Xeberler.az portalının suallarını Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının aparıcı sistem inteqratorlarından biri olan SINAM şirkətinin prezidenti Elçin Əliyev cavablandırıb. Azərbaycanın İT-şirkətinin xarici ölkələrdə uğurlu fəaliyyəti haqqında, ölkəmizin İKT sahəsində ixrac potensialının artırılması üçün aktual təkliflər haqqında bu müsahibədən oxuyun.
-SİNAM şirkəti artıq 20 ildir ki fəaliyyət göstərir. Bu uzunmüddətli fəaliyyətinizi necə qiymətləndirə bilərsiniz?
Azərbaycanın ilk İT-şirkətlərindən olan SINAM 20 il fəaliyyəti ərzində Cənubi Qafqazın və Mərkəzi Asiya regionunun yüksək texnologiyalar sahəsində aparıcı sistem inteqratorlarından birinə çevrilmişdir. Şirkətimizin hazırda Gürcüstanda və Qırğızıstanda regional ofisləri fəaliyyət göstərir. Bu gün SINAM şirkətində 200-dək yüksək səviyyəli İT-mütəxəssis çalışır.
Azərbaycanda SINAM şirkəti elektron hökumət istiqamətində reallaşdırdığı mürəkkəb layihələri ilə həmişə seçilib. Mərkəzi Bank, Maliyyə Nazirliyi, Gömrük Komitəsi, Prezident Administrasiyası və digər dövlət qurumlarında SINAM şirkətinin həlləri uğurla istifadə edilir. Son illər bizim Azərbaycanda uğurla tətbiq etdiyimiz ən iri layihələr aşağıdakılardır:
SINAM Azərbaycanda elektron imza həllini təqdim edən ilk şirkət olmuşdur. Hazırda şirkətimiz elektron imza üzrə xidmətlər göstərmək üzrə lisenziyaya malik Azərbaycanda yeganə sertifikatlaşdırılmış biznes-qurumdur.
SİNAM şirkəti Azərbaycanda “bulud” texnologiyalarını da tətbiq edən ilk şirkətlərdən biridir. Hazırda SINAM şirkəti tərəfindən “bulud” texnologiyaları FARABI, Gomap, elektron sənəd dövriyyəsi və s. layihələrdə geniş tətbiq edilir.
Qeyd etməliyəm ki, SINAM-ın həllərindən müxtəlif ölkələrdə birbaşa və ya dolayısı yolla istifadə edən vətəndaşların sayı 12 milyondan artıqdır.
-Yaxın illər üçün biznes strategiyanız haqqında nə danışa bilərsiniz?
2015-ci ildə SINAM şirkəti yeni mərhələyə qədəm qoymuşdur. Bu mərhələdə yeni müvəffəqiyyətlər əldə etmək üçün şirkətimizin bütün imkanları vardır. Əvvəlki mərhələdə biznes strategiyamız Azərbaycanda elektron hökumət həlləri üzrə liderlərdən biri olmaq, bu istiqamətdə istənilən mürəkkəb layihələri həyata keçirməyi nəzərdə tuturdu.
Yeni mərhələdə bizim məqsədimiz 200 nəfərdən ibarət peşəkar komandaya, böyük təcrübəmizə, artıq uğurlu tətbiqdən keçərək effektivliyini sübut etmiş tam paket e-hökumət həllərimizə əsaslanaraq xarici ölkələrdə fəaliyyətimizi davam etdirməkdir. 100% Azərbaycan şirkəti olaraq biz yüksək texnologiyalar sahəsində xaricə ekspansiyanı reallaşdırmaq niyyətindəyik.
Artıq bu strategiya çərçivəsində uğurlu addımlar Qırğızıstanda atılmışdır. 2009-cu ildən başlayaraq bu ölkədə Dünya Bankının və Asiya İnkişaf Bankının maliyyələşdirdiyi layihələri həyata keçirmişik. Bu layihələr sırasında vergi sisteminin avtomatlaşdırılması xüsusən seçilir. Hazırda bu layihə çərçivəsində yaratdığımız həlləri bəzi Afrika ölkələrində tətbiq etmək istiqamətində çalışmaqdayıq.
Əlbəttə, xarici ölkədə ilkin fəaliyyətə başlayarkən biz üzərimizdə böyük məsuliyyət hiss edirdik. Çünki mürəkkəb bir layihəni ölkədən kənarda reallaşdırmaq, onun tətbiqinə müvəffəq olmaq və sifarişçinin yüksək qiymətini qazanmaq olduqca çətindir. Amma biz buna nail ola bildik və öz gücümüzə arxayınlıq artdı.
Əminəm ki, bizim yeni strategiyamızın uğurlu nəticələri olacaqdır. Yeni strateji sıçrayış üçün biz tam hazırıq.
-SINAM şirkətinin artıq xarici bazarlarda fəaliyyət təcrübəsi vardır. Azərbaycan İT-şirkətlərinin xarici bazarlara daha uğurlu çıxışı üçün dövlət tərəfindən hansı dəstəyə ehtiyacı var?
İKT sektorunda xarici bazarlarda fəaliyyət göstərən şirkətləri olan ölkələrin təcrübəsi göstərir ki, yalnız dövlətin və biznesin vəhdəti nəticəsində uğurdan danışmaq olar. Qlobal bazarlarda olduqca yüksək rəqabət vardır və az tanınan şirkətlərə xarici bazarlara çıxmaq çətindir. 3P konsepsiyası (Public Private Partnership) adı altında tanınan tərəfdaşlıq modeli həm dövlətin, həm də milli şirkətin maraqlarına uyğundur. Azərbaycanın da yüksək texnologiyalar sahəsində uğuru üçün 3P konsepsiyası genişlənməlidir. Artıq bu konsepsiya altında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanın İT-şirkətləri ilə birgə olaraq ölkədən kənarda forumlarda iştirak edir, sərgilərdə milli həlləri nümayiş etdirmək üçün şərait yaradılır.
Dünyada Azərbaycanın inkişaf istiqamətində qət etdiyi yolun əvvəlində olan ölkələr çoxdur. Buna görə də biz həmin ölkələrlə nümunə olaraq öz təcrübəmizlə bölüşə bilərik. Qeyd etməliyəm ki, Azərbaycanın xarici bazarlara çıxışı üçün artıq son dərəcə aktual bir konsepsiya vardır. Söhbət ASAN xidmətdən gedir. Dünyada ilk dəfə belə bir ideyanı reallaşdıran Azərbaycan bu istiqamətdə öz topladığı təcrübəni dövlət idarəetməsində, əhaliyə xidmətlərin yüksəldilməsində maraqlı olan ölkələrə ixrac edə bilər. Bu konsepsiyanı reallaşdırmaq üçün isə SİNAM kimi şirkətlərin iştirakı zəruridir. Birgə olaraq həmin ölkələrdə ASAN xidmət platformasının analoqunu yaratmaq olar. Beynəlxalq təcrübə göstərir ki, güclü e-hökuməti olan ölkədə stabillik hökm sürür. Buna görə də ASAN xidmət texnologiyasına maraq böyük olmalıdır.
Hazırda yaradılması müzakirə olunan İnkişaf üzrə Trast Fondunun bu istiqamətdə rolu misilsiz ola bilər. Belə fondun Azərbaycan hökuməti və BMT-nin İnkişaf Proqramı tərəfindən yaradılacağı gündəmdədir. Bu fond çərçivəsində Azərbaycan pilot olaraq ASAN xidmət istiqamətlərindən birini hər hansı xarici dövlətdə tətbiq edərək növbəti mərhələlərə artıq beynəlxalq donor təşkilatları cəlb edə bilər. Zənnimcə, bu fəaliyyət modeli daha effektiv ola bilər və Azərbaycanın təcrübəsinin və texnologiyasının davamlı ixracını təmin edə bilər.
-Ümumiyyətlə, xarici bazarda işləmək yerli bazarda işləməkdən fərqli olaraq hansı hissləri yaradır?
Məsuliyyət və qurur. Çünki cəmiyyətimizdə “azərbaycanlı ixracyönümlü məhsul yarada bilməz, yaratsa da xarici analoqlarla rəqabətə dözə bilməz” tipli mülahizələr geniş yayılmışdır. Bizim şirkət öz fəaliyyəti ilə bu mülahizələrin tamamilə əsassız olduğunu sübut edir. Şirkətimizdə fəaliyyət göstərən mütəxəssislər hamısı Azərbaycan vətəndaşıdır. Və bizim yaratdığımız xidmət və həll də Azərbaycan məhsuludur. Biz öz məhsulumuzu xarici bazarlara çıxarmışıq və Dünya Bankı və Asiya İnkişaf Bankı kimi çox ciddi qurumların nəzarəti altında tətbiq etmişik. Amma həyata keçirdiyimiz layihələrin hər mərhələsində üzərimizə düşən məsuliyyəti də başa düşürdük. Çünki əgər biz layihələri pis icra etsək, qlobal səviyyədə Azərbaycanın yüksək texnoloji imici zəifləyə bilər. Bizdən sonra bazara çıxan yerli şirkətlərimizə daha çətin olar. Amma biz bunun öhdəsindən gəldik və Azərbaycanın İKT sektoruna bu formada da töhfəmizi verdik. Bundan qurur duyuruq.
-Neft böhranı bir daha qeyri-neft sektorunun inkişafının ölkəmiz üçün mühüm olduğunu təsdiqləyir. İKT sektorunun bu alternativ inkişafda hansı rolu ola bilər.
Təbii enerji ehtiyatları bazarının son illər üçün analizi göstərir ki, heç bir ölkə bu sahədən gələn gəlirə ümid olmamalıdır. Bunu Azərbaycan çoxdan başa düşmüşdür və qeyri-neft sektorunun davamlı inkişafı bizə gəlirlərimizi diversifikasiya etməyə imkan verir. Zənnimcə, Azərbaycanın ixrac potensialının artması üçün yüksək texnologiyalar sektoru böyük rol oynaya bilər. Artıq qeyd etdiyim kimi, bu sahədə dövlətin dəstəyi artırılarsa və müxtəlif effektiv modellərdən istifadə edilərsə, biz yaxın illər üçün İKT sektorunun ölkəyə gəlir gətirəcəyini görə bilərik.
Nəzərə almaq lazımdır ki, Azərbaycanın İT-sektorunda Qərblə müqayisədə üçüncü dünya ölkələrində uğur qazanmasına şansı daha çoxdur. Çünki bizim İT-şirkətlər dəyişən mühitdə işləyə bilir, hazırlanan həllər daha ucuzdur və həmin ölkələrinin mentalitetinə daha yaxınıq.
Sizə bir misal göstərim. Qırğızıstanda Dövlət xəzinədarlığının avtomatlaşdırılmış idarəetmə sisteminin qurulmasının I mərhələsi üzrə Maliyyə Nazirliyi bu istiqamətdə dünya liderlərindən biri olan Kanadanın Free Balance şirkəti ilə müqavilə imzalamışdı. Lakin Free Balance müqavilə çərçivəsində işin öhdəsindən gələ bilmədiyi üçün Maliyyə Nazirliyi onlarla müqaviləyə xitam vermişdir. Bu il keçiriləcək yeni tenderdə SİNAM da iştirak etmək niyyətindədir və bizim qələbə şansımız böyükdür. Qeyd edim ki, Qırğızıstanın Verginin İdarə Olunması Sisteminin qurulması ilə bağlı 2009-cu ildə keçirilən tenderdə SİNAM qalib gələrək həmin Free Balance şirkətini arxada qoymuşdu.
Bu misal mənim dediklərimi bir daha sübut edir və əminəm ki, digər ölkələrdə də Azərbaycanın İT-şirkətlərinin şansı daha böyükdür. Bu isə ölkə büdcəsinə axan gəlir deməkdir.
-Azərbaycanda İKT sahəsində kadr hazırlığı sistemi hələ də zəifdir. Bu problemi aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır? SİNAM öz kadr tələbatını ödəmək üçün nə edir?
Təəssüf ki, Azərbaycan təhsil sistemi İKT sahəsində hələ də bazarın tələblərinə cavab verən kadr hazırlığını təmin edə bilmir. Bunu nəzərə alaraq SİNAM şirkəti daxili məqsədlər üçün İKT Tədris Mərkəzi yaratmışdır. Uzun illər effektiv olaraq daxili tələbatımızı ödəmək üçün kadr hazırlığını özümüz həyata keçiririk. Bununla yanaşı işçilərimizə İKT sahəsində beynəlxalq sertifikatlaşma proqramlarında iştirak üçün şərait yaradırıq. Mütəxəssislərimizin hamısı bu və ya digər istiqamətlər üzər beynəlxalq sertifikatlara malikdir.
-Qlobal İKT sektorunun analizi göstərir ki, əgər İT-şirkətlər inkişaf trendlərini əldən buraxırsa, çox az bir zamanda tənəzzülə uğrayır. Davamlı inkişafı təmin etmək üçün Azərbaycanda şirkətlərə nə məsləhət görərdiniz?
Şirkətin strategiyası ilə məşğul olan menecerlər ilk öncə yaxın 10-20 il üçün gələcəyi görməyi bacarmalıdırlar. Texnoloji trendlər, cəmiyyətin inkişaf vektoru həmişə diqqət mərkəzində olmalı və şirkətin fəaliyyətində praktik nöqteyi-nəzərdən istifadə edilməlidir. Müasir biznes olduqca sürətlə dəyişir, dünən aktual olan texnologiyaya tələbat sabah tamamilə minimum ola bilər. Bununla qarşılaşmamaq üçün dünyanın aparıcı analitik mərkəzlərinin strateji sənədlərini oxumağı məsləhət görərdim. Həmin sənədlərdə sabahın necə olacağı, iqtisadiyyatın hansı istiqamətdə hərəkət edəcəyi, bu inkişaf prosesində texnologiyanın rolu ümumi olaraq göstərilir. İnformasiyanı sintez edərək, biznes üçün maraqlı istiqaməti müəyyənləşdirərək düzgün qərarlar qəbul etmək olar.
Mirvari Nəcəf
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri