“İnformatika fənni ilə bağlı milli elektron resurslar yaradılsa yaxşı olar”
Müsahibim Viktoriya Abdullayeva Neft və Kimya İnstitutunun “İstehsal proseslərinin avtomatlaşdırılması” fakültəsini, İxtisasartırma və Yenidən hazırlanma İnstitutunu bitirib. 2001- ci ildən etibarən bu günə kimi 6 saylı məktəb-liseyin riyaziyyat-informatika müəllimi işləyir.
Viktoriya Abdullayeva bir neçə layihələrin, o cümlədən, MİMİO, SMART, One to One, İntel, TPD, Kurikulum iştirak edib və Elektron Məktəb layihəsində təlimçi kimi fəaliyyət göstərib.
2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub, 2014-cu ildə isə “Tərəqqi” medalı ilə təltif edilib.
İnformatika müəlliməsi Viktoriya Abdullayeva informatika fənninin təlim-tədris üsulu ilə bağlı Xeberler.az-ın suallarını cavablandırıb:
Müsahibəni təqdim edirik:
-Viktoriya müəllimə, ilk ondan başlayaq ki, bu gün şagirdlərin informatika fənninə marağı hansı səviyyədədir?
İnformatika dərslərini 1-ci sinifdən tədris edirik. Bəxtim onda gətirdi ki, dərs keçməyə başlayanda artıq kurikulum təhsil sistemindən istifadə edilirdi. Şagirdlərin informatika dərsini yaxşı mənimsəməsi üçün məktəbimizdə maddi-texniki baza yaradılıb. İnformatika otağımız ən son tələblərə cavab verən İKT avadanlıqlarla təchiz edilib. Hətta deyə bilərəm ki, hazırda bütün fənlərin tədrisində İKT-dən istifadə olunur.
İnformatika elmi digərləri ilə müqayisədə daha gənc elmdir. Buna baxmayaraq şagirdlərin informatikaya marağı böyükdür.
-İnformatikanın tədrisi prosesində İKT-ni necə tətbiq edirsiniz ? Hansı proqramlardan, hansı elektron vasitələrdən istifadə edirsiniz?
-Təhsil Nazirliyi tərəfindən təşkil olunan çoxsaylı proqramlar pedaqoji fəaliyyətimdə mənə çox kömək olur. Dərslərimi İntel proqramı vasitəsilə keçirəm. Dərs prosesini elə nizamlayıram ki, müasir dərsin bütün standartlarına uyğun təşkil edilsin, ən əsası isə uşaqlar başa salınan qaydaları, terminləri yaxşı qavrasınlar. Tez-tez uşaqların istifadə edə biləcəyi və ideyalarını həyata keçirə biləcəkləri, onlara maraqlı olan proyektlərdən istifadə edirəm. Hər bir şagirdin dərsə motivasiya ola biləcəyi çalışmalar qururam. Bunun üçün PowerPoint kimi fərqli məşhur proqramlardan istifadə edirəm. Elektron lövhələrdə keçirilən elektron dərslər, həmçinin video, qrafika və Flash proqramlaşdırmadan istifadə edirəm. Proqramlaşdırmanı bilən şagirdlərimizlə yanaşı, təkcə kompüterdə mətn yazmağı bilən şagirdlər də var. Şagirdləri daha da həvəsləndirmək üçün milli və xarici elektron resurslardan istifadə edirəm.
-İstifadə etdiyiniz proqramlar lisenziyalıdır ya lisenziyasızdır?
-Əlbəttə ki, məktəbdə yalnız lisenziyalı proqramlardan istifadə edilir. Ehtiyacımız olanda isə dərs üçün vacib olan lisenziyalı proqramlar alıram. Məsələn, işçi səhifələrinin hazırlanması üçün MathResourceStudio5 proqramının lisenziyalı versiyasını özüm almışam.
-İnformatikanın tədrisi üçün yetərincə milli elektron resurslar, saytlar varmı? Şagirdlərə hansı elektron resursları tövsiyə edirsiniz?
10 il ərzində milli elektron resursları çox inkişaf edib və Azərbaycanda elektron resursları kifayət qədər yaxşı səviyyədədir. İstərdim ki, hər şey yüksək səviyyədə olsun. İnformatika müəllimlərinə böyük dəstək verən sayt “informatik.az” saytıdır. İbtidai məktəblərdə işləmək üçün istifadə edilə bilən resurslardan biri də “oxuyuruq.biz” saytıdır. “Mimio.az” və “portal.edu.az” saytlarından da informatikaya aid normal biliklər əldə etmək olar. Məsələ ondadır ki, bu saytlarda müəllimlər təkcə informatika deyil, hətta bütün fənlərə aid elektron resursları yalnız rus və ingilis dillərində izah edirlər. Düşünürəm ki, Azərbaycan dilində belə saytlar yaradılsa daha yaxşı olar. Bunun üçün də işçi qüvvəsi və vaxt lazımdır. Proqramçılarının belə bir layihəni həyata keçirəcəyinə inanıram.
-Uşaqların tez-tez istifadə etdikləri informatika resursları, fb qrupları varmı?
-Uşaqlar “Youtube”-dan daha çox istifadə edirlər. Dərsdə istifadə etdiyim informatika resursları ilə bağlı məlumatları qruplarda paylaşıram. Dərs dediyim şagirdlərlə “Gmail” vasitəsilə ünsiyyət saxlayıram.
-Bütün uşaqlar kompüterlə təmin edilibmi? Ümumiyyətlə məktəbin texnoloji avadanlıqlarla təminatı necədir?
- 6 saylı məktəbin kompüterlə təchizatı qənaətbəxşdir. Bütün sinif otaqlarında uşaqların həm dərs vaxtı, həm də dərsdən sonrakı vaxtlarda məşğul ola biləcəyi kompüterlər var. Bundan əlavə 4 informatika otaqlarının hər birində 15 kompüter quraşdırılıb. Amma istərdim ki, ibtidai siniflərdə də uşaqların noutbukları olsun. Çünki informatika dərslərində onlara dərsi başa salarkən çətinliklə üzləşirik. Uşaqların kompüterlə bağlı təcrübəsi yoxdur, ona görə də bu, mümkün deyil. Bir də ibtidai sinif uşaqlarının sayı dərsi səmərəli keçməyə imkan vermir. İnformatika dərsində şagirdlər qruplara bölünsə, daha faydalı nəticələr əldə edə bilərik.
-Məktəbdə İnternet sürətli və keyfiyyətlidirmi? İnternetdə problemlər olanda nə edirsiniz? Kompüterlərinizdə problemlər olanda bunları kim aradan qaldırır?
-Məktəbimizdə İnternetin sürəti pis deyil. Bu, AzEduNet tərəfindən çəkilmiş xüsusi xətdir. Təbii ki, bəzən problemlərimiz olur, lakin AzEduNet mütəxəssislərindən ibarət səlahiyyətli komanda bütün çətinlikləri aradan qaldırır.
-Məktəbin saytı varmı? Necə yenilənir? Uşaqlar bu prosesdə iştirak edirlərmi?
-Məktəbin mekteb.az adlı saytı var və o saytı mən idarə edirəm. Və bütün məlumatlar saytda ingilis dilindədir. Hazırda sayt inkişaf mərhələsindədir, ingilis dilində video materiallar yerləşdiririk.
-Ümumiyyətlə, uşaqlarla əlaqəni hansı vasitə ilə qurursunuz? Bu məqsədlə şosial şəbəkələrdən effektiv istifadə edirsinizmi?
-Təbii ki, müəllimlərin vəzifəsi şagirdlərlə bağlıdır. Uşaqlarla əlaqəsiz bu, mümkün deyil. Şagirdlərimlə “Gmail” və “Dropbox”da sənəd yaratmaq və redaktə etmək vasitəsilə ünsiyyət saxlayıram. Bütün şəkillər və videolar birbaşa hər kəsin məlumat üçün istifadə edə biləcəyi ümumi qovluğa yerləşdirilir. Bundan əlavə Padlet.com elektron lövhəsindən istifadə edirəm.
-Uşaqların təhlükəsizliyi ilə bağlı nə öyrədirsiniz? Onlar öz informasiya təhlükəsizlliklərini qoruya bilirlərmi ? Bu sahədə valideynlərlə əlaqələr qurursunuzmu?
-Uşaqların təhlükəsizliyi günümüzün ən vacib problemlərindən biridir. Həmişə elektronlaşmış cəmiyyətin mənfi və müsbət tərəfləri haqqında uşaqlara məlumat verirəm. Biz dəfələrlə bu məsələni uşaqlar və böyüklərlə müzakirə etmişik. Qeyd edim ki, “informatika həftələri”ndə “İnternetdə təhlükəsizlik” mövzusunda uşaqlar və böyüklər arasında sınaqlar və oyunlar keçirilir.
-Dərs prosesində uşaqlar mobil avadanlıqlardan istifadə edə bilirlərmi?
-Mütləq. Bu, vaxt tələb edir. Bir mobil cihazdan istifadə edərək hər hansı bir video, şəkil və ya fayl daxil edə bilirlər.
-Sizcə, məktəbdə və valideynlərdə informatikaya olan diqqəti və hörməti artırmaq üçün hansı addımlar atılmalıdır ?
-Valideynləri məlumatlandırmaq üçün müxtəlif İnternet resurslardan və mediadan istifadə etmək lazımdır. Valideynlərlə uşaqları eyni komanda şəklində yığmaq və onlar arasında bu sahədəki rəqabəti gücləndirmək olar.
-İKT-dən istifadə bacarıqlarınızın təkmilləşdirilməsi yolunda müstəqil şəkildə nə öyrənmisiniz?
İnkişaf üçün şagirdlərimi özümə stimul hesab edirəm. İstəyirəm ki, onlara hər an nəsə öyrədim, çünki özüm də həmişə öyrənirəm. “Öyrənərək öyrətmək” adlı dərsliyim də var. Müxtəlif qrafik proqramları, musiqi, video, Flash proqramlaşdırmanın əsaslarını sərbəst şəkildə öyrənirəm.
Ruhəngiz Muradova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri