“Şagirdlərimlə əlaqə üçün sosial şəbəkələrdən istifadəyə müsbət baxmıram”

18-06-2015 / 17:03

“2 dəfə “İlin ən yaxşı ümumtəhsil məktəbi” adına layiq görülmüş məktəbin saytının olmaması yaxşı hal deyil”.

Müsahibim Aliyə Əhmədova 1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin “Fizika” fakültəsinin bakalavr şöbəsi, 2002-2004-cü illərdə Sumqayıt Dövlət Universitetinin “Fizika müəllimliyi” fakültəsi üzrə magistratura təhsili alıb. Hazırda Sumqayıt şəhəri İ.Qayıbov adına 1 saylı tam orta məktəbdə fizika müəlliməsi kimi işləyir. Aliyə xanım eyni zamandaTəhsil Nazirliyinin təşkil etdiyi “Gənc Təhsil Liderlərinin Yay Məktəbi” nin 2014-cü il müdavimidir.

Aliyə Əhmədova Təhsil Problemləri İnstitutu və “Demokratik Gənclər” İctimai birliyinin Ulu Öndər Heydər  Əliyevin 91-ci doğum ili  münasibətilə  birgə təşkil etdiyi “Ən yaxşı təhsil blogu” müsabiqəsində bütün nominasiyalar üzrə qalib olaraq “Ən yaxşı təhsil bloqçusu” fəxri adına layiq görülüb. V “Elektron Təhsil” Respublika Müsabiqəsinin “Müəllimlərin bloqları” nominasiyası üzrə 1-ci yeri əldə edib. TN və Edumedia-Aərbaycan təşkilatının təşkil etdiyi “Promethean lövhələri tədrisdə tətbiqi” müsabiqəsində fərqlənmə diplomu qazanıb. TN və Milli bankın birgə təşkil etdiyi “Həyat bilgisi-maliyyə savadlılığı” müsabiqəsində fərqlənmə diplomuna layiq görülüb. Məktəblilərin VIII “İnformatika Layihə Olimpiadası” nın finalçısı olub.

Aliyə Əhmədova fizika fənninin tədrisində istifadə olunan texnologiyalar və onlayn resurslar, fizika və infromatiak fənninə olan maraqla bağlı Xeberler.az-ın suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

 -Aliyə xanım, Məktəbdə fizika fənninə olan maraq necədir? Şagirdlər bu fənnə nə dərəcədə maraq göstərir?

-Fizika, kimya orta məktəbdə tədris edilən, qavranılması çətin olan fənnlərdəndir. Bu səbəbdən 6-cı sinif şagirdləri fizika ilə ilk tanışlığa sadə təcrübələrin icrası, kiçik araşdırmalarla başlayırlar. Bu, onlarda fizika fənninə qarşı marağın yaranmasına səbəb olur.Ümumilikdə isə fizika fənninə ən çox riyazi qabilliyyətləri normal olan şagirdlər maraq göstərir.

- Dərslərinizi necə qurursunuz? Fizikanın tədrisi prosesində İKT-ni necə tətbiq edirsiniz? Hansı proqramlardan, hansı elektron vasitələrdən istifadə edirsiniz?

Dərslərimi qurarkən  fizika laboratoriyasından, məktəbin İKT imkanlarından maksimum dərəcədə yararlanmağa çalışıram. Şagirdlərə ev tapşırığı olaraq  http://learningapps.org  saytında hazırladığım onlayn tapşırıqlar da verirəm. Məktəbdə olan elektron lövhə, EduMedia-Azərbaycan təşkilatı tərəfindən mənə verilmiş GlobiLab proqram təminatlı LabDisk-Physio rəqəmsal laboratoriya qurğusu da  fizika fənninin tədrisi imkanlarını artırmış olur. Fizikanın tədrisində geniş imkanları olan Crocodil proqramından da uyğun mövzularda istifadə etməyə çalışıram.

- Fizikanın  tədrisi üçün yetərincə milli elektron resurslar, saytlar varmı? Hansı elektron resursları şagirdlərə tövsiyə edirsiniz?

Qeyd edim ki, sual çox aktualdır. İnternetdə bir neçə Azərbaycan dilli fizika resursları təqdim edən saytlar var. Nümunə olaraq deyim ki , http://skoool.edu.az saytının fizika bölməsi aşkar şəkildə hansısa  sadə xarici resursun bəsit tərcümə olunmuş variantıdır və şəxsən məni qane etmir, bu səbəbdən də şagirdlərimə tövsiyyə etməmişəm. Dərslərimdə istifadə etdiyim http://portal.edu.az  saytının fizika fənninə aid simulyasiyaları isə keyfiyyətlidir və çox imkanlara malikdir. Çox istərdim ki, bu sayta gələcəkdə artırılacaq resurslar fizika dərsliklərindəki təcrübə və laborator işlərə uyğunlaşdırılsın. Milli elektron resursların hazırlanmasında Təhsil Nazirliyinin təşkil etdiyi “Elektron Təhsil” Respublika müsabiqəsinin rolunu da xüsusi qeyd etmək istərdim. http://musabiqe.edu.az  saytında müəllimlərimiz tərəfindən hazırlanmış kifayət qədər dəyərli elektron resurslar var. Şagirdlərimlə iş zamanı şəxsi müəllim bloqum olan  http://asanfizika.blogspot.com  “əyləncəli Fizika kurikulumu” bloqumda toplanmış resurslarımdan istifadəni tövsiyyə edirəm.

Uşaqların tez-tez istifadə edtikləri resurslar varmı?

-Təbii ki ,hər yeni dərs ilinin əvvəlində şagirdləri istifadə edə biləcəkləri etibarlı mənbələrə yönləndirmək lazımdır.Nümunə üçün qeyd edim ki,Təhsil Nazirliyi tərəfindən istifadəyə verilmişhttp://www.e-derslik.edu.az saytı şagirdlərə öz Android və planşetlərinə e-dərslikləri yükləmək və üzərində qeydlər aparmaq imkanı verir. Milli Təhsil Televiziyası olan http://oxu.tv  saytında toplanmış fizika fənninə aid videolar da şagirdlərim tərəfindən müsbət qarşılanır. Xüsusi olaraq qeyd edim ki ,Təhsil Nazirliyinin istifadəyə verdiyi “Şagirdlər arası bilik yarışı” platforması olan http://www.e-test.edu.az saytında nəzərdə tutlmuş fizika bölümünün aktivləşməsini şagirdlərimlə bərabər mən özümdə böyük səbirsizliklə gözləyirəm.

-Bütün uşaqlar kompüterlə təmin edilibmi? Ümumiyyətlə, məktəbin  texnoloji avadanlıqlarla təmiantı necədir?

-Məktəbimizin  kompüterlərlə təchiz olunmuş 2 informatika otağı  işlək vəziyyətdədir. Elektron lövhələrimizin isə proyektorlara ehtiyacı var.

-Nə üçün valideynlər övladlarını informatika üzrə hazırlaşdırmırlar? Halbuki Kompüter elmləri, tətbiqi riyaziyyat, proqramlaşdırma və.s ixtisaslar bir başa bu fənnin tədrisi üzərində nəzərdə tutulub.

 -İnformatika fənnini müəllimlər tərəfindən illik planlaşdırma əsasında normal tədris olunarsa şagirdlərin xüsusi mərkəzlərdə İKT hazırlığına ehtiyac qalmaz. Bu hal xüsusilə ibtidai siniflərdə hiss olunur. Öz dərslərimdə şagirdlərin informatika biliklərinin qənaətbəxş olduğunu müşahidə etmişəm. Sevindirici haldır ki, şagirdlərdən bir qismi hətta biz müəllimlərdən daha irəli İKT qabiliyyətlərinə malikdir.

 -Məktəbdə İnternet sürətlidirmi və keyfiyyətlidirmi? İnternetdə problemlər olanda nə edirsiniz? Kompüterlərinizdə problemlər olanda bunları kim aradan qaldırır? 

-Məktəbdə İnternetin sürəti normaldır. Bütün kompüterlərdən  eyni zamanda İnternet üçün istifadə olunduqda problemlərlə qarşılaşa bilirik. Bu səbəbdən İnternetdən eyni zamanda istifadə etməməyə çalışırıq. Kompüterlərdə xüsusi bir problemlərlə qarışılaşmamışıq.

-Məktəbin saytı varmı? Necə yenilənir? Uşaqlar bu prosesdə iştirak edirlərmi?

Məktəbimizin saytı yoxdur. Düşünürəm ki, 2 dəfə “İlin ən yaxşı ümumtəhsil məktəbi” adına layiq görülmüş məktəbin saytının olması düzgün olardı. Məktəbin tədbirlərinin, şagird və müəllim nailiyyətlərinin işıqlandırılmasında, ümumiyyətlə, əlaqələrin qurulmasında bu, ən müasir üsullardandır.

-Sizin özünüzün  və dərs dediyiniz şagirdlərin bloqu varmı?

-Öz fənnimə aid hazırladığım və zənginləşdirdiyim bir neçə bloqlarım var. Hazırladığım interaktiv tapşırıqlar şagirdlər tərəfindən həll edildikcə müraciət forumu ilə mənimlə əlaqə qura, suallarını verə bilirlər. Şagirdlərimin müsabiqələrə qatılmış bloqlarından  http://shagirdimiz.blogspot.com  və  http://mektebli18.blogspot.com  nümunə verə bilərəm.

-Ümumiyyətlə, uşaqlarla əlaqəni hansı vasitə ilə qurursunuz? Bu məqsədlə şosial şəbəkələrdən effektiv istifadə edirsinizmi?

 -http://learningapps.org saytının e-sinif imkanlarından istifadə etmişəm və deyə bilərəm ki, bu, istifadəsi rahat bir xidmətdir. Ümumi sosial şəbəkələrdən şagirdlərimlə əlaqə vasitəsi kimi istifadəyə müsbət baxmıram, bu barədə öz arqumentlərim var. Yeni tədris ilində qəbul edəcəyim yeni 6-cı sinif şagirdlərimlə isə Təhsil Nazirliyinin təqdim etdiyi e-sinif xidmətini sınaqdan keçirməyi də planlaşdırıram və düşünürəm ki, bu, daha etibarlı virtual məkan olar.

-Uşaqların təhlükəsizliyi ilə bağlı onlara nə öyrədirsiniz? Onlar öz informasiya təhlükəsizliklərini qoruya bilirlərmi? Bu sahədə valideynlərlə əlaqələr qurursunuzmu?

-Təhlükəsizlə bağlı deyə bilərəm ki, şagirdlərə onlayn tapşırıq verdiyim zaman onlara hansı saytlardan axtarış etməli olduqlarını əvvəlcədən tövsiyyə edirəm. Ümumiyyətlə rastlaşdıqları hər informasiyanı birbaşa qəbul etməmələrini, valideyn və müəllimləri ilə müzakirə etmələrinin bildirirəm. İnternet üzərindən alınan hər məlumatın heç də etibarlı və dəqiq olmadığını, bu məlumatların tənqidi yanaşma tələb etdiyini israrla söyləyirəm.

-Dərs prosesində uşaqlar planşetlərdən istifadə edə bilərlərmi?

-Sevindirici haldır ki, Təhsil Nazirliyi bu il respublikanın 50 məktəbini Glogilab proqram təminatlı LabDiskmobil rəqəmsal laboratoriya avadanlıqları və bu proqram yüklənmiş, geniş imkanlı müasir planşetlərlə təmin edib. LabDisk Physio təlimçisi olaraq mənə də Təhsil Nazirliyi və EduMedia-Azərbaycan təşkilatı tərəfindən LabDisk və planşet dəsti təqdim edilib. Bu qurğularla təmin olunmuş məktəblərin fizika müəllimlərinə GlobiLab proqram təminatı və LabDisk qurğusu təlimlərində təlimçi olaraq da həmkarlarıma dəstək olmuşam. Fizika dərsində bu qurğu və plaşetin imkanlarından yararlanıram.

 

Ruhəngiz Muradova

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə