“Xarici investorların Azərbaycan bazarına yatırım etməsinə çalışırıq”

29-01-2016 / 14:24

Məlumat verdiyimiz kimi, bir müddət əvvəl Bakcell şirkəti  AppLab innovativ mobil developer layihəsi çərçivəsində  Böyük Britaniyanın Wayra UK, Telefonica OpenFuture rəqəmsal sürətləndirmə proqramı ilə Azərbaycanda startaplara dəstək məqsədilə müqavilə imzaladı.

Belə ki, əməkdaşlıq çərçivəsində  proqramda iştirak  edən startaplara mentorların, ekspertlərin, şirkətlərin, ictimai qurumların və investorların daxil olduğu beynəlxalq şəbəkəyə çıxış qazanmaq imkanı yaradılacaq.

Xeberler.az olaraq hazırda bu istiqamətdə davam edən fəaliyyətlərlə  maraqlandıq.

Bununla bağlı suallarımıza Bakcell şirkətinin  Korporativ strategiya departamentinin rəhbəri Mark Zirka  ətraflı cavab verib.

Müsahibəni təqdim edirik:

-Mark bəy, öyrənmək istəyirdik ki, müqavildə nəzərdə tutulan imkanlar konkret olaraq necə həyata keçiriləcək? 

-Wayra UK ilə əməkdaşlığımız Applab proqramında  yerli proqram tərtibatçıları ilə dünya üzrə bu sahədə fəaliyyət göstərən uğurlu və peşəkar təşkilatlar arasında əlaqələrin yaradılması istiqamətində  göstərdiyimiz fəaliyyətin nəticəsidir. Biz yerli startaplarımızın Wayra UK ilə işgüzar əlaqələr qurmasına və onların arasında birbaşa əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə kömək etmək üçün mümkün olan bütün imkanlarımızdan istifadə edəcəyik.

 -Proqramın icrasına nə  vaxt başlanır? 

-AppLab proqramının həyata keçirilməsinə fəaliyyət göstərdiyimiz sahədə dünyanın aparıcı şirkətlərindən biri olan Qualcomm şirkətinin dəstəyi və iştirakı ilə 2014-cü ilin sentyabr ayından başlanıb. 2015-ci ilin dekabrında isə Wayra UK ilə əməkdaşlıq barədə elan edildi. Gördüyünüz kimi, biz öz Applab proqramımızın genişləndirilməsi və səhnəyə dünya şöhrətli əlavə tərəfdaşların cəlb olunması istiqamətində daim səy göstəririk.

-Ümumiyyətlə, neçə startap layihəsi bu proqramın imkanlarından faydalana biləcək? 

-Çalışırıq ki, mümkün qədər çox layihə qəbul edək. Qapılarımız mobil tətbiqetmələrin yaradılmasına töhfə verəcək bütün parlaq fikirli insanların üzünə açıqdır. Hazırda biz eyni zamanda 12-dən çox layihənin inkişaf etdirilməsini təmin edə bilərik, lakin əgər təkliflər çox olarsa, biz onların hamısını birdən qəbul etmək üçün yollar axtarıb tapmağa çox şad olarıq.

-Hazırda belə startap layihələrin axtarışına başlanıb? 

-Əlbəttə ki, bəli. Biz artıq AppLab proqramında iştirak etmək istəyən 100-dən çox ərizəçinin müraciətini qəbul etmişdik. Əlbəttə, onların hamısı növbəti mərhələyə keçə bilmədi, lakin biz daim yeni-yeni layihələr həyata keçiririk. Wayra UK ilə əməkdaşlığımız təzə başladığına görə bu məqamda layihələrin sayı barədə nə isə demək hələ çox tezdir, lakin sizə deyə bilərik ki, bir çox startaplar öz maraqlı ideyalarını artıq bizimlə bölüşüblər.

-Məlumdur ki, bu gün dünyada , elə Azərbaycanda da mobil tətbiq bazarında bir qıtlıq var. Yəni, bunun üçün kadr yoxdur. 

-Bu, keçmişdə belə idi. İndi isə biz ixtisaslı developerlərin sayının getdikcə artdığını müşahidə edir, mağazalara çıxarılan hətta AppLab proqramından kənarda işlənib hazırlanmış tətbiqetmələrin sayında artımın şahidi oluruq. Bu, çox müsbət bir göstəricidir və biz hələ gözləyirik ki, developerlərin sayı daha da çoxalacaq.

-Bu proqramla mobil app sahəsinə necə töhfə verməyə hazırlaşırsınız? 

-Bakcell AppLab təşəbbüsünün vasitəsi ilə yerli bazara öz müsbət töhfəsini verməyə çalışır. Birincisi, biz gənc developerlərə peşəkar iş mühitindən pulsuz faydalanmaq imkanı veririk. Bundan əlavə, biz onları peşəkar və texniki dəstəklə təmin edirik və ümid edirik ki, bu səylərimiz mobil tətbiqetmələrinin inkişaf etdirilməsi prosesini sürətləndirməkdə onlara kömək edəcəkdir. Nəhayət, sonuncu olsa da az əhəmiyyətli olmayan daha bir məqamı da qeyd etmək istəyirik ki, biz lokallaşdırılmış tətbiqetmələrin əldə edilməsi imkanlarına şərait yaratmaqla yerli bazara dəstək göstərməyə çalışırıq. Heç kimə sirr deyil ki, lokallaşdırılmış tətbiqetmələrin sayı nə qədər çox olarsa, bu cür tətbiqetmələrin mənimsənilmə tempi və istifadə əmsalı da bir o qədər yüksək olacaq.

-sWayra-nın təcrübəsi ölkəmizdə necə tətbiq olunacaq? 

-Wayra UK ilə əməkdaşlığımız ümumilikdə AppLab proqramı və onun iştirakçıları üçün böyük bir dönüş nöqtəsidir. Applab iştirakçıları bu şirkətin malik olduğu zəngin beynəlxalq təcrübəsindən və biliklərindən faydalana biləcək. AppLab iştirakçıları ilə Wayra UK şirkətinin mütəxəssisləri arasında müzakirələrin aparılmasına şərait yaradacağıq. Bundan əlavə, Wayra UK öz mülahizəsinə görə maraqlı hesab etdiyi layihələrə investisiya yatıra bilər. Lakin bunun baş verəcəyinə heç bir zəmanət verilmir, hər şey startapların və onların müvafiq sahibkarlarının və developerlərin öz ideyalarını Wayra UK sirkətinə necə təqdim edə və onlarda nə dərəcədə maraq doğura biləcəyindən asılıdır.

-Layihə nümayəndələrinin startaplara təlim keçməsi gözlənilir və ya  startapçılarımız gedib Wayra UK-da təcrübə qazana biləcək? 

 -Əlbəttə, biz təlimlər keçirməyi planlaşdırırıq, lakin bu istiqamətdə görüləcək bütün işlər bizim developerlərin maraq dərəcəsindən və təlimçilərin olmasından asılı olacaqd. Startaplar Wayra UK şirkətini ziyarət etmək imkanına malik olacaq və AppLab belə səfərlərin təşkil edilməsində onlara köməklik göstərəcək. Lakin belə səfərlər müəyyən xərclərlə bağlıdır və startaplar öz xərclərini ödəməyə hazır olmalıdır. AppLab olaraq, biz onların səfərlə bağlı xərclərini optimallaşdırmaq üçün mümkün səylərimizdən istifadə edəcəyik, lakin hazırda biz bu cür xərcləri ödəmək imkanına malik deyilik.

-AppLap layihəsi qlobala çıxartdığı layihələrdən necə bir qarşılıq gözləyir ? 

 -AppLab sadəcə yardımçıdır. Biz ancaq dəstək göstəririk və bu layihələrdə heç bir kapital payına sahib olmuruq. Bizim məqsədimiz gənc sahibkarların öz məqsəd və arzularına çatmasına imkan yaratmaqdır. Applab yalnız hər iki tərəf qarşılıqlı maraq gördüyü halda iştirakçılarla ticari sövdələşmələr apara bilər. Lakin bu, vacib şərt deyil. 

-Layihələrə investor tapmaq üçün  necə dəstək göstəriləcək?  

 -Əslində, bu, həssas və mürəkkəb bir mövzudur. Bildiyiniz kimi, startaplar üçün investorların tapılması asan iş deyil, lakin mümkünsüz də deyil. Wayra UK ilə əməkdaşlığımız bu istiqamətdə ilk addımımızdır. Ümid edirik ki, biz daha geniş imkanlar yarada, digər investorlarla daha yaxın əməkdaşlıq əlaqələri qura biləcəyik. İnanıram ki, siz bu cür məsələlərin tez bir zamanda müzakirə olunaraq həllini tapmasının asan olmadığını və həyata keçirilməsi üçün müəyyən vaxt tələb olunduğunu başa düşürsünüz. Buna baxmayaraq, biz çoxsaylı əlaqələrimizin vasitəsilə daim müxtəlif investorlar axtarıb taparaq onlarla əlaqə yaradır və həmişə onların bizim bazarımıza investisiya yatırılmasına marağını artırmağa çalışırıq. Lakin biz buna həmişə müvəffəq ola bilmirik.   

İmkanlarımız daxilində olan bütün görüşlərin təşkil olunmasına və keçirilməsinə dəstək göstəririk. AppLab proqramına və bizim strateji tərəfdaşlarımıza, eləcə də AppLab proqramında iştirak edən startaplara böyük ümidlər bəsləyirik. Əminik ki,  proqramdan  daha böyük uğur hekayələrinin şahidi olacağıq. 

Hələlik belə uğurlu işlərdən BethClipXercim.az-İkeebon  layihələrini qeyd edə bilərik. Bethclip CNBC telekanalı tərəfindən 2015-ci ildə dünya üzrə yaradılmış 20 ən yaxşı  startap layihəsindən biri elan edilib.

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə