“Evə gələndə çörək almağı unutma”- yeni startap gəlir

26-10-2015 / 15:07

Bakıda fəaliyyət göstərən bir qrup proqram tərtibatçısı smartfonlar üçün Flapus  adlanan  planlaşdırma proqramı yaradıblar. Belə ki, Flapus - tapşırıqları bir-birinizə asanlıqla göndərməyə imkanı verən sistemdir.

Layihə rəhbəri Murad Ələkbərov Xeberler.az-a sistemin fəaliyyəti barədə geniş məlumat verib.

Murad Ələkbərov qeyd edib ki , hərdən vəzifələr və tapşırıqlar o qədər çox olur ki, insan bəzilərini unuda bilər.  Bunun qarşısını almaq üçün belə ideya fikirləşiblər:

“Yəqin ki, işdən yorğun çıxıb evə gedərkən mağazadan ərzaq almağı unutmaq kimi hallarla siz də qarşılaşırsız. Yaxud dostlarınız dəvət etdiyi tədbirə getməyi unudursuz. Məşğul insanlarda bu cür unutmalar ola bilər, əsasən də insanlar başqaları tərəfindən onlara təyin edilən tapşırıqları unutmağa daha meyllidirlər. Bunun üçün Flapus mobil tətbiqetməni yaratdıq ki, onun üzərindən insanlar bir-birinə hər hansı tapşırığı xatırlada bilsinlər”.

Layihə rəhbəri sistemin  necə çalışmasını da izah edib:

“Məsələn, həyat yoldaşım istəyir ki, mən işdən sonra mağazadan çörək almağı unutmayım. O, istədiyi zaman, tətbiqetməni açıb yazır: “Zəhmət olmasa çörək alasan”, vaxtı müəyyən edir 18:00  və tapşırığı mənə göndərir. Mən tapşırığı dərhal alıram və əgər onu təsdiq edirəmsə, 18:00-da, (işdən çıxan zaman), telefonum mənə xatırladacaq ki, mən mağazadan çörək alım və mən bu tapşırığı unutmayacağam”.

Murad Ələkbərov  qeyd edib ki,  tətbiqdə  e-mail qeydiyyatı və yaxud dostluq təklifləri kimi mürəkkəb elementlər yoxdur, sadəcə mobil nömrənizi daxil etmək kifayətdir.  Belə ki, bu mərhələdən sonra  sonra bütün mövcud kontaktlarınızı görəcəksiniz və onlarla dərhal tapşırıqları mübadilə edə bilərsiniz.

Qeyd edək ki, tətbiqetmənin Android üçün Beta versiyasını  Flapus-un internet səhifəsindən  yükləmək mümkündür.

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə