“Hələ də elə valideynlər var ki, kompüteri oyun oynamaq, İnternetdə ünsiyyətdə olmaq üçün bir alət kimi başa düşür. Ona görə də informatika fənni tədris edən müəllimlərin üzərinə fənni tədris etməkdən başqa şagirdləri və imkan daxilində valideynləri maarifləndirmək vəzifəsi də düşür”.
Müsahibimiz Abdulla Qəhrəmanov 1973-1978-ci illərdə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini bitirib. 1979-cu ildə Belarusiyanın Minsk şəhərində proqramlaşdırma üzrə ixtisasartırma kursu keçib. Müxtəlif nazirlik və təşkilatlarda proqramlaşdırma şöbələrinə rəhbərlik edib. 2000-ci ildən etibarən təhsil sistemində çalışır.
Abdulla Qəhrəmanov informatika və iqtisadiyyat üzrə elektron dərs vəsaitlərinin müəllifidir, İKT üzrə təlimçi ekspertdir. Abdulla Qəhrəmanov hazırda 23 saylı məktəbdə informatika müəllimi işləyir.
Xeberler.az Abdulla Qəhrəmanovla müsahibəni təqdim edir:
-Abdulla bəy, məktəbdə informatikaya olan maraq necədir? Şagirdlər bu fənnə nə dərəcədə maraq göstərir?
-Müasir şagirdlərin informatika dərsinə (bilərəkdən “fənni” sözü işlətmədim) marağı böyükdür. Bunu bir müşahidəm əsasında izah edə bilərəm. Dərsin bitməsini bildirən zəng çalınıb zona çatmamış, 20-30 saniyə ərzində növbəti sinfin şagirdləri artıq informatika kabinetinin qarşısında içəri daxil olmaq üçün növbəyə düzülür. Ancaq bu, hələ fənnə maraqdan irəli gəlmir. Hələ də bir qisim şagirdlər informatika dərsinə kompüterdə oyun oynamaq, İnternetdə ünsiyyətdə olmaq üçün bir vasitə kimi baxırlar. Bunun əsas səbəblərindən biri evdən gəlir. Hələ də elə valideynlər var ki, kompüteri oyun oynamaq, İnternetdə ünsiyyətdə olmaq üçün bir alət kimi başa düşür. Ona görə də informatika fənni tədris edən müəllimlərin üzərinə fənni tədris etməkdən başqa şagirdləri və imkan daxilində valideynləri maarifləndirmək vəzifəsi də düşür.
-Dərslərinizi necə qurursunuz? İnformatikanın tədrisi prosesində İKT-ni necə tətbiq edirsiniz?
-İnformatika fənnində dərslər məzmuna görə 2 yerə bölünür: nəzəri materiallar və praktiki materiallar. Əlbəttə ki, qarşısında kompüter olan şagirdlərə onlardan istifadə etmədən nəzəri materialları öyrətmək müəllimdən böyük ustalıq tələb edir. Bu halda müəllim şagirdə çatdırmaq istədiyi nəzəri materialın vacibliyini şagirdlərə sadə dillə izah etməlidir və məzmunu onlara maraqlı olan formada çatdırmalıdır. Praktiki məzmunu çatdıran zaman istifadə ediləcək alətin proqram vasitəsinin əsas konsepsiyasını izah etməli, vacib bölmələrə şərh verməli və sonra şagirdlərə tədqiqatçı kimi proqramın imkanlarını öyrənməyə sövq etməlidir. Adətən çoxsaylı fərdi suallar ortaya çıxır. Bu halda hər bir şagirdə fərdi yanaşmalı, əgər hansısa sual sinfin çox hissəsi tərəfindən verilərsə, həmin sualın izahını ümumi sinif üçün vermək lazımdır.
-Hansı proqramlardan, hansı elektron vasitələrdən istifadə edirsiniz? Özünüz bunları əldə edirsiniz, yoxsa?
-Artıq siniflərin əksəriyyətində dərslər kurikuluma əsasən keçirilir. Proqram vasitələrinin seçilməsində müəllimlər adətən sərbəstdir. Ancaq bu, o demək deyil ki, məktəblərdə istifadə edilən proqram təminatına nəzarət yoxdur. Dövlət tərəfindən məktəblər müasir İT-avadanlıqlarla təchiz edilirlər. Həmin avadanlıqlarda quraşdırılmış proqram təminatı üçün yenə də dövlət tərəfindən lisenziya alınıb. Bundan başqa pulsuz yayılan proqram vasitələrindən də istifadə edilir. Son 10 ildə məktəblərdə lisenziyasız proqram təminatından istifadəyə dövlət səviyyəsində qadağa qoyulub.
-Bütün uşaqlar kompüterlə təmin edilibmi? Ümumiyyətlə, məktəbin texnoloji avadanlıqlarla təminatı necədir?
-Təhsilin informasiyalaşması sahəsində dövlətimizin qəbul etdiyi çoxsaylı proqramlar artıq öz nəticələrini verməyə başlayıb. Məktəbimizin İKT vasitələrinin təchizatı çox yaxşıdır. Bütün kabinetlər kompüter və proyektorlarla təchiz edilib. Əksər kabinetlərdə müasir elektron lövhələr quraşdırılıb. İnformatika kabinetlərində şagirdlərin tələbləri ödəmək üçün kifayət qədər kompüterlər quraşdırılıb. Məktəb binası bütövlükdə Wi-Fi şəbəkəsi ilə təchiz olunub.
-Məktəbdə İnternet sürətli və keyfiyyətlidirmi? İnternetdə problemlər olanda nə edirsiniz? Kompüterlərinizdə problemlər olanda bunları kim aradan qaldırır?
-Kompüterlərdə yaranan problemlərin aradan qaldırılması məsələsi dövlət səviyyəsində həll edilir. AzEduNet şirkəti bütün Azərbaycan üzrə təhsil müəssisələrinin yüksək səviyyəli İnternetlə təmin edilməsi və həmin müəssisələrdə quraşdırılmış İT-texnikanın işlək vəziyyətdə saxlanılmasını təmin edir.
-Informatikanın tədrisi üçün yetərincə milli elektron resurslar, saytlar varmı? Hansı elektron resursları şagirdlərə tövsiyə edirsiniz?
-10 il əvvəlki dövrlə müqayisə etsək milli elektron resursların sayı kifayət qədər artıb. Ancaq bu resursları məzmun nöqteyi-nəzərdən qiymətləndirsək görərik ki, bəsitlik və təkrarlıq üstünlük təşkil edir. Düzdür, son dövrlərdə maraqlı və keyfiyyətli resurslar da yaradılıb. Amma bu, hələ də “milli resurs aclığı”-nı tam ödəmir. Son dövrdə bir çox dövlət qurumlarının rəsmi elektron səhifələri yaradılıb. Bu sıraya Təhsil Nazirliyinin və onun tabeliyində olan qurumların elektron saytları da daxildir. Təhsil Nazirliyinin təhsil portalı yaradılıb. Bu portalda çoxlu sayda milli elektron resurslar yerləşdirilib. Bundan başqa informatik.az saytında da maraqlı resurslar tapmaq olar. bebe.az intellektual uşaq portalı da müəllim, valideyn və uşaqlar üçün maraqlıdır. Ayrı-ayrı şəxslərin hazırladığı fərdi səhifə və bloqlar da mövcuddur. Son dövrlərdə youtube.com saytında Azərbaycan dilində çoxlu sayda maraqlı tədris materialları yerləşdirilir. Milli resursların sayı durmadan artdığından onların hamısını sadalamaq mümkün deyil.
-Uşaqların tez-tez istifadə etdikləri informatika resursları, Facebook qrupları varmı?
-Uşaqların maraq dairəsi geniş olduğu kimi daxil olduqları elektron resurslar da müxtəlifdir. Onlar daha çox əyləncə (bu sırada oyun saytları üstünlük təşkil edir) saytlarını, videoçat saytını,youtube.com saytını ziyarət etməyi xoşlayırlar. Belə halda müəllimlərin (xüsusilə informatika müəllimlərinin) uşaqların bu sahədə maarifləndirilməsi istiqamətində məqsədyönlü iş görməsi vacibdir. Artıq şagirdlərin Facebook qruplarında iştirakı adi bir hal alıb. Ona görə də müəllim və valideynlərin də bu qruplarda iştirakı vacibdir. Çünki müəllim və valideynlər uşaqların maraqları ilə nə qədər çox məlumatlı olsalar, bir o qədər onların düzgün yola istiqamətlənmələrinə yardımçı olarlar. Qadağalarla heç nəyə nail olmaq olmaz.
-Nə üçün valideynlər övladlarını informatika üzrə hazırlaşdırmırlar? Halbuki Kompüter elmləri, tətbiqi riyaziyyat, proqramlaşdırma və s. ixtisaslar birbaşa bu fənnin tədrisi üzərində nəzərdə tutulub.
-Əgər repetitorluğu nəzərdə tutursunuzsa, informatika fənni nə buraxılış, nə də qəbul imtahanları sırasına salınmadığından bu sahədə repetitorluq da demək olar ki, mövcud deyil. Əksər valideynlər hesab edir ki, əgər onun övladı kompüterdə İnternetə daxil olub oradan müəyyən məlumatları ala bilirsə, oyun oynaya bilirsə, valideynlərin təbirincə desək “kompüteri söküb-yığırlar”. Halbuki informatika dərsləri uşaqları gələcəkdə hansı sahədə işləməklərindən asılı olmayaraq vacib bacarıqlar əldə etməyə kömək edir. Digər bir səbəb isə bəzi məktəblərdə informatika fənninə ikinci , bəzən də üçüncü dərəcəli fənn kimi yanaşırlar. Nəticədə dövlətin şagirdlərdə vacib hesab etdiyi bacarıqların formalaşmasında bir əngəl olurlar. Azərbaycanda hələ də informatika kabinetləri daim bağlı vəziyyətdə olan məktəblərə rast gəlmək olar.
-Məktəbin saytı varmı? Necə yenilənir? Uşaqlar bu prosesdə iştirak edirlərmi?
-Hazırda məktəbin saytının yaradılması prosesi gedir. İnşallah hazır olandan sonra bu haqda danışmaq olar.
-Sizin özünüzün və dərs dediyiniz şagirdlərin bloqu varmı? Bloqdan uşaqlarla əlaqələrin qurulması məqsədilə istifadə edirsinizmi?
-2003-2006-cı illərdə mənim öz fərdi saytım mövcud idi. Sonra bloq da yaratmışdım. Son dövrlərdə sosial şəbəkələrin (əsasən, Facebook) imkanlarından daha çox istifadə edirəm. Sosial şəbəkələrin izləyiciləri daha çoxdur və burada olan imkanlar şagirdlərlə, valideynlərlə və müəllimlərlə səmərəli iş görməyə imkan verir. Əvvəlki illərdə uşaqlar bloq yaratmağı xoşlayırdılar. İndi həmin uşaqlar məktəbi bitiriblər. Yeni gələn nəsil isə sosial şəbəkələrdə öz səhifələrini yaratmağı sevirlər. Ona görə də son dövrdə Facebook-un imkanlarından istifadə edirəm. Gizli qrup yaradaraq yalnız məhdud sayda şagirdlərlə əlaqə saxlamaq olur. Bundan başqa elektron poçtun köməkliyi ilə də şagirdlərimlə əlaqə saxlayıram.
-Uşaqların təhlükəsizliyi ilə bağlı onlara nə öyrədirsiniz? Onlar öz informasiya təhlükəsizlliklərini qoruya bilirlərmi? Bu sahədə valideynlərlə əlaqələr qurursunuzmu?
-İnformatika dərslərində bu mövzuda dərslər keçirilir. Bundan başqa imkan düşdükcə uşaqlara bu istiqamətdə bilgilər verirəm. Heyf ki, az sayda valideynlər ilə əlaqə saxlamaq mümkün olur. Əksər valideynlər əyləncə xarakterli informasiyalardan fərqli olaraq təhsillə bağlı sosial şəbəkələrdə aktiv iştirak etməkdən yayınırlar.
-Dərs prosesində uşaqlar mobil avadanlıqlardan istifadə edə bilərlərmi?
-Mobil avadanlıqların tədris prosesində istifadə edilməsinə müsbət yanaşıram. Onsuz da yaxın gələcəkdə kağız formatlı dərslikləri elektron dərsliklər əvəz edəcək. Bu isə mobil avadanlığın təhsilə birbaşa müdaxiləsi deməkdir.
-Sizcə, məktəbdə və valideynlərdə informatikaya olan diqqəti və hörməti artırmaq üçün hansı addımlar atılmalıdır?
-Məktəb rəhbərliyi və informatika müəllimləri şagirdlərin informatika fənnində uğurlarını təbliğ edən tədbirlər təşkil etməlidirlər. Bundan başqa valideynlərin diqqətini cəlb etmək üçün onları sosial şəbəkələrdə müxtəlif qruplara qoşmaq olar. Əlbəttə ki, bu işdə istifadə edilən hər bir üsul və vasitə fayda verə bilər. Təki istək olsun.
-İKT sahəsində uğurlarınız?
-2007-2008-ci tədris ilində keçirilmiş “Ən yaxşı 100 müəllim” müsabiqəsinin qalibi olmuşam.
ULTRA şirkətinin, Mədəd kurslarının, SİVECO şirkətinin (Rumıniya), Microsoft, HP, İntel şirkətlərinin birgə “Elektron məktəb və təhsilin elektron idarəedilməsi” pilot layihəsi çərçivəsində “Fəal e-Müəllim” nominasiyası üzrə mükafatlanmışam.
“Təhsildə İKT-nin tətbiqi: bilik, təcrübə, texnologiya” sərgisinin hazırlanması və keçirilməsində fəal iştirak etdiyimə görə Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin Fəxri fərmanı ilə təltif olunmuşam. Hazırladığım “HTML-in əsasları kursu üzrə vəsait” bir çox beynəlxalq və Azərbaycan elektron kitabxanalarına daxil edilib. Bundan başqa hazırladığım bir çox elektron resurslar bir çox İnternet saytlarda yerləşdirilib.
Hazırda və “İnformatika üzrə testlər” üzərində işləyirəm. Bu sahədə də uğur qazanacağıma inanıram.
-Abdulla müəllim, məlum olduğu kimi hazırda təhsil sistemində təmayülləşmə aparılır. Təhsil nazirinin əmri ilə təmayülləşmə aparılan məktəblərin X-XI siniflərində 215-2016-cı dərs ilindən informatika fənni əsas fənn olaraq tədris olunmayacaq. Buna münasibətiniz necədir?
- Bu gün uşaqlarda bu fənnə maraq o qədər çoxdur ki, onu adi sözlə ifadə etmək çətindir. Ona görə də bu fənni təkmilləşdirmək, daha da maraqlı etmək lazımdır.
Hazırda informatika fənni üzrə beynəlxalq olimpiadalarda əsasən С++proqramlaşdırma dilindən, bəzən Java və ya Python-dan istifadə edilir. Bu proqramlaşdırma dili isə Azərbaycanda pedaqoji kadrlar hazırlayan tədris müəssisələrində demək olar ki, öyrədilmir. Deməli şagirdlərin informatika fənnindən olimpiadalara hazırlanması üçün kadrlar yox dərəcəsindədir. Yalnız riyaziyyat, fizika və informatika təmayüllü və bəzi özəl liseylərdə bu sahədə müəyyən işlər görülür. Son illərdə Azərbaycan məktəblilərinin informatika fənni üzrə beynəlxalq olimpiadalarda göstəricilərinə nəzər yetirsək görərik ki, nəticələr çox aşağıdır.
Fikrimcə, informatikanın tədrisini gücləndirmək lazımdır. İnformatikanın tədris proqramını daha da gücləndirmək, dünya standartlarına uyğunlaşdırmaq lazımdır.
Ruhəngiz Muradova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri