“Xarici tədris idarəetmə sistemləri yerli universitetlərin tələblərinə cavab vermir”

18-03-2015 / 12:50

Artıq Azərbaycan universitetlərində Unibook adlandırılan dünya səviyyəli elektron tədris idarəetmə sistemi tətbiq edilməyə başlanıb.

Neuron Technologies şirkətinin baş direktoru İsmayıl Ələkbərov Unibook sisteminin fəaliyyəti ilə bağlı Xəbərlər-in suallarını cavablandırıb.

-Unibook sisteminin  digər mövcud proqramlardan fərqi və özəlliyi hansılardır?

-Sistem Azərbaycanda çox-funksiyalı ilk yerli məhsuldur. Unibook sisteminin  artıq ölkəmizin universitetlərində tətbiqinə başlanıb.  Sistemdən istifadə vasitəsi ilə tələbə və müəllim heyətinin qeydiyyatı, onların idarə olunması, tədris planlarının, fənlərin dərs cədvəllərinin yaradılması, tələbələrin qiymətləndirilməsi, imtahanların, tələbələr arasında sorğuların keçirilməsi, daxili yazışmaların və forumların, habelə kitabxana işinin və mühasibatlığın aparılması avtomatlaşdırılır və elektron qaydada təşkil olunur.  Tələbələr, həmçinin valideynlər, istənilən vaxt və istənilən yerdən fərdi identifikator və parolları ilə sözügedən tədris idarəetmə sisteminə mobil qaydada daxil olub müvafiq məlumatları əldə edə bilir. 

-Buna  oxşar xarici sistemlərin əvəzinə yerli  sistemin tətbiqinin hansı üsünlükləri olacaq ?

-Hazırda ölkəmizin ali təhsil müəssisələrinin bir çoxunda xarici proqram təminatı həllərindən istifadə edilir.  Bu, xarici sistemlərin tətbiqi ilə əlaqədar davamlı yerli dəstəyin təmin edilməsinin mürəkkəbliyi baxımından, heç də hər zaman səmərə vermir. Eyni zamanda təhsil sistemimizdəki istisna və fərqliliklər xarici proqram təminatlarının istifadəsinin uğursuz olması ilə nəticələnir.  Bundan başqa, apardığımız ilkin araşdırmalara əsasən, ölkəmizin universitetlərində tətbiq olunan xarici sistemlər kiber təhlükəsizlik tələblərinə cavab vermir.  Bizdə olan məlumatlara görə, ölkəmizin universitetlərində tətbiq edilməkdə olan xarici ölkələrin məhsulu olan bir çox proqram təminatlarında o qədər informasiya təhlükəsizliyi boşluqları vardır ki, hətta bəzi hallarda İnternet üzərindən müdaxilə oluna və tələbənin qiymətləri, davamiyyət məlumatları digər məxfi və həssas məlumatlar dəyişdirilə bilir.

Unibook elektron tədris idarəetmə sistemi beynəlxalq mütəxəssislər tərəfindən müsbət qiymətləndirilib.  Sevindirici haldır ki, bu dünya səviyyəli sistem Neuron Technologies şirkətinin Azərbaycanlı mütəxəssisləri tərəfindən işlənib-hazırlanıb. 

Heç kimə sirr deyil ki, bu gün beynəlxalq səviyyədə populyarlıq qazanan və ölkəmizin əhalisinin də fəal qoşulduğu bir sıra qlobal sosial şəbəkələr ölkəmizin milli təhlükəsizliyi üçün təhdid törətdikdə, bunlara müdaxilə imkanları mümkün olmur.  Çünki, həmin şəbəkələr xarici dairələrin nəzarəti altındadır.  Bu da sevindirici haldır ki, artıq sözügedən sahələrdə milli təhlükəsizliyimiz üçün təhdid doğurmayan Unibook kimi milli sistemlərimiz mövcuddur və inanırıq ki, zaman keçdikcə bu sistem ölkəmizdə nüfuz qazanacaq və onun istifadəçi auditoriyası ölkəmizin hüdudlarından kənara da çıxacaq.

-Unibook sistemini hazırlayarkən beynəlxalq təcrübədən yararlanmısınızmı?

-Bu sistemi hazırlayarkən inkişaf etmiş ölkələrin tanınmış universitetlərinin ən yaxşı təcrübələrini və tədris prosesinin elektron idarə edilməsi üzrə beynəlxalq ekspertlərin rəylərini nəzərə almışıq. Unibook-u  ərsəyə gətirmək üçün dünyanın müxtəlif idarəetmə modellərini nəzərdən keçirdik. Tədrisin elektron idarəetmə sistemləri üzrə ən yaxşı beynəlxalq təcrübənin öyrənilməsi prosesinin tərkib hissəsi kimi, Böyük Britaniyaya səfər etdik, təhsil sahəsində mütərəqqi həllər təqdim edən şirkətlərlə əməkdaşlığa başladıq. Bu layihənin həyata keçirilməsi prosesində  İsveçrə universitetlərindən olan beynəlxalq ekspertlərlə əməkdaşlıq da həyata keçirmişik.  Bundan başqa, sistemi hazırlayarkən, Türkiyə, Cənubi Koreya  modelleri də nəzərdən keçirildi. Sistem üzərində işləyərkən, dünyanın ən mütərəqqi elektron təhsil sistemlərini tədqiq etdik.  Əsas hədəfimiz mütərəqqi sistemləri ölkəmizin universitetlərində tətbiq üçün əlçatan etmək idi.  Yəni, Unibook sistemi beynəlxalq sistemlərin sintezi vasitəsilə, Azərbaycanın təhsil qanunvericiliyinə və Bolonya sisteminin tələblərinə uyğun olaraq hazırlanmışdır.  Məlum olduğu kimi, ölkəmizin təhsil sistemi artıq Bolonya sisteminə qoşulub.  Bolonya sisteminə keçid mürəkkəb bir prosesdir.  Onu da qeyd edək ki, ölkəmizdə tətbiq olunan Bolonya sistemi heç də Avropa universitetlərində tətbiq olunan anoloji sistem ilə eyni deyildir.  Azərbaycanda bu sistemin müəyyən tələbləri və özəl xüsusiyyətləri vardır.  Təqdim etdiyimiz Unibook sistemi məhz bu tələblərin öhdəsindən uğurla gəlir.

-Layihənin fəaliyyət istiqaməti necədir? Azərbaycanda təhsil sisteminə hansı yeni töhfələri verə biləcək?

-Bu gün bir çox universitetlərimizdə tədrisin planlaşdırılması və təşkili prosesində müəyyən çətinliklərlə üzləşilir. Məsələn, ali təhsil müəssisələrində kafedralar bir çox hallarda həftələrlə tədris qrafiklərinin dərs cədvəllərinin üzərində iş aparır.  Çoxminlik tələbəsi, onlarla auditoriyası və yüzlərlə pedaqoji heyəti olan təhsil müəssisəsində bu prosesi idarə etmək heç də hər zaman asan olmur.  Bolonya prosesinin tələbləri müstəvisində, müəllim, tələbə, auditoriya, fənn və zaman parametrləri üzrə toqquşmalar baş verir.  Bolonya sistemində kurs və qrup anlayışı olmadığına görə, müxtəlif kurslarda təhsil alan tələbələr eyni fənni sifariş edib müvafiq auditoriyada tədris alır.  Bu zaman isə vaxt toqquşmaları baş verə bilir.  Təqdim etdiyimiz Unibook sistemi bu cür toqquşmaların baş verməsini mümkünsüz edir.  Çünki hər bir parametr müvafiq məlumat bazasına daxil edilir və sistem avtomatik qaydada hansı auditoriyada hansı fənnin tədris olunduğunu, hansı tələbənin hansı fənlərə bağlandığını və hansı müəllimlər tərəfindən hansı fənlərin tədris olunduğu avtomatik rejimdə idarə edir.  Nəticə etibarilə, bu gün kafedraların günlərlə, bəzən isə həftələrlə zaman sərfi sayəsində başa gələn tədris planlaşdırılması Unibook sistemində bir saniyədə, sadəcə bir toxunuşla əldə olunur.  Belə ki, sistem  vasitəsi ilə  tədrisin,  dərs qrafiklərin maksimum avtomatik  rejimdə planlaşdırılması mümkün olur.

-Unibook-un  tədrisdə fərqləndirici xüsusiyyətləri hansılardır?

-Bu yeni sistemi digər mövcud elektron sistemlərdən fərqləndirən əsas cəhətlər onun çoxsaylı kateqoriyalarda hesabatların bir toxunuşla əldə edilməsi, dərs cədvəllərinin “drag & drop” çəkib dartma üsulu vasitəsilə tərtibi, tədris materiallarının audio, video və digər formatlarında tələbələrə onlayn əlçatan olması, universitet kontingenti arasında ierarxik sistem üzrə sosial şəbəkə forumlarının aparılması, e-imtahanların keçirilməsi, yazılı imtahan vərəqələrinin QR kod oxuma sistemi vasitəsilə insan müdaxiləsi olmadan sistemə inteqrasiyasının həyata keçirilməsi və digər innovativ funksiyalara malik olmasıdır.

Qeyd etdiyimiz kimi, imtahanların sistem yazılı imtahanların insan müdaxiləsi olmadan qiymətləndirilməsinə də imkan verir. 

-Unibook sistemi ilə imtahanlar hansı formada aparıla bilir ?

-Bu gün   təhsildə islahatlar prosesi gedir, amma  müəyyən xoşagəlməz hallar da yaşanır. Belə ki, bəzən müəllim və tələbə arasında sövdələşmə ola bilir. Müəllim tələbənin qiymətləndirilməsində subyektiv yanaşa bilir. Həmçinin təqdiqatlar göstərdi ki, test üsulu ölkənin ümumi savadının inkişafını ləngidir. Beynəlxalq təhsil sistemləri üzrə apardığımız araşdırmalar onu göstərdi ki, məsələn, Avropa universitetlərində test üsulu ilə imtahan aparılması geniş tətbiq edilmir, tələbələr yazılı imtahan verir və onların araşdırma, analiz qabiliyyətləri inkişaf edir. Lakin təcrübə göstərir ki, yazılı imtahanlar zamanı şəffarlıq və obyektivliyin pozulması ehtimalı arta bilir.  Məhz bütün bu məsələri nəzərə alaraq, Unibook sistemi insan müdaxiləsi olmadan yazılı imtahanların aparılmasına imkan yaradır.  Düşünürük ki, bu gün ölkəmizdə test üsulundan geniş istifadə edilməsi əsas etibarilə şəffaflığın təmin olunmasına xidmət edir. Çünki test ilə imtahan vermək qaydasını aradan götürsək, artıq insan faktoru ortaya çıxır və bəzən bu  ölkədəki təhsil sistemində düzgün formada həyata keçirilməyə bilər.   Biz isə təhsilin keyfiyyətini daha da artırmaq üçün müxtəlif  həll yollarını tətbiq edirik. Bir sözlə Unibook sisteminin imtahan modulları insan faktorunu aradan qaldıraraq imtahanların anonim və şəffaf şəkildə həyata keçməsini təmin edir.

-Bu sistemdən tələbələr  necə yararlana biləcəklər?

Universitetin bütün  təssərrüfatı da Unibook sistemi ilə idarə olunacaq.  Məsələn, tələbə illik ödənişi ilə bağlı  məlumatı telefonu ilə edə biləcək; Sistem tələbənin telefonuna ödəniş məbləği ilə bağlı bildiriş göndərəcək;  Tələbə kitabxanaya borcu ilə bağlı  kitabların siyahısını öz mobil telefonunda elektron bildiriş  formasında əldə edə biləcək; Müəllim tədris etdiyi fənni video materiallarla tələbəyə ötürə biləcək;

Bunlar hamısı distant formada həyata keçiriləcək. Tələbə Unibook-da qeydiyyatdan keçdikdən sonra proqramın imkanlarından istifadə edə biləcək.  Sistem xüsusi bölmələrə ayrılıb, yəni  müəllim və tələbələr yalnız onlara uyğun bölmələri görə biləcəklər. Universitetin rəhbərliyi isə sistemə daxil olan bütün məlumatları görə biləcəklər. Müəllimlər sistemdə onlayn tələbələrin forumunu həyata keçirirə biləcək, tələbələr müəllimlərin reytinqini sistem vasitəsilə müəyyən edə biləcək və s.

-Sistemdə elektron kitabxana  necə xidmət göstərir? Tələbələr elektron qaydada kitabları necə əldə bilirlər?

-Apardığımız müşahidələr onu deməyə əsas verir ki,  cəmiyyətin kitabxanaya həvəsi və marağı getdikcə azalır. Bu sistemlə tələbələrin kitabxanadan istifadə etmək  maraqlarını artıra biləcəyik. Bir çox kitablar vardır ki, elekton katoloq üzrə formalaşacaq. Bəziləri isə elektron formaya salınacaq. Müəllif hüquqları imkan  verməyəndə isə  kitabın məzmunu ilə bağlı bütün seriya məlumatlar  və  kitabın şəkili sistemdə qeyd olunacaq.  Tələbələr elektron qaydada kitabxanaya daxil olaraq, kitabı seçir və istifadə edirlər. Bundan başqa, gələcəkdə universitetlərdə xüsusi  avadanlıqlar  quraşdırmaqla sistemi daha da  təkmilləşdirmək istəyirik. Belə ki, xüsusi avadanlıqlarla  tələbə kitabxanaçı olmadan da,  monitorda özünə kitab sifariş edib, əldə edə biləcək.  Monitorda  ona lazım olan kitab sifariş edən tələbə  xüsusi avadanlıqlar vasitəsi ilə kitabı əldə edəcək. Kitabxanalarda RFİD sistemini tətbiq edəcəyik. Tələbə kitabxanadan çıxanda kitabın son  səhifəsindəki təqlər sistemə kitabın çıxışı ilə bağlı  işarə verəcək və həmin kitab tələbənin hesabına yazılacaqdır.

-Unibook-da distant təhsil imkanları da mövcuddurmu?

-Sistemdə distant təhsil ilə bağlı bütün imkanlar formalaşıb. İmkanlarımız var. Lakin distant təhsil  üçün qanun hələ ölkəmizdə təsdiq olunmayıb. Biz ölkədə distant təhsilin hansı formada həyata keçiriləcəyindən asılı olaraq, Unibook sistemi vasitəsilə müasir texnologiyaların verdiyi imkanları tətbiq edə biləcəyik. 

-Sistem hazırda ölkəmizdə hansı universitetdə tam tətbiq edilib?

-Unibook sistemi hazırda Dövlət Gömrük Akademiyasında istifafə olunur. Cari tədris ilinin əvvəlindən bu ali təhsil müəssisəsində sistemin tətbiqinə başladıq və Unibook ölkəmizdə ilkdə dəfə uğurla həyata keçirilməyə başlandı. Hazırda Gömrük Akademiyasında  sistem vasitəsilə kollokviumlar, imtahanlar keçirilir. Böyük və çox tələbəsi olan universitetdə belə bir sistemi sınaqdan keçirmək  mürəkkəb ola bilərdi. Bu baxımdan, bu sistemin məhz yenicə fəaliyyət başlamış və nisbətən daha az tələbə sayına malik olan Gömrük Akademiyasında tətbiqə başlanması Unibook-un uğur qazanmasına zəmin yaratdı.  Sistemin istifadəsi ilə bağlı şirkətimiz tərəfindən davamlı dəstək komandası ayrılıb və hər hansı problem yaranan zaman dərhal müdaxilə edilir və həmin texniki problem aradan qaldırılır. Həmçinin Unibook vasitəsi ilə   monitorinqlər də aparırıq.  Hazırda Gömrük Akademiyasında tədrisin idarə edilməsi ilə əlaqədar, demək olar ki, bütün proseslər elektron qaydada Unibook sistemi vasitəsilə həyata keçirilir.

-Təhsil Nazirliyi ilə  əməkdaşlıq edirsinizmi?

-Unibook sisteminin Təhsil Nazirliyində geniş təqdimatı keçirilib və Nazirliyin nümayəndələri bu sistemin funksionallığını yüksək qiymətləndiriblər.  Sevinirik ki, bu layihəmiz Təhsil Nazirliyi tərəfindən də dəstəklə qarşılandı.

-Proqramın komandası neçə nəfərdən təşkil olunub?

-Unibook sisteminin ərsəyə gəlməsi prosesinə 21 nəfərlik layihə qrupu cəlb edilmişdi.  Hazırda isə şirkətimizdə 15 nəfərlik komandamızla bu sistemin genişləndirilməsi və davamlı dəstəyin təşkili ilə məşğuluq.  Komandamız gənc mütəxəssislərdən ibarətdir.

-Daha hansı universitetlərlə əməkdaşlıqlarınız gözlənilir?

-Gömrük Akademiyasında tətbiq edildikdən sonra Unibook sistemi ölkəmizin ali təhsil müəssisələri tərəfindən maraqla qarşılanıb.  Bir sıra nüfuzlu universitet bu sistemin tətbiqində maraqlı olduqlarını bildirib.  Hazırda həmin universitetlərlə danışıqlarımız davam etdirilir.  Sistemin müxtəlif ali təhsil müəssisələrində, o cümlədən, ADA Universiteti, Polis Akademiyası, Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Dövlət İqtisad Universiteti, Fövqəladə Hallar Nazirliyinin Akademiyası və digər təhsil müəssisələrində təqdimatı keçirilib.  Həmin ali təhsil müəssisələri Unibook sisteminin tətbiqi üzrə maraqlı olduqlarını bildirib.  Bir sıra digər universitetlərə, o cümlədən, Tibb Universiteti, Memarlıq və İnşaat Universiteti, Pedaqoji Universitet və digər təhsil müəssisələrinə də sistemin tətbiqi ilə bağlı təkliflərimiz göndərilib.

-Hazırda yerli universitetlərdə tətbiq olunan tədris idarəetmə sistemləri ilə sisteminizin müqayisəsi aparılıbmı ?

-Təbii. Qeyd etmək yerinə düşərdi ki, Unibook sisteminin ADA Universitetində hazırda tətbiq olunmaqda olunan Amerika məhsulu “Power Campus” sistemi ilə müqayisəsi zamanı ölkəmizin milli elektron tədris idarəetmə sistemi – Unibook-un daha mükəmməl, daha funksional və istifadəçi üçün rahat interfeysə malik həll olduğu bəlli oldu.  Bundan başqa, bu gün digər universitetlərimizdə müxtəlif xarici sistemlər tətbiq olunur.  Məsələn, Texniki Universitetdə Koreya şirkətinin hazırladığı proqram təminatından istifadə olunur.  Universitetin nümayəndələri ilə apardığımız müzakirələr zamanı bəlli oldu ki, Koreya sistemi heç də universitetin tələblərinə tam cavab vermir.  Sistemin davamlı texniki dəstəyi lazımınca təşkil edilmir.  Müvafiq modullara yeniliklərin edilməsi tələb edilməsinə ehtiyac yarandıqda, bir çox hallarda aylarla bunu gözləmək laım gəlir.  Öz milli həllimiz olan Unibook sisteminin tətbiqi isə bu cür problemləri aradan qaldırır.

-Neuron Technologies şirkəti daha hansı sahələrdə fəaliyyət göstərir?

Neuron Technologies hal-hazırda ölkəmizin sürətli inkişaf edən İT şirkətlərindən birinə çevrilməkdədir.  Şirkət tərəfindən təhsil, səhiyyə, bank və maliyyə sektorları, sənaye və istehsal müəssisələri, nəqliyyat və loqistika şirkətləri üçün müəssisələrin və biznes proseslərinin idarə edilməsi üzrə innovativ proqram təminatlarının işlənib-hazırlanması və sistem inteqrasiyaları üzrə mütərəqqi həllər təqdim edilir.  Şirkət elektron idarəetmə sistemləri, web development, mobil və smart texnologiyalar, ERP, CRM, HR, LMS, İMS, HİS həlləri, İKT infrastrukturunun qurulması, audit & konsaltinq xidmətlərini yerinə yetirir.

-Unibook sistemini beynəlxalq səviyyəyə çıxarmağı planlaşdırırsınızmı?

-Unibook sisteminin tətbiqinə bir sıra xarici ölkələrdən də maraq göstərilir.  Məsələn, ötən müddət ərzində Qətərə, Tacikistana, Macarıstana səfərlərimiz zamanı həmin ölkələrdə fəaliyyət göstərən müxtəlif təhsil müəssisələri bu sistemin gələcəkdə universitetlərində tətbiqi ilə maraqlanmışlar.  Hazırda həmin ölkələrlə bu istiqamətdə danışıqları davam etdiririk.  İnanırıq ki, ölkəmizin intellekt məhsulu olan Unibook gələcəkdə Azərbaycanın hüdudlarından kənarda da tətbiq olunması vasitəsilə beynəlxalq təhsil məhsuluna çevriləcək. 

-Gələcək strategiyanızı açıqlaya bilərdinizmi?

-Əsas məqsədimizin Azərbaycanın İT sahəsində potensialının qlobal müstəviyə çıxarılması və dünyanın mütərəqqi texnologiyalarının ölkəmizə transferinə nail olunmasından ibarət olduğunu qeyd etmək istərdik. Ölkəmizdə hazırlanan innovativ həllərin region ölkələrinə transformasiyası vasitəsilə Neuron Technologies şirkətini dünya səviyyəli İT şirkətinə çevirmək və bununla da, Azərbaycanın dünyaya enerji resursları ilə yanaşı, həm də yeni texnologiyalara əsaslanan intellekt ixracatçısına çevrilməsinə öz töhfəmizi verəcəyimizə inanırıq.

 

Məltəm Talıbzadə

Fotolar: Nəcəf Ruslanoğlu


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə