"Məlum olduğu kimi ötən gün DİM Təhsil nazirliyi ilə razılaşdırmaqla yeni buraxılış imtahanı modelini təqdim edib. DİM 2021-ci ildə IX sinif şagirdləri üçün buraxılış imtahanını bir mərhələli edib. Yəni IX sinif şagirdləri bir dəfə imtahan verəcəklər.
Əvvəlki metodla isə onlar iki dəfə imtahan verməliydilər, 1-ci mərhələdə əsasən kurikulum üzrə, 2-ci mərhələdə isə adi klassik qaydada, qapalı testlərlə".
Xeberler.az bildirir ki, bu sözləri Azərbayacan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
Görəsən DİM və Təhsil Nazirliyi nə üçün belə bir addım atıb ?
Ekspert qeyd edib ki, son 2-3 ildir 9-cu siniflərin RİYAZİYYAT buraxılış imtahanlarının 1-ci mərhələsinin (kurikulum) nəticələri ağlasığmaz dərəcədə aşağı səviyyədə olur.
"DİM-in elmi-statistik nəticələrini araşdrımaqla mən bir neçə dəfə buna münasibət bildirmişəm.
Məsələn, ötən dərs ili ölkə üzrə 50% 9-cu sinif şagirdi 1-ci mərhələdə imtahan vərəqələrini heç nə yazmadan geri qaytarmışdı. Yəni , 50% 9-cular SIFIR bal toplamışdı.
Ölkə uzrə Riyaziyyat 1-ci mərhələdə orta bal isə (%-lə) 10 bal olub. Bu, anlaşıqlı formada o deməkdir ki, klassik qiymətləndrimə ilə, ölkə uzrə bütün 9-lar ötən dərs ilində Riyaziyyat kurrikulumdan “2” qiymət alıblar.
Xatırlayıram ki, 2 il öncə də 9-cu siniflərin riyaziyyatdan buraxılış imtahanlarında çox bərbad nəticələr alınmışdı.
Həmin ildə 1-ci mərhələ riyaziyyat imtahanında ölkə üzrə 41 % 9-cu sinif şagirdi "0" bal, 33% isə cəmi 6 bal toplamışdı (30 ballıq sistemdə). Bu isə, köhnə, klassik qiymətləndirmə sistemi ilə təxminən 74% şagirdin "2" qiymət alması anlamına
gəlirdi.
Təhsil naziri, xatırlayıram ki, bu nəticələri ciddi təhlil edib, Riyaziyyatın və İnformatikanın tədrisinin yaxşılaşdırılması ilə bağlı xüsusi bir Əmr də imzalamışdı. İndi yeni model təklif olunub.
Güman ki, bu model, həm əvvəlki illərin kurrikulum nəticələrinin hədsiz aşağı olması və həm də cari ildə pandemiya ilə əlaqəli təhsil sistemində yaranmış vəziyyət nəzərə alınmaqla tətbiq edilib.
Güman etmək olar ki, yaranmış situasiya ilə əlaqəli hələlik adı çəkilən fənnin tədrisində ciddi keyfiyyət dəyişikliklərinə nail olmaq mümkün olmayıb. Əgər DİM-in əvvəlki illərin klassik metodunun tətbiqi baş versəydi 9-cuların riyaziyyatdan kurikulum üzrə buraxılış qiymətlərini proqnozlaşdırmaq elə də çətin olmazdı".