“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı 36 faiz artıb

08-08-2016 / 13:40

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron Hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətindən istifadə edənlərin sayı artıb.

Nazirlikdən Xeberler.az-a verilən məlumata görə, vətəndaşların getdikcə daha çox faydalandığı bu e-xidmətdən istifadə sayı cari ilin iyun ayı müqayisədə iyul ayında 36% artaraq 21808-ə çatıb.

“İş yerinə dair arayış” e-xidməti istifadəçiyə real vaxt rejimində öz iş yeri haqqında onun istəyinə uyğun olaraq ümumi təyinatlı, yaxud konkret bir quruma təqdim etmək üçün, əmək haqqı göstərilməklə və ya göstərilmədən e-arayış əldə etmək imkanı verir. Portal tərəfindən avtomatik olaraq formalaşdırılan iş yerinə dair arayışı müvafiq təşkilata elektron şəkildə göndərmək, yaxud çap edərək təqdim etmək  mümkündür. Arayışda işçi və işəgötürənə aid məlumatlar, əmək müqaviləsinin bağlandığı tarix və s. əksini tapır.

Bu e-xidmətdən istifadə nəticəsində istifadəçinin həmin arayışın alınması üçün işlədiyi müəssisənin aidiyyəti şəxslərinə müraciət etməsinə, bunun üçün vaxt və zəhmət çəkməsinə artıq ehtiyac qalmır. Eyni zamanda, arayışın təqdim edildiyi qurum arayışdakı ştrix-kod vasitəsilə və portaldakı müvafiq xidmətdən istifadə edərək, bu sənəddə əksini tapan məlumatların həqiqiliyini yoxlaya bilir.

“İş yerinə dair arayış” elektron xidməti 2014-cü ilin dekabr ayından əhalinin istifadəsindədir. Həmin vaxtdan cari ilin 01 avqust tarixinə qədər olan dövrdə vətəndaşlar bu e-xidmətdən ümumilikdə 336035 dəfə faydalanıblar.

Günel 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə