Xəbər agentlikləri kiberredaksiyalar yaradır

20-09-2019 / 11:16

Avropa xəbər agentlikləri fəaliyyətlərində süni intellektin tətbiqi imkanlarını və perspektivlərini müzakirə ediblər.

Xeberler.az bildirir ki, mövzuya həsr olunmuş konfrans Avropa Xəbər Agentlikləri Alyansı (EANA) tərəfindən Praqada keçirilib. Çexiyanın CTK agentliyinin təşkil etdiyi tədbirdə Böyük Britaniyanın Press Association, Reuters, Almaniyanın DPA, Avstriyanın APA, Türkiyənin Anadolu, Rusiyanın TASS, İspaniyanın EFE və digər üzv agentliklərin rəhbərləri və nümayəndələri iştirak edirlər. Konfransda Azərbaycanı Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC)  multimedia və informasiya resursları redaksiyasının baş redaktoru Elşən Şahbalayev təmsil edib.

Süni intellekt və informasiya axını

Süni intellekt bir neçə növə ayrılır ki, onların sırasında müəyyən proqram təminatı əsasında tapşırıqları yerinə yetirən, insanla kommunikasiya quran, informasiyanı idarə edən robotlar və tətbiqlər var. “Google” şirkətinin tətbiq etdiyi və ümumi istifadədə olan axtarış, tərcümə, səslə idarəetmə sistemləri də bu sıraya daxildir. Diqqətçəkən əsas amil odur ki, süni intellekt çətin məsələləri ən qısa zamanda həll edə bilir. Bu da informasiya axınının sürətlə artdığı bir vaxtda xəbər agentlikləri üçün çox önəmli məsələdir.

Konfransın mövzusu barədə məlumat verən EANA-nın baş katibi Aleksandr Giboi süni intellektin artıq bir çox sahələrdə tətbiq edildiyini vurğulayıb. O, xəbər agentliklərinin də yeni texnologiyalara maraq göstərdiyini bildirərək qeyd edib ki, bu texnologiyalar yaxın gələcəkdə xəbər istehsalında fəaliyyəti köklü şəkildə dəyişə bilər.

Kolumbiya Universitetinin professoru Tomas Kentin fikrincə, süni intellektin jurnalistikaya da nüfuz etməsi, sadəcə, informasiyanın hazırlanmasının texniki tərəflərinə təsir edir. Çünki robot texnologiyası hadisələrə jurnalist kimi baxa və onu təhlil edə bilmir. “Jurnalist bu qəliz texnologiyaların incəliklərini bilmək məcburiyyətində deyil. Onun işi hadisələri dərindən görüb xəbər hazırlamaqdır. Süni intellekt isə ona bu işi asanlaşdırmaqda kömək edə bilər", - deyə o qeyd edib. Eyni zamanda, Tomas Kent hesab edir ki, mətbuat süni intellektdən getdikcə daha çox istifadə edəcəyi halda xəbər agentliklərinin informasiya istehsalında rolu azala bilər. Buna görə də agentliklər indidən təşəbbüsü ələ almalı və innovasiyaların fəal şəkildə tətbiqinə diqqət ayırmalıdırlar.

Kiberredaksiyalar - insan və robotun birgə xəbər istehsalı

Reuters xəbər agentliyinin biznesin inkişafı üzrə direktoru Roxelio Eskalona təmsil etdiyi qurumda artıq bir ildir istifadə edilən Lynx İnsight proqram təminatının iş prinsipindən danışıb. O hesab edir ki, süni intellekt biznesin inkişafı üçün münasib alətdir. Reuters bu texnologiyanın köməyi ilə böyük həcmdə iqtisadi və idman məlumatlarını təhlil edir. Bunun əsasında hazırlanan xəbərlər isə abunəçilərə ödənişli əsasda təklif olunur. "Maşın texnologiyası pul qazanmağa kömək edir. Öz məqsədlərini dəqiq müəyyən edən agentliklər robot texnologiyalarından yararlanmaqla informasiya bazarında üstünlüyü saxlaya bilər", - deyə o bildirib.

Reuters-in Lynx İnsight proqramında süni intellekt və jurnalistin bacarıqları cəmlənir. Süni intellekt daha sürətli və daha yaxşı təhlil edir, jurnalist isə bu təhlillərin nəticələrindən necə istifadə etməyin yollarını yaxşı bilir. Bu baxımdan hər iki tərəf xəbər istehsalının əsas tərkib hissəsinə çevrilir. Sözsüz ki, əgər əvvəl böyük məlumatları insan təhlil edirdisə, indi onu avtomatlaşdırılmış sistem əvəz edir. Beləliklə də agentliklərdə kiberredaksiyalar yaranır ki, onun da idarə edilməsini jurnalistlər həyata keçirir.

"Radar" (Reporters and Data and Robots) proqram təminatından danışan Press Association agentliyinin layihə rəhbəri Qari Rocer bildirib ki, 2017-ci ildən başlanan layihə üzrə artıq 100 mindən çox məqalə hazırlayıb. Artıq sistemin abunəçiləri də var. Proqramla 8 jurnalist çalışır. Onlar "Radar"ın real zamanda topladığı və qruplaşdırdığı məlumatları, foto və videoları həm özləri xəbərə çevirir, həm də müvafiq redaksiyalara yönləndirirlər. Reuters-in proqram təminatından fərqli olaraq "Radar" maliyyə və idman məlumatları ilə kifayətlənmir, bütün sahələri əhatə edir.

Süni intellektin inkişaf strategiyasında yeri

Çıxışlarda səslənən və diqqətçəkən fikirlərdən biri də bu texnologiyaların xeyli vəsait tələb etməsidir. Hesab edilir ki, kiçik agentliklər bu vəsaiti əldə edə bilməsələr, süni intellekt innovasiyalarından kənarda qala bilərlər. Amma çıxış yolu da var. Məsələn, Press Assocation agentliyinin "Radar" proqramı “Google” şirkətinin Rəqəmsal Xəbər Təşəbbüsü İnnovasiya Fondu (DNİ) tərəfindən maliyyələşdirilib.

Süni intellektin tətbiqi ilə bağlı, həmçinin Norveçin NTB, Almaniyanın APA, İspaniyanın EFE agentliklərinin təqdimatlarında da məqsədin böyük həcmdə məlumatların daha sürətlə və daha dəqiq təhlilinə yönəldiyi qeyd edilib.

Konfransda Press Association agentliyinin icraçı direktoru Klayv Marşalın moderatorluğu ilə dəyirmi masada TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, ANP agentliyinin rəhbəri Martin Bennis, Belga agentliyinin icraçı direktoru Tom Vuytak, STA agentliyinin baş direktoru Alyosa Rehar müzakirələr aparıblar. Əsas fikir ondan ibarət olub ki, agentliklər perspektiv inkişaf strategiyasında süni intellektin, avtomatlaşdırılmış sistemlərin, robot texnologiyalarının tətbiqini nəzərə alarsa, informasiya bazarında mövqelərini daha yaxşı möhkəmləndirə bilərlər.

Konfransın dəvətli qonağı - "Amazon" şirkətinin nümayəndəsi dillərin tərcüməsi və səsləndirilməsi texnologiyalarından danışıb. Bu metodika neyron texnologiyasına əsaslanır, özü öyrənən avtomatlaşdırılmış mexanizm olaraq sintetik nitq yaradır. Bu səbəbdəndir ki, robotların səsləndirilməsi insan səsinə maksimum yaxındır.

Süni intellektə qarşı çıxan jurnalistlər də var. Konfrans ərəfəsində France Press agentliyinin sabiq əməkdaşı Filip Oninnen mövzuya etiraz olaraq, insan beyninin daha mükəmməl və lazımlı olduğunu deyib. Onun fikrincə, robot texnologiyaları jurnalistlərin iş yerlərini itirməsinə gətirib çıxarır.

Jurnalistlər də etiraf edirlər ki, yeni texnologiyalar jurnalistikada daha sürətlə işləyən "personal"ın - robotların gəlişi deməkdir. Görünən odur ki, xəbər agentliklərinin də “Facebook”, “Google” kimi üztanıma, səslə idarəetmə və digər sistemlərdən fəal istifadə etməsi çox da uzaqda deyil.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə