“İmtahan formalarının təhlükəsizliyi xüsusi barkodla qorunacaq”

04-02-2017 / 12:29

"IX sinif üzrə buraxılış imtahanlarının formaları (nümunələri) - sual vərəqi, cavab kartı və inşa üçün yazı vərəqi DİM-in xüsusi mətbəə proqram təminatı vasitəsilə hər bir şagird üçün fərdi şəkildə çap olunacaq və təhlükəsizliyi barkodla qorunacaq”.

Xeberler.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının iclasında şuranın sədri Məleykə Abbaszadə deyib.

İcalsda “2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələri haqqında Hesabat”ın təqdim olunub.

İmtahanların keçirilməsinin ilkin qrafikinin, ali təhsil müəssisələrinə qəbul qaydalarının, IX sinif üzrə buraxılış imtahanlarının I mərhələsinin keçirilmə forması kimi məsələlər müzakirə edilib.

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qeyd edib ki, hesabat daha geniş formatda Təhsil Nazirliyinə göndəriləcək, ictimaiyyət üçün isə “Abituriyent” jurnalının 12-ci sayı disk şəklində istifadəyə veriləcək.

Onun sözlərinə görə, imtahanların ilkin qrafikində yalnız buraxılış və qəbul imtahanlarının tarixləri əks olunub:

“Ona görə ki, bu imtahanların vaxtları tədris ilinin müddəti ilə sıx əlaqəlidir və ötən illər bu dövrdə biz qrafiki artıq elan etmişdik. Lakin hazırda tariflərin müəyyən edilməsi ilə bağlı hüquqi məsələlərin həll olunması istiqamətində işlər aparılır. Bu istiqamətdə görülən işlər başa çatdırıldıqdan sonra qrafikin elan olunması və müəyyən tədbirlərin (sınaq imtahanları, sənəd qəbulu və s.) başlanması mümkün olacaq. Dövlət qulluğuna qəbulla bağlı imtahanların da planlaşdırılması qeyd olunan məsələlərə görə hələ ki, təxirə salınır”.

Məleykə Abbaszadə bildirib ki, IX sinif üzrə buraxılış imtahanlarının formaları (nümunələri) - sual vərəqi, cavab kartı və inşa üçün yazı vərəqi DİM-in xüsusi mətbəə proqram təminatı vasitəsilə hər bir şagird üçün fərdi şəkildə çap olunacaq və təhlükəsizliyi barkodla qorunacaq:

“Mövcud qaydalara görə essenin (inşa) yazılması fərqlənmə attestatını almağa namizəd olanlar üçün mütləqdir, bu şagirdlər haqqında öncədən “Şagird-məzun” sistemində qeydiyyat aparılacaq və bu şagirdlər üçün imtahan müddəti fərqli olduğuna görə onlar imtahan zamanı ayrı otaqlarda yerləşdiriləcək”.

İclas iştirakçılarının nəzərinə ümumi təhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün nəşr edilmiş “RİYAZİYYAT” fənni üzrə vəsait təqdim edilib.

Qeyd edilib ki, vəsait buraxılış imtahanlarına hazırlaşan IX və XI sinif şagirdləri, eləcə də qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün etibarlı mənbədir. Vəsaitin birinci hissəsində yeni təhsil proqramı (kurikulum) və dərsliyə əsaslanan qiymətləndirmə tapşırıqları, ikinci hissəsində isə qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqları dərc edilib.

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə