“Mənə elə gəlir ki, 10-11-ci siniflərdə informatika fənninin tədrisinin ləğv edilməsi ölkədə informasiya cəmiyyətinin formalaşmasına mənfi təsir edəcək”.
Müsahibimiz Gülnarə Səlimova Ç.İldırım adına Politexnik İnstitutunun Elektron Hesablama Maşınları fakültəsini və N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və İnformatika fakültəsini bitirib.
Gülnarə Səlimova 2008-ci ildə ilin ən yaxşı müəllimi adına layiq görülüb. O, Təhsil Nazirliyində elektron tədris resursların qiymətləndirilməsi Şurasının üzvü, Təhsil Nazirliyi Dərsliklərin qiymətləndirilməsi şurasının”İnformatika” işçi qrupunun eksperti, ali dərəcəli informatika müəllimidir.
Gülnarə Səlimova 1991-2012-ci illərdə M.Rahim adına 7 saylı məktəbdə informatika müəllimi, 2012-ci ildən etibarən isə Bakı Modern Məktəbində İKT üzrə direktor müavini işləyir.
Xeberler.az Gülnarə Səlimova ilə müsahibəni təqdim edir:
- Gülnarə xanım, Bakı Modern Məktəbində uşaqlar informatika fənninə nə dərəcədə maraq göstərir?
- İnformatika fənni şagirdlərdə alqoritmik təfəkkürün elementlərinin yaradılmasında, kompüter texnikasından istifadə etmək qabiliyyətinin formalaşmasında böyük rol oynayır. Məktəbimiz müasir texnologiyalarla təchiz olunub. İnformatika fənnini uşaqlara sevdirən həm də dərs zamanı istifadə olunan avadanlıqlardır. Ona görə də məktəbimizdə fənnə maraq güclüdür, şagirdlər böyük həvəslə dərsə gəlirlər. Məktəbimizin ikinci korpusu da tikilir, 6 informatika kabineti , 2 linqofon otağı, 6 İnternet kafe fəaliyyət göstərir. Bu, uşaq üçün böyük bir şəraitdir ki, asudə vaxtında öz biliklərini orada daha da zənginləşdirsin. Bakı Modern Məktəbində uşaqlar üçün futbol, basketbol, voleybol və s. kimi idman meydançaları fəaliyyət göstərir, amma müşahidə edirik ki, şagirdlərin seçimi İnternet kafelər olur. Bu da onu göstərir ki, fənnə kifayət qədər maraq var. Hətta nəzarət edirik ki, onlar oyun oynamır, tətbiqi proqramlarla işləyirlər. Bu, sevindirici haldır.
- Şagirdlərin seçimi olan İnternet kafelərin məktəb həyatında rolunu necə qiymətləndirirsiniz?
- Məktəbimizdə dəhlizlər çox böyükdür və hər mərtəbədə geniş sahələr var. Burada İnternet kafelər quraşdırılıb. Yəni burada divar boyunca kompüterlər düzülüb. Siniflərdə şagirdlərin sayı 12 nəfərdir. Hər bir sinif hətta dərs zamanı fənnindən asılı olmayaraq həmin meydançalara, İnternet kafelərə gəlib işləyə bilirlər. Yəni bu, çöldəki kafe deyil, uşaqların asudə vaxtlarını normal dəyərləndirə bilmələri üçün elektron bir məkandır.
- İKT üzrə səlahiyyətli şəxs kimi məktəblərdə informatika fənninin tədrisini necə qiymətləndirirsiniz?
- Hesab edirəm ki, informatika fənninin tədrisində sırf informatika mütəxəssisləri yaxından iştirak etməlidir. Bəzən elə hallar olur ki, kadr azlığı səbəbindən bəzi məktəblərin ibtidai siniflərində informatika fənninin tədrisi ibtidai sinif müəllimlərinə həvalə edilir. İnformatika fənnini riyaziyyat fənninə çevirən müəllimlərin sayı az deyil. Amma bu fənni informatika mütəxəssisləri tədris etsələr, fənnin özəyi də düzgün qurular.
- İnformatika fənnini uşağa sevdirmək üçün müəllim nə etməlidir?
- Deyə bilərəm ki, informatika müəllimliyi ən çətin peşədir. Məsələn, dünən işlədiyin proqrama bu gün yeni funksiyalar əlavə oluna bilər, ona görə də bu kimi xidmətləri şagirddən qabaq müəllim bilməlidir. Müəllim dərsə hazırlıqlı olmalıdır, öz üzərində çox işləməlidir. O biri fənn müəllimlərindən fərqli olaraq informatika müəllimləri məcburdur ki, gecə oturub axtarış etsin, hansı yeniliklər, alətlər, softlar, proqram təminatı var onlar haqqında məlumatı olsun. Dünənki İT texnologiyalar bu gün artıq köhnəlmiş sayılır. Ona görə də informatika müəllimi daima öz üzərində işləməlidir. Düzdür kadrlarımız azdır, amma dövlət tərəfindən məktəblər üçün ayrılmış İT texnologiyalar, proqram təminatı müəllimlər üçün böyük dəstəkdir. Dövlət səviyyəsində müəllimlər üçün təlimlər keçirilir. 10 il bundan əvvəlki vəziyyətlə müqayisə etdikdə, görərik ki, müəllim adicə mausu tuta bilmirdi. Bu da onu göstərirdi ki, bəzi məktəblərdə müəllimlərin öyrədilməsi istiqamətində iş aparılmır. Hətta kütləvi informasiya vasitələrinin bir çoxu məktəblərdəki informatika kabinetlərinin bağlı olduğundan, muzey kimi fəaliyyətindən yazırdı. Amma bu gün belə hallarla rastlaşmırıq. İnformatikaya maraq o qədər artıb ki, müəllimlərin İKT sahəsində biliklərinin artırılması üçün müsabiqələr təşkil olunur, nəticədə bütün bunlar onların İT texnologiyalar haqqında dərin biliklərə yiyələnməsinə səbəb olur. Bu, sevindirici haldır. Bu, o deməkdir ki, Azərbaycan inkişaf edir.
- İnformatika fənninə kifayət qədər maraq var, amma imtahana salınmır. Bir informatika müəlliməsi kimi məsələyə münasibətiniz.
- Bu gün informatika fənni üzrə kadrlar çox azdır. Əgər imtahan keçirilsə bu, təkcə şəhər yox, eyni zamanda respublikanın bütün rayon və kəndlərini əhatə etməlidir. Şəhər məktəblərindən fərqli olaraq, bəzi kənd məktəblərinin informatika fənninin tədrisi üzrə İT texnologiyalarla normal təchiz olunmaması və yaxud da heç təmin olunmaması bu fənn üzrə imtahan prosesini mümkünsüz edir. Eyni zamanda istərdim ki, informatika dərsləri həftədə 3-5 dəfə keçirilsin.
- Dərslərdə adətən hansı proqramlardan istifadə edirsiniz? Proqramlar lisenziyalıdırmı?
-Məktəbimiz açılan gündən təsisçimiz tərəfindən bütün kompüterlərin sayına görə əməliyyat sistemlərinin hamısı lisenziyalar əsasında təşkil edilib. Hətta Bakı Modern Məktəbi Microsoft şirkətinin reytinq cədvəlində birinci yerdədir ki, özəl məktəb kimi lisenziyalı proqramlardan istifadə edir. Bütün tətbiqi proqramlar, ofis paketləri lisenziyalıdır. Məktəb heyəti olaraq Microsoftdan office 365-dən istifadə edirik. Bu mail korporativ bir maildir. Burada hər bir müəllim, şagird, valideyn üçün ayrıca mail açılır. Office 365-də hər bir fərdi şəxs, hər bir istifadəçi öz saytını, bloqunu, təqvimini yarada, buludda öz məlumatlarını qoruyub saxlaya bilər.
- Dərslərdə əsasən hansı elektron resurslardan istifadə edirsiz?
- Təhsil Nazirliyi İKT sahəsində böyük addımlar atıb. Bu il Baku Modern Məktəbi olaraq pilot layihəsinə qoşulmuşuq. Yəni, nazirlik tərəfindən bütün altıncı siniflərin dərslikləri elektronlaşdırıldı və həmin dərsləri planşetlərə yazdıq, pilot layihə çərçivəsində dərsliklərdən istifadə etdik. Portal.edu.az, school.edu.az, video.edu.az resurslardan istifadə edirik.
- İnformatika dərslərinin tədrisini necə qurursunuz, yeni texnologiyalardan istifadə edirsinizmi ?
- Bəli, dərslərimizdə veb 2 texnologiyalardan istifadə edirik. Özüm veb 2-nin təlimçisiyəm. Məktəbimizdə demək olar ki, hər il bu texnologiyadan istifadə qaydaları ilə bağlı müəllimlərə təlimlər keçirilir. Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin treninq və monitorinq şöbəsi məktəbimizdə təlimlər keçib. Bütün müəllimlər sertifikat qazanıb, nəticədə dərsləri həmin veb 2 alətlərlə qurmağa başladılar.
- Məktəbin saytı varmı? Necə yenilənir? Uşaqlar bu prosesdə iştirak edirlərmi?
- Məktəbimizin bakumodernschool.az adlı saytı var. Məktəb yaradılandan bu sayt fəaliyyət göstərir. Saytı mən idarə edirəm. Hazırda məktəbin yeni yaradılan saytı üzərində işləyirik. Məktəbin Facebook səhifəsi də var və səhifə aktiv şəkildə fəaliyyət göstərir.
- Şagirdlərlə əlaqəni sosial şəbəkələrdə necə qurursunuz?
- Sinif rəhbərlərinin korporativ mail ünvanları var. Valideynlərlə əlaqə birbaşa bu mail üzərindən aparılır. Şagirdlərlə müəllimlərin ünsiyyəti, ev tapşırıqlarının verilməsi də onlayn qaydada təşkil edilir. Kimin nə sualı olsa sosial şəbəkələr vasitəsilə ünvanlaya bilir. Onu da vurğulayım ki, məktəbin direktoru Gülarə Əfəndiyeva da bu yazışmalarda fəal iştirak edir.
- Məktəbin informasiya texnologiyaları ilə təminatından razısınızmı? Yeni texnologiyalarla təminat davamlıdırmı?
- Bakı Modern Məktəbi hər növ multimedia ilə təmin olunub, hər bir otağımızda smart lövhələrin ən sonuncu versiyası var. Elektron lövhələr qələmdən əlavə touch sensorla işləyir. Ən müasir elektron avadanlıqlarla təminatımız fənnin tədrisini həm keyfiyyətli, həm də asan edir.
-Bəs məktəbin İnternet təminatından razısınızmı?
- Məktəbimizi İnternetlə AzEduNet təmin edir, fiber-optikdir. İnternetimiz sürətlidir, heç bir problemimiz yoxdur.
- Uşaqların İnternetdə təhlükəsizliyini necə təmin edirsiniz?
- Əlbəttə, İnternetin müsbət və mənfi tərəfi var. İnternet təhlükəsizliyindən özümüzü, uşaqları qorumalıyıq. Təbii ki, öncə şagirdlərimizi. Bu mövzuda Microsoftun “Uşaqların İnternetdə təhlükəsizliyi” adlı layihəsi var idi. Həmin layihədə iştirak etmişdim. Burada müxtəlif bölmələr var, məsələn, valideynlər uşaqlara necə nəzarət etməlidir, otaqda kompüter necə qurulmalıdır və s. Bəzi hallarda İnternetin imkanlarından istifadə edərkən uşaqlar bədniyyətlilərlə bilmədən virtual əlaqədə ola bilərlər, bunlar mütləq nəzərə alınmalıdır. Bu məqsədlə İnternetdə uşaqların davranışına dair yaddaş kitabçası yaratmışıq. İnternetdən istifadənin ailədaxili qaydalarını valideyn və müəllimlərlə paylaşmışıq. Ümumiyyətlə, təhlükəsizliklə bağlı məktəbdə süzgəc sistemi yüksək səviyyədə təşkil olunub. Yəni, şagirdlərin yaşına uyğun olmayan saytlar bağlanılıb. Ən yaxşı variant isə bu deyil: uşaqlara əvvəlcədən İnternetin mənfi, müsbət tərəflərini başa salmaq lazımdır.
-Özünüz bloq yaratmısınızmı?
- Bloq yaratmışam, amma hazırda istifadə etmirəm. İnzibati işlərdən buna vaxt ayırmaq imkanım olmur. İnformatik az. saytından yararlanıram və orada lazım olan məlumatları əldə edə bilirəm.
-İkt sahəsi ilə əlaqədar hansısa müsabiqələrdə iştirak etmisiniz?
-2008– ci ildə Avstriyanın Vyana şəhərində – “Avropa İnnovativ müəllim” müsabiqəsində, 2009-cu ildə Dünya İnnovativ məktəb layihəsinin qalibi kimi Braziliyanın Salvador şəhərində İnnovativ məktəb forumunda iştirak etmişəm. 2010-cu ildə Böyük Britaniynın London şəhərində İnnovativ məktəb layihəsinin qalibi kimi “London 2011 – Education Schools” forumunda olmuşam. Böyük Britaniyanın London şəhərində Bett-2011, Bett-2012 təhsil texnologiyalarının sərgisində Azərbaycan təhsilinin nümayəndisi kimi çıxış etmişəm.
-Bildiyiniz kimi təmayülləşmə nəzərdə tutulan 10-11-ci siniflərdə informatika fənninin tədrisi ləğv edildi. Buna münasibətiniz.
-Ümumiyyətlə, müasir biliklərin tədrisini İKT bacarıqları olmadan təsəvvür etmək mümkün deyil. Mənə elə gəlir ki, 10-11-ci siniflərdə informatika fənninin tədrisinin ləğv edilməsi ölkədə informasiya cəmiyyətinin formalaşmasına mənfi təsir edəcək.
Məktəblilərinin informatika fənni üzrə beynəlxalq olimpiadalarda 10-11-ci sinfin şagirdləri iştirak edir. İnformatikanın tədrisini dünya standartlarına uyğunlaşdırmalıyıq. Məhz bunu əsas götürərək bu il informatika fənninə robototexnikanı əlavə etdik və məktəbimizdə rəsmi robototexnika mühəndislik mərkəzi açıldı. Şagirdlərin böyük həvəslə praktik məşğələlərdə işləməsi texniki fənlərin mənimsənilməsinə böyük təkan oldu.
Ruhəngiz Muradova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri