Multimedia Mərkəzinin həyata keçirdiyi dövlət qurumlarının rəsmi internet resurslarının monitorinqi davam edir.
Məlum olduğu kimi Mərkəz 2006-cı ildən başlayaraq sistemli və peşəkar formada dövlət qurumlarının informasiya açıqlığı vəziyyətini araşdırır və müvafiq Hesabatlar və dövlət qurumlarının informasiya açıqlığı üzrə Reytinq Cədvəli tərtib edir.
Bu il həyata keçirilən Monitorinq prosesində yerli icra hakimiyyəti orqanlarının da rəsmi resurslarının informasiya açıqlığı və şəffaflıq vəziyyəti araşdırılır.
Həmçinin bu ilki Monitorinq prosesində eyni anda dövlət qurumları tərəfindən elektron formada xidmət göstərilməsinə hazırlıq vəziyyəti, eyni zamanda hazırda elektron formada təqdim olunan xidmətlərin də keyfiyyəti və əldə olunma vəziyyəti də Monitorinq olunur.
Monitorinq prosesi xüsusi yerli qanunvericiliyə və beynəlxalq normalara əsaslanaraq Mərkəz tərəfindən hazırlanan Metodika əsasında həyata keçirirlir.
Metodikada dövlət qurumlarının rəsmi İnternet resurslarında yerləşdirilən informasiyaların, xidmətlərin kəmiyyət və keyfiyyət cəhətdən analiz edilməsi və qiymətləndirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, bu günədək 15 Mərkəzi icra orqanı və 10 yerli icra hakimiyyəti orqanı monitorinq olunub.
Monitorinq prosesi “İctimai informasiya subyektlərinə məxsus ictimai informasiyaların açıqlanması vəziyyətinin Monitorinqi” Layihəsi çərçivəsində həyata keçirilir.
İyun ayınadək davam edəcək Monitorinq əsasında konkret hər bir dövlət qurumunun rəsmi saytı üzrə icmal və tövsiyələrin hazırlanması, dövlət qurumlarının informasiya açıqlığı üzrə Reytinq Cədvəlinin və Yekun Hesabatın hazırlanması nəzərdə tutulub.
Elektron formada təqdim olunan xidmətlərlə bağlı da ayrıca icmalın hazırlanması nəzərdə tutulub.
Monitorinqin nəticələri haqqında geniş məlumat www.informasiya.org resursunda yerləşdirilib
Xeberler.az