Xeberler.az olaraq ölkədə İnformatika fənninin tədrisi, bu sahədəki yeniliklər və uğurları izləyir, bu barədə oxuclarımıza mütəmadi məlumat təqdim edirik.
Həmçinin, İnformatika sahəsi ilə bağlı mövcud problemlərin aradan qaldırılması üçün müsahibələrimizin narahatlığı və təkliflərini də oxucularımızla bölüşürük.
Budəfəki müsahibimiz Biləsuvar Təhsil Kompleksinin İnformatika müəllimi Xalid Çəndirlidir. Müsahibimiz həmçinin e-resurs üzrə mütəxəssis olaraq da fəaliyyət göstərir.
Müsahibəni təqdim edirik:
-Xalid bəy, Biləsuvar Təhsil Kompleksində İnformatikaya olan maraq necədir? Şagirdlər bu fənnə nə dərəcədə maraq göstərir?
-Biləsuvar Təhsil Kompleksində informatika fənninə kifayət qədər maraq vardır. İnformatika dərslərində şagirdlərə verilmiş mövzular geniş şəkildə müasir təlim metodlarının istifadəsi ilə tədris olunur. Belə ki, şagirdlərə proqramlaşdırma, web 2.0, Microsoft Office, Qrafik redaktorlar və digər proqram təminatları ilə bağlı mövzular geniş tədris olunur. Təsadüf deyil ki, kompleksimizi bitirən məzunlardan bu istiqaməti seçənlər olur.
-Dərslərinizi necə qurursunuz? Hansı proqramlardan, hansı elektron vasitələrdən istifadə edirsiniz? Proqramlar lisenziyalıdırmı? Özünüz bunları əldə edirsiniz, yoxsa ?
-Kompleksimizdə dərslərin qurulması bir komanda işidir. Yəni, kompleksimizdə bütün dərslərin təşkilində müəllim, tyutor (sinif rəhbəri) və inzibati heyətin güclü dəstəyi, nəzarəti vardır. Texnoloji imkanlardan və yeni təlim metodlarından istifadə edərək tədris prosesini mümkün qədər maraqlı və səmərəli həyata keçirməyə çalışırıq. Şagirdlər tərəfindən Microsoft Office proqramlarından istifadə edərək təqdimatlar, cədvəllər, tapşırıqlar, çap vasitələri və s. hazırlanır. AlpLogo, Python, və s proqramlaşdırma dillərində müxtəlif tapşırıqlar icra olunur. Rastr, Vektor, Fraktal və Üçölçülü qrafika ilə işləyən proqramlar və s. tədris olunur.
Dərslərin qurulmasında Promethan və İQ board interaktiv lövhələrindən, planşetlərdən mimio interaktiv qurğusu, habelə onun kamera, səsvermə kimi əlavə qurğularından istifadə olunur. Aşağı siniflərdə isə interaktiv lövhələrlə oyun tipli dərslərə və tapşırıqlara üstünlük veririk, çünki bu daha effektivdir. Bu zaman Azərbaycanın tədris resurslarını birləşdirən www.e-resurs.edu.az (e-derslik.edu.az, portal.edu.az, video.edu.az ) saytından və beynəlxalq web 2.0 səhifələrindən, istifadə edirik. Əlbəttə ki, bu dərslər dövlət tərəfindən verilmiş standartlar çərçivəsində həyata keçirilir, dərs quruluşunda isə ən son yenilikləri tətbiq olunur. İstifadə olunan proqram təminatı lisenziyalı və ya freewar pulsuzdur (freeware). Bu proqram təminatları kompleksdə ilkin olaraq quraşdırıldıqda lisenziyalaşdırılıb və ya qurğuların üzərində təqdim olunmuş lisenziya vasitələri ilə aktivasiya olunub.
-İnformatikanın tədrisi üçün yetərincə milli elektron resurslar, saytlar varmı? Hansı elektron resursları şagirdlərə tövsiyə edirsiniz? Bütün uşaqlar kompüterlə təmin edilibmi? Ümumiyyətlə, məktəbin texnoloji avadanlıqlarla təminatı necədir?
-Nəinki İnformatikanın bir çox fənlərin tədrisi üçün yetərincə elektron resurslar və saytlar var. Bu sahədə öyrənənlərə iki tövsiyə edə bilərəm. Birinci növbədə informasiya bolluğunu təmin etmək üçün xarici dillərə yiyələnmək lazımdır. İkinci tövsiyə isə uzun müddət təlimçi kimi fəaliyyət göstərdiyim üçün öyrənənlərə konkret bir mənbədən öyrənməni yox, öyrənmə prosesinin özünü öyrətməyə çalışmışam. Bu zaman öyrənənlər resurslardan daha çox yararlana bilər. Mahiyyət etibarilə informasiya cəmiyyəti inkişaf edərək çox sürətlə dəyişir, proqram təminatları, vəsaitlər resurslar təkmilləşir bəzən dünən böyük əhəmiyyət kəsb edən vəsait, resurs bu gün artıq köhnəlmiş sayılır. Məsələn, təlim vəsaiti tərtib edərkən bir proqramın sırf bir kateqoriyaya aid olduğu yazılmalı idi, amma proqramın son versiyasında artıq digər kateqoriyaya aid olan funksiyalar əlavə olunur. Deməli, artıq vəsaitdə olan informasiya köhnəlib. Ümumiyyətlə, məktəbimizdə 90-a yaxın kompüter, 24 proyektor, 9 interaktiv lövhə, 1 mimio qurğusu kamera və səsvermə əlavələri, “Xəmsə” intellektual oyun dəsti, planşetlər, printerlər, mini mətbəə və s var. Bütün məlumatlar serverdə arzu olunmayan kontentdən filtrasiya olunur və sonra daxili şəbəkəyə örtülür. Şagirdlərin informatika otağına çıxışı daim təmin edilib. Bundan başqa lazım gəldikdə müəllimlərin icazəsi ilə digər otaqlarda yerləşən kompüterlərdən də istifadə oluna bilər.
-Nə üçün valideynlər övladlarını İnformatika üzrə hazırlaşdırmır?
-Bu sahədə informasiya qıtlığı var. Valideynlər həkim, hüquqşünas, müəllim, iqtisadçı və s kimi ixtisaslara üstünlük verirlər. Amma informatika ilə övladlarının haraya gedib çıxacaqlarını bilmir. Fikrimcə, bu istiqamətdə çox güclü maarifləndirmə aparmaq lazımdır. Universitetlərdə bu istiqamətdə yeni ixtisaslar yaradılsa yaxşı olar.
-Təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərin X və XI siniflərdə İnformatika fənninin ləğv olunmasını necə qarşıladınız?
-Müxtəlif dünya ölkələrində bu sahənin dinamik inkişafını nəzərə alaraq əvvəllər başqa ölkələrdən mütəxəssis cəlb etməyə başladılar, sonra isə bu sahənin vacibliyini anlayıb mütəxəssisləri ölkə daxilində yetişdirməyə başladı. Fikrimcə, yaxın gələcəkdə bu prosesi Azərbaycanda da izləyəcəyik.
- Təhsil Kompleksində İnternet sürətlidirmi və keyfiyyətlidirmi? İnternetdə, kompüterlərinizdə problemlər olanda bunları kim aradan qaldırır?
-Kompleksin yüksək surətli fiber optik xətlə internetə çıxışı təmin olunub. İnternetdə, kompüterlərdə yaranan problemləri informatika müəllimləri və İT mütəxəssisimiz həll edir.
-Kompleksin saytı varmı? Necə yenilənir? Uşaqlar bu prosesdə iştirak edirlərmi?
-Hazırda saytımız (bilim.edu.az) rekonstruksiyadadır.
-Uşaqların təhlükəsizliyi ilə bağlı onlara nə öyrədirsiniz? Onlar öz İnternet təhlükəsizliklərini, informasiya təhlükəsizliklərini qoruya bilirlərmi ? Bu sahədə valideynlərlə əlaqələr qurursunuzmu ?
-Bəli, şagirdlərə və valideynlərə bu barədə geniş məlumat verilir.
-Dərs prosesində uşaqlar mobil avadanlıqlardan istifadə edə bilərlərmi ?
-Xeyr
-Bu yaxınlarda Microsoft tərəfindən innovativ müəllim seçildiniz. Necə oldu ki, müsabiqəyə qatıldınız?. Bəzən deyirlər, bölgələrdə inkişaf etmək üçün imkanlar o qədər də geniş deyil. Amma görünür, Siz özünüzü inkişaf etdirə bilibsiniz . Bu barədə ətraflı məlumat verərdiniz, zəhmət olmasa.
-Uzun müddət müxtəlif mövzularda təlimçi kimi treninqlərə qoşulmuşam, MS Office üzrə vəsaitlərin və video dərslərin yaradılmasında iştirak edib, education.microsoft.com şəbəkəsində resurslar hazırlayıb yerləşdirmişəm. Müsabiqəyə qoşulmaq üçün bir neçə dəfə Microsoft şirkətinin zona və bölgə ofislərindən sorğu tipli zəngləri cavablandırmışam. Düşünürəm ki, bu göstəricilərə görə “E2 Microsoft Education Exchange” tədbirində iştirak üçün seçilmişəm.
-Toronto şəhərində keçirilmiş “Educator Exchange E²” qlobal konfransında iştirak edibsiniz . Konfrans necə keçdi? 83 ölkə arasında olmaq yəqin ki, məsuliyyətli idi. Konfrans çərçivəsində hansı yeni imkanlar əldə etdiniz? Orada Azərbaycanın informatika, İT sahəsi ilə bağlı da müzakirələr oldumu? Qlobal konfransdan nələr qazandınız?
-Kifayət qədər böyük və yüksək səviyyəli təhsil tədbiri idi. Çox maraqlı olan cəhətlərdən biri də burada heç bir dil limitinin hiss olunmaması idi. Hər hansı bir iştirakçıya yaxınlaşıb müxtəlif dillərdə informasiya almaq və ötürmək imkanı var idi. Təmsilçilər bacardıqları qədər informasiya ötürməyə, kontakt yaratmağa çalışırdı. Məqsədlərdən biri burada sərgilənən təcrübələri bizim təhsil müəssisələrimizdə də istifadə imkanlarının yoxlanması habelə faydalı, səmərəli təhsil əlaqələri yaratmaqdır. Bundan başqa, burada Microsoft-un təhsil tətbiqlərinin geniş təlimləri də təşkil olunmuşdu. Ümumiyyətlə, bu tədbir çox maraqlı və faydalı keçdi təmsil etdiyim ölkəni, təhsil müəssisəsini, təşkilatı və əldə etdiyimiz nailiyyətləri təqdim etməyə çalışdım. Fikrimcə, uğurla alındı. Hətta tədbir çərçivəsində iştirak etdiyim qrup fəaliyyətində qalib oldum və qrup yoldaşlarımla birgə sertifikatla təltif olunduq.
-Sizcə, məktəbdə və valideynlərdə informatikaya olan diqqəti və hörməti artırmaq üçün hansı addımlar atılmalıdır? Bir mütəxəssis olaraq necə düşünürsünüz- bu sahədə hansı ciddi problemlər var?
-Bu sahədə yuxarıda qeyd etdiyimiz kimi çox geniş maarifləndirmə işləri aparmaq lazımdır. İnformatika fənninin köməyi ilə hansı nəticələr əldə etmək olar deyə beynəlxalq uğurlar göstərilməli, habelə ölkəmizdə uğurlu nəticə əldə etmiş olan layihələrdən nümunələr göstərilməlidir.
-Sahənin inkişafı ilə bağlı yeni layihələriniz, təklifləriniz varmı?
-"Microbit" mikrokompüterinin kodlaşdırılması, istifadəsi və Minecraft oyunun təhsil məqsədləri üçün istifadəsi layihələrinin Azərbaycanda tətbiqini görmək istərdim. Bundan başqa, yaxınlarda “Təhsildə İnnovativ Texnologiyalar” və “Microsoft Azərbaycan” təşkilatları ilə birlikdə “ Office 365”, “MS OneNote”, education.microsoft.com, “Office mix” və digər təhsil əlavələrinin təlimlərinə start verməyi də nəzərdə tutulub.
-İKT sahəsində başqa hansısa uğurlarınız var ?
Paralel olaraq kompleksin e-resurs üzrə mütəxəssisi kimi də fəaliyyət həyata keçirilir. Belə ki, kompleksin heyətinin daxili təlimlər də həyata keçirilir. Müəllimlərimiz Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqələrdə iştirak edirlər. Keçən il müəllimlərimiz elektron lövhə proqram təminatı ilə hazırlanmış ən yaxşı resurs nominasiyasında müsabiqə yüksək nəticə göstərib.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri