Bu il imtahanlarda texnologiyalardan necə istifadə ediləcək?

16-02-2017 / 10:27

Azərbaycanda dövlət qurumları elektron xidmət sahəsində də fəaliyyətlərini genişləndirirlər.

Bəzi qurumlar da var ki, onlar digərləri ilə müqayisədə öz xidmətlərinin əksər hissəsini artıq elektronlaşdırıb, bu sahədə aktiv fəaliyyət göstərənlərdir.

Onlardan biri də Dövlət İmtahan Mərkəzidir. (Keçmiş TQDK).

Məlumat verdiyimiz kimi, TQDK geniş  istifadəçi auditoriyasını əhatə edən “Tələbə-məzun” və “Şagird və məzun”  e-xidmətlərini yaradaraq portala inteqrasiya edib.

Belə ki, portal istifadəçiləri “Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış”ı avtomatik olaraq formalaşdıraraq həm çap edə, həm də elektron şəkildə aidiyyatı quruma göndərə bilərlər.

“Tələbə-Məzun" dövlət elektron sistemi üzrə elektron müraciətin formalaşdırılması zamanı  fərdin kimliyi avtomatik müəyyən olunur, əlaqədar təhsil müəssisəsi seçilməklə tələb olunan müvafiq məlumatlar və müraciət qeyd olunur.

"Elektron Hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən  ilin 3 rübü ərzində  portalın xidmətlərindən ən çox istifadə edilən sahələr açıqlanmışdı.

Siyahıda TQDK-nın elektron xidmətlərindən istifadə edənlərin sayı  4245812 olub və siyahıda  2-ci olub.

Ümumiyyətlə, müşahidələr göstəri ki, TQDK  xidmətlərini daha tez elektronlaşdırmağa diqqət yetirir.

Qurum bu il  IX sinfin buraxılış imtahanlarında bəzi yeniliklər olub. Belə ki, markerlərin imtahan cavablarını yoxlaması üçün  xüsusi sistem yaradılıb, həmçinin də bu məqsədlə xüsusi proqram təminatı hazırlanıb.

Xeberler.az olaraq DİM-in bu sahədə gördüyü işlərlə yaxından maraqlandıq.

Görəsən, markerlər imtahan cavablarını harada və necə yoxlayacaq?. Nəticələrin obyektivliyi necə  təmin olunacaq?. Bundan əlavə, bizə də maraqlıdır ki, TQDK-da bu işləri görənlər kimlərdir?

Qeyd edilən məsələlərlə bağlı Dövlət İmtahan Mərkəzi Xeberler.az-ın suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Dövlət İmtahan Mərkəzi ( TQDK) e-xidmətlərindən ən çox istifadə olunan qurumlar arasında 2-cidir. Bir məqam maraqlıdır ki, qurumun xidmətlərinin portala inteqrasiyasını, elektronlaşdırılmasını kimlər edir? Yəni, bu DİM-in öz mütəxəssisləri tərəfindən həyata keçirilir, yoxsa kənar şirkətlərin, mütəxəssislərin köməyindən istifadə olunur?

- DİM elektron hökümət quruculuğu sahəsində ən aktiv fəaliyyət göstərən qurumlardan biridir. Mərkəz öz işində informasiya texnologiyaları imkanlarından yetərincə istifadə edir. Nəzərə almaq lazımdır ki, DİM-in keçirdiyi müxtəlif təyinatlı imtahanlarda hər il yarım milyondan çox insan iştirak edir. İKT- ni kütləvi proseslərin idarə olunmasına tətbiq edən ilk dövlət qurumu DİM olub. Məhz elektron xidmətlərin bu proseslərə tətbiqi  işin öhdəsindən layiqincə gəlməyə imkan verir. Dövlət İmtahan Mərkəzi bu sahədə 20 ildən artıqdır ki, fəaliyyət göstərir. Bu müddətdə DİM-də yüksək ixtisaslı, peşəkar kadr heyəti formalaşıb. Bu gün Mərkəz vətəndaşlara 15 növ  elektron xidmət göstərir və onların hamısı “Elektron hökumət” portalına inteqrasiya olunub. Vətəndaşlara və müxtəlif qurumlara göstərilən elektron xidmətlərin fəaliyyətini təmin edən tətbiqi proqramlar qurumun öz mütəxəssisləri tərəfindən hazırlanıb və hal hazırda uğurla tətbiq olunur. 

- Adətən dövlət qurumlarında İKT sahəsindəki peşəkar mütəxəssisləri saxlamaq çətin olur. DİM mütəxəssisləri  həvəsləndirmək üçün nələr edir? Əmək haqları normaldırmı?

-Mərkəzi İcra Hakimiyyəti orqanı kimi TQDK-nın əməkdaşları dövlət qulluqçusu idi. Qanunvericiliyə əsasən, hər bir işçiyə vəzifə maaşına, səlahiyyət həcminə, peşəkarlıq səviyyəsinə, qulluq stajına və s. uyğun dövlət məvacibi ödənilirdi. Bundan əlavə dövlət qulluqçularının mükafatlandırılması məqsədilə ildə bir neçə dəfə əlavə vəsaitlər ödənilirdi. DİM isə publik hüquqi şəxsdir. Artıq dövlət büdcəsindən qurumun saxlanılmasına və fəaliyyətinə maliyyə vəsaiti ayrılmır. Mərkəz göstərdiyi xidmətlərə əsasən özü-özünü maliyyələşdirəcək və işçilərə əmək haqlarının ödənilməsi xidmətlərdən əldə edilmiş vəsait hesabına görülən işin həcmindən  asılı olaraq həyata keçiriləcək.

- Məlum olduğu kimi, IX sinfin buraxılış imtahanlarında bəzi yeniliklər olub. Markerlər imtahan cavablarını harada və  necə yoxlayır?  Onların obyektivliyini necə qoruyursunuz? . Proqram təminatı harada hazırlanıb və kimlər nəzarət edir?

-Markerlər yazı işlərini (imtahan cavablarını) DİM-də bu məqsədlə hazırlanmış, müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında yoxlayırlar. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı DİM-in mütəxəssisləri tərəfindən hazırlanıb. Sistemdə yazı işlərinin yoxlanılması zamanı qarşıya çıxa biləcək subyektiv yanaşmaların (markerin yazı işinin müəllifini tanıması və onun özünün pedaqoji keyfiyyətlərindən irəli gələn fərdi yanaşması) qarşısının alınması üçün tədbirlər görülüb. Yazı işini yoxlayan markerin yazı işinin müəllifini tanıyaraq ona bilərəkdən aşağı və ya yuxarı qiymət yazmağının qarşısı proqram təminatı ilə tam alınır.

-Buna necə nail olacaqsınız ? Bunu da proqram təminatı icra edəcək?

-Hər bir yazı işi iki marker tərəfindən qiymətləndirilməklə (2 markerin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən üçüncü markerə göndərilir) yanaşı, yoxlama zamanı markerin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat (ad, soyad, ata adı, şagird kodu, ünvan və s.) olmur. Monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyar və qiyməti daxil etmək üçün müvafiq sahə verilir. Həmçinin, proqram bir şagirdin yazı işini həmin şagirdin yaşadığı zonadan olmayan markerlərin monitoruna ötürür. Marker yoxlamanı bitirdikdən sonra onun gün ərzində yoxladığı işlərin şərti kodlarının və həmin işlərə verdiyi qiymətlərin proqram tərəfindən hazırlanmış siyahısı (protokolu) çap edilir və marker tərəfindən imzalanır.

-Bəs  hər bir markerin qiymətləndirilməsində subyektivliyi necə aradan qaldıracaqsınız ?

-Yazı işini yoxlayan markerin özünün pedaqoji keyfiyyətlərindən irəli gələn fərdi yanaşmasının  minimuma endirilməsi məqsədilə imtahanda şagirdlərə təqdim olunan hər bir tapşırıq üçün ayrıca qiymətləndirmə meyarı hazırlanır və markerlər hər hansı bir tapşırığa aid yazı işini yoxladıqda məhz həmin tapşırığın qiymətləndirmə meyarına əsaslanırlar. Bu qiymətləndirmə meyarlarında aid olduğu tapşırığın mümkün həll üsulları və ehtimal olunan (gözlənilən) cavablar nəzərə alınır. Qiymətləndirmə meyarı tapşırığın yoxlanılması üçün dolğun təlimatdır və marker yazı işini qiymətləndirərkən həmin tapşırığın qiymətləndirmə meyarından kənara çıxmamalıdır. Bununla belə, markerlər yazı işlərinin yoxlanılmasına monitorinq imtahanlarının real yazı işləri üzərində hazırlanmış praktik treninqlərdə iştirak edib uğurlu nəticə əldə etdikdən (yəni öz fərdi yanaşmalarına üstün gələ bildikdən) sonra cəlb olunurlar.

- Məleykə Abbaszadə bildirib ki, IX sinif üzrə buraxılış imtahanlarının formaları (nümunələri) - sual vərəqi, cavab kartı və inşa üçün yazı vərəqi DİM-in xüsusi mətbəə proqram təminatı vasitəsilə hər bir şagird üçün fərdi şəkildə çap olunacaq və təhlükəsizliyi barkodla qorunacaq. Bu proses necə icra olunacaq,  xüsusi mətbəə proqramı haradadır və kimlər nəzarət edir?

-2014-ci ildən TQDK çap edilən imtahan materiallarının keyfiyyətini yüksəltmək, insan müdaxiləsi tələb etməyən, tam avtomatlaşdırılmış çap vasitəsilə imtahan materiallarının təhlükəsizliyini artırmaq məqsədilə “Sual Kitabçalarının Rəqəmsal üsulla Hazırlanması və Auditi sistemi” layihəsini tətbiq edir. DİM-in keçirdiyi bütün növ imtahanlarda hər bir imtahan iştirakçısı üçün tam avtomatlaşdırılmış şəkildə, imtahan zalları üzrə paketlənmiş fərdi sual kitabçaları hazırlanır. Çap olunmuş hər bir sual kitabçasının üzərində həm açıq, həm də kodlaşdırılmış şəkildə abituriyentə dair bütün zəruri şəxsi məlumatlar qeyd edilir. Kitabçaların fərdi məlumatları ehtiva etməsi imtahanlarda yazılı tapşırıqlardan da istifadə etməyə imkan verir. Yazı işlərini sonradan yoxlanılması məqsədilə skan edərkən kodlaşdırılmış fərdi məlumatlar sayəsində onların kimə məxsus olduğunu təyin etmək mümkün olur.

-Bəs təhlükəsizlik necə təmin olunur ?

-Kitabçaların tam avtomatlaşdırılmış şəkildə, kodlaşdırılaraq  hazırlanması bütövlükdə imtahan prosesinin  təhlükəsizliyini daha da artırır. Qeyd olunan avadanlıq böyük ərazini tutur və DİM-in icarəyə götürdüyü ayrıca binada quraşdırılmışdır. İmtahan zamanı binada tam qapalı şərait yaradılır və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən təhlükəsizlik təmin edilir.

-Universitet tələbələrinə arayış vermək üçün xidmət də elekronlaşdırılıbmı? Məsələn, universietdə oxuyan hər hansı tələbə TQDK balını öyrənmək istəsə, onlayn müraciət edə bilirmi?. Bu fəaliyyət necə həyata keçirilir?

- TQDK tərəfindən keçirilən imtahanlarda toplanılan bal haqqında arayışla bağlı əsasən təhsillərini xaricdə davam etdirmək istəyən vətəndaşlar müraciət edirlər. Təhsil Nazirliyi tərəfindən xaricdə təhsil üzrə dövlət proqramı xətti ilə təhsil almaq istəyən vətəndaşlardan  arayış tələb olunmur. Çünki nazirlik bu məlumatı “Tələbə-Məzun”  elektron məlumat bazasından götürmək imkanına malikdir. Öz imkanları hesabına xaricdə təhsil almaq istəyənlər isə DİM-ə müraciət edib müvafiq arayışı əldə edə bilərlər. Lakin məlumat üçün bildirək ki, DİM-in arxivindən vətəndaşlar haqqında çıxarışların verilməsi ilə bağlı xidmətin yaradılması üzərində iş aparılır.

-Bununla yanaşı, univetsitetə yeni qəbul olunmuş abituriyentlərdən qeydiyyat üçün bəzi sənədlər tələb edilir. Onlardan biri də TQDK-dan balı təsdiq edən sənəddir. Bu sənədi necə əldə etmək olar? Elektron formada müraciət etmək mümkündürmü?

- Ali və orta ixtisas təhsili müəssiələrinə qəbul olunmuş abituriyentlərin qeydiyyatı qəbul olunduğu təhsil müəssisəsi tərəfindən aparılır. Təhsil müəssisələrinin qeydiyyatı aparan məsul şəxsləri elektron bazaya daxil olub  abituriyent haqqında məlumatlara baxmaq imkanına malikdir. Əlavə olaraq qəbul balı təsdiq edən sənəd tələb olunmur.

- Yeni hansı e-xidmətlər gözlənilir?

-Yeni elektron xidmətlər hazırlandıqca məlumat veriləcək.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə