“İnformatika fənninin imtahana salınması yaxşı olardı”

13-08-2015 / 12:44

Müsahibimiz Aynurə Kərimova 1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin mexanika riyaziyyat fakültəsini bitirib. 2002-ci ildən  etibarən İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseyində riyaziyyat-informatika müəllimi vəzifəsində çalışır.

Xeberler.az informatika fənninin tədrisi, tədris prosesində İKT-nin tətbiqi ilə bağlı Aynurə Kərimovadan müsahibə alıb.

Müsahibəni tədim edirik.

-Aynurə xanım, məktəbdə informatikaya olan maraq necədir? Şagirdlər bu fənnə nə dərəcədə maraq göstərir?

-Tədris etdiyim bu illərdə şagirdlərdə bu fənnə daha çox maraq olduğunu görürəm. İbtidai siniflərdə və V, VI, VII siniflərdə bu maraq daha çoxdur. Şagirdlər informatika fənni üzrə müsabiqələrdə, olimpiadalarda iştirak edirlər. Özüm də İKT ilə bağlı təşkil olunmuş müsabiqələrlə maraqlanıram və şagirdləri bu müsabiqələrə cəlb edirəm. Bu sahədə istedadlı, bacarıqlı şagirdlərimiz çoxdur. Onların sayəsində uğurlarımız da kifayət qədərdir.

-Dərslərinizi necə qurursunuz? İnformatikanın tədrisi prosesində İKT-ni necə tətbiq edirsiniz? Hansı proqramlardan, elektron vasitələrdən istifadə edirsiniz?

-Dərslərimi müasir təlim metodlarının tələblərinə uyğun qururam. Hazırladığım elektron resurslardan istifadə edirəm. Dərslərimizə uyğun proqramlardan və elektron vasitələrdən istifadəyə önəm verirəm.  İnformatika dərslərini kompüter otağında keçirəm. Kompüter otağında kompüter avadanlığı, proyektor, interaktiv lövhəmiz var və dərs zamanı bu vasitələri işlədirik.

-İnformatikanın tədrisi üçün yetərincə milli elektron resurslar, saytlar varmı? Hansı elektron resursları şagirdlərə tövsiyə edirsiniz?

-İnternetdə informatika fənninə aid çoxlu resurslar var. Dərs zamanı Təhsil Nazirliyi tərəfindən yaradılan elektron resurslardan, xarici resurslardan , onlayn testlərdən istifadə edirik. Təcrübəli informatika müəllimi Naida İsayeva tərəfindən yaradılan  informatik.az saytında yerləşdirilmiş resurslardan istifadə edirik, eyni zamanda şagirdlərimə də bu resurslardan istifadə etmələrini tövsiyə edirəm.

-Uşaqların tez-tez istifadə etdikləri informatika resursları,  Facebook qrupları varmı?

-Şagirdlər dərsliklərlə kifayətlənməyib internetdən informatikaya aid resurslar axtarır və istifadə edirlər. Eləcə də riyaziyyat, məntiq və informatikaya aid Facebook qrupları var ki, şagirdlər həmin qruplara qoşularaq məqsədyönlü işlər üçün istifadə edirlər.

-Bütün uşaqlar kompüterlə təmin edilibmi? Ümumiyyətlə, məktəbin  texnoloji avadanlıqlarla təminatı necədir ?

-Məktəbimiz hazırda əsaslı təmirə başlayıb. İki kompüter otağımız var. Lakin işləyən kompüterlərimiz azlıq təşkil etdiyindən şagirdlərimizi dərs zamanı kompüterlə yetərincə təmin edə bilmirik. Bu zaman fənnin tədrisində  çətinliklərimiz olur. Lakin təmirdən sonra məktəb texnoloji avadanlıqlarla təmin olunacaq. Xüsusilə də kompüter otaqları təşkil olunacaq. Mənə elə gəlir ki, yeni dərs ilindən etibarən şagirdlərimiz kompüterlə tam təmin olunacaqlar.

Müəllimlərimizin əksəriyyəti Promethean lövhədən istifadə edirlər, amma cəmi bir ədəd işlək vəziyyətdə olan lövhəmiz var. Buna görə də müəllimlərimiz dərs vaxtı çətinlik çəkirlər. Məktəbimizin direktoru  Əhmədağa Ələkbərov  çalışır ki , məktəbi İKT avadanlığı ilə tam təmin etsin. Ümid edirik ki, təmirdən sonra bu çətinlik aradan qaldırılacaq.

-Nə üçün valideynlər övladlarını informatika üzrə hazırlaşdırmırlar? Halbuki kompüter elmləri, tətbiqi riyaziyyat, proqramlaşdırma və s. ixtisaslar birbaşa bu fənnin tədrisi üzərində nəzərdə tutulub.

-Müasir dövrümüz texnologiya dövrüdür. Texnologiya həyatımızın bütün sahələrinə daxil olub. Bu səbəbdən bu sahə üzrə təlabatımız daha çoxdur. Məncə, valideynlərin uşaqlarını informatika fənni üzrə hazırlaşdırmamalarının səbəbi məktəblərdə adıçəkilən fənn üzrə imtahanın təşkil edilməməsidir. Belə vəziyyət də öz növbəsində fənnə qarşı qeyri-ciddi münasibət yaradır. İnformatikanın deyil, daha çox imtahanı salınmış fənnlərin üzərinə diqqəti cəlb edir. Məncə, informatika fənni üzrə də imtahanın təşkil edilməsi yaxşı olardı. Çünki bu sahə üzrə mütəxəssislərin yetişdirilməsi olduqca əhəmiyyətlidir.

-Dərslərin tədrisi zamanı hansı çətinliklərlə üzləşirsiniz?

-Dərs zamanı internet resurslarından istifadə edirik, onlayn müsabiqələrə qoşuluruq. Lakin bəzən internetin sürəti zəif olduğundan çətinliklərlə üzləşirik.

-Məktəbin saytı varmı? Necə yenilənir ? Uşaqlar bu prosesdə iştirak edirlərmi ?

Məktəbin saytını informatika kabinetinin laborantı Pərvin Mahmudova idarə edir. Saytda məktəbin fəaliyyəti ilə bağlı keçirilən tədbirlər, müsabiqələr, şagirdlərimizin, müəllimlərimizin uğurları haqqında məlumatlar verilir. Bununla yanaşı məktəb-liseyimizin  Facebook səhifəsi də var. Səhifədə məktəbimizin gündəlik fəaliyyəti haqqında məlumatlar, uğurlarımız, nailyyətlərimiz haqqında məlumatlar paylaşılır. Bununla yanaşı E.Məmmədov adına 3 nömrəli məktəb-liseyin “Məktəbdə Kiçik Akademiya” səhifəsi var. Səhifəni mən idarə edirəm.

-Sizin özünüzün  və dərs dediyiniz şagirdlərin bloqu varmı? Bloqdan uşaqlarla əlaqələrin qurulması məqsədilə istifadə edirsinizmi ?

-Əsasən V-VI siniflərə dərs keçirəm. Müsabiqələrdə çıxış edənlərin əksəriyyəti də bu siniflərin şagirdləridir. Onlar içərisində hələ ki bloq yaradan olmayıb. Amma ümid edirəm ki, növbəti tədris ilində həmin şagirdlərimdən bloq yaradan olacaq. Mən riyaziyyat və informatika adlı bloq yaratmışam, lakin üzərində işləməmişəm. Gələcəkdə bloqumun fəaliyyətini genişləndirməyi düşünürəm.

-Ümumiyyətlə, uşaqlarla əlaqəni hansı vasitə ilə qurursunuz? Bu məqsədlə sosial şəbəkələrdən effektiv istifadə edirsinizmi?

-Müasir təhsil mühiti daim dəyişməkdə və yeniləşməkdədir. Şagirdlərimiz multimedia dünyasında inkişaf etməlidirlər. Texnologiya elə sürətlə inkişaf edir ki, bizim şagirdlər bizdən bir neçə addım irəlidədirlər. Onlar mobil telefonlardan, çatdan rahat istifadə edir, YouTube-da  video görüntülər yerləşdirirlər. Bloqlar yaradaraq, Facebook-un imkanlarından istifadə edərək öz dostları ilə əlaqə yaradırlar və s. Şagirdlərdə müəyyən olunmuş bacarıqların inkişaf etdirilməsində sosial şəbəkələrin rolunu da qiymətləndirməmək olmaz. Amma “sosial şəbəkə” ifadəsi pedaqoqlarda bir sıra neqativ rəy yaradır, belə ki, yalnız əyləncə təsəvvürü yaradır. Yalnız maarifyönümlü məqsədlər üçün sosial şəbəkə texnologiyalarından istifadə etməklə şagirdlərlə əlaqə yaradırıq.

-Uşaqların təhlükəsizliyi ilə bağlı onlara nə öyrədirsiniz? Onlar öz informasiya təhlükəsizliklərini qoruya bilirlərmi? Bu sahədə valideynlərlə əlaqələr qurursunuzmu ?

-İnternetin həm müsbət, həm də mənfi cəhətləri var. Əvvəlcə, internetdən düzgün istifadə qaydalarını izah edirik. Çünki uşaqlar nəyisə axtarmaq istərkən xoşagəlməz hallarla qarşılaşırlar. Bunun üçün onların təhlükəsizliyini qorumalıyıq. Bunun üçün valideynlərlə əlaqə yaradaraq onlara uşaqlara necə nəzarət etmələri haqqında məlumat veririk.

-Dərs prosesində uşaqlar mobil avadanlıqlardan istifadə edə bilərlərmi ?

-Məktəblərdə telefondan istifadəyə icazə verilmir. Amma bəzi hallarda mobil qurğulardan istifadə etmək olar. Məsələn, mətn yazmaq üşün, internetden hər hansı mövzu haqqında məlumat axtarmaq məqsədilə smartfonlardan istifadə etmək olar.

-Sizcə, məktəbdə və valideynlərdə informatikaya olan diqqəti və hörməti artırmaq üçün hansı addımlar atılmalıdır ?

-Şagirdlərdə, eləcə də valideynlərdə bu fənnə qarşı daha da çox maraq oyatmaq lazımdır. Bunun üçün şagirdləri müxtəlif müsabiqələrə, viktorinalara, yarışlara cəlb etmək daha doğru olar.

-Hansı müsabiqələrdə, yarışlarda iştirak etmisiniz?

-Təhsil Nazirliyi tərəfindən  təşkil olunmuş Elektron Təhsil Müsabiqəsində  3 il iştirak etmişəm. 2012-ci ildə informatikadan "İnformasiyanın ötürülməsi”, 2013-cü ildə informatikadan “Əməliyyat sistemi” müvzusunda hazırladığım dərs nümunəsi nominant olmuşdu, 2014-cü ildə riyaziyyatdan “Kvadrat və düzbucaqlının sahəsi” mövzusunda dərs nümunəsi hazırladım. Təkrar olaraq hazırladığım dərs mümunəsi nominant oldu. “Promethean interaktiv lövhələrinin tədrisdə tətbiqi” müsabiqəsində iştirak etməklə sertifikatla təltif olundum. İnformatika müəllimləri arasında keçirilən “APLPogo mühitində proqramlaşdırma” müsabiqəsində iştirak etməklə “Ən maraqlı təsvirin yaradılması” nominasiyası üzrə III yer tutduğuma görə təltif olundum.

-İnformatika fənnindən dərslər keçirilir, amma imtahana salınmır. İnformatika müəlliməsi kimi buna münasibətiniz.

-İnformatika dərsləri keçirik. Lakin yuxarı siniflərdə informatika fənninin ləğvi haqqında olan məsələ bizi narahat etdi. Elmi Texniki Tərəqqi  həyatımızın bütün sahələrini əhatə etdiyi bir dövrdə məktəblərdə tədris olunan dərslərin keyfiyyət göstəricilərini artırmaq  lazımdır. İnformatika fənninin imtahana  salınması yaxşı olar.

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə