“İnformatikadan imtahan keçirilsə bu fənnə qarşı məsuliyyət artar”

24-06-2015 / 12:29

İnternetdə uşaqların təhlükəsizliyini təmin etmək üçün həm valideynlər, həm də şagirdlər məlumatlandırılmalıdır.

Müsahibimiz İlhamə Hacıyeva 2000-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin bakalavr şöbəsini bitirib.

2002-2004-cü illərdə Bakı Dövlət Universitetində magistratura təhsili alıb.
2004-2006-cı illərdə Təfəkkür universitetində riyaziyyat müəlliməsi kimi işləyib.

2013-cü ildən etibarən  Avropa liseyində informatika müəlliməsi işləyir.

İlhamə Hacıyeva 2014-cü ildə UNESCO-nun “Learning For the Future” İKT layihəsi çərçivəsində keçirilən “TRİZ” müsabiqəsində Bakı Avropa Liseyinin şagirdləri ilə birgə ikinci yeri tutub.

2015-ci ildə Təhsil Nazirliyinin keçirdiyi elektron müsabiqədə ikinci yeri qazanıb.  Promethean lövhələrin dərslərdə tətbiqinə dair elektron müsabiqədə fərqlənmə sertifikatına layiq görülüb.

“GlobalLab” onlayn platformasında Bakı  Avropa Liseyinin İnformatika fənn müəllimi İlhamə Hacıyevanın rəhbərliyi altında liseyin şagird komandası müxtəlif ölkələrdən iştirak edən 70 komandanın içərisində müsabiqənin qalibi olub.  Bu qələbəyə görə  liseyin “Baku Junior Einstains” komandası “Globallab”ın 2015-ci ilin “Yay ekspedisiyası” alt-layihəsinin siması kimi çıxış edir.

İlhamə Hacıyeva informatika fənninin tədrisi, təhsildə informasiya texnologiyalarının tətbiqi ilə bağlı  Xeberler.az-ın suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:


-İlhamə xanım, məktəbdə informatikaya olan maraq necədir? Şagirdlər bu fənnə nə dərəcədə maraq göstərir?

-İki ildir ki, Bakı Avropa liseyində informatika müəlliməsi işləyirəm. Şagirdlər bu fənnə kifayət qədər çox maraq göstərirlər. Müsabiqələrdə, yarışlarda birgə iştirak edirik. Ümumiyyətlə, İKT sahəsinə dair müsabiqələrlə maraqlanıram və şagirdləri bu müsabiqələrə  cəlb edirəm ki, iştirak etsinlər. Bu sahədə istedadlı uşaqlarımız çoxdur.

-İnformatika fənni məktəblərdə tədris edilir, amma imtahan keçirilmir. Bir informatika müəlliməsi kimi buna münasibətiniz.

-Ümumiyyətlə, bizdə belədir ki, şagird hansı fəndən ali məktəbə imtahan verəcəksə daha çox həmin dərsi oxuyur, həmin fənn üzrə hazırlaşır. Bu vəziyyətdə digər fənnlərin yanında informatika ikinci planda qalır. Fənni sevdirmək isə müəllimin vəzifəsidir. İnformatika dərsində əgər müəllim uşaqları maraqlandıra bilirsə, uşaqlar o dərsi sevə-sevə oxuyurlar. Bunun üçün gözləmək lazım deyil ki, informatika fənni üçün imtahan təşkil edilsin və uşaq bu fənni oxusun. Bu hal müəllim üçün mənfi haldır. Təbii ki, imtahan keçirilsə, əla olar, nəticədə məsuliyyət artar. Müəllim o vaxt müəllimdir ki, fənni imtahansız da olsa şagirdinə sevdirə bilir.

-Liseyin kompüter avadanlıqları, texnologiya ilə təminatından razısınızmı?

-İndi məktəblərdə informatika oxunmaması hallarının səbəbi başqa problemlərdədir. Ən azından mən belə fikirləşirəm. Əgər təhsil ocaqları bugünkü gündə lazımi texnoloji vasitələrlə kifayət qədər təchiz olunmursa, bunun daha yaxşı alternativ yolları var. Məsələn, əvvəllər sırf informatika dərsində siniflər iki qrupa bölünürdü. Həm uşaqlar otaqlara rahat yerləşdirilirdi, həm də keçirilən dərslərin tətbiqi üçün kompüterlər yetərli idi. Şagirdlər sərbəst şəkildə işləyə bilirdilər, müəllim də bütün şagirdlərə diqqət edə bilirdi. Amma indi, müasir texnoloji resursların artdığı dövrdə mən 30 şagirddən ibarət bir sinifdə cəmi 12 kompüterlə təmin olunmuşam. Çox problemlərlə qarşılaşırıq. Sinifdə şagirdlərinin sayının çox, kompüterlərin sayının isə az olması dərs keçərkən problemlər yaradır.

-İnformatika fənninin tədrisi zamanı hansı problemlərlə qarşılaşırsınız?

-Yuxarıda  qeyd etdiyim kimi, fənni sevdirmək müəllimin vəzifəsidir. Bu problemi də aradan qaldırmaq üçün müəyyən vasitələr işlətmişəm. Bunlar nədən ibarətdir? Bütün sinif qruplara bölünür və hər qrupun lideri seçilir. Liderlər qrupun bütün üzvlərinin kompüter ilə işləməsinin vaxt ayrılmasına nəzarət edir və praktiki işin nəticələrini mənə məruzə edirlər. Nəticədə bütün şagirdlərin dərs zamanı işləməsi təmin olunur. Məncə alınır, pis deyil. Müəllimdən çox şey asılıdır.
Bax beləcə, ən ümdə problemlərimizdən biri siniflərin informatika fənni üzrə qruplara bölünməməsidir. Bu problemimiz həll olunsa, İKT sahəsində çoxlu nailiyyətlərimiz olar, mən bir müəllim kimi uşaqlarımızda bu potensialı görürəm. Fənnə maraq kifayət qədər çoxdur.

-İnformatika fənninin tədrisi zamanı İnternetin nə kimi əhəmiyyəti vardır?

-Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, digər fənlərlə müqayisədə informatika dərsində kitab onlar üçün maraqsızdır, bu sahədə uşaqların diqqətini cəlb edən daha çox kompüter, planşet, müxtəlif maraqlı proyektlər, İnternetdir. İnternetdə çox vacib elektron resurslar var. Dərslərin həlli, onların tətbiqi üçün İnternetin istər şagirdlərə, istərsə də müəllimlərə faydası çox böyükdür. Bütün sahələrlə bağlı maraqlı faktları İnternetdən tapmaq mümkündür.

-İnformatikanı şagirdə sevdirmək üçün nə kimi üsullardan istifadə edirsiniz?

Məlumdur ki, dərs keçilirsə nəticədə şagirdi qiymət də maraqlandırır. Bu nöqteyi-nəzərdən də uşaqları bu sahəyə çəkməyə, aktiv layihələrdə çıxış etməyə, nəticədə onların nailiyyəti, hansısa bacarıqlarını üzə çıxarmağa, ən əsası isə fənni sevdirməyə çalışıram. Uşaqlar proyektlərdə işləməyi o qədər çox sevirlər ki, onlara kimin qiyməti yüksək olsa onun proyektlərdə iştirak edəcəyini bildirirəm. Bax işimizi belə qurmaqla informatikada uğurlarımızı artırmağa çalışırıq (gülür).

-Uşaqlara texnologiyadan, İnternetdən istifadəyə görə nə kimi qadağalar qoymaq olar?

Təbii ki, uşağa İnternet, kompüter kimi texnoloji vasitələrlə bağlı məhdudiyyət qoyulmalıdır. Amma məhdudiyyəti uşağa başa salaraq qoymaq lazımdır. Şəxsi yanaşma olmalıdır. Variantlar çoxdur, qrafik tətbiq etmək mümkündür. Əgər valideyn uşağa İnternetdən yalnız 3 saat icazə veribsə, uşaq da öz növbəsində nə isə vacib bir şeylə məşğul olursa, məsələn Youtube-da adi primitiv bir proqramlaşdırmaya baxıb məlumatlar əldə edirsə və yaxud dərslərinə aid onlayn test edirsə hətta deyərdim ki, ona yarım saat da artıq kompüterdən istifadə etməyə icazə vermək olar.

Digər üsullardan biri isə odur ki, uşaqların İnternetdə təhlükəsizliyini təmin etmək, ona müəyyən məhdudiyyətlər qoymaq üçün müəyyən proqramlar vardır. Hansı ki, yükləndiyi zaman avtomotik olaraq lazımsız saytlar açılmır.

Məlum məsələdir ki, müasir dövrdə İnternetdən nəinki böyüklər, hətta uşaqlar da gün ərzində çox istifadə edir. Sağlamlıqdan əlavə bunun psixologiyaya da müəyyən təsiri vardır. Bildiyimiz kimi, İnternetdə vacib, maraqlı, faydalı məlumatlarla bərabər zərərli bilgilər, görüntülər yerləşdirilib. Ancaq bu ona dəlalət etmir ki, uşağa məhz bu səbəbdən müəyyən qadağalar qoyulmalıdır. Əgər bu qadağa təhlükəsizliyi təmin etmək üçündürsə onda ən yaxşı vasitə İnternetin bütün təhlükəsi haqqında şagirdləri tam informasiya ilə təmin etməkdir və onların İnternetdən istifadəsinə nəzarət etməkdir. Bəzən elə hallar olur ki, uşaqlar İnternetdən düzgün istifadə etmirlər, nəticədə valideyn onun İnternetdən, kompüterdən istifadəsinə əngəl törədir. Düşünürəm ki, həm uşaqların bu tipli təhlükələrdən qorunmasını təmin etmək, həm də valideynin bu vəziyyətlərdə düzgün istiqamətləndirilməsi, məlumatlandırılması üçün ilk növbədə hər iki tərəfə informasiya verilməlidir.

-Fənnin tədrisi zamanı İnternetdən, texnologiyadan düzgün istifadə istiqamətində valideynlərlə nə kimi əlaqələr qurursunuz?

-Bunun üçün ilk növbədə valideynlə daim əlaqədə olmaq lazımdır. Valideyn-müəllim əlaqəsi şagirdin düzgün formalaşmağında vacib rol oynayan amillərdən biridir. Bu mövzuda mən bir müəllim kimi fərqli metoda əl atmışam. Təbii ki, informatika sahəsində kompüterdən, İnternetdən, sosial aləmdən, çatlaşmadan istifadə işimi xeyli asanlaşdırdı. Belə ki, bir çat yaratdım və valideynləri, şagirdlərimi də həmin çata əlavə etdim. Valideynlərə tapşırdım ki, onlar burada yalnız passiv istifadəçi olsunlar, yəni yazışmasınlar, sadəcə uşaqlarının İnternetdən istifadəsinə nəzarət etsinlər. Uşaqlarla çatda proyekt üzərində işləyirdik. Mən dərsdə də şagirdlərimlə dost kimi yanaşıram (təbii ki, bəzi uşaqlar vardır ki, onlarla yalnız ciddi danışmaq lazımdır ki, tam məsuliyyəti öz üzərlərində hiss etsinlər. Amma belələri azlıq təşkil edir). Nəticədə uşaqlar səhvlər buraxmağa, məsələyə qeyri-ciddi yanaşmağa başladılar. Belə olan təqdirdə onlara İnternetdən düzgün istifadə etməyi, tam ciddi resurs kimi mənimsəməyi, ən çox dərslərin həlli üçün məlumatlar axtarmağın vacibliyini başa saldım. Yayda şagirdlərimiz başqa ölkələrə istirahətə gedirlər və hər biri olduqları ölkələrin adət və mədəniyyətini, muzeylərdə eksponatları, abidələrin şəkilləri ilə Whatsapda yaradılan qrupda paylaşıb müzakirə edirlər. Artıq şagirdlər özləri anlayırlar ki, sosial şəbəkənin burada funksiyası və rolu əvəzolunmazdır.

-Ən çox istifadə etdiyiniz resurslar hansılardır?

-İnformatikanın tədrisi üçün əsasən edu.azinformatik.az kimi milli resurslarımızdan istifadə edirəm. Global lab portalı milli olmasa da bu saytdan da maraqlı məlumatlar oxuyuram. Bundan əlavə şagirdlərlə dərs prosesində bir çox onlayn testlər edirik. Müxtəlif saytlarda layihələrlə maraqlanırıq, onları tətbiq etməyə çalışırıq.

-Dərs prosesində uşaqlar mobil avadanlıqlardan istifadə edə bilərlərmi?

Bəli, icazə verirəm. Çünki informatika texnoloji vasitələr elmidir. Dərslərdə hətta yeni və köhnə mobil avadanlıqların tərkib hissələri, funksiyaları, onların fərqini, hansı sistemlə işləməsini də müzakirə edirik. Məlumdur ki, indi bütün uşaqların mobil telefonu var. Mobil telefonlarda da kompüterin bütün funksiyalara rast gəlmək mümkündür. Həm də ki, biz kompüter azlığından əziyyət çəkirik. Bəzən şagirdlər keçirilən dərsləri kompüterdə olmasa da telefonda tətbiq edirlər. Amma qeyd etməliyəm ki, bu, çox ziyandır. Onlar proqramları mobil telefonda yaxınlaşdırır və bu, onların gözünün zəifləməsinə gətirib çıxarır.

-Liseyin İnternet təchizatından razısınızmı?

-Liseydə İnternet problemi ilə qarşılaşmırıq. İnternetin sürəti əladır. İstər dərsdə, istərsə də kabinetlərdə, müəllim otaqlarında problemsiz işlədə bilirik.

-Dərslərdə Veb 2.0 texnologiyalardan istifadə edirsinizmi?

İnformatika dərsində Veb 2.0 texnologiyalarda resurslar yaradırıq. Hətta bununla bağlı tez-tez lisey daxilində müsabiqələr, yarışlar da təşkil edirik. Məsələn, “Digital learning” kimi rəqəmsal həftələrimiz olur. Bunun üçün siniflər elektron resurs daxil etməlidirlər. Uşaqlarla bərabər maraqlı rəqəmsal hekayələr yığırıq, elektron lövhədə nümayiş edirik.

-Liseyin saytı varmı? Necə yenilənir? Uşaqlar bu prosesdə iştirak edirlərmi?

-Liseyimizin saytı var (eurolyceum.az). Liseyin fəaliyyəti, uğurları, nailiyyətləri ilə bağlı xəbərləri, məlumatları saytda yerləşdirir, Facebook, Twitter kimi sosial şəbəkələrdə paylaşırıq. Saytımızın yenilənməsi, proqramlarla, texnoloji cəhətdən problemlərin həlli prosesində şagirdlərimiz də iştirak edir. Bu da liseydə uşaqlara verilən yüksək təhsil, onların dövrün tələbinə uyğun yaradılan imkanların nəticəsidir. Saytı liseyin 6-cı sinif şagirdi Hüseyn Hacıyev idarə edir.

 

Ruhəngiz Muradova

 

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə