Azərbaycanda İKT : 2023-cü ilin yekunu və yaddaqalan hadisələr
Cari ildə rəqəmsal sektorda, elektron hökumət quruculuğunda, süni intellekt, innovasiya və startap ekosistemdə ən yaddaqalan hadisələr hansılar olub ?
1. Düşünürəm ki , sektorun ən yaddaqalan hadisəsi işğaldan azad edilmiş ərazilərdə Ermənistandan daxil olan informasiya, rabitə və internet trafikin qarşısının alınması, bölgədə milli telekommunikasiya, TV və Radio yayımı infrastrukturunun, dövlət şəbəkəsinin qurulmasını qeyd etmək olar.
Qarabağda qanunsuz fəaliyyət göstərən, qanunsuz olaraq beynəlxalq kodlar əldə edən Karabakh Telecom operatorunun 20 illik fəaliyyətinə SON qoyulması yaddaqalan məqam olub
2. Şübhəsiz ki, Azərkomos və Beynəlxalq Astronavtika Federasiyasının tətəfdaşlığı ilə cari ildə Bakıda təşkil olunan , Prezident İlham Əliyevin də qatıldığı 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi sektorun ən yaddaqalan hadisəsi olub.
Konqes çərçivəsində Azərbaycanın növbəti müşahidə-kəşfiyyat peyklərinin hazırlanması ilə bağlı İsrail şirkəti ilə müqavilənin imzalanması da diqqətçəkən olub
3. Başa çatmaqda olan ildə ən diqqətçəkən layihə bütün ölkə üzrə genişzolaqlı
internet şəbəkəsinin qurulmasını nəzərdə tutan “Onlayn Azərbaycan ” layihəsi olub. Bu layihə çərçivəsində son bir-iki ildə əvvəlki on illər ərzində olduğundan dəfələrlə çox işlər görülüb. Büdcədən deyil, beynəlxalq qurumlardan əldə etdiyi kredit hesabına RİNN infrastrukturla bağlı cari ildə nəhəng işlər görə bilib. Başa çatmaqda olan ildə 1 milyonadək ev təsərrüfatına fiber optik internet bağlantısı qurulub. Fiber optik bağlantı qurulan məktəblərin də sayı da əvvəlki illərdən dəfələrlə çox artıb.
Nazir Rəşad Nəbiyev məhz gələn il, 2024-cü ildə bütün ölkə üzrə keyfiyyətli internetə əlçatanlıq probleminin ölkə üzrə tam həll ediləcəyini bildirib
4. Daha bir diqqətçəkən hadisələr kibertəhlükəsizilik və kritik informasiya infrastrukturundakı dinamika olub. Uzun müddət gözlənilən “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik haqqında” strategiya təsdiqlənib. XRİTDX və DTX tərəfindən maraqlı tərəflərin iştirakı ilə faydalı kütləvi tədbirlər təşkil edilib.
Lakin Prezident fərmanı ilə müəyyən olunan müddət başa çatsa da, kritik informasiya infrastrukturuna daxil edilən qurumların siyahısını hökumət təsdiq edə bilməyib.
Bu sektorda kadrların hazırlanması işləri xeyli güclənib. İsrail ilə birlikdə yaradılan Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin ilk buraxılışları da baş tutub
5. Sektorda tənzimləyici funksiyanı yerinə yetirən RİNN-in İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyinin fəaliyyətə başlaması, 5G ilə bağlı DRİ ilə birgə müəyyən addımlar atması-TV-lərin istifadə etdiyi tezliyin 5G üçün ayrılması, 150 provayderi uçota cəlb etməsi, internetin keyfiyyətinə nəzarət üçün bütün provayderləri əhatə edən mərkəzləşmiş sistem qurması da yaddaqalan olub.
5G tezliklərinin necə və nə zaman veriləcəyi , “Bir bina bir provayder ” problemi, rəqabətli mühitin formalaşması, telekommunikasiya və internet xidmətlərinin keyfiyyət standartları məsələsi hələlik öz həllini tapmayıb
6. Cari ildə İT üzrə ali məktəbə daxil olanlar üçün ilk dəfə olaraq kimya əvəzinə informatikadan imtahanın baş tutması, informatikaya diqqətin artması da yaddaqalan olub
Bu il rəqəmsal bacarıqların artırılması, İT kadrların hazırlanmasında da RİNN, ETN , İRİA və digər qurumlarda dinamika müşahidə edilib. Lakin bəzi səhv yanaşmalar bu sahədə xoşagəlməz mühit də formalaşdırıb
7. Cari il sosial medianın ölkədə digər ənənəvi mediaya nisbətən daha da güclənməsi ilə yadda qalıb. Facebook ictimai fikir formalaşdırmaq, ictimai platforma olaraq mövqeyini qoruyub saxlayıb. Auditoriyasını xeyli genişləndirən TikTok isə qlobal resurslar içərisində ilk dəfə olaarq ölkədə hesabat verməsi ilə diqqət çəkib.
8. Ölkədə süni intellekt sahəsinə diqqətin nisbətən artması, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Mərkəzi Bank arasında süni intellekt sahəsində ixtisaslaşan startap və şirkətləri ölkəyə cəlb etmək məqsədilə Süni İntellekt Alyansının yaradılması barədə Anlaşma Memorandumunun imzalanması da diqqətçəkən məqamlardan olub
9. Təəssüf ki, gözləntilərin əksinə olaraq, hələlik nəticəsini görmədiyimiz, uğursuz hesab olunacaq məqamlar da yetərincədir.
Cari ilin ən absurd vəziyyəti İKT güzəştləri ilə bağlı olub. Prezidentin məlum fərmanı ilə bağlı anlaşılmazlıq və onun düzgün tətbiq olunamamsı ilə ölkənin bütün qocaman İT şirkətləri, heç bir innovasiya-ekosistem və xaricə yönəlik fəaliyyət nəzərə alınmadan, ekspert müzakirəsi təşkil edilmədən, bir imza ilə bütün vergilərdən azad edilib.
Hazırda bu məsələyə aydınlıq gətirmək üçün İRİA və DVX arasında müəyyən müzakirələr aparılır
10. Aztelekom və Baktelekom faktiki olaraq bir qurum olaraq , bir idarəetmə altında fəaliyyət göstərsələr də, birləşmə məsələsində Antiinhisarla RİNN arasında razılıq əldə edilmədiyindən deyure hər iki operator ayrı –ayrı qurumlar olaraq qalır
11. Rəqəmsal hökumət quruculuğu sahəsində təəssüf ki hələlik ciddi irəliləyişlər müşahidə olunmur
Ayrı-ayrı dövlət qurumlarında rəqəmsal transformasiya gözə çarpsa da, dövlət qurumları arası e-sənəd dövriyyəsi daha çevik və effektiv qurulmağa başlasa da, mərkəzləşmiş rəqəmsal hökumət resurslarının formalaşması, vahid mənbədən rəqəmsal sənədlərin əldə edilməsi, rəqəmsla hökumətin hüquqi əsasları sahəsində irəliləyiş görünmür.
Cari ildə SİMA rəqəmsal imzanın daha da genişlənməsi, Hökumət Buluduna miqrasiyanın artması, nəqliyyat sektorunda AzParking rəqəmsal həllin yaradılması, Mobil Notariat və Smart Customs-un populyarlığının artması da diqqətçəkən olub.
Milli İnternet Mükafatı - MilliNet müsabiqəsinə yenidən start verilməsi faydalı milli rəqəmsal resursların formalaşmasına diqqət cəlb edib
12. Cari il innovasiya və startap ekosistemlə bağlı beynəlxalq hesabatlarda və reytinq cədvəllərində Azərbaycanla bağlı vəziyyətin ürəkaçan olmaması, regionada çox aşağı göstəricilərə malik olması ilə yadda qalıb.
Əvvəlki illərə nisbətən bu sektorun inkişafına daha çox resursların ayrılması müşahidə olunsa da sektorda effektivlik və səmərəlilik çox az müşahidə olunub.
Ötən il yaradılan Vençur Fond cəmi 3 yerli startapa cüzi miqdarda investisiya ayırıb. Vençur maliyyələşmə ilə bağlı sənəd bu il də müzakirəyə çıxarılmayıb.
"InMerge Innovation Summit" çərçivəsində “Azərbaycanda innovasiya və startap ekosisteminin inkişafı üçün əməkdaşlıq ilə bağlı Anlaşma Memorandumu” imzalanması da yaddaqalan olub.
Cari il ərzində startap şəhadətnamələrinin verilməsi davam etdirlib, indiyədək 130-dək startapa şəhadətnamə verilib
13. Sektroun tənzimlənməsi və inkişafa dəstək ola biləcək hüquqi normativ sənədlərin qəbulu sahəsində də ciddi irəliləyiş gözə çarpmayıb,
Azərbaycanın rəqəmsal transformasiya konsepsiyası, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası, "İnnovasiyaların inkişafı haqqında Strategiya", Vençur maliyyələşmə və vençur fondlar haqqında Qanun, Dövlətə məxsus yeraltı və yerüstü rabitə resurslarından istifadə Qaydaları, Distant təhsilin təşkili Qaydaları, Dövlətə məxsus datalarla bağlı konseptual sənəd, Açıq məlumat bazaları haqqında qanun və s qəbul edilməyib.
Osman Gündüz