şəxslərin təlimatda əksini tapmış müddəalar üzrə bilik səviyyələrinin yoxlanılması, peşəkarlığın artırılması məqsədilə onlayn rejimdə test yoxlamalarını keçirir. TQDK- nın rəsmi İnternet saytı vasitəsi ilə onlayn rejimdə təşkil olunan imtahanda iştirakçılara 35 test tapşırığı təqdim olunur.
İmtahanda TQDK- nın müvafiq bazasına daxil edilmiş 950 nəfərə yaxın imtahan rəhbəri, 14440 nəfər zal nəzarətçisi iştirak etməlidir.
Hər il qəbul imtahanlarına ən azı 2000- 2500, buraxılış imtahanlarına isə 10 mindən çox nəzarətçi cəlb olunur. TQDK- nın bazasında 25 minə yaxın nəzarətçi barədə məlumat mövcuddur.
Müşahidələrimiz göstərir ki, TQDK öz fəaliyyətini yetərincə elektronlaşdırıb. Özü də bu yalnız əməkdaşların rahatlığı və qurumdaxili idarəetmənin effektivliyinin təmin edilməsi üçün deyil, əsasən, vətəndaşların rahatlığı üçün edilib.
Əmin olduq ki, qurumun təqdim etdiyi elektron xidmətlər, xüsusən də bu xidmətlərin əldə edilməsi üçün tətbiq etdiyi texnologiyalar və metodlar ölkədə elektron hökumət quruculuğunun, infromasiya cəmiyyətinin formalaşmasında əhəmiyyətli rol oynayır.
P.S. Aprel ayında Elektron Hökumət Portalına inteqrasiya edilmiş elektron xidmətlərdən cəmi 1554540 dəfə istifadə edilib. İstifadələrin 1016575- i Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının göstərdiyi xidmətlərin payına düşür.
Məltəm Talıbzadə
Fotolar: Nəcəf Nəcəfli
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri