“Dünyada operatorlar bir abunəçi cəlb etmək üçün gecə-gündüz çalışır”

19-09-2009 / 13:03

CATEL MMC-nin tətbiq etdiyi əcaib rüsumla bağlı yazmışıq. Xatırladaq ki, şirkətin bir tarif paketindən digərinə keçid üçün abunəçilərdən 10 manat “rüsum” alması yazıda tənqid obyekti olmuşdu. Həmçinin yazıda bunu soyğunçuluq adlandırmışıq.

CATEL MMC-nin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin direktor müavini Günel Heydərovanın imzası ilə redaksiyamıza ünvanlanan məktubda isə qeyri-peşəkarlıqda, obyektiv yazı yazmamaqda suçlanmışıq.Məktubda şirkətin 30 iyun 2009-cu il tarixdə stasionar simsiz (CDMA) telefon xidməti abonentləri üçün yeni “Universal-10\" tarif paketini təqdim etdiyi qeyd olunur.

Həmçinin bildirilir ki, bu tarif paketinə qoşulma haqqı həm mövcud, həm də yeni abonentlər üçün 10 AZN təyin olunub: ”Bununla da, “Universal” tarif paketində aylıq abunə haqqı 20 AZN olan və mobil nömrələrə daha az zəng edən abonentlər üçün “Universal-10\" tarif paketinə keçmək daha sərfəli oldu”. Yeni tarif paketinin üstünlüklərindən bəhs edən xanım Heydərova sual edir: “İndi siz özünüz deyin, bu əcaib və yaxud soyğunçuluqdurmu?”

Cavab məktubunda bir tarif paketindən digərinə keçməkdən ötrü abunəçilərdən nə üçün 10 manat alınmasına aydınlıq gətirilməsə də, sonradan Günel xanımla əlaqə saxladıqda qəribə cavab aldıq. Sən demə, 10 manatlıq “rüsum” “Universal” tarif paketindən “Universal-10\" tarif paketinə axının qarşısını almaq məqsədilə tətbiq edilirmiş. Bu, nə dərəcədə düzgün siyasətdir?

“Əgər doğrudan da sizə bu cür cavab verilibsə, mən bunu telekommunikasiya sektorunda görünməmiş izahat kimi qiymətləndirirəm”. Bunu yaranmış durumu qəzetimizə şərh edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz dedi. Onun sözlərinə görə, “CATEL” özəl şirkət olduğu üçün keyfiyyətli xidmət göstərməyə və daha çox pul qazanmağa maraqlı olmalıdır: “Görünür, onlar öz informasiya sistemlərini dayanıqlı və keyfiyyətli xidmət göstərmək istiqamətində qurmayıblar. Hər bir telekommunikasiya sistemi müəyyən infrastrukturdan ibarətdir. Yəni bunun baza stansiyaları, daxili proqram təminatı və s. var. Bunlar həmişə müştərilərin sayına uyğun olaraq hesablanır. Yəqin ”CATEL\" yeni tarif paketini müştərilərin sayına uyğunlaşdırmayıb, az sayda kontingent üçün hesablayıb. Bunlar hansısa xidmət göstərəndə qorxurlar ki, hamı ondan istifadə edəcək və sistem çökəcək. Kifayət qədər məntiqsiz yanaşmadı, mən təəssüf edirəm\".

Osman Gündüzün sözlərinə görə, hər hansı xidmət təqdim olunarkən müştəri əsas götürülməlidir, nəinki şirkətin öz sistemi: “Öz sistemlərini qorumaq siyasəti yürüdürlər, bu da yolverilməzdir. Özəl şirkətlər daha çox abunəçi haqda düşünməlidirlər. O dövlət qurumlarıdır ki, məhdud sayda xidmət kifayət edir. Dünyada bu sahədə siyasət belədir ki, operatorlar çalışırlar ki, xidmətlərin və müştərilərinin sayı çox olsun, tarif aşağı.

Bizdə ümumiyyətlə, telekommunikasiya sektorunda yanaşma dünyadan tamam fərqlidir. Burada prinsip belədir: müştərim məhdud, tarif yüksək, xidmətlərin sayı da az olsun. Neçə illərdir bu cür yanaşma mövcuddur, dəyişmir də. Dünyada operatorlar bir abunəçi cəlb etmək üçün gecə-gündüz çalışır, fərdi xidmətlər tətbiq edir”. Həmsöhbətimizin fikrincə, bunun kökü müvafiq siyasətin düzgün qurulmamasındadır. Mütəxəssisə görə, özəl şirkətlər bu məqamda sərbəstdirlər: “Bazarda oyun qaydaları tənzimlənməlidir.

Bütün neqativliklərin nəticəsində istehlakçının hüquqları tapdanır. Azərbaycanda telekommunikasiya sahəsi istehlakçıların hüquqları çox pis qorunan sahəyə çevrilib. Təsəvvür edin ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi həm kommersiya səlahiyyətlərini, həm tənzimləməni, həm də istehlakçıların hüquqlarının qorunmasını həyata keçirir. Bu sahədə dövlət siyasətini həyata keçirən qurumun səlahiyyətlərinə aydınlıq gətirilməlidir. Yoxsa vəziyyət bu cür də davam edəcək”.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə