“İnformatika fənninə ayrılan saatların artırılmasını, gələcəkdə qəbul imtahanlarına salınmasını gözləyirdim”.
Müsahibimiz Sənubər Məmmədova 1981 – 1986-cı illərdə Bakı Dövlət Universitetinin (BDU) tətbiqi - riyaziyyat fakültəsini, 2007-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialında, 2008-ci ildə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən hazırlanma İnstitutunda İnformatika fənni üzrə ixtisas kursunu bitirib.
Sənubər xanım pedoqoji fəaliyyətə 1991-ci ildə Sumqayıt şəhərindəki 29 nömrəli orta məktəbdə başlayıb. Riyaziyyat ilə yanaşı 2001-ci ildən informatika fənnini də tədris edir.
Hazırda Bakı şəhər E. Həmidov adına 267 nömrəli məktəb-liseydə çalışır.
Xeberler.az 2014-cü ildə “İlin ən yaxşı müəllimi” adına layiq görülən Sənubər Məmmədova ilə müsahibəni təqdim edir:
-Sənubər xanım, Sizin məktəbdə informatikaya olan maraq necədir? Şagirdlər bu fənnə nə dərəcədə maraq göstərir?
- Həmişə işimi elə qurmağa çalışmışam ki, dərslərim maraqlı və faydalı olsun. Şagirdlərimi və fənnimi sevirəm. Mənə elə gəlir ki, bu gün informatika məktəblərdə tədris olunan ən mühüm və vacib fənlərdən biridir. İnformatika şagirdlərimizin zehni inkişafina kömək edərək, məntiqi təfəkkürünün formalaşmasında, mühakimə və dərketmə qabiliyyətlərinin yüksəlməsində, həmçinin onların bacarıq və vərdişlərinin formalaşmasında mühüm rol oynayır.
Bunları nəzərə alaraq, dərslərimdə yeni təlim üsullarından istifadə edir, şagirdlərimdə informatikaya maraq oyatmağa nail oluram. Bunun nəticəsidir ki, şagirdlərim dəfələrlə ölkəmizdə keçirilən “ Google SketchUp proqramında ən yaxşı 3D modeli” müsabiqəsi və “ALPLogo proqram mühitində proqramlaşdırma” olimpiadasının qalibləri olublar.
-Dərslərinizi necə qurursunuz? Hansı proqramlardan, hansı elektron vasitələrdən istifadə edirsiniz? Proqramlar lisenziyalıdırmı? Özünüz bunları əldə edirsiniz, yoxsa ?
-Yeni kurikulumların tətbiqi, ümumiyyətlə, tədris prosesinə yaradıcı yanaşmanı tətbiq edir. Tədris etdiyim V-XI siniflərdə işimi yeni texnologiyaların tətbiqi ilə, interaktiv lövhələrdən istifadə əsasında qurur və əyani olaraq elektron resursların tətbiqinə çalışıram. Proqram təminatı haqqında danışarkən deməliyəm ki, bütün məktəblərdə olduğu kimi, bizdə də kompüterlərə Təhsil Nazirliyi(TN) tərəfindən Microsoft Office paketi və Antivirus proqramları quraşdırılıb. Lakin dərslərimizdə işlətdiyimiz əksər proqramları informatik.az saytının “Proqram təminatı” bölümündən yükləyirik. Bunların içərisində lisenziyasız proqramlar nəinki yoxdur, hətta bəziləri lisenziya tələb etmir. Məsələn: OpenOffice.org paketi, Google SketchUp proqramı və ALPLogo proqramı belələrindəndir. Şəxsi mini studiyam üçün bir sıra proqramları lisenziyası ilə almışam. Bunlar Photoshop proqramları ( Adobe İllustrator CS6, Adobe Photoshop CS6, Adobe Premier CS6), Pinnacle Studio17, 3ds Max, ProShow Producer, müxtəlif converter proqramları və s. proqramlardır ki, bunlardan keyfiyyətli videoresurslar düzəltməkdə istifadə edirəm.
-İnformatikanın tədrisi üçün yetərincə milli elektron resurlsar, saytlar varmı?Hansı elektron resursları şagirdlərə tövsiyə edirsiniz?
-Milli elektron resurslar, saytlar hələ yaranma mərhələsindədir, desək, yanılmarıq. Əsasən, e-resurs.edu.az portalı, e -test.edu.az, video.edu.az, informatik.az , ilkaddımlar.com və s. saytlarında yerləşdirilən, həmçinin öz şəxsi videoresurslarımdan dərslərimdə mütəmadi olaraq istifadə edirəm.
-Uşaqların tez-tez istifadə etdikləri informatika resursları, Facebook qrupları varmı?
-Rus bölməsinə dərs dediyim üçün videouroki.net, infouroki.ru, educomunity.ru, festival.1september.ru, myrobot.ru, youtube.com, it-n.ru, edugalaxy.intel.ru və s. kimi saytlardan istifadə edirəm. Həmçinin şagirdlərlə əlaqə yaratmaq üçün yaratdığım bloqlardan, Facebook və digər sosial servislərdə qruplardan istifadə edirəm. Dərslərimizdə isə müxtəlif BULUD texnologiyalarından istifadə edirik. Bizə lazımlı məlumatları həmin BULUD-larda saxlayırıq. Bu da məlumatların istənilən vaxt və istənilən yerdə əldə olunmasını daha asan və operativ edir.
-Bütün uşaqlar kompüterlə təmin edilibmi? Ümumiyyətlə, məktəbin texnoloji avadanlıqlarla təminatı necədir?
-Məktəbimizdə iki informatika otağı və hər otaqda 12 kompüter var. Nəzərə alsaq ki, bəzi siniflərdə uşaqların sayı 30-a yaxındır, bu, praktiki məşğələlər zamanı çətinliklər yaradır. Aydındır ki, bu zaman 2- 3 nəfərin 1 kompüterdə işləməsi qrup işi kimi təşkil olunur. Qeyd etmək istərdim ki, TN və Edumedia şirkəti məktəbimizi 6 ədəd Activboard lövhə, proyektor və noutbuklarla təmin edib, bu da dərslərimizi interaktiv qurmağa imkan verir.
-Nə üçün valideynlər övladlarını informatika üzrə hazırlaşdırmırlar?
-Bəli, bu, acı həqiqətdir. Zənnimcə, bu, valideynlərin seçimi ilə bağlıdır, infromatikadan imtahanların olmaması və bu sahədə maarifləndirmə işinin zəif olması ilə əlaqədardır. Əgər onlar XXI əsrin yeni peşələr Atlası ilə tanış olsalar, informatikadan nəinki imtina etməz, əksinə onun həyatımıza köklü şəkildə daxil olduğunu anlayar və özləri övladlarını bu səmtə yönəldərlər. Lakin, ümumiyyətlə, məktəbimizin şagirdləri İT ixtisaslar tələb olunan ali məktəblərə qəbulda yüksək nəticələr göstərə bilirlər.
-Təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərin X və XI siniflərdə İnformatika fənninin ləğv olunmasını necə qarşıladınız?
-Bəli, sözügedən qərarın 50 pilot məktəbində icrası planlaşdırılır. Təmayüllər üzrə təhsilin təşkil olunacağı bu məktəblərdə informatika fənninin ləğv olunmasını anlaya bilmirəm.
Əlbəttə, nəzərə alsaq ki, hazırda orta ümumtəhsil məktəblərində bu fənnə həftədə 1 saat, VII sinif təmayüllərdə və X-XI siniflərdə isə 2 saat ayrılmasına baxmayaraq, şagirdlərimiz İT ixtisaslara qəbulda yüksək nəticələr göstərə bilirlər. Əslində digər informatika müəllimləri kimi mən də bu fənnə ayrılan saatların artırılmasını, gələcəkdə qəbul imtahanlarına salınmasını gözləyirdim. O cümlədən, informatikanın tədrisində şagirdlərin sayı çox olan siniflərin qruplara bölünməsinə də ümid edirdim. Zənnimcə, əgər təmayülləşmə ali məktəblərə qəbula əsaslanırsa, texniki təmayüllü ( I qrup) istiqamət üzrə informatikanın saxlanması məqsədəuyğun olardı. Bu qəbulda daha yüksək nəticələrə və şagirdlərin bu qrupda seçilən ixtisas üzrə meyl və marağına uyğun daha dərin hazırlığına səbəb olardı. Həmçinin bu qrup üzrə təmayülləşən şagirdlərin gələcəkdə İT ixtisas üzrə mükəmməl mütəxəssis kimi yetişməsinə gətirib çıxarardı.
-Məktəbdə İnternet sürətlidirmi və keyfiyyətlidirmi? İnternetdə, kompüterlərinizdə problemlər olanda bunları kim aradan qaldırır?
-Düşünürəm ki, sürətli İnternet, sürət verən avadanlıq tələb edir. Biz də bütün məktəblər kimi bu problemi yaşayırıq. Gördüyünüz kimi, otağımda bütün kompüterlər işlək və saz vəziyyətdədir, buna şəxsən özüm nəzarət edirəm, lakin bəzi hallarda daha ciddi problemlər yarandıqda TN- nin Qaynar xətt xidmətinə zəng edib, mütəxəssis çağırırıq. Sağ olsunlar, operativ olaraq problemi aradan qaldırırlar.
-Məktəbin saytı varmı? Necə yenilənir? Uşaqlar bu prosesdə iştirak edirlərmi?
-Bəli, var. Məktəbimizin rəsmi saytı 2010 - cu ildən fəaliyyət göstərir, lakin 2015 - ci ilin fevral ayından BŞTİ Bakı məktəbləri üçün ümumi saytı istifadəyə verib. Ümumi serverdə yerləşən həmin sayt səhifəni mən idarə edirəm, məktəb həyatında baş verən yenilikləri, şagird, məzun və s. nailiyyətlərimizi vaxtaşırı yeniləyirəm.
-Sizin özünüzün və dərs dediyiniz şagirdlərin bloqu varmı? Bloqdan uşaqlarla əlaqələrin qurulması məqsədilə istifadə edirsinizmi ?Ümumiyyətlə, uşaqlarla əlaqəni hansı vasitə ilə qurursunuz? Bu məqsədlə şosial şəbəkələrdən effektiv istifadə edirsinizmi ?
-Şagirdlərimin əksəriyyəti sayt və bloq yarada və idarə edə bilir. Bu, X sinfin proqramında nəzərdə tutulur. Bir neçə şagirdin, öz şəxsi İnternet səhifəsi ilə “Elektron Təhsil” müsabiqəsində iştirak edib. XI sinif şagirdi İsmayılov Soltanın özünün yaratdığı mateminfo.besaba.com saytını qeyd edə bilərəm. 9 -cu sinif şagirdi Rəhimova Reqina isə öz ingilis dilli ecoloqiya.blogspot.com bloqu ilə “İLO – 2014” VII İnformatika Layihə Olimpiadasında finala vəsiqə, sertifikat qazanıb. Özümün 2 bloqum var, hər biri ilə müxtəlif müsabiqələrdə qalib olmuşam: men-azerbaycanliyam.blogspot.com bloqu ilə BŞTİ – nin 2013 – cü ildə keçirdiyi “Mən Azərbaycanlıyam!” yaradıcılıq müsabiqəsində birinci yerə çıxmışam. oxujetamatematika.blogspot.com bloqu ilə TN-nin 2013 – cü ildə keçirdiyi “Elektron Təhsil” müsabiqəsində “Müəllimlərin bloqları” nominasiyasında fərqlənmə diplomu ilə təltif olunmuşam.
Hər iki bloqdan şagird, valideyn və müəllimlər sərbəst istifadə edə bilir. Hər birində olan onlayn əlaqə vasitəsi, müxtəlif Veb2 alətlər, e-mail əlaqə vasitələri ilə və s. istifadəçilərlə, o cümlədən şagirdlərlə əlaqə yaratmağa xidmət edir. Ümumiyyətlə, bloqumla yaxından tanış olan hər kəs burada həm öz şəxsi bilik səviyyəsini artırır, həm də istirahət edir. Əlavə olaraq, Facebook-da şagird – valideyn qruplaşmamız var ki, ondan da əlaqə vasitəsi kimi istifadə edirik.
-Uşaqların təhlükəsizliyi ilə bağlı onlara nə öyrədirsiniz? Onlar öz İnternet təhlükəsizliklərini, informasiya təhlükəsizliklərini qoruya bilirlərmi ? Bu sahədə valideynlərlə əlaqələr qurursunuzmu ?
-Kompüterdə işləyərkən təhlükəsizlik qaydalarına riayət etməyi şagirdlərə ibtidai siniflərdən öyrədirik. Yuxarı siniflərdə isə şagirdlərin İnternet və informasiya təhlükəsizliyi ilə bağlı qaydaları önəmli yer tutur.
İnternet ani zamanda istənilən informasiyanı əldə etməyə imkan verdiyindən, faydalı olduğu qədər də zərərlidir. Yeniyetmələrin qlobal şəbəkə “sakinləri”nə çevrilməsi prosesi çox ciddi asılılıq yaradır ki, bu da bütün dünyada problemin tibbi -psixoloji aspektlərinin araşdırılması sahəsində alim və mütəxəssislərin müdaxiləsini tələb edir. Dünyəvi problem olduğuna görə bu məsələ müvafiq beynəlxalq təşkilatların diqqət mərkəzindədir.
Ölkəmizdə isə TN, Azərbaycan İnternet Forumu və Microsoft Azərbaycan təşkilatının birgə dəstəyi ilə həyata keçirilən “Uşaqların internetdə təhlükəsizliyi” layihəsini qeyd etmək yerinə düşərdi.
Uşaq və gəncləri İnternetin zərərli təsirlərindən qorumaq üçün valideyn və müəllimlərin özlərini bu sahədə maarifləndirmək lazımdır.
-Dərs prosesində uşaqlar mobil avadanlıqlardan istifadə edə bilərlərmi ?
-Bu mümkündür, yetər ki, şagird lazımi şəkildə bundan istifadə etsin. Yəni, dərsdən yayınmalar üçün yox, əksinə, dərsdə mobilliyi təmin etmək çün smartfon və planşetlərdən istifadə etmək olar.
-Sizcə, məktəbdə və valideynlərdə informatikaya olan diqqəti və hörməti artırmaq üçün hansı addımlar atılmalıdır?
-Bu istiqamətdə siniflərin şagirdlərin təminatına uyğun kompüterlərlə təminatı vacib məsələdir. O cümlədən, bu təkcə şəhərlərdə deyil, ucqar kənd və rayonlarda da həyata keçirilməlidir. Ən əsası, qeyri- ixtisas müəllimlərinin bu fənni tədris etməsi şagirdlərdə, informatikaya olan diqqət və marağı qaldıra bilməz. Əksinə, təhsil verənlərin müstəqil şəkildə öz təhsil səviyyələrini artırması, yeni texnologiyalarla tanışlığı, bu məqsədlə müxtəlif kurslar, seminarlar, təcrübə mübadilələri, buraya xarici ölkələrdə təcrübə mübadiləsi də və s. informatika fənninə olan diqqət və marağı artıra bilər.
Düşünürəm ki, əsas prioritet məsələ nazirimiz Mikayıl Cabbarovun müəllimlərin XIV qurultayında qeyd etdiyi kimi, müasir dövrün tələblərinə uyğun şəxsiyyətin yetişdirilməsidir. Konkret desək, İT texnologiyalarını bilən və bunları tətbiq edə bilən gənc nəslin, tələbə və şagird kontentinin formalaşdırılması müstəsna əhəmiyyət kəsb edir ki, bu da bu gün cəmiyyətin aparıcı qüvvəsi kimi müəllimlərin üzərinə düşür.
-İKT sahəsində hansısa uğurlarınız varmı ? Hansı müsabiqələrdə, yarışlarda iştirak etmisiniz?
Desəm ki, hər zaman öz üzərimdə çalışıram, hərdən lap şagird kimi, inanmazsınız. Məni tanıyan müəllimlər belə bilir, hər zaman nə isə öyrənib, tətbiq etməyi xoşlayıram. İKT sahəsində əldə etdiyim uğurlara misal olaraq 2014-cü ildə ARTİ və DYMO/Mimio (ABŞ) şirkətinin Azərbaycandakı Rəsmi Nümayəndəliyinin “Smart Techoologies” şirkətinin təşkil etdiyi Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Təhsildə interaktiv texnologiyalar – 2014” müsabiqəsində çıxışımı, ARTN V “Elektron Təhsil” respublika müsabiqəsi “Milli elektron tədris resurslarının yaradılması” nominasiyasında fərqləndiyimə görə diplomla təltif olunduğumu göstərə bilərəm.
Ruhəngiz Muradova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri