Regionlarda keyfiyyətli internet nə vaxt olacaq?

29-08-2017 / 14:47

Bölgələrdə rabitə xidmətlərinin keyfiyyət və sürəti ilə bağlı saytımıza çox sayda şikayətlər daxil olur. Belə ki, regionlarda yaşayan sakinlər internetin sürətinin zəif olduğunu vurğulayır.

Xeberler.az olaraq məsələni dəqiqləşdirməyə çalışdıq.

Azərbaycan İnternet Formunun prezidenti, Osman Gündüz də bu məlumatları təsdiqləyib. O qeyd edib ki, aparılan müşahidələr, monitorinqlər, bununla bağlı əldə edilən məlumatlar bir daha göstərir ki, regionlarda internetin keyfiyyəti, şəhərə nisbətən daha pis vəziyyətdədir:

“Xüsusən də mobil internetin keyfiyyətində və əlçatımlığında çox ciddi problemlər var. Adi sosial media resurslarından istifadə, multimedia məlumatların əldə olunması çox zaman mümkün olmur”.

Ekspert qeyd edib ki, bu yay bir çox rayonda olub və bu problemleri müşahidə edib:

“Mərkəzlərindən kənarda 3G-yə və keyfiyyətli internetə əlçatımlıq yetərli deyil, heç bir rayon mərkəzində 4G rast gəlmədim. Ümumiyyətlə, qonşu ölkələrlə müqayisədə bu sahədə ciddi geriləmələr var və bu sürətlə artmaqdadır”.

Nə üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN)  internetin keyfiyyəti və əlçatımlıqla bağlı monitroinq aparmır və bu istiqamətdə hansısa tədbirlər görmür ?

“Əslində, necə deyərlər, görünən dağa elə bir bələdçi də lazım deyil. O nəhənglikdə Azercell-in aldığı toplam sürət 12 Gb/s, Bakcell və Nar-da hətta bundan da azdır. Dövlət provayderi elan edir ki, müştərilərinin sayını 10 minlərlə artırıb. Amma baxırsan ki, onun bakbon-dan aldığı sürət heç bir faiz də olsa artmayıb. Bunun heç bir izahı yoxdur”.

Osman Gündüz bildirib ki, özəl provayderlərin ümumi infrastrukturdan istifadədə problemləri hələ də qaldığından keyfiyyətli internetlə bağlı da çətinliklər yaşanır:

“Ümumiyyətlə, düşünürəm, bu istiqamətdə dövlət nəzarəti yetərli deyil və son zamanlarda xeyli zəifləyib. Delta Telecom provayderlərə satdığı internet həcmini açıqlasa da, provayderlərin genişzolaqlı müştərilərinin sayı gizli saxlandığından buna ictimai nəzarərt də yetərli və effektiv olmur. Azertelekom-da isə hələlik provayderlərə satılan trafiklə bağlı heç bir məlumatlar açıqlanmır. Görünən budur ki, internetin keyfiyyəti günü-gündən pisləşir. Qiymətlər də qonşu ölkələrdən xeyli yüksəkdir”.

Forum prezidenti hesab edir ki, yeganə çıxış yolu bəzi ölkələrdə tətbiq olunan sərt qanunvericilik addımlarının atılmasıdır:

“Belə ki, qanunvericiliklə provayderlərin üzərinə son istifadəçiyə çatdırmalı olduğu minimal sürət həddi ilə bağlı öhdəliklərin qoyulması məqsədəuyğun olardı. Yəni, əgər abunəçi ilə müqavilədə hansısa X Mb/s sürət nəzərdə tutulubsa və müştəri bu sürətə görə ödəniş edibsə, o zaman provayder öhdəlik götürməlidir ki, bunun ən azı hansı hissəsini istifadəçiyə mütləq çatdırmalıdır. Əgər çatdıra bilməyəcəksə, bu haqda qabaqcadan müştərini xəbərdar edilməlidir. Məhz bu minimal hissə ilə bağlı NRYTN, İqtisadiyyat Nazirliyi, provayderlər, o cümlədən bakbone provayderlərin və ekspertlərin də iştirakı ilə müzakirələr aparılmalı və normativ aktın layihəsi hazırlanmalıdır”.

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.