“Bəzi məktəblər var ki, orada heç kompüter də yoxdur, müəllimlərin kabineti yoxdur”.
Müsahibim Təranə Vahabova Azərbaycan Texniki Universitetinin “Kompüterlər üzrə mühəndis sistematexnik” , Bakı Pedoqoji Kadrların İxtisasartırma İnstitutunun “Riyaziyyat- informatika” müəllimi fakültəsini bitirib. 1997-ci ildən R.M.Sadıqov adına 136 saylı tam orta məktəbdə informatika müəllimi işləyir.
Təranə Vahabova Avropa və ABŞ-da standart kimi qəbul olunan ECDL sertifikatına sahibdir. O həm kurikulum, həm də informatika müəllimlərini öyrətmək məqsədilə təlimçi kimi iştirak edib.
Təranə Vahabova informatika fənninin təlim-tədris üsulu ilə bağlı Xeberler.az-ın suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
-Təranə xanım, məktəblərdə informatikaya olan maraq necədir? Şagirdlər bu fənnə nə dərəcədə maraq göstərir?
-18 ildir ki, 136 saylı məktəbdə informatika müəlliməsi işləyirəm. Məktəbdə ilk informatika müəllimlərindən biri də mən olmuşam. Dərs prosesində kompüterdən istifadə şagirdlərin bu fənnə marağını daha da artırır. Digər tərəfdən, hesab edirəm ki, fənni sevdirmək müəllimin işidir. İndiki uşaqlar texnologiyanı, texnikanı daha yaxşı mənimsəyirlər . Müxtəlif texnologiyalardan, alqoritmlərdən istifadə bu fənnə marağı artırmaq üçün ən əlverişli üsuldur.
-Uşaqlara fənni daha da sevdirmək üçün nə kimi tədbirlər görürsünüz?
-Fənni uşaqlara sevdirmək üçün müəllim ilk növbədə dərsə mükəmməl şəkildə hazır olmalıdır. Ən əsası odur ki, müəllim o mövzunu bilməlidir. Bəzən 30-40 ilin müəllimi olsan belə bu, sizin savadlı olmağınız anlamına gəlmir. Çünki informatika elə fəndir ki, hər gün yenilik tələb edir. Məsələn, bu gün mən bu mövzunu götürürəm, proqramda işləməyə başlayıram, görürəm ki, həmin mövzuya uyğun başqa informasiyalar var. Biz ancaq kitabda olan mövzu ilə kifayətlənsək, deyə bilmərəm ki, dərs keçmişəm. Mövzuya baxıb özün də nələrsə əlavə etməlisən. İnternetdə, elektron resurslarda texnologiyaya aid çoxlu materiallar var. Bu fənnə mütləq gözəl təqdimat hazırlamalısan. Belə olan təqdirdə uşağın dərsə marağı artır. Yəni, həm dərs öyrənir, həm də başa salınanları praktik şəkildə qavrayır.
-Məktəbinizdə neçə informatika otağı var?
-Məktəbimizdə iki informatika otağı var. Amma hazırda yalnız biri fəaliyyət göstərir. İnformatika dərsləri yalnız bu otaqda keçirilir. İbtidai siniflər isə məktəbin digər korpusunda təhsil aldıqları üçün oradakı informatika otaqlarında dərs keçmirlər. Məktəbdə 6 ədəd elektron lövhə var. Lövhə olan siniflərdə dərs keçməyə tam şərait yaradılıb.
-İnformatikanın tədrisi üçün yetərincə milli elektron resurslar, saytlar varmı? Hansı elektron resursları şagirdlərə tövsiyə edirsiniz?
-Bəli, elektron resurslar çoxdur. Xüsusən də İnternetdə informatika fənninə aid kifayət qədər resurslar vardır. Şagirdlərimə əsasən Təhsil Nazirliyinin yaratdığı dərs resursların , e- dərslik, e- testlər, e-resurs və digər resurslardan istifadə etməyi məsləhət görürəm. Dərs prosesi zamanı uşaqlar yalnız dərsliklə kifayətlənmək istəyirlər, amma mən informatika fənni olduğuna görə, buna imkan vermirəm. Çünki informatika ilə bağlı müəyyən sayda da olsa texnoloji avadanlıqlarımız var və bunları keçirilən dərsin praktik tətbiqi zamanı kifayət qədər istifadə edə bilərik. Daha çox onlayn qaydada testlər edirik.
-Məktəbinizin saytı varmı?
-Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların vahid formada saytlarını istifadəyə verib. Hər məktəbin olduğu kimi bizim məktəbimizin də saytı vardır. Saytı mən idarə edirəm. Gündəlik xəbərlər olanda yerləşdirirəm. Saytda məktəbin fəaliyyəti ilə bağlı keçirilən tədbirlər, müsabiqələr, şagirdlərimizin, müəllimlərimizin uğurları haqqında məlumatlar veririk.
-Nə üçün valideynlər övladlarını informatika üzrə hazırlaşdırmırlar? Halbuki Kompüter elmləri , tətbiqi riyaziyyat, proqramlaşdırma və.s ixtisaslarda birbaşa bu fənnin tədrisi üzərində nəzərdə tutulub.
-Bu vəziyyətlə razı deyiləm. Çünki indi dövrümüz texnologiya, İnternet əsridir. Artıq texnologiya o qədər inkişaf edib ki, informasiya əldə etmək üçün kompüterdən başqa da qurğular var. Dərs dediyim uşaqların 25 faizindən çoxu kompüter sahəsini seçir. Mən bu məktəbə gələndə kompüter yox idi. Köhnə nəsil kompüterlərdən istifadə olunurdu. Artıq o həddə çatmışıq ki, texnologiya həyatımızda vacib amilə çevrilib. Bu gün texnologiyanın dərslərdə tətbiqi inkişafa kömək edir. Məncə, valideynlər uşaqlarını informatika fənnindən hazırlaşdırsalar daha çox nailiyyətlər əldə edərlər. Çünki uşaqların proqramlaşdırmaya marağı günü-gündən artır. İndi çox uşaqlar proqramçı, kompüter mühəndisi, riyaziyyat-informatika müəllimi olmaq istəyir. Valideynlərlə bərabər dövlət də bu fənnə daha çox diqqət ayırsa yaxşı olardı.
-İnformatikaya həvəs çoxdur, amma imtahan fənləri arasında informatika yer almayıb. Buna münasibətiniz.
-Fikrimcə, bu, mənfi bir haldır. Artıq birinci sinifdən on birinci sinifə qədər informatika fənni keçirilir. Uşaqlar 11- ci sinifdə informatika fənnindən kifayət qədər biliyə malik olurlar. Amma təəssüf ki, heç bir sinifdə informatikadan imtahan yoxdur. Ümumiyyətlə informatika dərsinin yaxşı keçirilməsi üçün bəzi məktəblərdə kompüterlə təchizat yaxşı deyil. Bəzi məktəblər var ki, orada İKT avadanlıqları yetərli deyil , bəzilərində isə ümumiyyətlə heç yoxdur. İndi artıq həm humanitar, həm də texniki fənnlərin tədrisində İKT-dən istifadə olunur. Bu, günün tələbidir.
-Uşaqların təhlükəsizliyi ilə bağlı nə öyrədirsiniz? Onlar öz informasiya təhlükəsizliklərini qoruya bilirlərmi? Bu sahədə valideynlərlə əlaqələr qurursunuzmu?
-Ən birincisi, uşaqların kabinetdəki texniki təhlükəsizliyi təmin edilir. Buna aid qaydalar kabinetimizin divarlarında da plakat şəklində asılıb. Bu qaydaları sinifdə yerləşdiririk, çünki hesab edirəm ki, 1-ci sinifdən 11-ci sinifə kimi hər kəs təhlükəsizlik qaydalarını əzbər bilməli və buna riayət etməlidir. İkincisi informasiyanın təhlükəsizliyinin qorunmasıdır. Artıq 5-ci sinifdən etibarən uşaqlara elektron poçt ünvanı yaratmağı öyrədirik. E-maildən istifadə qaydaları, öz kodlarını qorumaları, saytlardan virus keçməsinini qarşısının alınması yollarını başa salırıq. Qeyd edim ki, bu mövzular dərs proqramlarında da yer alıb.
-İKT-dən istifadə bacarıqlarınızın təkmilləşdirilməsi yolunda müstəqil şəkildə nə öyrənmisiniz?
-Demək olar ki, proqramların əksəriyyətini özüm öyrənmişəm. Veb. 2 kimi bəzi onlayn proqramlar vardır ki, bunlar sırf dərslə bağlıdır. Ona görə də şagirdə mükəmməl şəkildə dərsi mənimsətmək üçün müəllim özü də müstəqli şəkildə nəsə öyrənməlidir. Bunun üçün bəzi tədbirlər də görürəm. Məsələn, bu yaxınlarda Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində Treninq və Monitorinq şöbəsinin müdiri Ramil Süleymanovu məktəbimizə dəvət etdik və iki günlük təlim təşkil etdik. Bu təlimdə informatika müəllimləri ilə bərabər digər fənn müıllimləridə iştirak etdilər, nəticədə müstəqil şəkildə müəyyən məlumatlar əldə etdilər. Ümumiyyətlə, biz informatika müəllimləri daim axtarışdayıq. Bizə dərs proqramının tətbiqi üçün office paketləri təqdim olunur, ancaq bununla kifayətlənmirik. Çünki müasir dövrüm üzdə uşaqlar hər an axtarışdadır, tez-tez İnternetdə müəyyən proqramlar kəşf edirlər. Onları təəccübləndirmək üçün nə isə etmək, yeni məlumatlar tapmaq, kəşflər etmək lazımdır (gülür).
-Məktəbdə İnternet sürətli və keyfiyyətlidirmi? İnternetdə problemlər olanda nə edirsiniz? Kompüterlərinizdə problemlər olanda bunları kim aradan qaldırır?
-Bəli, məktəbdə İnternetlə bağlı problem yaşayırıq. Bəzən zəif olur, bəzən də ümumiyyətlə olmur. İnternetdə problemlər olanda ATS-ə zəng edirik, qurğularda hər hansı bir problem olanda isə Təhsil Nazirliyi ilə əlaqə saxlayırıq. Qurumun əməkdaşları göndərilir və problem həll edilir.
-İnformatika müəllimi kimi məktəbinizin İKT ilə təchizi sizi qane edirmi?
-Xeyr, məktəbimizin İKTavadanlıqlarla təchizi məni qane etmir, istərdim ki, otaqların hər birində, xüsusən də ibtidai siniflərin hər birində elektron lövhə olsun. Kompüter, noutbuk, proyektorla lazımi səviyyədə təmin olunmalıyıq ki, uşaqlara bu sahədə daha çox məlumatlar verə bilək. Çünki informatika fənninin əsasında təcrübə dayanır. Şagirdlər keçirilən dərsi yalnız tətbiq etdikləri zaman daha yaxşı öyrənə bilərlər.
-Məktəbinizin İKT uğurları barədə nə deyərdiniz?
-Məktəbimizdə istedadlı uşaqlar çoxdur. Hər il İKT ilə bağlı keçirilən müsabiqələrdə həm müəllimlər, həm də şagirdlər iştirak edir, nailiyyətlər qazanır. Məsələn, Heydərov Məhəmməd-Google SketchUp, Kişiyev Fərid -Alploqo praqlamları üzrə keçirilən Respublika olimpiyadasında I yer tutub qalib olublar. Digər müsabiqələrdə Məmmədova Aynur -Word ,İsmayılova Şüküfə -Excel, Fərəcova Ülviyyə-PoverPoint proqraml ilə bağlı yarışmalarda iştirak edib qalib olublar. Həmçinin dekabır ayında Ümümdünya kod həftəsi keçirildi.Məktəbimizdə Code. org saytında qeydiyyatdan keçib “kod həftəsində” iştirak etdi. Şagirdlərimizin çoxu bu ” proqram oyunda “ iştirak edib sertifikat qazandılar. Cəfər Əliyev adlı şagirdimizin “İstedadların laboratoriyası” müsabiqəsində əldə etdiyi uğurlar İKT sahəsində qazandığımız nailiyyətlərə bariz nümunədir.
Özüm də İnformatika müəllimi kimi bir çox müsabiqələrdə iştirak edirəm. Bundan əlavə məktəb daxilində də uğurlarımız çox olur. Məktəbdə də müsabiqələr, yarışlar keçirdirik. İl ərzində hansı mövzuda dərs keçirəmsə onunla bağlı müsabiqələr təşkil edirəm. Məsələn, bu yaxınlarda “İKT və biz” mövzusunda tədbir keçirdim. Ümid edirəm ki, məktəbimizin adını daha da zirvələrə qaldırmaq üçün uğurlarımızın sayı artacaq.
-Dərs prosesində uşaqlar mobil avadanlıqlardan istifadə edə bilərlərmi?
-Dərsdə mobil telefonlardan istifadəyə məktəbdə icazə yoxdur. Təbiidir ki, uşaqlara qadağalar tətbiq olunsa da hamısının telefonu var. Əgər kompüterlər olmasaydı dərsdə mobil vasitələrdən istifadə etməyə icazə verərdim. Çünki müasir telefonlarda kompüterin bütün xüsusiyyətləri var və telefonla işləməyə imkan yaradır.
-Sizin özünüzün və dərs dediyiniz şagirdlərin bloqu varmı? Bloqdan uşaqlarla əlaqələrin qurulması məqsədilə istifadə edirsinizmi ?
-Bloq yaratmışıq, amma istifadə etmirəm. Facebook-da “İnformatika müəllimləri” qrupu var. Ən çox o qrupdan istifadə edirəm. Burada müsabiqələr, test tapşırıqları, informatika müəllimləri haqqında maraqlı məlumatlar yerləşdirilib. Uşaqlarla əlaqə yaratmaq üçün isə onlarla yaratdığımız başqa qruplarda danışırıq. Şagirdlərin suallarını, testlərini, dərslə bağlı məsələləri müzakirə edirik.
Ruhəngiz Muradova
Fotolar: Nəcəf Ruslanoğlu
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri