"Avqust ayında tamamlanacağı bildirilən, cəmi üç bölgədə ( Gəncə, Quba və Masallı) reallaşan regional elektron hökumət işləri başa çatdırılmayıb.
Layihə VXSİ Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi və Almaniya Beynəlxlaq Əməkdaşlıq Cəmiyyəti tərəfindən həyata keçirilir."
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
Ekspert bildirib ki, layihə çərçivəsində ölkədə regional elektron hökumətin əsas komponenti olan “Rəqəmsal icra hakimiyyəti” portalı hazırlanmalıydı. Portal bütün ölkə üzrə yerli icra qurumlarının təqdim etdiyi xidmətlərə giriş imkanı verməlidir. EHİM tərəfindən adı çəkilən bölgələrdə icra qurumalrı üçün təlimlər keçirilsə də görünən odur ki, uzun müddət keçməsinə baxmayaraq cəmi 3 bölgə üçün nəzərdə tutulan pilot layihə indiyədək yekunlaşmayıb:
"Müşahidələr göstərir ki, yerli icra qurumlarının rəqəmsallaşma səviyyəsinin və əməkdaşların rəqəmsal bacarıqlarının yetərli olmaması, icra qurumlarının zəruri məlumatları vaxtında elektron formada təqdim edə bilməməsi, bəzi hallarda rəqəmsallaşmaya və məlumatların təqdim edilməsinə etinasız yanaşması, bu istiqamətdə hüquqi-normativ bazanın inikaş etməməsi regional rəqəmsal hökumət quruculuğuna maneçilik yaradır.
Düşünürəm ki, cəmi 3 bölgədə gerçəkləşən pilot layihənin yetərincə uzun zaman alması doğru bir hal deyil. Regional rəqəmsal Portalın istifadəyə verilməməsi səbəbləri haqqında indiyədək açıqlama da verilməyib. EHİM bu istiqamətdə səyləri gücləndirməli, regional rəqəmsal hökumət quruculuğuna və rəqəmsal savadlılığın artırılmasına ciddi resurslar ayırmalı, inteqrasiyanı gücləndirməli və hüquqi bazanı inkişaf etdirməlidir".
Osman Gündüzün sözlərinə görə, Şamaxıda uğurla həyata keçirilən rəqəmsal hökumət həlləri onu deməyə əsas verir ki, səyləri və resursları gücləndirməklə, daha məsuliyyətli yanaşma ilə qısa zamanda regionlarda da rəqəmsallaşmada uğur qazanmaq mümkündür. Yeri gəlmişkən, EHİM nəhayət ki, Elektron Hökumət Portalı (e-gov.az ) və MyGov Portalı (my.gov.az) arasında paralelçiliyin aradan qaldırılmasına, hələ də yarımçıq qalan inteqrasiya işlərinin başa çatdırılmasıa, rəqəmsal hökumətlə bağlı vahid resursun formalaşmasına ciddi diqqət yetirməlidir.
"Vətəndaşlar hələ də vahid bir məkandan e-xidmətlər əldə etməkdə çətinlik çəkirlər, bir dövlət qurumunda vətəndaşla bağlı məlumat olsa da digər dövlət qurumu hələ də onu vətəndaşdan yenidən tələb edir.
Uzun müddətdir ki, bu problemlər öz həllini tapa bilməyib.
Dövlət resurslarının inteqrasiyası ilə bağlı Prezidentin fərmanı olmasına baxmayaraq indiyədək də bir çox dövlət qurumlarının məlumat bazaları və informasiya sistemləri nə e-gov.az, nə də my.gov.az –a inteqrasiya olunmayıb. E-gov.az -dan imtina edən EHİM gərək 3 il ərzində inteqrasiyanı başa çatdıraydı və myGov-u tam olaraq bitirəydi".