Artıq Startap Günlərinə bir neçə gün qalıb.
Gənclər biznes ideyaları ilə Startap Günlərdə iştirak etməyə və gələcək bizneslərini qurmaq üçün tədbirdə aktiv təmsil olunmağa hazırlaşır.
Məlumat verdiyimiz kimi, bu il keçiriləcək Startap Günləri əsasən startapların yaranması və inkişafında universitetlərin rolu məsələsinə həsr edilib.
Maraqlıdır ki, universitetlər Startap Günlərində necə təmisl olunacaq?
Elə bu məqamda qeyd edək ki, Günlər çərçivəsində “Yeni startapların yaranmasında biznes inkubatorların və universitetlərin rolu ” mövzusunda konfrans keçiriləcək.
Konfransda dövlət qurumlarının, universitetlərin biznes inkubatorlarının və texnoparkların məsul şəxslərinin, ali və orta təhsil sistemində proqramçıların hazırlanması sahəsində çalışanların, İT ekspertlərin iştirakı ilə müzakirələr təşkil olunacaq.
Bunu nəzərə alaraq universitetlərdən bu imkanlardan necə faydalanacaqları, təhsil müəssəsilərinin tələbə, müəllim kollektivinin Startap Günlərində necə təmsil olunacağı ilə maraqlandıq.
Qafqaz Universiteti QUtexnopark-ın direktoru İsa Qasımov Xeberler.az-a bildirib ki, Startap Günləri 2015-də Qafqaz Universitetinin sahə ilə əlaqəli əməkdaşları, həmçinin də tələbə və magistrları yaxından iştirak edəcək.
Direktor bildirib ki, proqramın əhəmiyyətini nəzərə alaraq, elə ilk gündən bu haqda Universitetdə elan verilib:
“ Ümid edirik ki, həmişə olduğu kimi yenə də Qafqaz Universiteti tələbələri Startap Günlərində aktiv olacaqlar. Müəllimlərimizdən bəzilərinin Startup Günləri 2015 proqramında ekspert və mentor kimi iştirak edəcəyi planlaşdırılıb”.
İsa Qasımov bu kimi proqramlar təşəbbüskar tələbələr üçün yaxşı fürsət olduğunu deyib:
“Nəzərə alsaq ki, Qafqaz Universitetində təşəbbüskar yanaşmaya əhəmiyyət verilir, qeyd edə bilərik ki, tələbələrimiz proqramda layihə ilə də çıxış edəcəklər. Ümid edirik ki, birlikdə bunun əyanı şahidi olacağıq. İnnovasiya sahibkarlığının inkişafı, eləcədə sahibkarlıqda innovasiyaların tətbiqi bu sahədə uğurlu insan gücünün mövcudluğu ilə mümkündür. Startap Günləri proqramları gənclərdə təşəbbüskar yanaşmanı, həmçinin biznes təşəbbüslərini təbliğ etməklə yanaşı, öyrədici və konkret addımlar atmağa imkanlar açan fürsətlər verir. Ona görə, təşkilatçılara təşəkkür etməklə yanaşı, iştirakçıları bu cür proqramlardan daha çox faydalanmağa səsləyirəm. Əlbəttə ki, rentabelli inkişaf üçün bu cür proqramları yüksək qiymətləndirir və Startap Günləri 2015 proqramının əvvəlki illərə görə daha təsirli olacağını gözləyirəm. Bu həm də hazırda iştirakçısı olduğumuz böhran şəraitinin tələblərindən də irəli gəlir”.
Texnopark rəhbəri qeyd edib ki, Günlərin keçirilməsi Qafqaz Universitetində semestr daxili imtahanlar vaxtına düşdüyündən tələbələrin aktiv iştirakı ilə bağlı bəzi narahatlıqları var:
“Güman edirəm ki, artıq tələbələrimiz qeydiyyatdan keçiblər. Startap Günləri 2015 proqramının 6-8 Noyabr tarixlərində keçirilməsi bizi bir qədər düşündürür. Belə ki, həmin tarixlərdə Qafqaz Universitetində semestr daxili imtahanlar keçiriləcək. Ümid edirik ki, imtahanlar tələbələrimizin Startap Günləri 2015 proqramında geniş şəkildə aktivliyinə kəskin təsir etməyəcək”.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU ) tələbələri də Günlərdə iştirak edəcək.
Bu barədə universitetin tərkibində fəaliyyət göstərən NEXT STEP İnnovasiya Mərkəzinin rəhbəri Kamran İmaməliyev məlumat verib.
Mərkəz rəhbəri deyib ki, universitet Startap Günlərində tələbələrin iştirakına dəstək verir və çalışacaqlar ki, Günlərdə aktiv iştirak etsinlər.
Kamran İmaməliyev onu da qeyd edib ki, ADNSU startap sahəsində yeni inkişaf etməyə başlayıb. Onun sözlərinə görə, hazırda universitet tələbələrinə bu sahəni təqdim edib,sevdirməyə çalışırlar. O hesab edir ki, Startap Günlərinin bu istiqamətdə onlara böyük köməyi dəyəcək.
İqtisad
Universitetinin (ADİU ) İnnovativ Biznes-İnkubator mərkəzinin rəhbəri Mircavid Həsənov Xeberler.az-a bildirib ki, Günlərdə universitet tələbələri aktiv iştirak edəcək. Mərkəz rəhbəri onu da qeyd edib ki, o özü də Günlər çərçivəsində keçiriləcək Konfransın panelində çıxış edəcək. Onun sözlərinə görə, funksional və yeni yaranmaqda ola startaplar komandası da Startap Günlərində iştirak edəcək.
Xəzər Universiteti Texnoparkının rəhbəri Özdən Doyuran Startap Günlərinin ölkəmizdə keçirilməsini müsbət qiymətləndirib.
O, qeyd edib ki, bu kimi tədbirlər gənclərin ideyalarını formalaşdırmaq, yeni startaplar yaratmaq bacarıqlarını inkişaf etirir.
Özdən Doyuran deyib ki, özü də daxil olmaqla universitetdən bir neçə tələbə ideya ilə Günlərdə iştirak edəcək.
Azərbaycan Texniki Universitetindən ( ATU) isə bir çox tələbələr Startap Günlərinə hazırlaşır. Universitetdən verilən məlumata görə, artıq bir neçə tələbə Günlərə qeydiyyatdan keçib. Universitet heyəti həmçinin Günlər çərçivəsində keçiriləcək startapların inkişafında universitetlərin rolu konfransında da iştirak etməyə hazırlaşır.
Memarlıq və İnşaat Univerisitetindən (AzMiU) bildirlib ki, bu təhsil müəssisəsində biznes ideyası olan hər kəs Günlərə hazırlaşır. Qeyd edilib, universitetdə Startap Günləri ilə bağlı elan verilib və tələbələr komanda şəklində Günlərdə iştirak edəcək. Lakin hər kəs öz fərdi ideyası ilə çıxış edəcək.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri