Məlum olduğu kimi, sabahdan Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları - Bakutel 2016 Sərgi-Konfransı öz qapılarını ziyarətçilərin üzünə açacaq.
Regionun ən böyük sahəvi tədbirlərindən biri olan Bakutel sərgisi 20 ildən artıqdır ki, hər il telekommunikasiya sahəsinin aparıcı iştirakçılarını bir araya toplayır.
Xeberler.az-ın məlumatına görə, builki Bakutel sərgisi Azərbaycanda telefon rabitəsinin yaradılmasının 135 illik yubileyi ilə üst-üstə düşür. Elə bu səbəbdən də sərginin keçirildiyi müddət “İKT Həftəsi” kimi xarakterizə olunur.
Qeyd edilir ki, builki sərgi dünyanın 18 ölkəsini təmsil edən 200-ə yaxın şirkəti bir araya toplayır.
Tədbir iştirakçılarının 40 faizini Bakutel sərgisinin daimi eksponentləri təşkil edir.
İştirakçılar arasında aparıcı İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distributorları yer alır.
Bakutel sərgisinin builki qeydiyyat sponsoru qismində Azerfon şirkəti çıxış edir. Tədbirin texnologiyalar üzrə sponsoru isə sərginin keçirildiyi günlər ərzində bütün sərgi ərazisini ödənişsiz simsiz internet (Wi-Fi) ilə təmin edəcək Eurodesign şirkətidir.
Bu il debütantlar sərgi iştirakçılarının 30 faizini təşkil edirlər.
Bakıda keçirilən sərgiyə ilk dəfə qatılacaq iştirakçılar arasında Fransanın Vivaction, Rusiyanın Balt-Energo şirkətləri, Belarusun Beltelecom kimi dövlət strukturları, Xorvatiyanın Banksoft, Secom, Span, Amerikanın DELL EMC, Ukraynanın MUK, Çinin FEC və BBT Telecom şirkətləri, eləcə də CBC sport TV, GSS və digər yerli şirkətlər var.
Bu il dünyanın 9 ölkəsi - Niderland Krallığı, Avstriya, Belarus, İran, İtaliya, Sloveniya, Türkiyə, Xorvatiya və Fransa milli stendlərdə öz ölkələrinin aparıcı şirkətləri ilə yanaşı, həm Azərbaycan, həm də bütün Xəzəryanı region üçün innovativ hesab edilən layihələri, eləcə də İKT sahəsində məhsul və xidmətlərini təqdim edəcək.
Niderland Krallığı milli pavilyonla sərgidə ilk dəfə təmsil olunur.
İlk dəfə olaraq sərgi çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurum və müəssisələri eyni milli pavilyonda məhsul və xidmətlərini, həyata keçirdiyi layihələri təqdim edəcəklər.
Stenddə telekommunikasiya, poçt, yüksək texnologiyalar, o cümlədən peyk, nanotexnologiyalar, “Elektron hökumət” və “Elektron imza” infrastrukturu, Data Mərkəzin “bulud” texnologiyası əsasında xidmətləri üzrə həyata keçirilən layihələr və əldə edilmiş ən son nailiyyətlər nümayiş olunacaq.
Sərgi çərçivəsində görmə qabiliyyəti məhdud olan insanlar üçün “Danışan kitabxana”, dünyada “Google Art Project” kimi “Muzeylərin rəqəmsallaşdırılması” layihələri də təqdim ediləcək. Burada gənc mütəxəssislərə, habelə startapçılara potensial investorlarla əməkdaşlıq, eləcə də, öz ideya, məhsul və xidmətləri barədə məlumat vermək imkanı yaradılacaq.
Dörd gün davam edən sərgi rabitə, telekommunikasiya, peyk rabitəsi texnologiyaları, informasiya və ofis texnologiyaları, 4G-5G mobil şəbəkə və “bulud” texnologiyaları sahəsində xidmətlər, “elektron hökumət”, informasiya təhlükəsizliyi, kosmik texnologiyalar seqmentlərini əhatə edəcək.
Dünyanın tanınmış İT şirkətlərindən Huawei şirkəti sərgidə “My Beautiful Azerbaijan” (“Mənim gözəl Azərbaycanım”) layihəsini təqdim edəcək, ZTE şirkəti isə sərginin qonaqlarını “Smart Cities” konsepsiyası ilə tanış edəcək.
Sərginin işgüzar proqramı çərçivəsində Regional Rabitə Birliyinin (RRB) İnformasiya cəmiyyətinin inkişafı üzrə yüksəksəviyyəli İşçi qrupunun 4-cü toplantısı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin İKT sahəsi üzrə İşçi qrupunun 1-ci toplantısı və birinci Nazirlər Toplantısı keçiriləcək.
29-30 noyabr tarixində Hilton otelində keçiriləcək “Əşyaların interneti: Növbəti nəsil” konfransında yüksək aktuallıq daşıyan “əşyaların interneti” mövzusuna toxunulacaq. Konfrans Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Caspian Event Organisers və Huawei şirkətləri ilə birlikdə təşkil olunur.
Konfransda İKT sahəsində fəaliyyət göstərən aparıcı yerli və xarici şirkətlər iştirak edəcəklər.
“Əşyaların interneti” mövzusunu SAP şirkəti tərəfindən təşkil edilən "Sizin strateji üstünlüyünüz" seminarı davam etdirəcək.
Seminar 30 noyabr tarixində Bakı Sərgi Mərkəzinin 19 nömrəli otağında keçiriləcək və tədbirdə SAP şirkətinin müəssisələrin optimal şəkildə idarə edilməsi, əməyin mühafizəsi və avadanlıqların təmiri üçün təklif etdiyi “Digital Boardroom” həll variantı haqqında məlumat veriləcək.
Startaplar üçün Yüksək Texnologiyalar Parkı tərəfindən təşkil edilən “Youth Inc. Business Academy” Akselerasiya Proqramı” üzrə seminar 1 dekabr tarixində Bakı Sərgi Mərkəzinin 22 nömrəli otağında keçiriləcək.
2 dekabr tarixində Bakı Ekspo Mərkəzinin 22 nömrəli otağında təşkil ediləcək “İnformatika təhsili – Bakı 2019 və daha sonra” konfransında İKT sahəsi üzrə daha bir mövzu - təhsil sahəsində İKT: İKT sektorunun Azərbaycanda inkişafı və yaxın gələcəkdə bizi gözləyən məsələlər müzakirə olunacaq. Konfransın təşkilatçısı Azerbaijan ACM Chapter, Iteca Caspian və Caspian Event Organisers (CEO) şirkətləridir.
İlk dəfə olaraq, Bakutel sərgisi çərçivəsində iştirakçılar və peşəkar ziyarətçilər arasında Pamukkale Technopark Turkey şirkəti tərəfindən təşkil olunan “İnformasiya texnologiyaları” “B2B” formatlı görüşlər keçiriləcək. Bu görüşlər 30 noyabr - 1 dekabr tarixlərində Bakı Ekspo Mərkəzinin 21 nömrəli otağında təşkil olunacaq.
Həmçinin işgüzar görüş və danışıqlarla yanaşı, sərginin bütün ziyarətçi və iştirakçılarını informasiya texnologiyalarının istifadə olunduğu sürpriz, müsabiqə və viktorinalar da gözləyir.
Sərgidə ən son texnologiyaları təcəssüm etdirən “Əyləncə zonası” bütün ziyarətçilər üçün açıq olacaq.“Əyləncə zonası”nda "Made in Azerbaijan" brendi altında İnformasiya Texnologiyaları İnkişafı Dövlət Fondundan qrant almış, Yüksək Texnologiyalar Parkının İnkubasiya Mərkəzində fəaliyyət göstərən startapların yaratdıqları oyunların təqdim olunması nəzərdə tutulur. Bu oyunlar ölkəmizdə və xaricdə uğur qazanan, minlərlə dəfə yüklənilən yüksək keyfiyyətli qrafik oyunlardır.
“Formula 1 VR Baku City Circuit” oyunu - ən son virtual reallıq texnologiyası əsasında hazırlanan oyundur. Bu virtual reallıq oyunu Bakıda Formula 1 trasında yarış imkanı yaradır.
Fatal Fight dünyada 1000000 dəfədən çox yüklənilən müasir döyüş oyunudur.
Memory limit oyunu ilk dəfə Bakutel-2016 sərgisində təqdim olunacaq və sərginin ziyarətçilərinə bu oyunu test etmək imkanı yaradılacaq.
Two Heroes 2D platforması əsasında yaradılan milli koloritli oyunun əsas personajları milli nağıl qəhrəmanları Cırtdan və Məlikməmməddir.
Stenddə 360 dərəcəlik foto-video çəkilişləri də reallaşdırılacaq.
Sərgi təşkilatçıları da ziyarətçilər üçün bir sıra əyləncəli proqramlar hazırlayıblar. Belə ki, ziyarətçilər xüsusi eynəklər taxmaqla virtual reallığa daxil ola, eləcə də 3D qələminin köməyi ilə unikal əşya və predmetlər yarada biləcək.
Bundan başqa, Azərbaycanda ilk dəfə olaraq məhz Bakutel sərgisinin ziyarətçiləri mini-robotları idarə etməklə, əsl robot döyüşündə iştirak etmək, eləcə də “ağıllı” robot ilə danışmaq imkanı əldə edəcəklər.
Həmçinin sərgi iştirakçıları da öz stendlərində sürpriz, viktorina və müsabiqələrlə ziyarətçilərlə görüşə xüsusi hazırlaşıblar.
Bu il Bakutel sərgisi ilə bağlı yenilik isə tədbirin ilk üç gününün yalnız sənaye peşəkarları üçün “B2B” formatında keçirilməsi olacaq.
Sərgiyə uşaqları ilə gələnlər üçün xüsusi uşaq guşə və peşəkarlarına ayrılıb. Belə ki, Siz sərgi iştirakçıları ilə görüşlər keçirərkən, həmin peşəkar şəxslər uşaqlarınızı faydalı və maraqlı əyləncə növləri ilə sevindirəcək. Bu xidməti sizə “Aqil və Bilgi” şirkəti təklif edir.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri