“Xanımlar artıq kod yazıb İT-dən daha çox gəlir əldə etməyi düşünür”

19-02-2016 / 11:25

“Xanımların əksəriyyəti nə qədər güclü olduğunun fərqində deyil”

Xeberler.az-ın “İKT Qadınlar” rubrikası çərçivəsində növbəti qonağı WOWOMAN xanımların inkişaf platformasında layihə meneceri Kəmalə İsmayılovadır.

Kəmalə İsmayılova ilə müsahibəni təqdim edirik:

-Kəmalə xanım, sosial, İT sahəsi ilə bağlı olan layihələrdə aktiv fəaliyyət göstərirsiniz. Ümumiyyətlə, bu sahənin cəmiyyətə təqdim edilməsində də aktiv rol oynayırsınız.İT ilə bağlı ilkin bilikləriniz harada formalaşıb? Necə oldu ki, bu sahəyə gəldiniz?

 -İT ilə ilkin tanışlığım Amerika Ticarət Palatasında çalışdığım illərdə olub. Palatanın İKT üzrə xüsusi komitəsinin fəaliyyətini yaxından izləməyə başladım, konfranslarda iştirak etdim və bu sahənin həqiqətən də sürətlə inkişaf etməkdə olduğunun şahidi oldum. Bu, məndə maraq oyatdı və daha sonrakı iş seçimimdə məhz İT sektorunda fəaliyyət göstərən şirkətlərə üstünlük verdim - Best Solutions, İnfipro, Mars Tech, Tech-Tech Xanim və s.  Biliklərim çalışdığım bu şirkətlərdə getdikcə artdı və artıq əminliklə deyə bilərəm ki, İKT sahəsi qədər rahat ve geniş imkanlı sahə yoxdur.

-İxtisasınız hansı sahə üzrə olub?

-Bakalavr təhslimi Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsində almışam. Lakin təcrübə mərhələsində  bu sahədə çalışmağa hazır olmadığımı anladım və özümə yeni prioritetlər seçərək, özümü daha yaxşı göstərə biləcəyim sahələrdə çalışmağa başladım.

 -Deyəsən, hazırda İT üzrə təhsil alırsınız?

-Bəli, bakalavr pilləsindən sonra təhsilimə bir neçə il ara verdim. Həmin müddətdə  fikirlərim dəqiq formalaşdı. Artıq İT sahəsini və idarəetməni dərindən öyrənməyi qərara aldım. Hazırda ADNSU-nun İdarəetmədə İnformasiya Texnologiyaları üzrə maqistr təhsili alıram. Bu sahədə biliklərim artdıqca anladım ki, həyatda atdığımız hər addım və yaşadıqlarımız bizi daha gözəl gələcək üçün hazırlayır. Nə yaxşı ki, bakalavr təhslimi başa vurduqdan sonra, hüquq üzrə həvəssiz hazırlaşdığım magistr imtahanından keçmədim. Yoxsa indi bu sahə üzrə təhsil almağa imkanım olmayacaqdı (gülür).

-WOWOMAN layihəsi ötən il yaransa da, qısa vaxtda  uğur qazandı. Bu platformanın fəaliyyətinə necə başladınız?  Yəqin ki, ilk vaxtlar bu yeniliyi  cəmiyyətə təqdim edib, inandırmaq elə də asan olmadı. Bununla bağlı qarşılaşdığınız problemləri və maraqlı hadisələri bölüşərdiniz.

 -WOWOMAN platformasının yaranmasında birbaşa rolum olmasa da, təsisçimiz Zara Hüseynovanın hər çıxışında vurğuladığı kimi, bu heç də asan olmadı. Mövcud stereotipləri qırmaq, bilirsiniz ki, çətindir. Xanımlara bəzən  cəmiyyətə daha az inkişaf etmiş insanlar kimi baxırlar, onların əldə etdiklərinə ciddi yanaşmırlar. Elə xanımların özləri də bilmir ki, onlar nə qədər güclü ola bilərlər və həqiqətən də bir çox nailiyyətlər əldə edə bilərlər. Şəxsən öz təcrübəmdə bir çox insanla qarşılaşdım ki, mənə "bu lahiyə bu ölkədə tutmaz", "Xanımın işi ancaq ev işləri olmalıdır", "Sizə heç kim dəstək olmayacaq", "Alınmayacaq" dedilər. Lakin, fəaliyyətimizin bir ilini qeyd edərkən, brand wall-da bizə dəstək olanların loqolarını sadəcə bir dəfə vurduq, sayları çox olduğundan ikincisi üçün yer yox idi.

-Wowoman yaranarkən bu istiqamətdə dünya təcrübəsindən istifadə olundumu?

 -Təbii ki, dünya təcrübəsinə müraciət etmişik.  Bilirsiniz ki, "Lean In", "UN Woman", "Cisco Empowered Women`s Network" və digər qurumlar var ki, onlardan ilham aldıq. Ölkəmizdə də belə bir qurumun - WOWOMAN -ın olması, xanımların inkişafında mühüm rol oynayacağını düşünürük. 

 -Çətinliklərin öhdəsindən necə gəldiniz?

 -Çətinliklərə sadəcə müvəqqəti vəziyyət kimi baxmaq lazımdır. Hər işi başlarkən çətin olur, lakin doğru yolda olduğunuzdan əmin olsanız, gec-tez istədiyinizə nail olarsınız. Biz inandıq buna, çətinliklərə təslim olmadıq. Onlar bizə təslim oldu.

-Bizim cəmiyyətdə xanımlar biraz qapalıdır. Müşahidələrimiz göstərir ki, özlərinə inam yoxdur.  Və ya ailələrin də müəyyən təsiri olur. Wowoman fəaliyyətinə bu amillər necə təsir edir?

 -Bizim cəmiyyətdə təkcə xanımların deyil, bəylərin də özünə inam problemi var. Elə ailənin təsiri də, hər iki tərəf üçün mövcuddur. Biz WOWOMAN-ın fəaliyyətində məhz xanımların inkişafına üstünlük veririk. Səbəb isə çox aydındir: əgər bir oğlan təhsil alır və inkişaf edirsə, bu bir insanın inkişaf deməkdir. Lakin  bir xanım inkişaf edirsə, deməli, o mütləq öz uşaqlarını və ətrafındakıları da inkişaf etdirməyə qadir olacaq. Təhsilli xanım təhsilli cəmiyyətin təməlidir. Təbii ki, mövcud vəziyyət asan deyil, amma bu amillər bizim fəaliyyətimizə təsir etmir, tam əksinə, biz bu amillərə təsir edərək, inkişafa təkan veririk (gülür).

-Tech-Tech Xanım da xanımları İT-yə istiqamətləndirmək baxımından faydalıdır.

-Tech-Tech Xanım, ümumiyyətlə, fenomen lahiyədir.  Adətən, İT sahəsinin -ancaq bəylər üçün olduğunu deyirlər. Biz bu stereotipi də qırdıq. İT əsasları kursuna başlayanda, inanmırdıq ki, 150-dən çox müraciət olacaq. Deməli, bu sahəyə maraq yaratmağa nail olmuşuq. Artıq xanımlar da, texniki fənnləri daha yaxşı öyrənib, kod yazmaq, tenologiyada olan yeniliklərdən yararlanmaq və daha çox gəlir əldə etmək istəyir.

-Xanımları platformaya cəlb etmək üçün hansı işləri görürsünüz?

-Xanımları  cəlb etmək üçün elə İKT-də olan yeniliklərdən faydalandıq, sosial şəbəkələrdə apardığımız kampaniyalar və sosial aktivliyimiz platformaya xanımların marağını artırdı. Ümumi, artıq WOWOMAN-ın 1600 + iştirakçısı var. Birdə keçirdiyimiz tədbirlərin keyfiyyəti və mahiyyəti səs salır cəmiyyətdə, xanımları gördüyümüz işlər cəlb edir.

-Sizin komandada çalışan xanımlar çoxdur. Onlar hansı sahə üzrə təhsil alıb? Yəni, hamısının İT  sahəsi ilə bağlı təcrübəsi var? Bu sahədə biliklərini artırmaq üçün nə edirlər?

 -Bizim komandada müxtəlif sahə üzrə ixtisaslaşmış xanımlar var. Hamının İT üzrə təcrübəsi olmasa da, təşkil etdiyimiz kurslardan özümüz də faydalanırıq. Və, ən əsası odur ki, bizim komanda özünü inkişafa meyillidir. Xanımlar aktiv şəkildə müxtəlif kurslara, inkişaf proqramlarına, seminarlara qatılaraq, bilik və bacarıqlarını artırmağa daim davam edir. Biz inkişafa özümüzdən başlamışıq ki, digərlərinə də nümunə ola bilək (gülür).

-Sizcə, xanımlarımızın əksər hissəsinin özünə inanması, daha aktiv sahələrdə çalışmaları üçün maneə nədir və bunun öhdəsindən necə gəlmək olar?

 -Maneə həm özləridir, həm də ki, ətrafdakılar. Təbii ki, asan deyil öz yaxınlarına qarşı çıxmaq, onlara istəklərini demək və aruılarının arxasınca getmək. Səbirli olub, dönə-dönə ətrafdakılara demək lazım gəlir ki, sən məhz bu sahədə çalışmaq istəyirsən, digər sahədə isə özünü görmürsən. İnanirsiz, mənə hələ də deyirlər ki, "O gün televizorda dedilər ki, dövlət qulluğuna qəbul elan edilib, niyə müraciət etmirsən?", "Filan şirkətdə iş var, niyə CV göndərmirsən?". Bununla mübarizə aparmaq asan deyil, lakin hər dəfə dilə gətirmək lazımdır ki, "mən özümü o şirkətdə görmürəm", "təklif etdiyiniz sahə mənim üçün deyil", "sevimli işim budur, digər işləri görmək istəmirəm". Bu sözləri həm özünüzə təkrar edin, həm də ətrafdakılara. Bu maneələrin yalnız zamanla öhdəsindən gəlmək mümkün olacaq. 

-Siz özünüzü sürətlə inkişaf edən cəmiyyətə uyğunlaşdırmaq üçün nə edirsiniz? Yəni, özünüzü necə inkişaf etdirirsiniz?

-Mənim inkişafımda İT yeniliklərinin rolu böyükdür. Coursera.org saytında aldığım ödənişsiz onlayn  inkişaf kursları, Youtube-dan izlədiyim bilik və bacarıqları artırmaq üçün videolar, qatıldığım seminarlar, tədbirlər və iş mühiti mənim fərdi və peşəkar inkişafımda mühüm rol oynayıb. Bütün bunlar üçün, demək olar ki, ödəniş etməmişəm. Bu səbəbdən də, maliyyə ilə bağlı gətirilən bəhanələrə inanmıram. İstək olduqdan sonra, inkişafa nail olmaq asandır.

 -Texnologiyaların gücündən, imkanlarından yetərincə bəhrələnirsinizmi ?

 -Hər addımımda yararlanıram. Texnologiya olmasa, heç bir inkişafa nail olmaq mümkün deyil.

 -Kod yazmağı öyrənmək istəyərdinizmi?

 -Təbii ki, istəyərdim. Bunun üçün nə edəcəyimi də çox gözəl bilirəm. Lakin, deyəsən hələ yetərincə marağım yoxdur deyə başlamamışam (gülür).

 -Dünya İKT sahəsində heyranlıqla izlədiyiniz şəxs varmı?

 - Facebook-da COO Sheryl Sandberg yaxından izlədiyim qadındır.  Xanım İT sahəsində çalışır, eyni zamanda öz baxımına da fikir verir. Əgər səhifəsini izləsəniz, canlı söhbətlərini izləmək üçün hərdən bildiriş alacaqsınız. Maraqlı həyat yolu və təcrübəsi var. Yararlanmağa və yaxından tanımağa dəyər.

 -Dünyanın İKT trendlərini davamlı izləyirsinizmi?

-Təbii ki. Hətta Mark Zuckerbergin  AMOS-6 peykinin istifadəyə verilməsini səbirsizliklə gözləyirəm. Bu lahiyə Afrika ölkələrində internet probleminin həllində mühim rol oynayacaq. İKT çox sürətlə inkişaf edən lahiyədir, trendlər də tez-tez dəyişir, onları izləməklə öz üzərimizdə daim işləməliyik.

-Sizcə, bir xanım özünə tam güvənib, cəmiyyətdə xüsusi mövqe qazanmaq üçün nə etməlidir?

-Biraz mübarizə, biraz səbr, biraz da özünə inam. Ən əsası isə, xəyal etmək və onların arxasınca getmək. Bir gün mütləq xəyallarımızı gerçəkləşdirəcəyik. Birdə  ətrafınızda olan insanları diqqətlə seçmək lazımdır. Sizə müsbət enerji verənləri daha yaxın, neqativ enerjili olanları isə uzaqlaşdırmaq lazımdır(gülür).

-Hazırda təhsil aldığınız ixtisasla gələcəkdə sektora hansı töhfələri verməyə hazılaşırsınız?

-Gələcəkdə, İT üzrə idarəetmə biliklərimi artıraraq, işlədiyim layihələrin daha da uğurlu olması üçün çalışacam. Həmçinin, müxtəlif innovativ ideyalarımı həyata keçirməklə, cəmiyyətimizin inkişafına dəstək ola bilərəm. Artıq bir neçə inkişaf proqramı üzərində çalışıram, faydalı olacağına da əminəm.

 -Wowoman, Tech-Tech Xanım hansı yeniliklərlə gəlir?

-Bildiyiniz kimi, artıq daha dərin biliklər verən, xanımlar üçün JAVA kursuna başlamışıq. Lakin, aldığımız çoxsaylı müraciətlərə əsaslanaraq,  qısa zamanda yenidən İT əsaslarını öyrədən, sıfırdan bu sahə üzrə bilik əldə etmək istəyən xanımlar üçün də kurslarımız başlayacaq. Tech-Tech Xanım getdikcə məhşur lahiyəyə çevrilir, xanımlar arasında keçirəcəyimiz sorğunun əsasənda məhz hansı kursun növbəti olacağına qərar verəcəyik. Bu lahiyənin cəmiyyətimiz üçün daha da faydalı olacağına inanırıq, və çox yaxın gələcəkdə Tech-Tech Xanım artıq dünyada da səs salacaq. (gülür).

 

Məltəm Talıbzadə 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə