“İş yerindən arayış” elektron xidmət istifadəyə verildi

02-12-2014 / 12:09

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “İş yerindən arayış” elektron xidmətini istifadəyə verib.

Xeberler.az-ın məlumatına görə, dekabrın 2-də  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən “İş yerinə dair arayış” adlı elektron xidmətinin  təqdimat mərasimini keçirilib. 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev əhaliyə xidmət sisteminin müasir texnologiyalar əsasında təkmilləşdirilməsi ilə bağlı prezident İlham Əliyevin müəyyən etdiyi vəzifələrin icrası istiqamətində işlərin aparıldığını vurğulayıb.

İdris İsayev artıq yeni xidmətin “Elektron Hökumət” portalında (www.e-gov.az)  yerləşdirildiyini, eyni zamanda nazirliyin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsində eyni adlı bölməyə daxil olmaqla “Elektron Hökumət” portalındakı həmin xidmətə keçidin olduğunu bildirib: “Artıq vətəndaşlar işəgötürənə müraciət, vaxt və vəsait sərf etmədən iş yerindən arayış əldə edə biləcəklər. Belə ki,  müxtəlif təşkilatlar (dövlət və özəl qurumlar, banklar, məktəblər, bağçalar, səfirliklər və s.) vətəndaşdan iş yerlərinə və əmək haqlarına dair arayış istənildiyi halda, “İş yerindən arayış” adlı elektron xidməti vasitəsilə bunu əldə edə bilərlər”.

Nazir müavini bildirib ki, vətəndaşlar yeni elektron xidmətdən istifadə edərək ümumi təyinatlı və ya hər hansı bir konkret quruma təqdim etmək üçün, əmək haqqı göstərilməklə və ya əmək haqqı göstərilmədən iş yeri haqqında arayış əldə etmək imkanına malikdirlər. Bununla yanaşı, iki və daha çox iş yerində aktiv əmək müqaviləsi əsasında çalışdığı halda vətəndaşa hansı iş yerinə dair arayışı təqdim etməsi üçün seçim etmək imkanı da verilir. 

ƏƏSMN-nin İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov “İş yerinə dair arayış” elektron xidmətin texniki imkanları barədə məlumat verib. O, bildirib ki, elektron arayışda növündən asılı olaraq işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, həmçinin arayışın etibarlılıq müddəti kimi məlumatlar  da əksini tapır. Eyni zamanda “İş yerinə dair arayış” elektron xidmət arayış təqdim olunan quruma bu arayışı formalaşdırmış əmək müqaviləsi bildirişi üzrə dəyişikliklər barədə məlumatı əldə etmək imkanı verir. Lakin bu məlumatın ötürülməsi vətəndaşın razılığı şərti ilə və arayışın etibarlılıq müddətində mümkündür.  

Tədbirdə bildirilib ki, belə bir e-xidmətin istifadəyə verilməsi vətəndaşların real vaxt rejimində və rahat formada arayış əldə edə bilməsinə, bu prosesdə yarana biləcək bürokratik və ya süründürməçilik hallarının aradan qaldırılmasına imkan yaratmaqdır. 

Mirvari


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə