“Elektron hökumət”in yaradılması prosesi niyə sona çatmır?

13-02-2015 / 18:36
Ələsgər Məmmədli: “Elektron hökumət”in yaradılması ilə bağlı proses 2013-cü ildə sona çatmalı idi, ancaq hələ də yekunlaşmayıb”
 
Osman Gündüz: “Tendensiya belədir ki, həm xidmətlərin elektron formaya keçirilməsində, həm də informasiya açıqlığında inkişaf dinamikası var”
 
Bir zamanlar həm mətbuatda, həm də ictimai sektorda dəbdə olan “elektron hökumət” ifadəsi demək olar ki, unudulub. Bir neçə il öncə hamı çox böyük həvəslə mərkəzi və yerli icra orqanlarının həyata keçirdiyi xidmətlərin onlayn versiyasının yaradılacağını və artıq evdən çıxmadan bir çox problemləri “elektron hökumət”lə həll edəcəyini gözləyirdi. 
 
Gözlənilən vaxt gəldi və keçdi. Ancaq hələ də vətəndaşa lazım olan xidmətlərin intenet məkanına daşınması prosesi başa çatmayıb. Düzdür, hər birimiz çox asanlıqla vergi hesabatlarımızı və kommunal borclarımızı onlayn rejimdə ödəyə bilirik. Çünki bu prosesdə hökumət qazanır və bu sahənin yaxşı işləməsində maraqlıdır. 
 
Bəs, görəsən vətəndaşın sosial təminatını və ya sadə bir arayış alması üçün gərəkli olan xidməti elektron şəkildə həyata keçirmək mümkündürmü? 
 
Bəzi dövlət qurumlarının saytına elektron şəkildə ünvanladığımız sorğunun cavabı ən yaxşı halda 1 həftədən sonra məktub şəklində poçtla göndərilir. Belə olan halda, ölkə başçısının verdiyi sərəncamlar, 450 xidmətin elektron hökumət portallarına daşınması nə üçün baş tutmur? 
 
Media hüququ üzrə ekspert Ələsgər Məmmədli bildirdi ki, bu sahəyə ictimai nəzarət olmadığından hökumət dairələri elektron xidmətlərin həyata keçirilməsində maraqlı deyillər: “Elektron  hökumət”dən danışarkən ilk növbədə elektron xidmət və informasiya açıqlığı məsələsini ayırmaq lazımdır. QHT sektoru düşdüyü vəziyyətə görə bu il dövlət qurumlarının internet saytlarının monitorinqini keçirə bilmədilər. Hökumətə ictimai nəzarət olmadığı zaman geriləmə müşahidə olunur. Əslində, bu prosesə Ombudsman nəzarət etməlidir. Ancaq Ombudsman Aparatı bir neçə dəfə elan etdi ki, onlara bu sahədə ştat ayrılmayıb və bu səbəbdən “Elektron hökumət” saytlarını monitorinq etməkdən imtina etdilər. Faktiki olaraq iki ildir ki, Ombudsman Aparatı bu istiqamətdə heç bir iş görməyib. Beləliklə də, dövlət qurumları öz üzərinə düşən vəzifələri yerinə yetirmək əvəzinə daha əvvəl mövcud olanları da daraltmaqla məşğuldurlar. Məsələn, Ədliyyə Nazirliyinin e-qanun.az saytında axtarış sistemi faktiki olaraq,  istifadəsi mümkün olmayan hala gətirilib. “Azərenerji” ASC-nin saytında informasiya sorğusu və ya ərizə göndərilməsi üçün imkan yoxdur. Energetika Nazirliyinin saytında vətəndaşın elektron müraciət edə bilməsi üçün heç bir imkan yoxdur. Bu kimi hallar insanları çox narahat edir”.
 
Ekspertin sözlərinə görə, hökumətin göstərdiyi xidmətlərin çox sürətlə elektron mühitə daşınması əvəzinə, elementar informasiyanın belə, normal şəkildə təqdim olunmaması orada xidmətin keyfiyyətini də şübhə altına salır: “Bu baxımdan dövlət qurumları qanundan doğan vəzifələrinin məsuliyyətini dərk edərək, bu məsələləri qısa zamanda həyata keçirməyə borcludurlar. Xüsusilə də mərkəzi icra hakimiyyəti orqanları və onların informasiya verməklə, xidmət göstərməklə mükəlləf olan digər yerli qurumlarının üzərinə çox iş düşür. Burada Ombudsmanın da vəzifəsi mövcud problemləri dövlət qurumlarının diqqətinə çatdırmaqdır. “Elektron hökumət”ə keçid çox yaxşı bir proyektdir və mən düşünürəm ki, bu, insan resurslarına, zamana qənaətdir və xidmətin keyfiyyəti baxımından ənənəvi xidmətdən daha üstündür. İnsanlar elektron xidmətdən istifadə etməklə zamana qənaət etmiş olur. Ancaq bu sistemli iş tələb edir. “Elektron hökumət” sadəcə, bir sayt yaradıb, orada xidmət bölməsi açmaqla deyil. Hər hansı dövlət qurumunun saytında vətəndaşla əks əlaqə təmin olunmalıdır. Ölkədə bununla bağlı həm prezidentin çoxsaylı sərəncam və qərarları var, həm də qanunvericilik də “Elektron hökumət”in yaradılmasını tələb edir. Dövlət qurumları nəzarətsizlikdən doğan rahatlıqdan imtina etməlidirlər, ictimai qurumların da bu istiqamətdə fəaliyyəti artmalıdır. Media da “Elektron hökumət”in yaradılması məsələsinə diqqət ayırmalıdır. Çünki informasiyaların əldə edilməsi baxımından “Elektron hökumət” jurnalistlərə hər kəsdən daha çox lazımdır. Lakin demək olar ki, mətbuatda bu məsələ unudulub”. 
 
Ə.Məmmədlinin sözlərinə görə, “Elektron hökumət”in yaradılması ilə bağlı proses 2013-cü ildə yekunlaşmalı idi: “Prezidentin son sərəncamında 442-dən çox xidmətin “Elektron hökumət” portalına daşınması  nəzərdə tutulurdu. Ancaq bunlardan bir qismi yarımçıq qalmışdı. “Elektron hökumət”in mövcudluğu davamlı iş tələb edir. Söhbət saytın yaradılmasından getmir. Elektron xidmətin hər hansı bir tarixi yoxdur ki, bu müddətə yekunlaşdırıb, sonra arxayın oturmaq olar. Hazırda 2015-ci ili yaşayırıq, “Elektron hökumət”in yaradılması üçün son tarix çoxdan bitib. Ancaq xidmətin keyfiyyəti aşağı səviyyədədir. Bir neçə qurumda vəziyyət yaxşı olsa da, digərlərində vəziyyət dəyişməyib. Əlbəttə, burada vətəndaş cəmiyyətinin düşdüyü vəziyyət, maliyyə imkanlarının məhdudlaşdırılması dövlət qurumlarında da bəzi vəzifələrin gözardı edilməsi ilə nəticələndi”.  
 
Azərbaycan İnternet Forumunun prezidenti  Osman Gündüz isə elektron hökumətə keçidlə bağlı prosesdə irəliləyişlərin olduğunu vurğuladı: “Bizim müşahidələrimiz göstərir ki, “Elektron hökumət” quruculuğu istiqamətində irəliləyişlər var, əvvəlki dövrlərlə müqayisədə vəziyyət daha yaxşıdır. Hazırda açıqlanması məcburi olan informasiyaların sayta yerləşdirilməsindən daha çox xidmətlərin sayının artırılması müşahidə olunur. Biz  7 ildən çoxdur ki, dövlət qurumlarında internet resurslarının informasiya açıqlığı üzrə monitorinqlər həyata keçiririk. Monitorinqlər nəticəsində məlum olub ki, hər il 5-10 faiz açıqlıq göstəricisi artıb. Son olaraq mərkəzi icra hakimiyyəti orqanlarında açıqlıq göstəricisi 35 faizin üzərində idi. Ancaq yerli icra hakimiyyəti orqanlarında bu çox aşağı idi və 10-15 faiz təşkil edirdi. Bu, çox pis  göstəricidir. Elektron xidmətlərə gəlincə, hökumət tərəfindən təsdiqlənən bir siyahı var ki, 450 xidmət elektron şəkildə həyata keçirilməlidir. 450 xidmətdən 350-dən çoxu elektron formaya keçirilib, təxminən 100 xidmət qalıb ki, məcburi formada elektron formatda təqdim olunmalıdır. Tendensiya belədir ki, həm xidmətlərin elektron formaya keçirilməsində, həm də informasiya açıqlığında inkişaf dinamikası var. Ancaq bu sahəyə ictimai nəzarət gücləndirilməlidir. Biz də çalışırıq ki, monitorinqlərimizi davam etdirək”.(Musavat)

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə