Ekspert:Azərbaycanda 5G infrastrukturu nə zaman qurulacaq?

16-08-2022 / 16:53

İki ildir ki, dünyanın bir çox ölkələri kommersiya yönümlü 5G mobil şəbəkələri qurmağa başlayıblar. Müşahidələr göstərir ki, artıq qonşu ölkələr də pilot rejimdə 5G şəbəkələrini qurublar.

Xeberler.az bildirir ki, bununla bağlı Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz paylaşım edib.

“ Bir müddət bundan öncə Dövlət Radiotezliklər İdarəsində görüşümüz zamanı qurumun bu istiqamətdə araşdırma apardığı, geniş təqdimatın olduğu və araşdırmanın nəticələrinin Nazirliyə təqdim edildiyi barədə məlumat verilmişdi.

5G ilə bağlı Azərbaycan indiyədək hansı addımları atıb ? Hər bir mobil operator öz şəbəkəsini quracaq, yoxsa bir operatorun şəbəkəsindən istifadə ediləcək?

Təəssüf ki, hələlik bununla bağlı hər hansı real addımlar müşahidə olunmur.

Düşünürəm ki, biz bu məsələdə xeyli gecikirik. Hökumətin bununla bağlı bir konsepsiyası olmalıdır. RİNN 5G-dən istifadənin üstünlükləri, onun texniki-texnoloji aspektləri, təhlükəsizlik aspektlərini əhatə edən konseptual bir sənəd ortaya qoymalıdır.

Əslində, bunu çox ehtiyatla yazıram. Ehtiyat edirəm ki, bu tip konsepsiyanın da taleyi RİNN-nin indiyədək hazırladığı və təsdiqlənmədiyi çoxsaylı konseptual sənədlərinin gününə düşəcək.

Zənnimcə, hökumət, RİNN öncədən müəyyən etməli və açıqlamalıdır ki, dövlət sektoru üçün, biznes üçün, cəmiyyət üçüm 5G hansı imkanları yaradacaq.

5G yalnız mobil rabitə və internet üçün deyil, həm də əşyaların internet üçün, Ağıllı şəhər və kəndlər üçün nəzərədə tutulur.

5G infrastrukturu üçün tənzimləyici, iqtisadi və təhlükəszilik məsələləri necə qurulacaq, biznes model necə olacaq, ekosistem necə formalaşacaq? Bir şəbəkə qurulub hamı operatorlar ondan yaralanacaq, yoxsa hərəsi özününkünü formalaşdıracaq?

5G-nin tətbiqi ilə 2G/3G xidmətləri dayandırılacaqmı ? ( Belə təcrübə artıq var- dövlətin telekommunikasiya operatorları GPON infrastukturunu qurandan sonra aşağı sürətlər ləğv edilib.)

5G üçün hansı avadanlıqlardan istifadə olunacaq ? 5G -ni dəstəkləyən bütün telefonlar şəbəkədə işləyəcəkmi ? və s. Suallar çoxdur. Və şəbəkə qurulmazdan öncə bunlar müəyyən edilməlidir.

Qonşu ölkələrdə bu tip məsələlərlə bağlı müsbət və eyni zamanda mənfi təcrübələr ( vahid şəbəkədən istifadə ilə bağlı) formalaşıb.

Ciddi əhəmiyyət kəsb edən məsələlərdən biri də 5G üçün tezlik resursunun mövcudluğu və operatorlar tərəfindən hansı qaydada əldə ediləcəyidir. Ümumiyyətlə, bizdə dövlətə məxsus və məhdud olan tezlik zolaqlarından istifadə sahəsində ciddi problemlər var.

Elə qurumlar var ki, uzun müddətdir tezlik resurslarını əldə edib, hər il cüzi istifadə xərcini də ödəyir, lakin demək olar ki, bu resursdan istifadə etmir.

Maraqlıdır ki, tez-tez benzin və kommunal xidmətlərin tariflərinə əl gəzdirən Tarif Şurası az qala 20 ildir ki bu tariflərdə heç bir dəyişiklik etməyib. Fikrimcə, effektiv və səmərəli istifadə olunmayan tezlik resurslarının geri alınması mexanizmləri işlənməlidir.

Düşünürəm ki, RİNN və Dövlət Radiotezliklər İdarəsi, yeni yaradılan Radiotezliklər üzrə Dövlət Komissiyası bu istiqamətdə səylərini gücləndirməlidir.

2022─2026-ci illərdə sosial-iqtisadi inkişaf strategiyasında da bu məsələ xüsusi qeyd olunub. 5G üçün tezliklərin təmizlənməsi və yararlı hala gətirilməsinə, bu tezliklərdən istifadə haqqı məsələsinə və bu tezlikləri daha rəqabətli formada, məsələn , auksionlar vasitəsilə təqdim edilməsinə diqqət yetirilməlidir.Gərək tezlik resursları müəyyən olunsun ki operatorlar avadanlıq problemini zamanında həll etsinlər. Mobil operatorlara konkret ərazilər üzrə pilot formada 5G şəbəkəsinin qurulması üçün imkanlar yaratmaq da doğru olardı”.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə