İKT sektorunda 2025-ci ilin yekunu və yaddaqalan hadisələr - Təhlil

23-12-2025 / 18:03

2025-ci il Azərbaycan İKT sektoru üçün rəqəmsal transformasiya, telekommunikasiya infrastrukturu, süni intellekt, kibertəhlükəsizlik və startap ekosistemi sahələrində bir sıra dəyişikliklər və yaddaqalan hadisələrlə yadda qalıb.

Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz “Facebook” hesabında etdiyi paylaşımda 2025-ci ilin İKT sektoru üzrə əsas tendensiyalarını və problemlərini ümumiləşdirib.

İnfrastruktur və telekommunikasiya

Cari ilin ən diqqətçəkən hadisələrindən biri Baktelecom-un fəaliyyətinin dayandırılması olub. Uzun müddət davam edən məhkəmə çəkişmələri və antiinhisar mübahisələrindən sonra Aztelekom, Baktelekom və bir sıra digər dövlət müəssisələrinin Aztelekom ətrafında birləşdirilməsi sektorda mühüm struktur dəyişikliyi yaradıb.

“Onlayn Azərbaycan” layihəsinin yekunlaşmasından sonra Aztelekom:

  • ölkənin ən böyük dövlət internet provayderinə,

  • dövlətə məxsus magistral operatora,

  • ölkədaxili yeraltı və yerüstü telekommunikasiya şəbəkəsinin sahibinə çevrilib.

Məlumatlara görə, qurumun aylıq gəliri təxminən 100 milyon manat, illik dövriyyəsi isə 1 milyard manata yaxın qiymətləndirilir. Qeyd olunur ki, bu mərkəzləşmə bazarda rəqabət və qiymət siyasəti baxımından yeni risklər formalaşdırıb.

Eyni zamanda AzerTelecom-un Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi üzrə 2025-ci ildə əldə edilən irəliləyişlər Azərbaycanın regional rəqəmsal tranzit imkanları baxımından mühüm hadisə kimi dəyərləndirilib.

Rəqəmsal transformasiya və dövlət sektoru

2025-ci ildə bir sıra dövlət qurumlarında rəqəmsal transformasiya sahəsində real canlanma müşahidə olunub. Elm və Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, DİN, İqtisadiyyat Nazirliyi, ƏƏSMN, ASAN, Mədəniyyət Nazirliyi, eləcə də AzTU və UNEC-də rəqəmsal xidmətlər və süni intellekt əsaslı həllərin tətbiqi üzrə praktiki nəticələr əldə edilib.

myGov platformasının funksionallığı genişlənsə də, açıq məlumat bazalarının formalaşdırılması və dövlət datasından səmərəli istifadə ilə bağlı problemlər qalmaqdadır.

AzİnTelecom-a məxsus SİMA rəqəmsal imzası identifikasiya sektorunda mövqeyini gücləndirib və rəqabətli mühitin formalaşmasına müəyyən töhfə verib.

İnternet qiymətləri və tarif siyasəti

2025-ci ildə internetə fiziki çıxış imkanları əsasən təmin edilsə də, qiymət əlçatanlığı problemi həllini tapmayıb. 2024-cü ilin avqustunda minimal tariflərin artırılmasından sonra Antiinhisar qurumunun bu məsələ ilə bağlı yekun mövqeyi hələ də açıqlanmayıb.

Cari ildə mobil operatorların tarifləri eyni vaxtda artırması da diqqətçəkən hadisələrdən biri olub.

Tənzimləmə və bazar nəzarəti

İKT Agentliyinin bazara nəzarət fəaliyyəti artsa da, internet keyfiyyəti, qiymətlər, inhisarlaşma və rəqabətli mühitlə bağlı problemlərin sistemli həlli 2025-ci ildə də təmin olunmayıb. 5G lisenziyaları hələ də verilməyib.

Eyni zamanda Naxtel mobil operatorunun Naxçıvanda fəaliyyətini dayandırması sektorda diqqət çəkib. Qeyd olunur ki, internet bazarının təxminən 90 faizi iki provayderin nəzarətindədir və Aztelekom faktiki olaraq dominant mövqe əldə edib.

“Elektron kommunikasiyalar haqqında” qanun, eləcə də Rəqəmsal Məcəllə, Açıq məlumatlar, Vençur fondları və digər vacib normativ sənədlər 2025-ci ildə də qəbul edilməyib. Bununla yanaşı, Prezident tərəfindən təsdiqlənən Rəqəmsal iqtisadiyyat strategiyası mühüm sənəd kimi qeyd olunub.

Süni intellekt və hesablama infrastrukturu

2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasının qəbulu ilin əsas hadisələrindən biri olub. Azərbaycan və BƏƏ arasında bu strategiyanın icrası üzrə Memorandumun imzalanması beynəlxalq texnoloji əməkdaşlıq baxımından önəmli addım kimi qiymətləndirilib.

Dell və Lenovo texnologiyaları, H200 çipləri əsasında yaradılan iki Superkompüter Mərkəzi fəaliyyətə başlasa da, bu resurslardan istifadə mexanizmləri hələ də açıq deyil.

Kibertəhlükəsizlik və innovasiya

Kritik informasiya infrastrukturunun qorunması ilə bağlı komissiyanın yaradılması, dövlət resurslarının qlobal texniki problemlər zamanı dayanıqlıq nümayiş etdirməsi müsbət hadisələr sırasında göstərilib.

Startap və innovasiya ekosistemində isə durğunluğun davam etdiyi qeyd olunur. Azərbaycan Qlobal İnnovasiya Reytinqində 94-cü yerdə qərarlaşıb. Erkən mərhələli maliyyələşmə və vençur mexanizmlərinə çıxış problemləri hələ də qalmaqdadır.

Sosial media və rəqəmsal cəmiyyət

2025-ci ildə sosial medianın cəmiyyətə təsiri daha da artıb. TikTok kütləvilik baxımından liderliyini qoruyub, LinkedIn-in mövqeyi güclənib. 16 yaşdan aşağı şəxslər üçün sosial media məhdudiyyətləri ilə bağlı təşəbbüslər isə geniş ictimai müzakirələrə səbəb olub.

Osman Gündüzün qiymətləndirməsinə görə, 2025-ci il İKT sektorunda dövlətin bazardakı rolunun artdığı, infrastrukturun və hesablama gücünün genişləndiyi, lakin rəqabət, tənzimləmə və innovasiya mühitinin zəif qaldığı il kimi yadda qalıb.

 
 
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə